Dahilərimizin arzularındakı
Naxçıvan...
Bu gün siyasi, iqtisadi, hərbi baxımdan Cənubi
Qafqazın lider dövləti olan müstəqil Azərbaycan
Respublikasının ayrılmaz tərkib hissəsi
Naxçıvan Muxtar Respublikası özünün sürətli inkişaf,
çiçəklənmə dövrünü
yaşayır. Bir vaxtlar böyük ustad, Azərbaycan milli
ideologiyasının söz bayraqdarı, hər
misrası ilə min bir
düşüncəni ifadə edən Xalq
Şairi Məmməd Arazın ürək
yanğısı ilə 1967-ci ildə qələmə
aldığı “Mədəniyyət haradan
başlayır?” sərlövhəli məqaləni oxuyanda daha əmin olursan ki, bugünkü
Naxçıvan dahilərimizin, mütəfəkkirlərimizin,
korifeylərimizin arzuladığı bir diyara çevrilib. Bu barədə danışmazdan əvvəl böyük ədibin 48 il
öncə yazdığı məqaləni olduğu
kimi təqdim edirik.
Mədəniyyət
haradan başlayır?
Bu şəhərin və ya əyalətin mədəni səviyyəsini necə ölçmək olar? Tikilən təzə binalarlamı? Yox. Yaxşı yollarlamı, reklam, şüar çoxluğu, uşaqlara məhəbbət, qocalara hörmət, adamların yaxşı geyim, səliqə-sahmanıylamı? Yenə də yox! Ayrılıqda bunların heç biri bir əyalət və şəhərin mədəni səviyyəsini müəyyən etmir. Bu və ya digər şərtlərin hamısı bir yerdə bir-birini tamamladıqda, biri digərinə təkan olduqda mədəniyyət yaranır, inkişaf vüsət alır…
Kitabsız, mütaliəsiz hansı bilikdən, hansı mədəniyyətdən danışmaq olar? Bəs, bəzi kəndlərdə kitabxanaların çoxunun qapısı həftələrlə bağlı qalanda adamlar buna necə dözürlər? Belə vaxtda kitabxana müdirindən hesabat istəyən, hətta ona “gəl bir neçə gün səni ac qoyaq, görək necə olur? ” deyənlər tapılmırmı?...
Naxçıvanda az qala hər binaya bir çayxana yapışdırılıb. Bir qoca kişi elə çayxanaların birində zarafatla dedi: “Naxçıvanda çayçılar nazirliyi təşkil etmək lazımdır”.
Bəzən elə səhər gözünü açıb görürsən ki, evinin böyrünə bir çayxana söykəyiblər. Bir yekə çayxana da mərkəzi kitabxananın binasında yerləşir. Qırmızı tuf daşdan tikilmiş binanın bir tərəfini nəğməkar samovarlar yavaş-yavaş qaraltmaq işi ilə məşğuldurlar.
Biz çayçıların çayını bulandırmaq, samovarlarına soyuq su tökmək fikrində deyilik. Naxçıvanda təzə yaranan “çaylamaq” feilinin də dilimizə gəlməsinə etiraz eləmirik. Məsələ bundadır ki, Naxçıvan kimi bir şəhərdə bir dənə də olsun gənclər klubu, kafesi, şahmat yeri yoxdur. Kafe açmaq təşəbbüsündə olan tapılıb, ancaq bir vaxt ayılıb görüblər ki, kafe dönüb olub kababxana.
Son iki ildə 15
qəlyanaltı tikilib. Təkcə bir
küçədə 13 qəlyanaltı,
aşxana, restoran saymaq olar. Bunların hamısının menyusu olduqca kasıbdır, əsasən, kabab, ya da lüləkababdır.
Görürsünüzmü, kababxana açmaq
necə asandır, kafe açmaq çətin.
Əgər Naxçıvana gələn
bir qonaq xəstələnsə, dərmanını
süd desələr,
heç bir mağazada tapmazsan. Halbuki Naxçıvanın
bütün rayonları
maldarlıqla məşğuldur.
Bir vaxtlar Naxçıvanın mərkəzi
parkında – “Böyük
bağ”da yaxşı
əyləncəli görüşlər
olardı, nəfəsli
orkestr çalardı,
rəqs meydançası
cavanların dabanında
oynardı. Dünən geriyə qayıdan
deyil. Amma dünənin yaxşı
adət və ənənələrini həmişə
geri qaytarmaq olar.
Yaradıcı gənclərin yeganə istinadgahı olan “Şərq qapısı” qəzetinin poliqrafiya keyfiyyətindən oxucular
gileylənirlər. Hələ 1958-ci ildə Naxçıvanda mətbəə tikilməsi
haqda qərar olub. 1966-cı ildə həmin mətbəənin özülü
qoyulub, sonra da özül zibilxanaya dönüb.
Kimdir bu işə məsul? Niyə bu
qərar yerinə yetirilmir?
Naxçıvan isti olan yerdir. Yay aylarında göydən od tökülür.
İstirahət günləri camaat
əylənməyə yer
tapmır. Şəhərdən
çox da uzaq olmayan Uzunoba
gölünə adam buraxılmır.
Bu, nədir? Bu qanunu kim qoyub?
Madam ki, camaatın istirahətinə
şərait yaratmırsan,
gedənlərə avtobus
vermirsən, nə üzlə “əyri yolla” gedən maşınların qabağını
kəsirsən?
Və bugünkü Naxçıvan...
Məqaləsində yüksək mədəniyyətin
formalaşmasının yalnız
hərtərəfli inkişafla,
yəni intibahla mümkün olacağını
qeyd edən böyük ədibimiz Məmməd Araz xəyalında sanki bugünkü Naxçıvanı
canlandırmağa çalışıb.
Bəli, bu gün muxtar
respublika intibah dövrünü, yüksəliş
dövrünü yaşayır. Ulu öndər Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən sədaqətli, vətənpərvər,
işgüzar həmyerlilərimiz
mümkün olmayanı
reallaşdırmaqla, yəni
üç tərəfdən
düşmən əhatəsində,
blokadada yaşayan bir diyarın iqtisadiyyatını, mədəniyyətini,
incəsənətini, təhsilini,
səhiyyəsini və
digər sahələrini
inkişaf etdirməklə
naxçıvanlıların arzularını həyata keçiriblər.
Böyük ustadın arzuladığı
kimi, bu gün Naxçıvan Muxtar Respublikasının hər bir şəhərində,
kəndində kitabxanalar
fəaliyyət göstərir. Burada Azərbaycan
və dünya ədəbiyyatı nümunələrindən
ibarət minlərlə
kitab oxucuların yolunu gözləyir.
Muxtar respublikanın ən ucqar dağ
kəndinin kitabxanasında
bəzən ölkə
paytaxtı Bakı şəhərinin bəzi
kitabxanalarında olmayan
nadir əsərləri görmək
mümkündür...
Məmməd Araz məqaləsində Naxçıvanda çayxanaların
çoxluğundan, digər
sosial obyektlərin isə olmadığından
haqlı olaraq şikayətlənirdi. Bu məsələdə də
böyük şairin
arzuları həyata keçirilib. Bu gün Naxçıvan şəhərində, hətta
muxtar respublikanın ən ucqar kəndlərində
də müasir memarlıq üslubunda yeni sosial obyektlər
tikilərək istifadəyə
verilib. Kənd mərkəzləri, xidmət mərkəzləri,
həkim ambulatoriyaları,
təhsil müəssisələri
nəinki Azərbaycanın
digər regionları üçün, hətta
dünya ölkələri
üçün nümunə
təşkil edir.
Böyük şair şikayətlənirdi
ki, “Naxçıvan kimi şəhərdə bir dənə də olsun gənclər
klubu, kafesi, şahmat yeri yoxdur”. Bu gün isə
biz şəhərimizə gələn qonaqlarımıza
yan-yana düzülən,
çox zaman faydalı əməklə
məşğul olmaq
istəməyən insanların
toplaşdığı çayxanaları
deyil, müasir Gənclər Mərkəzini,
Şahmat Mərkəzini,
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq
Mərkəzini, İlham
Əliyev adına Olimpiya-İdman Kompleksini, Üzgüçülük Mərkəzini
və digər müasir sosial obyektləri fəxrlə göstəririk. Qonaqlar gözəlliyi ilə
gözoxşayan otellərdə,
istirahət mərkəzlərində
qalır, müasirliyi
ilə seçilən
və xidmət mədəniyyəti gündən-günə
daha da yaxşılaşan
restoranlarda hazırlanan
milli yeməklərimizə
heyranlıqlarını gizlətmirlər.
Vaxtilə böyük ədibimiz
təəssüflə yazırdı:
“Əgər Naxçıvana
gələn bir qonaq xəstələnsə,
dərmanını süd
desələr, heç
bir mağazada tapmazsan”. Bu gün
isə vəziyyət
tamam başqadır.
İndi muxtar respublikada həyata keçirilən
iqtisadi siyasətin əsas hədəflərindən
biri də ərzaq təhlükəsizliyinin
təmin edilməsidir.
Bunun üçün daxili bazarın tələbatına
uyğun yerli məhsul istehsal edən müəssisələrin
yaradılması istiqamətində
məqsədyönlü tədbirlər
həyata keçirilir.
Məhz həmin tədbirlərin nəticəsidir ki, bazar iqtisadiyyatının tələblərinə uyğun
rəqabətqabiliyyətli müəssisələr yaradılır.
Belə müəssisələrdən biri
də Naxçıvan
şəhərində fəaliyyət
göstərən “Gəmiqaya
Bərəkət Qida
Məhsulları” Məhdud
Məsuliyyətli Cəmiyyətidir.
Dövlət maliyyə dəstəyi
ilə 2003-cü ildə
çörək, 2004-cü ildə makaron və peçenye, 2005-ci ildə isə süd məhsulları istehsalı sahələri
yaradılan bu qabaqcıl müəssisənin
istehsal sahələrində
Almaniya, Türkiyə
və İtaliya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb.
Həmin
dövrdə nəşr
olunan “Şərq qapısı” qəzetinin poliqrafik keyfiyyətinin aşağı olmasından,
1958-ci ildə tikilməsi
nəzərdə tutulan
mətbəənin 1966-cı ildə özülünün
qoyulduğunu, sonra da özülün zibilxanaya çevrildiyindən
gileylənən böyük
ustad əlaqədar orqanlara səslənir, onları yalan vədlər verməyə
deyil, iş görməyə dəvət
edir, haqlı iradını bildirirdi.
Şairin
1967-ci ildə arzuladıqları
2010-cu il iyulun 22-də Naxçıvan
Muxtar Respublikasının
rəhbəri tərəfindən
reallaşdırıldı. Həmin gün “Şərq qapısı” qəzeti redaksiyasının,
Əcəmi Nəşriyyat-Poliqrafiya
Birliyinin yeni binasının və mətbəəsinin istifadəyə
verilməsi istər kitabların, istərsə
də muxtar respublikada işıq üzü görən qəzetlərin ən yüksək poliqrafik keyfiyyətdə çap olunmasına şərait yaradıb.
Məmməd Araz isti yay
günlərində Naxçıvanda
insanların əylənməyə
yer tapmadığını,
Uzunoba gölünə
isə heç kəsin buraxılmadığını
yazır, bunun səbəbkarlarını ittiham
edirdi. Onun bu istəyi,
arzusu da artıq həyata keçirilib. Uzunoba Su Anbarında
yeni istirahət mərkəzi – Naxçıvan
şəhər çimərliyi
istifadəyə verilib.
Ərazidə kompleks tikinti
işləri aparılıb,
Uzunoba Su Anbarı əsaslı şəkildə
yenidən qurulub.
Qızmar yay aylarında
xüsusi avtobuslar çimərliyə getmək
istəyən insanların
ixtiyarına verilir.
Naxçıvançay vadisində insanların istirahətinin səmərəli
təşkili üçün
Əyləncə və
İstirahət Mərkəzi
inşa edilib. Ötən
il iyulun
24-də Əyləncə və
İstirahət Mərkəzinin
açılışı olub. Bu, böyük ədibin bir zamanlar arzuladığı
Naxçıvandır...
Sonda qeyd edək ki, 2014-cü il
dekabrın 1-də – Məmməd
Arazın anım günündə doğulub
boya-başa çatdığı
Şahbuz rayonunun Nursu kəndində onun ev-muzeyinin açılışı oldu.
Bu hadisə ölkə
ictimaiyyəti tərəfindən
böyük rəğbətlə
qarşılandı. Çünki Məmməd Araz böyük Azərbaycanın
böyük şairidir.
Ona göstərilən
diqqət Azərbaycan
xalqının ədəbi
irsinə göstərilən
diqqətdir...
Ruhun şad olsun, böyük ustad. Bu gün sənin doğma Naxçıvanla bağlı
bütün arzuların
tam həyata keçirilib.
Bunu reallaşdıran İnsan
isə ümummilli lider Heydər Əliyevin nurlu yolunu qətiyyətlə,
inamla davam etdirən, xalqa, doğma Vətənə xidməti, dövlət-xalq
və xalq-dövlət
birliyini öz həyat devizinə çevirən vətənsevər
LİDERDİR.
Rauf Əliyev
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı
bürosunun rəhbəri
İki sahil.- 2015.- 4 mart.- S.12.