Dilimiz milli
mənsubiyyətimizdir
Məlumdur ki, dil ünsiyyət vasitəsidir və eyni zamanda da dil millətin simasını səciyyələndirən ən mühüm amillərdən biri, bəlkə də, birincisidir. İnsanın mənəvi aləminin əks-sədası olan dil insana bəxş edilmiş ən ecazkar və qüdrətli nemətdir. Hər bir xalqın varlığının ən ümdə təzahürü, onun milli sərvəti hesab edilən dil onun mənliyi və mənəviyyatının göstəricisidir. İnsanın yetişməsində, fərd kimi formalaşmasında və təkamülündə ana dilinin rolu böyükdür.
Dilimizə hörmət etmək, onu dərindən bilmək, danışmaq, yazmaq, bunlarla yanaşı duymaq və sevmək deməkdir. Boşuna deməyiblər ki, “bir milləti yer üzündən silmək istəyirsənsə ondan yalnız dilini al”. Bəli, bu deyim əslində o qədər düzgün və yerində işlənmişdir ki, bunu dünya təcrübəsi dəfələrlə sübuta yetirib.
1999-cu ilin 21 fevral tarixindən etibarən hər il bu gün Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı Banqladeş səfirinin təşəbbüsü ilə bu günü təsis edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21 və 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-nun Baş Konfransında 21 fevral tarixi Beynəlxalq Ana dili günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.
Dünyada bu gün yüzlərlə danışıq dili mövcuddur. Ancaq onların içərisində məhv olmaq təhlükəsi ilə üzləşən dillər də mövcuddur. Bu dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur.
Dünyanın ən gözəl, məlahətli
və qədim tarixi olan
dillərindən biri də doğma Azərbaycan türkcəsidir. Tarixdən
də məlum olduğu kimi
dilimizə qarşı dəfələrlə hücumlar
olsa da, bizi bir millət kimi yer üzündən
silməyə çalışsalar da qədirbilən
xalqımız buna heç
vaxt imkan verməyib.
Azərbaycan dilinin yüksək səviyyədə
qorunması işində ən böyük
iş görən tarixi
simalardan biri və deyərdik
ki, birincisi ulu öndər Heydər Əliyev olmuşdur. “Dilimiz
çox zəngin və ahəngdar dildir, dərin tarixi
köklərə malikdir. Şəxsən
mən öz ana dilimi çox sevir və bu dildə
danışmağımla fəxr edirəm” deyən ümummilli lider Heydər
Əliyev ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı,
işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər
sisteminə yol tapması dövlət
siyasətimizin tərkib hissələrindən biri
olub. Azərbaycan SSR-in
1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli
hadisə idi. Müstəqillik ərəfəsi
və onun ilk illərində
dilin adının dəyişdirilməsi,
onunla bağlı ənənələrin
nəzərə alınmaması indi də
təəssüf doğurur. Yalnız
1995-ci ildə qəbul edilən Konstitusiya
ilə dövlət dilinin adı bərpa
olundu. Bundan sonra hökumət səviyyəsində
Ana dilinin
inkişafı və qorunması istiqamətində əhəmiyyətli
sənədlər qəbul edildi. 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan
Respublikasında Dövlət dili
haqqında” Azərbaycan Respublikasının Qanununun
qəbul edilməsi Azərbaycan dilinin
dövlət dili kimi
işlədilməsi, onun tətbiqi,
qorunması və inkişaf etdirilməsi,
dünya azərbaycanlılarının Azərbaycan
dili ilə bağlı milli-mədəni
özünümüdafiə ehtiyaclarının ödənilməsi
istiqamətində daha bir
addımdır. Bu sənəd ümummilli lider Heydər
Əliyevin xalqımıza və onun dilinə
tükənməz məhəbbətinin,
qayğısının parlaq nümunələrindən
biridir. Bu ənənələri
ölkə Prezidenti İlham
Əliyev uğurla davam
etdirməkdədir. Dövlət
başçısının müxtəlif vaxtlarda
imzaladığı “Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında” və “Azərbaycan Milli Ensiklopediyasının hazırlanması
haqqında” sərəncamları və bu
istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük
qayğının təzahürüdür. Ana dilimizi
qorumaq, inkişaf etdirmək hər birimizin borcudur.
Nilufər Mustafaqızı
İki sahil.- 2015.- 21 fevral.- S.25.