Tarix bu günlə bağlı olanda

millətin sabaha inamı artır

 

“Kitabi-Dədə Qorqud”un izi ilə Qaxda oğuz qəhrəmanı Bəkilin sorağında

 

“Kitabi-Dədə Qorqud” dastanının izi ilə yola çıxmışıq. Azərbaycan Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncamı yolumuza işıq salıb. Dastanın nişan verdiyi iz bizləri Qaraca Çoban yurdu Xocavənd rayonu ərazisindəki Nərgiztəpəyə, Qax rayonundakı Kürmük məbədi yaxınlğında yerləşən Bəkilin məzarına apardı, gələcəkdə də Şamaxıda yerləşən Qazanxan oylağına, Gədəbəydəki Təpəgöz qalasına, Sabirabaddakı Qaragünəy kəndinə və başqa məkanlara aparacaqdır.

Bu dəfə yolumuz Qax rayonuna, Oğuz qəhrəmanı Bəkilin uyuduğu torpağadır.

2015-ci ilin yanvarından başlayaraq Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin təşkilatçılığı və Dövlət müşaviri Kamal Abdullayevin rəhbərliyi ilə silsilə tədbirlər keçirilir. Beynəlxalq kollokvium əhəmiyyəti baxımından bu tədbirlərin əsasını təşkil etdi. 20-yə yaxın ölkənin türkoloq alimlərinin iştirakı ilə Bakıda keçirilən Kollokviumda “Kitabi-Dədə Qorqud” abidəsinin alman şərqşünas alimi Henrix Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyinə həs olunan tədbirlər planı hazırlandı. Əsas məqsəd dastanda adı keçən qəhrəmanlar, toponimlər, məkanlar haqqında dolğun məlumat toplamaq, Azərbaycan xalqının əxlaq dəyərlərini, qədimdən qoruduğu multikultural əhvalını daxildə və xaricdə təbliğ etməkdir.

Qorqudşünas alimlərin araşdırmalarına görə, “Kitabi-Dədə Qorqud” dastanında əksini tapan hadisələr, canlandırılan obrazlar, işlənən ifadələr mifik düşüncə məhsulu olmaqdan çox uzaqdır. O yerlər bu gün də həmin adlarla mövcuddur, o qəhrəmanların məzarlarını tapmaq mümkündür, müasir azərbaycanlıların dilində əski ifadələr indi də tez-tez işlənir. Konkret fakt söyləyək: ötən ay Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi böyük nümayəndə heyəti “Kitabi-Dədə Qorqud” dastanının izinə düşüb Xocavənd rayonunun Nərgiztəpə ərazisinə yol aldı. 4 rayonda - Beyləqan, Xocavənd, Tərtər, Bərdədə geniş tədbirlər keçirildi. Yerli ictimaiyyət nümayəndələrinin, dövlət qurumlarının, alimlərin “Kitabi-Dədə Qorqud” dastanı haqqında səsləndirdikləri dəyərli bilgilər bir daha onu deməyə əsas verdi ki, Nərgiztəpə yüksəkliyi dastan qəhrəmanı Qaraca Çobanın oylağı olub, xalqın real qəhrəmanı olan bu şəxsiyyətin məzarı da məhz Nərgiztəpədədir.

Bu əsaslandırmanın ardından Prezident İlham Əliyevin imzaladığı Sərəncamın ruhuna uyğun olaraq, yaxın günlərdə məsul qurumlar üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə başlayacaqlar. Xocavənd rayonunun Nərgiztəpə ərazisindəki Qaraca Çobanın məzarının əbədiləşdirilməsi gözlənilir. Böyük missiyaya start verilir. “Kürmük” məbədi ətrafında dastan qəhrəmanı Bəkilin məzarının əbədiləşdiriləcəyi də bu missiyanın davamıdır.

“Kitabi-Dədə Qorqud” dastanında Bəkil belə təsvir edilir: “Qam Ğan oğlu Bayandır xan yerindən durmuşdu. Yüksək evini qara yer üzərində ucaltmışdı. Hündür alaçığı göy üzünə dirənmişdi. Min yerdə ipək xalçalar döşətdirmişdi. İç Oğuz və Dış Oğuz bəyləri toplaşmışdılar. Doqquz tümənlik Gürcüstanın xəracı gəldi: bir at, bir qılınc və bir çomaq gətirdilər. Bayındır xan bərk dilxor oldu. Dədəm Qorqud gəldi, şadlıq havası çaldı. “Xanım, niyə qanın qaralıb?” - dedi. Deyir: “Necə qaralmasın, hər il qızıl-gümüş gəlirdi, cavanlara-bəylərə verirdik, xatirləri şad olurdu. İndi bunları kimə verək ki, onunçun xoş olsun?”. Dədə Qorqud deyir: “Xanım, bunun üçünü də bir igidə verək, oğuz elinə qaravul çəksin!”. Bayındır xan “Kimə verək?” - dedi, sağına-soluna baxdı. Heç kim razı olmadı. Bəkil deyilən bir igid vardı. Ona baxdı, dedi: “Sən nə deyirsən?” Bəkil razı oldu. Qalxdı, yeri öpdü. Dədəm Qorqud gətirilən qılıncı onun belinə bağladı. Çomağı çiyninə saldı, yayı qoluna keçirdi. Bəkil şahanə ayğırı çəkdirib mindi. Qohum-əqrəbasını ayırdı, ev-eşiyini yığışdırdı, oğuz elindən köçdü. Bərdəyə, Gəncəyə gedib məskən saldı. Gedib doqquz tümənlik Gürcüstan sərhəddində çadır qurdu. Qaravulçuluq elədi. Buralara yad kafir gəlsə idi, başını oğuz elinə hədiyyə göndərərdi”.

“Qorqud” dastanlarını ətraflı araşdıran alimlərin yekdil qənaətindən çıxış etsək, Bəkilin çadır qurduğu yer Qax rayonu ərazisindədir. Daha dəqiqi, I-III əsrlərdə inşa edilən, “Ay məbədi” kimi tanınan “Kürmük” Alban Məbədinin ətrafı Bəkilin mənzil - qərargahı olub. Məbəd IV-VII, VII-IX əsrlərdə yenidənqurmaya məruz qalıb. Ay məbədinin taleyinə dəfələrlə yenilənmək yazılıbmış. Tarix və yenilənmək bir-birinə əks məhfumlar olsa da, Ay məbədini Kürmük kilsəsinə çevrilməkdən xilas edə bilməyib. Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti və xristianlığı qəbul etmiş ingiloyların ianəsi ilə 1892-94-cü illərdə qədim alban məbədinin qalıqları üzərində “Kürmük” kilsəsi tikilib. Proses bununla da sona çatmayıb. 2003-cü ildə məbəd yenidən təmirə bağlanıb. Təmir işləri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılıb, hazırda tikili bu qurum tərəfindən qorunur. Yerli azərbaycanlılar və Azərbaycan vətəndaşı olan gürcülər, o cümlədən Gürcüstan vətəndaşları ildə iki dəfə “Kürmük” məbədini ziyarət edirlər.

Bəkilin təmsil etdiyi eli-obanı məhz bu ərazidə qoruması ehtimalı ona görə çoxdur ki, Qaxın ən yüksək məkanında tikilən “Kürmük” Ay məbədinin ətrafından baxanda Gürcüstan sərhədi açıq-aydın görünür. Diqqətlə baxsan, sərhəddi keçən adamı adi gözlə də görmək mümkündür. “Kitabi-Dədə Qorqud” dastanında belə bir abzas var: “Ov ovlayıb gəzərkən qabağına bir yaralı keyik çıxdı. Bəkil onun üstünə at saldı. Buğanın arxasından yetişdi. Yay kirişini boynuna atdı. Buğa acıqlanmışdı. Özünü uca bir yerdən atdı. Bəkil atın cilovunu saxlaya bilməyib, keyiklə bərabər uçundu. Sağ oyluğu qayaya toxunub sındı”. Alimlər hesab edirlər ki, Bəkilin yıxıldığı qaya “Kürmük” məbədinin yaxınlığındadır. Həqiqətən də məbəd sıldırım qaya üzərində tikilib.

Ötən gün Azərbaycan Respublikasinin Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları, Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin məsləhətçisi Sərraf Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri Qax rayonunda oldular.

Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və yerli ictimaiyyət nümayəndələri ilə görüşün nəticəsindən bir daha bəlli oldu ki, nəinki Bəkilin “Qorqud” dastanlarında haqqında danışılan başqa qəhrəmanların, məkanların, hadisələrin Qax, Şəki, Zaqatala, Xocavənd, Sabirabad, bir sözlə, ölkəmizin müxtəlif əraziləri ilə sıx bağlılığı var. Məktəb direktorlarının, tarix müəllimlərinin, kitabxana rəhbərlərinin, yerli təhsil şöbəsi əməkdaşlarının, Bilik Fondu nümayəndəliyinin, şagird və tələbələrin qatıldıqları konfransda Prezident Administrasiyasının təmsilçisi Sərraf Hüseynov səfərin məqsədi barədə məlumat verdi. Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamını xatırladan S.Hüseynov bildirdi ki, ki, “Kitabi-Dədə Qorqud”un izi ilə ölkəmizi qarış-qarış gəzərək, tarixi canlandırmaq və bu tarixin bir parçası olduğunu dərk etmək insana milli iftixar hissi yaşadır: “Hər birinizin bu hissi yaşamağa haqqı var. Yaşadığınız rayon tarixi abidələri ilə dil açıb danışır. O abidələri dinləmək, ətrafdakı dərələrdən, dağlardan keçən, dastanlaşan qəhrəmanlarımızın ruhları ilə baş-başa qalmaq insana qürur yaşadır. Cənab Prezident “Kitabi-Dədə Qorqud”la bağlı verdiyi Sərəncamda milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında “Dədə Qorqud” dastanlarının böyük əhəmiyyətini xüsusi qeyd edib”.

Xatırladaq ki, Sərəncamda qorqudşünaslığın sistemli fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alınıb ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, “Kitabi-Dədə Qorqud”un alman alimi Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyinə dair fəaliyyət proqramını hazırlayaraq təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim etsin.

Prezident Administrasiyasının təmsilçisi bu istiqamətdə müxtəlif bölgələrin əhalisnin, o cümlədən Qax sakinlərinin köməyinə böyük ehtiyac olduğunu dedi: “Biz Nərgiztəpədə olduq. Dədə Qorqud, Qaraca Çoban və başqa tarixi faktlar barədə maraqlı məlumatlar toplamışıq. Bununla yanaşı, öyrənmişik ki, Sabirabadda Qara Günəy kəndinin, Şamaxıda Qazan xan oylağının, məhz həmin yerdə qaynayan Burlaxatunun adı ilə bağlı olan Xatun bulağının, Tovuz və Gədəbəy rayonlarında yerləşən Təpəgöz qalalarının “Kitabi Dədə Qorqud” dastanı ilə birbaşa əlaqəsi var. Bu yerlər haqqında dastanı bir dəfə də olsun oxumayan yerli sakinlər bizə məlumat veriblər. Deməli, söhbət real tarixi hadisələrin əks olunduğu dastandan gedir. Sizlərlə görüşməkdə məqsədimiz odur ki, dastanda əksini tapan dövrlərə aid hansı nişanələr barəsində bilgilərə maliksinizsə, bildiklərinizi bölüşəsiniz. Cənab Prezidentin imzaladığı sərəncamın birinci cümləsi belədir: “Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığın ayrılmaz tərkib hissəsinə çevrilən “Kitabi-Dədə Qorqud” abidəsi”... Əgər bir xalqın bu möhtəşəmlikdə abidəsi varsa, o xalq əbədidir və dünyaya nümunədir. Yəqin bilirsiniz ki, dastanda Bəkil adlı qəhrəman var. Bu igid sərhədləri yadellilərdən qorumaq üçün ailəsi ilə birlikdə Gürcüstan ərazisinə köçür. Bəkil sizin sakini olduğunuz Qax ərazisində yaşayıb, məzarı da burada olmalıdır. Çox arzulayırıq ki, Bəkil haqqında sizlərdə hansı bilgilər varsa, onları bizə təqdim edəsiniz. Sərəncamda oğuz qəhrəmanı Bəkilin “Kürmük” məbədi ətrafında yerləşən məzarının abadlaşdırılması və bu ziyarət yerinin bərpası məsələsi xüsusi vurğulanır”.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun “Kitabi Dədə Qorqud” dastanının təbliğatında gördüyü işlərdən danışdı. Fondun əməkdaşlarının müxtəlif bölgələrdə əhali ilə təmaslarından dəyərli məlumatlar topladıqlarını diqqətə çatdıran icraçı direktor, bu məlumatlar əsasında bukletlər, jurnallar hazırlamağın məqsədəuyğun olduğunu dedi: “O xalq güclüdür ki, hər daşının tarixini öyrənməyə cəhd göstərir. Cənab Prezidentin Sərəncamında ilboyu həyata keçirəcəyimiz fəaliyyət ardıcıllığı ilə əksini tapıb. Biz dastanın real həyatla əlaqələrini faktlarla əsaslandırsaq, bu faktları çoxaltsaq, Azərbaycan dünyanı heyrətə salacaq”.

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilov Qaxın təbii gözəlliyi ilə mənəvi gözəlliyinin təmas təşkil etdiyini bildirdi: “Məhz bu gözəlliyin vəhdəti Dədə Qorqudu bu diyara gətirib. Dastan Azərbaycanın bütövlüyünü göstərir. Dastanda əksini tapan adət-ənənə, etnoqrafiya, məişət, toponimlər, qəhrəmanlıq hadisələri məhz azərbaycanlı təfəkkürünün, yaşayış tərzinin bariz ədəbi nümunələridir. Fridrix fon Dits Oğuz siklopunu Odissey qəhrəmanları ilə müqayisə edərək yazırdı ki, dastanda oğuzların obrazı daha bütöv, daha realdır. Fon Ditsin “Oğuznamə” kitabı var. Bu dastanı hər kəsə təqdim etmək vacibdir. Azərbaycan xalqının haradan gəlib haraya getdiyi bu dastanlarda tamlığı ilə əksini tapıb. Qorqud nə qədər əfsanəvidirsə o qədər həyatidir. Qəhrəmanı real adam olmağı qəhrəman etmir, o, əfsanələşməsi ilə qəhrəmandır. Siz fəxr edin ki, Bəkil Qaxda yaşayıb və burada dünyadan köçüb”.

Konfransda yerli sakinlərin çıxışları da dəyərli informasiyaların verilməsi baxımından yadda qalan oldu. Belə müəyyənləşdirilmişdi ki, hər alimin çıxışından sonra qaxlılar münasibət bildirsin. Rayon kitabxanasının direktoru Güllü Əhmədova dastanda süjet boyu istifadə olunan dialektin məhz Qax ərazisində yaşayan insanların dialekti ilkə eynilik təşkil etdiyini bildirdi.

Qax şəhərindəki 5 nömrəli tam orta məktəbin direktoru Sevil Əsgərova təklif etdi ki, kəndlərdəki yaşlı insanlarla söhbətlər aparılsın, onların yaddaşlarının gücündən istifadə olunsun. Onun sözlərinə görə, dastandakı yer adları Qaxın bir çox ərazilərindəki adlarla ya eynidir, ya oxşar.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri Təvəkkül Əliyev “Kitabi Dədə Qorqud” dastanının dərya olması, oxuduqca açılması, dərinləşməsi, xəzinələrə yol açması ilə bağlı qənaətini bölüşdü: “Xeyli müddət araşdırma aparıb qədim adlar, toponimlər, ifadələr barədə üç qalın dəftərlik məlumatlar topladım. Sonra “Qorqud” dastanlarını diqqətlə oxuyandan sonra gördüm ki, məlumatların əksəriyyəti dastanda olduğu kimi var. Qaraçux dağı, Böyük oxlu, Kiçik oxlu və dastanda əksini tapan bu kimi tarixi adları əbədiləşdirmək lazımdır. Qaxda ardıcıl araşdırmalar aparılmayıb. Bu ərazini Strabon məbədləri diyarı adlanır”.

Qax şəhər 2 saylı tam orta məktəbinin tarix müəllimi Faiq Sofiyev yazıçı Kamal Abdullanın “Gizli Dədə Qorqud” romanından oxuduqlarının Qax ərazisi ilə bağlılığından danışdı. Onun fikrincə, “Ala göz”, “Qarşı dağı”, onların ətrafındakı əski kənd adları, “Basıncaq” adlanan məkandakı Oğuz qəbirləri dastanın mətni ilə eynilik təşkil edir”.

Rayon təhsil şöbəsinin metodisti Hacıxan İsgəndərovun səsləndirdiyi ifadələrin altından xətt çəkməyə dəyərdi. Hacıxan müəllim belə dedi: “Tarix bu günlə bağlı olanda millətin sabaha inamı artır”.

5 saylı tam orta məktəbin tarix müəllimi Lalə Qabulova ədəbiyyatı tarixin köməyi ilə öyrənməyin üstünlüklərinə diqqət çəkdi. Onun sözlərinə görə, tarixi vərəqləyəndə məlum olur ki, dastan mətnində keçən faktlar içərisində məhz Qax ərazisinə aid olanları daha çoxdur.

AMEA-nın Folklor İnstitutunun əməkdaşı Ləman Süleymanova təmsil etdiyi qurumun bu mövzuda layihəsi olduğunu dedi. Layihəyə görə, alimlər Azərbaycanı qarış-qarış gəzib, tarixi faktları toplayırlar. Onun sözlərinə görə, Dədə Qorqud dövrünə aid folklor mətnləri demək olar bütün bölgələrimzdə bu gün də yaşayır: “Yəqin xatırlayırsız, dastanda doğulan uşaq yalnız 14 yaşından sonra ad alır. Hünər göstərir, adını qazanır. Faktiki bizdə də uşaq doğulandan ən azı 40 gün sonra ona ad qoyurlar. Yaxud belə bir müasir qarğış var: “Görüm səni ad alıb, süfrə açmayasan”. Təbii ki, insan 14-15 yaşından sonra müstəqil süfrə açmağı bacarır. Görürsünüz, Qorqud dövrü ilə necə səsləşir. Müasir dilimizdə hələ də çox yatan adama “Oğuz ölüsü” deyirlər. Belə faktları çox sadalamaq olar. Sizdən istədiyimiz odur ki, araşdırmalarımızın daha zəngin nəticələr qazanması üçün bizə yardımçı olasınız”.

Bilik Fondunun Qax rayonu üzrə nümayəndəsi, Əmbərçay kənd tam orta məktəbinin direktoru Rövşən Hədisov müqəddəs fəaliyyətin tərkib hissi kimi, sakini olduğu rayonun seçilməsində bu missiyanı həyata keçirənlərə minnətdarlığını bildirdi. Bilik Fondunun nümayəndəsi hər kəsi tarixinin araşdırılıb üzə çıxarılmasında, dünyaya təqdim olunmasında fəal iştiraka və tezliklə Qax rayonu ərazisində Bəkilin məzarının əbədiləşdirilməsi ilə bağlı lazımi tədbirlər görməyə dəvət etdi və bu məzarın hər bir qaxlının qürur və iftixar yeri olacağını bildirdi.

Beləcə “Kitabi Dədə Qorqud” dastanının izi ilə Bakıdan başlayıb, Nərgiztəpə yüksəkliyindən keçib, “Kürmük” abidəsinə çatan müqqədəs yol davam edir. Yolun həmişə işıqlı olmasını arzulayaq və Dədəm Qorqudun alqışına qoşulub bir ağızdan deyək: “Haqq yandıran çırağınız sönməz olsun!”.

 

Ceyhun Musaoğlu,

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun mətbuat katibi

 

İki sahil.- 2015.- 3 iyun.- S.24-25