Sumqayıt hadisələri daşnak

ideologiyasından bəhrələnən təxribat idi

 

SSRİ-nin dağılması üçün Dağlıq Qarabağ problemi nə qədər sərfəli idisə, Sumqayıt bəhanəsi Ermənistanda illərdən bəri hazırlanan, etnik təmizləmə ilə nəticələnən erməni milli hərəkatının başlanmasına təkan verdi

 

Sumqayıt hadisələri (1988), 20 Yanvar qırğını (1990), Xocalı soyqırımı (1992). SSRİ-nin şər yuvası olan DTK-nın təxribat planlarının halqalarından olan bu hadisələr daşnakların əsrdən-əsrə adlayan məkrli siyasətlərinin ssenarilərinə uyğun oyunları idi.

 

Ötən əsrin sonlarında iqtisadi sahədə tənəzzülə uğrayan SSRİ-nin hərbi sahədə hegemonluğunu saxlaması kommunist rejimini dağılmaq təhlükəsindən sığortalayırdı. Sosialist üsul idarəsinin başında dayanan Kremlin süqutu üçün başqa vasitələrdən istifadə, etnik qarşıdurmaların yaradılması və millətlərarası münaqişələrin qızışdırılması ən inandırıcı ideya kimi üstünlük təşkil edirdi.

Bu sahədə ciddi araşıdrmalara da ehtiyac yox idi. Başqalarının əlində həmişə oyuncağa çevrilən, milli münaqişələrin yaradılması üçün katalizator olan ermənilərdən istifadə yenə də gündəmə gətirildi. Bu dəfə erməni xəyanətkarlığı beynəlxalq səviyyədə “gərəkli oldu.” Müxtəlif millətlərin qardaşlıq ailəsi olan SSRİ-ni dağıtmaq, milli zəmində münaqişələrin baş verməsi üçün ən zəif halqa seçildi. Tarixdə bir neçə dəfə baş vermiş erməni- müsəlman qarşıdurması ötən əsrin sonlarında bir daha təkrarlandı, münaqişə ocağının ünvanı bəlli oldu. Dağlıq Qarabağda azərbaycanlıların qonaqpərvərliyindən istifadə edərək özlərini o torpaqların sahibi görmək istəyən daşnaklar illərdən bəri arzusunda olduqları “Dənizdən- dənizə” ideyalarının gerçəkləşməsi, yaranan fürsətdən ustalıqla istifadə etmək üçün fəallaşdılar. Azərbaycanın gözəl güşələrindən olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyası ortaya atıldı. O vaxt sovetlər birliyinin ilksonuncu prezidenti, ermənipəst M.Qorbaçovun məsələ ilə əlaqədar xeyir-duasını başbilənləri A.Aqanbekyan vasitəsilə alsalar da istəklərini gerçəkləşdirmək üçün stimul, təkan da lazım idi. 20 fevral 1988-ci ildə “miatsum” deyən ermənilər həsrətində olduqları Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdrilməsi barədə separatçı çağırşların səsləndiyi mitinqlər təşkil etdilər. Bəhanə də tapıldı. Erməni ideoloqlarının istəyi, Kremlin dəstəyi və SSRİ DTK-nın ssenarisi əsasında Sumqayıt hadisələri törədildi.

27-29 fevral 1988-ci ildə törədilən hadisələri ilə diqqət çəkən Sumqayıtda o vaxt 82 millət və etnik qrupu təmsil edən 258 mindən artıq əhali yaşayırdı ki, onların 14.208 nəfəri ermənilər idi. Demək milli zəmində qarşıdurma və qırğın törətmək üçün seçilən bu şəhər əsil milli qarşıdurma üçün poliqon ola bilərdi. Ssenarinin müəllifləri bir məqamı da unutmadılar ki, gəncik şəhəri adlandırılan Sumqayıtda yaşayanların əksəriyyəti yeniyetmələr idi. Yəni hələ də şüurları formalaşmamış gəncləri müxtəlif istiqamətlərə yönəltmək daha asan olardı.

Bu günlərdə təqdimatı keçirilən, elmi redaktoru akademik Ramiz Mehdiyev, müəllifi jurnalist İbrahim Məmmədov olan “Azərbaycana qarşı Sumqayıt təxribatı- Qriqoryan işi” adlı kitabında qeyd olunduğu kimi Azərbaycanın ikinci sənaye şəhərində 27 il bundan əvvəl törədilən hadisələr erməni terrorçuluğunun, işğalçılığının tarixində, onların təcavüzkar psixologiyasında çox kiçik bir epizodu ifadə edir. Ermənilər illərdən bəri məkrli niyyətlərini həyata keçirmək üçün planlaşdırılmış, sistemli və təşkilatlanmış şəkildə fəaliyyətə başladılar.

Beləcə gizlində tüstülənən ocaq birdən alovlandı. Milliyyətcə erməni, hadisələr zamanı 6 soydaşını qətlə yetirən, 3 dəfə məhkum olunan Edurd Qriqoryan adlı bir nəfərin təşkilatçılığı ilə Sumqayıt hadisələri baş verdi. Şahidlərin də bildirdiyi kimi ermənilərin öldürülməsində, evlərin talan edilib yandırılmasında, millətlərarası münasibətlərin qızışdırılmasında fəallıq göstərən hamının “Edikkimi tanıdığı bu erməni sonda hadisələrin pərdəarxası iştirakçısı kimi qələmə verildi. Əksinə, baş verənlərin əsil mahiyyətini dərk etməyərək ümumi axına qoşulan Əhməd Əhmədov adlı gənc ermənilərin fitvası, rus hakimlərin əlüstü keçirdikləri məhkəmənin hökmü ilə güllələnməyə məhkum edildi. Heç bir günahı olmayan Taleh İsmayılov 15 il azadlıqdan məhrum olundu. Q. Cəfərov adlı gənc də ittiham olunanlar arasında idi. Digər sumqayıtlı Elçin Gəncəliyev istintaq zamanı verilən işgəncələrə tab gətirməyərək intihar etdi. Əsil qatil E. Qriqoryan isə guya azadlıqdan məhrum edilərək Ermənistana təhvil verildi. Az müddətdən sonra isə azadlığa buraxıldı.

Ümumiyyətlə, həmin hadisələrdə müxtəlif millətlərdən olan 32 adam həlak olmuş, 400 nəfər xəsarət almış, 200-dən artıq mənzil talan olunmuş, 50-ə qədər mədəni-məişət obyekti dağılıdmış, 40 maşın zədələnmişdir. Ermənilərin fitvası və əlləri ilə ölürülən 26 nəfər şovinist, terrorçu, separatçı “Krunq” və “Qarabağ” təşkilatlarına pul verməkdən imtina edən ermənilər idi. Demək ötən əsrin əvvəlində baş verən erməni fitnəkarlığı yüzilliyin axırında bir daha təkrarlandı. Bütün hallarda olduğu kimi yenə də hakimiyyətdə olan Kreml yaltaqları hadisələrin əsil mahiyyətini xalqdan gizlədərək vəzifələrini qorudular. 20 Yanvarda olduğu kimi “qarşıdurmanı yatırmaq” adı ilə sovet əsgərlərinin hadisələrə müdaxilə etməsinin özü bir daha təsdiqləyir ki, Sumqayıtda baş verənlər düşünülmüş ssenari üzrə həyata keçirilən erməni təxribatı idi. Amma iqtidardakılar nəinki susdular, danışmaq istəyənlərə belə imkan verilmədi. Belə susqunluğun və unutqanlığın ağır nəticəsi bir neçə ildən sonra Xocalı soyqırımı ilə bildirildi. O dövrdə Azərbaycanın hadisələrə reaksiyasını öyrənmək üçün törədilən Sumqayıt təxribatı sonradan Dağlıq Qarabağ münaqişəsinin şiddətləndiyi, torpaqlarımızı işğalı zamanı törədilən faciələr, qırğınlar ilə bir daha təkrarlandı.

Sumqayıtda, Xocalıda ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlıları soyqırım qurbanı kimi görmək istəmirlər. Amma zamanın çarxı ədalətin diqtəsi ilə dönməyə başlayır. Çox keçməz bütün dünya xalqları Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız uğrunda şəhid olan soydaşlarımızın soyqırım qurbanları olduqlarını təsdiqləyəcəklər.

Dağlıq Qarabağ münaqişəsi başlanandan dünya ictimaiyyətinin hadisələrin başvermə tarixi və səbəbləri barədə ətraflı məlumatları olsa belə həqiqəti etiraf etməkdən çəkinən Avropa, Qərb təmsilçiləri kimi Minsk qrupunun həmsədrləri də “ikili standartlardan yanaşma xəstəliyindən” xilas ola bilmirlər.

Yaxın keçmişdə şahidi olduğumuz qanlı-qadalı hadisələrin, törədilən qırğınların, soyqırımların, qətliamların bir məqsədi var idi: Azərbaycan xalqının qəlbində bir xof, qorxu yaratmaq. Təəccüblüsü budur ki, bir mərkəzdən idarə olunan, sistem halında həyata keçirilən qırğınlarda yenə də başına tumar çəkilən, sığarlanan Ermənistan, günahlandırılan isə Azərbaycan olur. Bəzi dairələrin ikili siyasətinin bu gündavam etməsinin nəticəsidir ki, Ermənistan bütün danışıqlarda qeyri- konstruktiv mövqeyində qalmaqdadır.

Bu qırğınlarda qətlə yetirilən milyonlarla azərbaycanlının qatili imperiya siyasətini yerinə yetirən, separatçı, təcavüzkar, qaniçən ermənilərdir Amma bir dəfə də olsun tökdükləri nahaq qanlar, dinc əhaliyə qarşı göstərdikləri amansız, qəddarlıq üçün onlardan hesab soran yoxdur. Buna görə də arxayınlaşan Ermənistan tək Azərbaycandan yox, Türkiyədən, Gürcüstandan ərazi iddialarından əl çəkimirlər. Ancaq Azərbaycan xalqı soydaşlarının xatirəsini həmişə əziz tuturlar.

Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə martın 31- Azərbaycanlıların soyqırımı kimi qeyd olunur. Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində artıq Xocalı soyqırımını tanıyanların sayının artması ilə ermənilərin məkrli siyasəti dünya ictimaiyyətinə çatdırılır. Bir əsr bundan əvvəl törədildiyi iddia olunan saxta “ erməni soyqırımı”nın tanınmasına cəhd edənlər nədənsə Sumqayıtda, Xocalıda ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlıları soyqırım qurbanı kimi görmək istəmirlər.

Bu sahədə ciddi araşdırmalara da ehtiyac yoxdur. Son 20 ildə ermənilərin Azərbaycan torpaqlarını işğalı faktı Ermənistanın separatçılıq və işğalçılıq siyasətinin ağır və acı nəticələridir ki, dünya birliyi bu dəhşətlərə, ədalətsizliyə hələ də göz yumur. Cənubi Qafqazda sabitliyin təminatı üçün aparılan mübarizələr fonunda Azərbaycanın haqq səsini eşidənlərin sırası artsa da hələ də torpaqlarımz işğal altında qalmaqdadır. Münaqişələrə ikili yanaşma siyasətinin nəticəsidir ki, Dağlıq Qarabağ müharibəsi davam edir, cəbhə bolgələrində atışma səsləri eşidilməkdə, insanlar səksəkədədirlər.

Ancaq müharibə şəraitində yaşamasına baxmayaraq aparılan düzgün, düşünülümüş siyasət nəticəsində Ermənistanı bütün sahələrdə arxada qoyan Azərbaycan artıq dünya birliyinin etibarlı üzvü kimi haqqını tələb etməkdədir. Azərbaycanın sülhün və əmin-amanlığın qorunması naminə apardığı siyasətin dünya birliyi tərəfindən dəstəklənməsi Ermənistan kim onun havadarlarını da təşvişə salır. Düşmən hiss edir ki, Azərbaycan siyasəti, iqtisadi inkişafı, qüdrətli ordusu ilə bütün təzyiqlərə, hərbi müdaxilələrə layiqli cavab verəcək qüdrətə malikdir. Ölkəmizin Prezidenti İlham Əliyev kimi Ali Baş Komandanı, xalqın inametimad göstərdiyi iradəli, qətiyyətli rəhbəri vardır. Mütəşəkkil, ən müasir zirehli döyüş texnikası, hərbi avadanlıqlarla təmin olunmuş Silahlı Ordusu ilə regionda fərqlənən Azərbaycanın əsgər və zabitləri ermənilərin bütün həmlələrinə cavab verəcək səviyyədə döyüşə hazırdırlar.

Havadarlarının ciddi cəhdinə baxmayaraq səfalət və iqtisadi böhran içərisində qalan Ermənistan isə bu müharibədən heç nə əldə etməsə də Sumqayıt faciəsi kimi münaqişələri planlaşdıranların mənafeyinə uyğun addım atmaqla xalqını daha acınacaqlı vəziyyətə salıb. Amma tarix də göstərir ki, heç bir müharibə sonsuz deyildir. Dağlıq Qarabağ münaqişəsi də sülh və ədalət tərəfdarı olan Azərbaycanın torpaqlarının işğaldan azad olunması ilə nəticələnək. Prezident İlham Əliyevin bildirdiyi kimi bayrağımız Xankəndində, Şuşada dalğalanacaq: “Ancaq bu, hərtərəfli və tam şəkildə olmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir, Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağı qaldırılmalıdır və gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq.”

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2015.- 28 fevral.- S.24.