Azərbaycan Xalq
Cümhuriyyəti dövründə
polis
orqanlarının təşkili və fəaliyyəti
2 iyul Azərbaycan
polisinin peşə bayramı günüdür
Şərqdə
ilk demoktarik dövlət
olan Azərbaycan Xalq
Cümhuriyyəti 28 may 1918-ci ildə Azərbaycan
Milli Şurasının qərarı ilə
yurdumuzun dövlət müstəqilliyini elan etdikdən sonra, elə
həmin gün Fətəli xan Xoyski başda
olmaqla, ilk Müvəqqəti
hökuməti təsdiq
etmişdir. Həmin kabinetdə Fətəli
xan Xoyski, eyni zamanda, daxili
işlər naziri təsdiq olunmuşdur. Lakin müvəqqəti
hökumət mühacirətdə – Tiflisdə təşkil
edildiyindən Daxili İşlər Nazirliyinin yerli
orqanlarının yaradılması burada mümkün olmamışdır.
1918-ci ilin iyun ayının 16-da Azərbaycan Milli Şurası və Müvəqqəti hökuməti Tiflis şəhərindən Gəncəyə köçmüşdür.
Bu vaxtdan cəmiyyətdə asayişin qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizə aparılması sahəsində polis vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanı kimi əhəmiyyətli rol oynamışdır.Təbii ki, Azərbaycanda polis orqanları birdən-birə yaranmamış, digər dövlət qurumları kimi, polis orqanları da özünün təkamül prosesini keçirmişdir. Daxili İşlər Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin Müvəqqəti hökumətinin təşkil edildiyi gün – 28 may 1918-ci il tarixdə təsis edilsə də, onun aparıcı struktur qurumu olan polis orqanları bir qədər sonra Gəncədə yaradılmışdır.
1918-ci il iyunun 24-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli hökuməti “Hökumət müəssisələrinin öz vəzifələrini tərk etmiş qulluqçuları haqqında” 178 nömrəli qərar vermişdir. Qərarda bütün nazirliklərə (o cümlədən DİN-ə) tabeliklərində olan idarələr üzrə hökumət məlumatı hazırlamaq tapşırılır. Çarizm və onun devrilməsindən sonrakı dövrlərdə Azərbaycandakı hökumət müəssisələrində xidmət edən, lakin hazırda işə çıxmayan qulluqçulara, o cümlədən polis orqanlarındakı əməkdaşlara iyulun 1-dən işə çıxmaq təklif olunurdu. Həmin qərarda yeni yaradılacaq polis orqanlarının tərkibinə daha çox azərbaycanlıların qəbul edilməsi nəzərdə tutulurdu.
Bu qərarın həyata keçirilməsi məqsədilə Azərbaycan hökuməti Daxili İşlər Nazirliyinin məruzəsi üzrə 2 iyul 1918-ci ildə xüsusi bir qərar vermişdir. Gəncə quberniyası polisinin yeni ştatları təsdiq olunmuş və əmək haqqı da əvvəlki dövrlərlə müqayisədə artırılmışdır. Qərara əsasən, quberniyanın şəhər və qəzalarında polis rəisləri, onların böyük və kiçik köməkçiləri, sahə və şəhər polis pristavları və milis nəfərləri təsis olunmuş, yeni əsaslarla fəaliyyət göstərməyə başlamışdılar. 80 il sonra Prezident Heydər Əliyev müstəqil Azərbaycanda polis orqanlarının faktiki yaradılması tarixi olaraq məhz həmin günü- 2 iyulu 24 may 1998-ci il tarixli fərmanla Azərbaycan Polisi Günü elan etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti digər dövlət qurumları kimi, polis orqanlarının inkişafı üçün, konkret halda, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, Daxili İşlər Nazirliyinə əlavə ştat vahidlərinin verilməsi, polis əməkdaşlarının əmək haqlarının yüksəldilməsi üçün vaxtaşırı olaraq səmərəli, məqsədyönlü tədbirlər görmüşdür.
Azərbaycan hökuməti bacardığı qədər Daxili İşlər Nazirliyinin mərkəzi və yerli orqanlarının təşkilatı və strukturca inkişafı, təkminləşdirilməsi üçün maliyyə-büdcə xərclərini artırırdı. Bu, DİN-nin yerli strukturlarının təşkili üçün imkan verirdi. Məsələn, 1918-ci il sentyabrın sonu - oktyabrın əvvəllərində Bakıda İçərişəhərdə polis məmurları hazırlayan (qorodovoy) məktəbləri açılmışdı. Onun müdiri podpolkovnik Şükür bəy Yüzbaşski idi. Bu məktəbin təşkilində daxili işlər naziri əvəzi, polis general-mayoru Məhəmməd Sadıq bəy Ağabəyzadənin böyük rolu olmuşdur. Hökumətin 14 fevral 1919-cu il tarixli qərarı ilə baş verən cinayətləri istintaq etmək və xidməti vəzifələrindən sui-istifadə etməyə qarşı mübarizə məqsədilə daxili işlər naziri yanında Təftiş-İstintaq Komisiyası da yaradılmışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 7 aprel 1919-cu ildə “Daxili İşlər Nazirliyi qulluqçularının saxlanılması xərclərinin müvəqqəti artırılması və əlavə bir sıra yeni şatat vahidlərinin verilməsi haqında” Qanun qəbul etmişdir. Həmin qanunun 5-ci maddəsinə əsasən, vəzifə maaşlarının artırılması dövlət idarələrində xidmətlərini dayandırmış şəxslərə tətbiq olunmurdu. 6-cı maddəyə əsasən, xidməti at saxlayan Bakı-Balaxanı-Sabunçu polismeysterliyində ayda 600 rubl, ildə isə 7200 rubl ayrılmışdı. Dövlətin digər yerlərində isə heyvan yemi üçün pul o halda ayrılırdı ki, həmin qurumların atları olsun.
Qanunun 9-cu maddəsinə əsasən, səfər üçün qəza rəislərinə ildə 8400 rubl, rəis köməkçiləri üçün 4200 rubl, sahə pristavlarına 3000 rubl, onların köməkçilərinə isə 1800 rubl ayrılması təsdiq olunurdu. Qeyddə göstərilirdi ki, atlar üçün yemə görə pul alanların gediş və gəliş üçün pul almaq hüququ yoxdur.
Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə xüsusi təyinatlı polis qurumlarının təşkili təcrübəsindən də istifadə etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti polis fəaliyyətinin xüsusiyyətini və gizli şəraiti nəzərə alaraq, 22 dekabr 1919-cu ildə “Balaxanı-Sabunçu rayonunda vergi polisi təsis etmək haqqında” Qanun qəbul etmiş və bu qurumun ştat vahidlərini də təsdiq etmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti polis orqanlarının idarə olunmasının təkmilləşdirilməsinə də biganə qalmamış, onların fəaliyyət xüsusiyyətlərini nəzərə almaqla, konkret şəraitdən asılı olaraq müvafiq qərarlar qəbul etmişdi. Hökumət “Yelizavetpol (Gəncə şəhəri) şəhər polisinin müvəqqəti olaraq Yelizavetpol qubernatorluğunun idarəçiliyinə keçirilməsi haqqında” 27 iyun 1918-ci ildə qərar qəbul etmişdi. Hökumət Yelizavetpol quberniyası polisinin ştatları və vəzifə maaşları haqda 2 iyul 1918-ci il tarixdə müvafiq qərar qəbul etmişdi. Qərara görə, Yelizavetpol şəhər polismeystri üçün aylıq vəzifə maaşı 650 rubl, rəisin böyük köməkçisinin 550 rubl, rəisin kiçik köməkçisinin aylıq vəzifə maaşı 500 rubl, yeddi pristavın hər birinin vəzifə maaşı 375, onların yeddi köməkçisinin hər birinin aylıq vəzifə maaşı 300 rubl müəyyən edilmişdi. 36 sıravi polisin hər biri üçün aylıq vəzifə maaşı 300 rubl, 70 nəfər sıravi milisin hər birinin aylıq vəzifə maaşı 260 rubl, 20 nəfər atlı milis nəfərlərinin vəzifə maaşı 260 rubl müəyyən edilmişdi.
Müvəqqəti hökumət polis işçilərinin əmək haqlarının vaxtaşırı artırılmasında onu əsas götürürdü ki, bu, onların gələcəkdə vəzifələrindən tamah niyyəti ilə sui-istifadə etmə hallarının qarşısını almaqda önəmli rol oynaya bilər.
Konkret peşəsi olmayan şəxslərin Bakıda ictimai asayişi və müəyyən edilmiş qayda-qanuna təhlükə törətməsini nəzərə alaraq, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 25 aprel 1919-cu ildə “Bakı şəhərinin konkret peşəsi olmayan şəxslərdən təmizlənməsi haqqında” qərar qəbul etmişdi. Qərarda Bakı portuna yeni gəlmiş sərnişinlərin şəxsiyyət vəsiqələrinin, həmçinin dəmir yolları nazirliyinə də dövlət sərhədlərində ölkəyə gələn sərnişinlərin buraxılış vəsiqələrinin yoxlanılmasına nəzarətin artırılması tapşırılmışdı.
Polis orqanlarının xidməti fəaliyyətlərinin
daha da
yaxşılaşdırılması məqsədi ilə Nazirlər Şurası Bakı polisinin ştat vahidlərinin
artırılması üçün onun büdcəsinin əlavə olaraq 5 689 200 rubl
artırılması haqqında 11 iyun
1919-cu ildə qərar qəbul etmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ayrı-ayrı idarələrdə işləyən vəzifəli şəxslərin cinayətlərini və vəzifələrindən sui-istifadə hallarının qarşısını almaq üçün 27 iyul 1919-cu ildə “Müxtəlif idarələrdə cinayətlərin və sui-istifadə hallarının istintaqının aparılması üçün xüsusi təftiş-istintaq komissiyasının yaradılması barədə” Qanun da qəbul etmişdi.
Müvəqqəti hökumət Bakı şəhərinin qubernatoru və şəhər rəisinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 1919-cu ilin xərclərinin artırılmasını da yaddan çıxarmamış, bu haqda 11 noyabr 1918- ci il tarixdə müvafiq qərar qəbul etmişdi. Qərarın 4-cü bəndinə əsasən, Bakı şəhər qubernatoru və şəhər rəisinə dövlət hesabına qızdırılan və işıqlandırılan mənzillərin verilməsi nəzərdə tutulmuşdu.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti Daxili İşlər Nazirliyinin aparatında icra intizamının daha da təkmilləşdirilməsi və möhkəmləndirilməsi üçün 4 mart 1920-ci ildə “Azərbaycan Daxili İşlər Nazirliyi aparatının ştat vahidlərinin artırılması haqqında” Qanun qəbul etmiş, nazirliyin dəftərxanasına əlavə 8 qulluqçunun verilməsi ilə əlaqədar xərclərin 114 min 275 rubl artırılmasını qərara almışdı. Hələ bundan əvvəl Nazirlər Şurası 27 iyul 1918-ci ildə “Köçərilərin qorunması, Şuşa və Zəngəzur qəzalarında qayda-qanunun bərpa edilməsi barədə” qərar qəbul etmiş, Daxili İşlər Nazirliyinin sərəncamına əlavə olaraq 125 000 rubl ayırmışdı.
Xalq Cümhuriyyətinin Nazirlər Şurası 14 sentyabr 1918-ci ildə “Gəncə quberniyasında bolşeviklərin anarxiyası dövründə vurulmuş ziyanın aydınlaşdırılması haqqında” (aprel 1918-ci il– iyul 1918-ci il dövrü nəzərdə tutulur- İ.A.) qərar qəbul etmiş və Daxili İşlər Nazirliyinə əkinçilik, ədliyyə, maliyyə nazirliklərinin nümayəndələrinin komissiyanın tərkibinə daxil edilməsi təklif olunmuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətdə olduğu dövrdə ölkənin ayrı-ayrı bölgələrində qayda-qanunun, ictimai asayişin, o cümlədən milli münasibətlərin tənzimlənməsi üçün Daxili İşlər Nazirliyinin imkanlarından istifadə etmişdir. Belə ki, Qazax qəzasında azərbaycanlı, erməni və gürcü millətləri arasında yaranmış münaqişələri tənzim etmək və bu sahədə yerli hakimiyyət orqanlarının fəaliyyətini müşahidə etmək məqsədilə 17 fevral 1919-cu il tarixli qərarla Qazax qəzasında Daxili İşlər Nazirliyinin fövqəladə müvəkkili vəzifəsi təsis edilmişdi.
Hökumət Daxili İşlər Nazirliyi orqanlarının şəxsi heyətinin daha da gücləndirilməsi və nəticə etibarı ilə DİN orqanlarına işə yeni qəbul olunmuş əməkdaşların çağırışı ilə əlaqədar “Daxili İşlər Nazirliyinə xidmətə yeni çağırış ilə qəbul ilə əlaqədar əlavə vəsait ayrılması barədə” 28 aprel 1919-cu il tarixində qərar qəbul etmişdir. Qərarda bu məqsədlə Daxili İşlər Nazirliyinin sərəncamına əlavə 25 000 rubl ayrılmışdı.
Hələ o zaman Avropa təcrübəsinə müvafiq olaraq, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 11 avqust 1919-cu il tarixli qərarı ilə bütün türmələr Daxili İşlər Nazirliyindən alınıb Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdi.
Bütün bu sadaladığımız qanun və qərarlardan görünür ki, Azərbaycan Xalq Cümhuriyyənin parlamenti və hökuməti polis orqanlarının və bu qurumların əməkdaşlarının maddi təminatlarının artırılması, fəaliyyətinin təkmilləşdirilməsi üçün nə mümkünsə etmişdir. Daxili İşlər Nazirliyi isə ilk milli polis orqanlarının formalaşması üçün nə lazımdırsa etmişdir.
Ümummilli lider Heydər Əliyev bütün bunları nəzərə alaraq demişdir: “Müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir”. Azərbaycan polisi isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin aparıcı qurumu kimi Azərbaycan Xalq Cümhuriyyətinin polis orqanlarının şanlı ənənələrini bu gün də davam etdirir və daha da təkmilləşdirir.
İlham ABBASOV,
Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının baş
müəllimi, hüquq üzrə fəlsəfə doktoru,
baş ədliyyə müşaviri,
prokurorluğun fəxri işçisi
İki sahil.- 2015.- 2 iyul.- S.8.