Xocalı Ermənistana qarşı təkbaşına,
qəhrəmancasına
döyüşürdü
Serj Sərkisyan
Xocalı soyqırımının təşkilatçısı
və birbaşa iştirakçısıdır
İnsanların
diri-diri yandırılması, başlarının kəsilməsi,
üzlərinin dərisinin soyulması, körpə
uşaqların gözlərinin çıxarılması,
süngü ilə hamilə qadınların
qarınlarının yarılması - bunlar erməni vəhşiliyinin
Xocalı soyqırımındakı təzahürləridir
Ötən əsrin dəhşətli faciələrindən sayılan Xocalı soyqırımının 23 ili tamam olur. Bu faciə iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Təbii ki, xocalılar bir neçə il erməni işğalçılarına qarşı mərdliklə döyüşmüşlər. Hətta amansız soyqırımı günündə də onlar özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.
Ermənilərin Xocalıya əsas maraqları bu rayonun strateji mövqeyə malik olması ilə əlaqədar idi. 7000 əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə yerləşirdi. Yeganə aeroport da Xocalıda idi. 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırımı oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilir.
Qeyd edək ki, 1991-ci ilin oktyabrından Xocalı blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə gedən bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması nəticəsində Azərbaycanın say-seçmə 40 nəfər vətəndaşının həlak olmasından sonra şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən elektrik enerjisi də verilmirdi. Xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu. Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi - Xocalı qırğını baş verdi. Erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Tanklardan, “Alazan” tipli zenit toplarından 2 saatlıq atəşdən sonra şəhərə hücum başlandı. Düşmən kini-küdurəti içinə yığıb kimsəyə aman vermədi. Şəhər əvvəlcə erməni qoşunları tərəfindən mühasirəyə alınmış, sonra isə artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində yanğın baş vermiş, Xocalı tamamilə alova bürünmüşdür.
Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləbarana tutulmuşlar. Dinc əhali erməni vəhşiliyindən yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan həlak oldular...Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərinə məruz qalmışdır. 150 nəfərin taleyi hələ də məlum deyildir. Bu, əsl soyqırımı idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişdilər... Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vurulmuşdur. Baş vermiş dəhşətli soyqırımı Azərbaycanın o vaxtkı rəhbərliyi tərəfindən xalqdan gizlədilir, bu qanlı faciə bütün vasitələrlə ört -basdır edilirdi. Yalnız ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra Xocalı faciəsinin törədilməsinin əsl səbəbləri barədə xalqa ətraflı məlumat verildi. Ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə xüsusi fərman imzaladı. Milli Məclisinin qərarı ilə 26 fevral “Xocalı Soyqırımı və Milli Matəm Günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. 25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən fərman imzalanmışdır.
Xocalı soqırımının dünya ölkələri tərəfindən tanınması üçün Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva səmərəli görüşlər keçirmiş, beynəlxalq tədbirlərin təşkilinə nail olmuşlar. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezdienti Leyla Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə 30-dan çox ölkədə “Xocalıya Ədalət” kampaniyası keçirilir. Məhz bu tip kampaniyaların nəticəsidir ki, Meksika, Braziliya parlamentləri, o cümlədən ABŞ-ın bir neçə ştatı Xocalı soyqırımı barədə qərar qəbul ediblər.
Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri, ziyalılar, ictimayyət nümayəndələri, bir sözlə, bütün ölkə vətəndaşları soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla anır və ümumxalq yürüşündə iştirak edirlər. Yürüş Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyır. İyirminci əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı faciəsini törədənlər bütün dünya azərbaycanlıları, bu soyqırıma biganə qala bilməyən beynəlxalq ictimaiyyət tərəfindən lənətlənir və hər bir azərbaycanlının qəlbi soyqırımına məruz qalmış soydaşlarımızın yaxınları, doğmaları ilə birgə döyünür.
Qeyd edək ki, Xocalı soyqırımını beynəlxalq hüquq kontekstində də tarnıtmaq və bu soyqırımı törədənlərin beynəlxalq tribunallarda cavab verməsinə nail olmaq dövlətimiz üçün priortet məsələdir. Belə ki, ölkəmizin prokurorluq və digər hüquq-mühafizə orqanları 1988-ci ildən erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilməsi, onların bir qisminin öldürülməsi, şikəst edilməsi, təxribat və terror aktlarının törədilməsi, əhalinin məcburi köçürülməsi, yaşayış məntəqələrindəki maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, habelə ermənilərin törətdikləri digər ağır cinayət faktları ilə əlaqədar ayrı-ayrı cinayət işləri açaraq istintaq aparıblar.
Xalqımıza qarşı törədilmiş ağır cinayətlərin istintaqı və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Azərbaycan Respublikası Baş prokurorunun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb. Qeyd edilən cinayətlər üzrə müxtəlif vaxtlarda icraatı dayandırılmış cinayət işləri üzrə icraat təzələnməklə istintaq aparılması həmin qrupa həvalə edilib. 2005-ci ilin may ayında cinayət işinə prosessual rəhbərliyin həyata keçirilməsi hərbi prokurora həvalə edilib. Həmin cinayət işinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq pozmalarına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməsini, işin hərtərəfli, tam və obyektiv aparılmasını, səmərəliliyini, operativliyini təmin etmək məqsədilə müəyyən işlər görülüb, vahid istintaq-əməliyyat planı hazırlanaraq təsdiq edilib. Bu planda cinayət işinə birləşdirilmiş hər bir iş üzrə araşdırılmalı xüsusatlar, həyata keçirilməli istintaq hərəkətlərinin tarixi ayrı-ayrı bəndlərdə öz əksini tapıb.
Bununla bağlı toplanmış materialların həcminin böyüklüyü, şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, həmçinin araşdırılmalı olan xüsusatların sayının çoxluğu, eyni zamanda, həmin cinayətlərin törədilmə üsul və vasitələri, xarakteri nəzərə alınaraq soyqırımı, işgəncə və icraatı təzələnmiş işlər üzrə üç əsas istiqamət müəyyənləşdirilib. Qanunsuz erməni silahlı birləşmələri tərəfindən Dağlıq Qarabağda və işğal olunmuş digər ərazilərdə törədilən cinayət əməlləri 1 oktyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı fəslində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlərə aid edilib. Cinayət işinin istintaqı hərbi prokurorluq orqanlarında keçirilən islahatlardan sonra daha da sürətlənib. Baş prokurorunun 30 mart 2009-cu il tarixli əmrinə əsasən, respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin tərkibində Xüsusi istintaq şöbəsi yaradılaraq yuxarıda göstərilən cinayət işinin istintaqı həmin şöbəyə həvalə edilib.
Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin tərkibində yaradılan Xüsusi istintaq şöbəsi tərəfindən beynəlxalq hüquq normalarına uyğun soyqırımı, deportasiya, işgəncə və digər epizodlar üzrə hərtərəfli istintaq hərəkətləri aparılıb, nəticədə 2011-ci il yanvarın 1-dək sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 239 nəfər, habelə ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adam öldürmə və digər cinayətlər törətmiş 48 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılıb. Məhkəmə qərarlarına əsasən, onların barəsində həbs qətimkan tədbiri seçilib, axtarış elan edilib, bununla bağlı müvafiq sənədlərin aidiyyəti orqanlara göndərilməsi təmin olunub.
Cinayət işi üzrə keçirilmiş kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının rəyindən isə belə məlum olur ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv və talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan və ya 170 milyon ABŞ dollarından artıq ziyan vurulub. İş üzrə istintaq tədbirləri davam etdirilir.
Aparılan istintaqla o da müəyyən edilib ki, beynəlxalq humanitar hüquq normalarını, insan hüquqları üzrə ən müxtəlif konvensiyalara məhəl qoymayan erməni hərbi birləşmələri dinc əhalini qətlə yetirmək məqsədilə insanlığa ləkə olan ən qəddar üsullara əl atıblar. Xocalıda mülki əhalinin planlı şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də məhz budur ki, həmin gün əhalinin zorakılıqdan qaçıb qurtarmaq istəyən dəstələri ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələniblər. Xocalıdan qaçan əhalinin Naxçıvanik kəndi ərazisində pulemyot, avtomat və başqa atıcı silahlardan gülləbaran edilməsi bunu bir daha təsdiqləyir. Bütün bunlar ermənilərin 1992-ci ildə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərin kökündə məhz soyqırımı niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır.
İstintaqla o da müəyyən edilib ki, ermənilər beynəlxalq humanitar hüquqda yolverilməz sayılan soyqırımı cinayətinə şüurlu, məqsədli şəkildə, bilərəkdən əl ataraq, misli görünməmiş qətliamlar törədiblər. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tam ziddir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada genosid cinayətinin hüquqi əsası təsbit olunub. Konvensiyaya qoşulan dövlətlər sülh və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürüblər. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunub.
Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, onların repressiyaya məruz qoyulması birmənalı şəkildə qadağan edilir. Həmin konvensiyanın 34-cü maddəsinə görə, mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda mindən artıq insanı girov götürən ermənilər bu prinsipə aşkar sayğısızlıq nümayiş etdiriblər. Ermənistan Silahlı Qüvvələri bu hüquq normalarına məhəl qoymayaraq Xocalıda dinc əhalinin məhvi üçün qəddar üsula əl atıb. “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 1948-ci il 9 dekabr tarixli Konvensiyada və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsində nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi var.
Cinayət işi öyrənilərkən müəyyən edilib ki, Xocalı soyqırımını həyata keçirən Ermənistan hərbi birləşmələri, Dağlıq Qarabağdakı silahlı separatçı birləşmələr SSRİ-nin Xankəndidə yerləşən 366-cı alayının hərbçiləri tərəfindən dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına da riayət edilməyib.
366-cı alayın hərbi qulluqçularının və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmiş, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyəti nəzərdə tutan maddələri ilə təqsirləndirilən şəxslər kimi cəlb olunmaları barədə qərarlar çıxarılıb. Həmçinin barələrində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarışlarının həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Milli Bürosuna göndərilib.
Daha bir faktı da qeyd etmək lazımdır ki, Ermənistan prezidenti Serj Sərkisyan, müdafiə naziri Ohanyan Xocalı soyqırımının birbaşa təşkilatçıları və iştirakçılarıdır. O müsahibələrində Xocalı soyqırımını törətmək ideyasının ona məxsus olduğunu və bununla da azərbaycanlılarda qoxu və vahimə yaratmaq istədiklərini bildirib. Ancaq vaxt gələcək onlar bu soyqırıma görə, həm Azərbaycan xalqının ədalət məhkəməsi qarşısında, həm də beynəlxalq tribunallarda cavab verməli olacaqlar.
Elçin Zaman
İki sahil.- 2015.- 26 fevral.- S.5; 11.