Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin 95 illik zəngin tarixi var
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
(QAC) prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov
qurumun 95 illik yubileyi ilə əlaqədar AzərTAc-a məxsusi
müsahibə verib. Müsahibəni təqdim edirik.
– Ölkəmizin ictimai-siyasi həyatında
önəmli yer tutan, humanizm dəyərlərinin
qorunmasında əhəmiyyətli rol oynayan Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin
yaradılmasından 95 il ötür. Humanitar missiya
üzrə fəaliyyət göstərən bu cəmiyyətin
tarixi və keçdiyi yol barədə məlumat verməyinizi
xahiş edirik.
–
Söhbətə başlamazdan əvvəl mən də AzərTAc-ın
bütün kollektivini 95 illik yubileyi münasibətilə təbrik
edir, gələcək fəaliyyətində uğurlar
arzulayıram.
Fəxr
hissi ilə deyə bilərəm ki, Azərbaycan Qızıl
Aypara Cəmiyyəti 95 illik böyük və zəngin tarixə
malikdir. 1920-ci il martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin
müdafiə naziri əvəzi, general-leytenant Əliağa
Şıxlinski Azərbaycan Qızıl Aypara Cəmiyyətinə
maddi yardım ayrılması üçün hökumətə
müraciət etmişdi. Bu müraciət əsasında ilk dəfə
olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinə
hökumət tərəfindən yardım olunması
haqqında qərar qəbul olundu. Buna görə biz cəmiyyətin
yaranması tarixini mənbə kimi həmin vaxtdan
götürmüşük.
Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin sonrakı fəaliyyəti
70 il sovet hakimiyyəti dövrünə təsadüf edir. Cəmiyyətin
bu müddətdəki fəaliyyətini yüksək qiymətləndirirəm.
Bu dövrdə cəmiyyət çox böyük işlər
görməyə müvəffəq olub. Keçmiş
SSRİ qanunlarına görə illik əmək haqqı
fondunun təxminən bir faizi Qızıl Xaç və Aypara
cəmiyyətlərinin fəaliyyətinə yönəldilirdi.
Həmin nəhəng qurumların tərkibində
ayrı-ayrı tibb ocaqları, xəstəxanalar, tibbi mərkəzlər,
əczaxanalar, ictimai-iaşə xidmətləri və s.
mövcud idi. Bu amil təbii ki, inkişafa xidmət edirdi, lakin
əsas maneə müstəqilliyimizin
olmaması idi. Biz Qızıl Xaç və Qızıl
Aypara hərəkatlarında SSRİ-nin tərkibində təmsil
olunurduq. Azərbaycan QAC-ın adı demək olar ki, heç
bir yerdə çəkilmirdi. Yalnız Sovet Qızıl
Xaç və Qızıl Aypara İttifaqının tərkibində
olan bir qurum kimi fəaliyyət göstərirdik.
Azərbaycan
Respublikası müstəqilliyini bərpa etdikdən sonra cəmiyyətimiz
də müstəqilliyinə qovuşdu. Lakin müstəqilliyinin
ilk dövrlərində QAC müəyyən çətinliklərlə
üzləşdi. Belə ki, maliyyə imkanlarının məhdudluğu,
fəaliyyətimiz üçün hüquqi bazanın
olmaması işə mənfi təsir göstərirdi.
Müstəqil ölkənin təmsilçisi kimi biz Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyasında o zaman hələ təmsil
olunmamışdıq. Bunun üçün Beynəlxalq
Federasiya tərəfindən təsbit olunmuş müəyyən
şərtlərə əməl etmək lazım idi.
Yaranmış
bu çətin vəziyyətdən çıxmaqda ulu
öndər Heydər Əliyevin mühüm rolu oldu. Belə
ki, məhz ümummilli liderin şəxsi təşəbbüsü
ilə Milli Məclisdə 1994-cü il noyabrın 25-də “Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin işini
yaxşılaşdırmaq” haqqında qərar qəbul olundu.
Bu qərarla Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara hərəkatının
tərkib hissəsi kimi ölkəmizdə
yeganə rəsmi təşkilat kimi tanındı. Bu isə
çox vacib idi, çünki Beynəlxalq Qızıl
Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyasının üzvü olmaq üçün cəmiyyət
ilk olaraq mütləq dövlət tərəfindən
tanınmalı idi. Bu qərar təşkilatımızın
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyasının üzvü olmasına təkan verdi. Bundan
sonra 1995-ci ilin noyabrın 1-də QAC Beynəlxalq Qızıl
Xaç Komitəsi tərəfindən tanındı. Həmin
il noyabrın 26-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyasının tam, daimi, bərabərhüquqlu
üzvü seçildi.
Lakin
bütün bunlara baxmayaraq cəmiyyətin fəaliyyətində
problemlər, çətinliklər hökm sürməkdə
davam edirdi. Belə ki, müstəqilliyin ilk illərində
ölkədə yaranmış çətin vəziyyət,
müharibə, torpaqlarımızın ermənilər tərəfindən
işğala məruz qalması, iqtisadi artımın
olmaması, 1 milyondan çox qaçqın və məcburi
köçkün ordusunun yaranması bütövlükdə
təkcə respublikaya deyil, eləcə də QAC-ın fəaliyyətinə
öz mənfi təsirini göstərirdi. Həmin dövrdə
Sabirabad, Biləsuvar, İmişli zonalarında bizim tərəfimizdən
çadır şəhərcikləri
salınmışdı. Təşkilatımız Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyası vasitəsilə həmin şəhərciklərdə
yaşayan insanlara yardım edirdi. Buraya ərzaq yardımı,
tibbi xidmətlər, psixoloji yardımlar və s. daxil idi. O
dövrdə milli cəmiyyətimiz ancaq donorlardan asılı
idi. Mən məsuliyyətlə deyirəm ki, bu
asılılığın aradan qaldırılmasında, fəaliyyətin
yoluna qoyulmasında ulu öndərin əvəzsiz xidmətləri
olub. Azərbaycan xalqı ümummilli liderin bu mərhəmətli
missiyasını heç vaxt unutmayacaq.
Çox
sevindirici haldır ki, hazırda bu siyasət və mərhəmətli
missiya Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev tərəfindən yüksək səviyyədə
davam etdirilir. Ölkəmizdə söz, mətbuat
azadlığına münasibət, tolerantlıq, iqtisadiyyata
sistemli yanaşma, beynəlxalq aləmdə mövqelərimizin
möhkəmlənməsi, aparılan islahatlar və s. əldə
etdiyimiz böyük uğurlardandır. Bu nailiyyətlər təbii
ki, bizim fəaliyyətimizdə də özünü göstərməkdədir.
Təsəvvür edin, əgər 1920-ci ildə Azərbaycan
Qızıl Aypara Cəmiyyətinə yardım olunmasına
dair yalnız bir dövlət sənədi mövcud idisə,
müstəqillik dövründə QAC-la bağlı 12 sərəncam
və digər qanunverici aktlar qəbul olunub. Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə
dövlət qayğısının artırılması
haqqında” 2004-cü il 31 yanvar tarixli sərəncamını
və Milli Məclis tərəfindən 2007-ci il mayın 8-də
qəbul edilən “Azərbaycan Qızıl Aypara Cəmiyyəti
haqqında” Qanunu xüsusi qeyd etmək istəyirəm. Ölkə
Prezidentinin 2008-ci il 7 aprel tarixli sərəncamı ilə hər
il martın 10-u respublikamızda “Qızıl Aypara
Günü” kimi qeyd edilir.
– Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
humanitar layihələri necə maliyyələşdirilir? Belə
demək mümkündürsə, büdcəniz hansı mənbələr
hesabına formalaşır?
– Əvvəla qeyd edim ki, bu gün bizim cəmiyyətimiz donorlardan asılı deyil. Müqayisə üçün deyim ki, MDB məkanındakı müvafiq təşkilatların demək olar hamısı donorlardan asılıdır. Biz isə bütün humanitar layihələri öz vəsaitlərimiz hesabına həyata keçiririk. Digər bir məsələ ondan ibarətdir ki, biz donorlardan asılılığı aradan qaldırmaqla yanaşı, özümüz donora çevrilmişik. Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti Somaliyə, Türkiyəyə, İrana, Ukraynaya və digər ölkələrə humanitar yardımlar edir. Türkiyədə, Soma vilayətində kömür mədənində baş vermiş qəzadan zərər çəkmiş insanlara kömək etmək məqsədilə kampaniya təşkil etdik. Müəyyən miqdarda vəsait yığıldı. Bu aksiyada Milli Məclisin deputatları çox fəal iştirak etdilər. Bunu xüsusi olaraq vurğulamaq lazımdır. Bu gün bəzi böyük ölkələrin donor təşkilatları donorluq siyasətini həyata keçirə bilmirlər. Onların özlərinin yardıma ehtiyacları var.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkədə baş verən təbii fəlakətlərdən əziyyət çəkən insanlara da daim humanitar yardımlar göstərib. Bir neçə il əvvəl Kür çayının daşması nəticəsində yaranmış təbii fəlakət zamanı Sabirabad, İmişli, Hacıqabul ərazilərində bir sıra problemlər yaşandı. Təşkilatımız məhz həmin vaxtda müvafiq dövlət qurumları ilə bərabər problemlərlə üzləşən insanlara kömək əli uzatdı.
Bu gün ölkəmizdə qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti, onların inkişafı üçün hər cür şərait yaradılıb. Həmin şəraitdən istifadə edən Azərbaycan Qızıl Aypara Cəmiyyəti fəaliyyət dairəsini daim genişləndirir. Regionda, MDB məkanında nümunəvi bir quruma çevrilən QAC Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İdarəetmə Şurasının demək olar ki, bütün strukturlarında təmsil olunur. Biz beynəlxalq arenada qəbul olunan qərarlara təsir etmə gücünə malikik, bizimlə məsləhətləşirlər. Bir sözlə, bu gün biz güclü və analoqu olmayan bir milli təşkilat qurmağa müvəffəq olmuşuq.
Bütün bunlar məhz Prezident İlham Əliyevin xüsusi diqqət və qayğının sayəsində mümkün olub. Azərbaycan Respublikası Prezidentinin təşkilatımızın fəxri üzvü olması bu qurumun dəyərini, xüsusi çəkisini artırıb. Dövlətimizin başçısının “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında” 31 yanvar 2004-cü il tarixli sərəncamı qarşımızda yeni üfüqlər açıb. Belə ki, bu sərəncamdan sonra müxtəlif dövlət qurumları tərəfindən bizə xeyli dəstək verildi. Bundan əlavə, dövlətimizin başçısının imzaladığı sərəncamlarla QAC-da çalışanlar, könüllülər orden və medallarla təltif olunublar.
“Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Qanun Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası tərəfindən bütün müasir tələblərə cavab verən qanun kimi digər ölkələrə nümunə olaraq tövsiyə edilib. Bu gün həmin ölkələr bizim bu təcrübəmizdən bəhrələnirlər.
Biz dövlət tərəfindən rəsmən tanınan ictimai təşkilatıq. QAC yeganə qeyri-hökumət təşkilatıdır ki, fəaliyyəti xüsusi qanunla tənzimlənir.
Bir məqamı da diqqətə çatdırmaq yerinə düşər. Mən MDB məkanında bu sahədə fəaliyyət göstərən yeganə cəmiyyət rəhbəriyəm ki, məvacib almıram. Bu cəmiyyətin könüllüsüyəm və bununla da fəxr edirəm.
Bütün bunlarla yanaşı, bəzən çətinliklərlə də üzləşirik. Təşkilatımızın maliyyə mənbələri ilk növbədə üzvlük haqlarından, fiziki və hüquqi şəxslərin ianələrindən, o cümlədən digər humanitar yığımlardan formalaşır. Üzvlərimizin sayı 300 min nəfərə yaxındır. Aylıq üzvlük haqqı cəmi 18 qəpikdir. Əgər cəmiyyətin bütün üzvləri üzvlük haqlarını ödəsələr, problemlərimiz həllini tapar. Əfsuslar olsun ki, üzvlük haqlarını tam yığa bilmirik. Bəzən 50-60, bəzən də cəmi 40 faizini yığmaq mümkün olur. Nəzərə almaq lazımdır ki, bu üzvlük haqlarının hesabına digər aztəminatlı, ehtiyacı olan insanlara yardımlar edilir. Yəni, cəmiyyətimizin üzvləri bu məsələdə səfərbər olmalıdırlar.
– Humanitar
fəaliyyət adətən
dövlət qurumları, müxtəlif donorlar,
xarici təşkilatlarla
qarşılıqlı əlaqələr tələb edir. Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin bu əlaqələri hansı səviyyədədir?
– Bizim müxtəlif dövlət qurumları ilə çox yaxşı əlaqələrimiz var, mütəmadi olaraq əməkdaşlıq haqqında sənədlər imzalanır. İlk belə bir Əməkdaşlıq Memorandumu Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə imzalanıb. Bu əməkdaşlıq çox müsbət nəticələr verir. Bu yaxınlarda Təhsil Nazirliyi ilə də belə bir sənəd imzalanıb. Əsas məqsəd hər bir təhsil ocağında gənclərə təbii fəlakətlər zamanı necə davranmağın lazım olduğu, ilk tibbi yardımın göstərilməsi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatı barədə məlumatların verilməsindən ibarətdir. Eyni zamanda, Səhiyyə Nazirliyi ilə də əməkdaşlığımız mövcuddur.
Biz respublika üzrə qan donorluğu işində də fəallıq nümayiş etdiririk. Bu yaxınlarda daha bir qanvermə aksiyasını reallaşdıracağıq. Biz minlərlə insanı artıq bu işə cəlb etmişik və onlar bu nəcib aksiyaya qoşulmaqla qana ehtiyacı olanlara, belə demək mümkünsə, həyat verirlər.
Dövlət Miqrasiya Xidməti ilə cəmiyyətimiz arasında çox yaxşı işgüzar əlaqələr qurulub. QAC tərəfindən ölkəmizdə olan miqrantlara ödənişsiz Azərbaycan dili kursları keçirilir. Bu kursların sayəsində miqrantlar Azərbaycan dilini mükəmməl öyrənirlər və cəmiyyətə inteqrasiya edirlər.
ANAMA Agentliyi ilə əməkdaşlıq çərçivəsində isə minadan zərər çəkən insanlara müxtəlif yardımlar göstərilir. Həmçinin yaxın gələcəkdə Müdafiə Nazirliyi ilə də Əməkdaşlıq Memorandumunun imzalanması planlaşdırılır.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin beynəlxalq əlaqələri də yüksək səviyyədədir. Təşkilatımız Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatında iştirak edən bütün qurumlarla yaxından əməkdaşlıq etməkdədir. Bu hərəkatın tərkibinə Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və hər bir ölkənin milli cəmiyyətləri daxildir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ikitərəfli əməkdaşlığa da böyük önəm verir. Bizim Türkiyə Qızıl Ay, İran Hilali Əhmər, Avstriya Qızıl Xaç və digər milli cəmiyyətlərlə ikitərəfli münasibətlərimiz mövcuddur.
Ümumiyyətlə, QAC beynəlxalq əlaqələrini həm ikitərəfli münasibətlər qurmaqla, həm də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası vasitəsilə genişləndirir.
Fürsətdən istifadə edərək Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 95 illiyi ilə əlaqədar cəmiyyətin bütün işçi heyətini, üzvlərini, könüllülərini, veteranlarını səmimi qəlbdən təbrik edir, onlara səadət, xoşbəxtlik diləyirəm.
Əsəd
MƏMMƏDOV,
AzərTAc-ın müxbiri
İki sahil.- 2015.- 21 fevral.- S.26.