Vətən uğrunda
qanlı döyüşlərin qəhrəmanı
Bu gün Azərbaycanın Milli Qəhrəmanı
Rövşən Əkbərovun 50 yaşı tamam olur
Bu gün Azərbaycanın Milli Qəhrəmanı
Rövşən Əkbərovun 50 yaşı tamam olur.
Ömrünün yarıdan çoxunu hərbi işə sərf
edən, ölkəmizin ərazi bütövlüyü
uğrunda ağır döyüş yolu keçən bu qəhrəman
əmindir ki, qüdrətli Azərbaycan ordusu tez bir zamanda
işğal altında olan torpaqlarımızı azad edərək
üçrəngli bayrağımızı Şuşada,
Xankəndidə, Ağdamda, Cəbrayılda, Füzulidə,
Laçında, Kəlbəcərdə və digər işğal
olunmuş rayonlarımızda dalğalandıracaq.
Hazırda
ölkəmizin böyük bir hərbi birləşməsinə
rəhbərlik edən general leytenant Rövşən Əkbərov
Azərbaycan dövlətinə, onun Ali Baş Komandanına
daim sədaqətlə xidmət edib. Hətta Azərbaycan
dövlətçiliyinə qarşı ciddi təhlükələr
baş qaldıranda o həmin təhlükələrə
qarşı mükəmməl bir hərbçi kimi mərdliklə
sinə gərib. 1993-cü il dekabrın 12-də Ulu Öndər
tərəfindən Rövşən Əkbərov “Azərbaycan
Bayrağı” ordeninə, 1994-cü il may ayının 5-də
Azərbaycanın Milli Qəhrəmanı adına, 1995-ci il
aprelin 4-də yenidən “Azərbaycan Bayrağı” ordeninə,
2003-cü il iyunun 26-da “Vətən uğrunda” medalına layiq
görülmüşdür. 2011-ci ildə isə Prezident
İlham Əliyev generalı 3-cü dərəcəli “Vətənə
xidmətə görə” ordeni ilə
mükafatlandırıb.
Bir
mühüm məqamı qeyd etmək istəyirəm ki,
general-leytenant Rövşən Əkbərov hərbçi
mundirində nə qədər ciddi və zəhmli
görünsə də, düşmənə qarşı sərt
olsa da, daxilən çox sakit, səmimi, Vətənə,
xalqa bağlı insandır. Mən hələ illər bundan əvvəl
“Azərbaycan ordusu” qəzetində işləyərkən
onunla həmsöhbət olmuşdum. Ordu haqqında onun
çox dəyərli fikirlərini eşitmiş və
peşəkar hərbçi olduğu qədər də, milli
mənəvi dəyərlərə
bağlılığını müşahidə
etmişdim. Onun fikirləridir: “Ordu dövlətin və millətin
vuran əli, basılmaz qalası və ən nəhayət
şərəf timsalıdır. Böyük Yaradanın
qüdrəti ilə mövcud olan bir tarixi gerçəklikdir
ki, ordusu olmayanın yurdu da olmayıb. Yurd burada vətən,
dövlət, ata-baba torpağı deməkdir. Millətin dili
də ola bilər, torpağı da, vətəni də... Amma
ordusu olmasa dövləti olmayacaq, dövləti olmayacaqsa həmişə
dilinin, dininin, millətinin təhlükə ilə
üz-üzə qalması problemi “Domokl qılıncı”
kimi onun başı üzərindən asılı
qalacaqdır.”
Əvvəldə
qeyd etdiyimiz kimi, general-leytenant Rövşən Əkbərov
peşəkar hərbçi kimi daim on cəbhələrdə
olub. Əsgərlərlə səngərlərdə gecələdiyi,
ağır və qanlı döyüşlərə
atıldığı çox məqamlar da olub. Ancaq heç
vaxt mənəvi yorğunluğu, Vətənə xidmətdən
usanmağı olmayıb. Ona görə ki, bu, bir
qanunauyğunluqdur: qəhrəmanlar, Vətənin dəyərli
oğulları həmin hisslərdən uzaq olurlar.
Rövşən
Əkbərova görə, Azərbaycan xalqı həmişə
öz ordusuna inanıb, onu sevib və yaşadıb. Yenə də
generalla söhbətimi xatırlayıram. O deyirdi ki, ordu ilə
xalqın bir-birinə bağlılığı pozulmaz
qanundur. Ona görə ki, onlar biri digərindən yaranır.
Biri digərini qorumağa borcludur. Millət ordusunu
yaşatmalıdır ki, ordu da millətini və dövlətini
qorumaq gücünə malik olsun. Bu balans pozulanda onların hər
ikisinin yaşamaq imkanları tükənir və
mövcudluğu sual altına düşür.
Yenə də onun qənaətincə, Azərbaycan gənci üçün orduda xidmət şərəf və ləyaqət məsələsidir. Çünki hərbi xidmət kişilik, ərlik məktəbidir. İnsan öncə Vətənini, anasını qorumağı bacarmalıdır ki, sonra qadınını, övladlarını qorumaq ona etibar edilsin.
Rövşən Əkbərov ulu öndər Heydər Əliyevin hərbçi kadrlarındandır. Belə ki, o, 1979-cu ildə əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə daxil olmuşdur. O, burada təhsilini müvəffəqiyyətlə başa vuraraq hərbi təhsilini Kiyev Ali Ümumqoşun Komandirləri məktəbində davam etdirmişdir. Sonrakı illərdə o, müxtəlif hərbi akademiyalarda təhsil almışdır. Məhz Qarabağda müharibə başlayanda R.Əkbərov bir zabit kimi göstərdiyi fədakarlıqlara görə qısa müddətdə tanınmış hərbçi oldu.
Rövşən Əkbərov bildirir ki, Azərbaycanın ordu quruculuğunda ulu öndər Heydər Əliyev mərhələsi mövcuddur. Məhz zəif dövlət, gücsüz ordu amili 90-cı illərin əvvəllərində cəmiyyətdə bir psixoloji gərginlik yaratmışdı. Azərbaycanın Qarabağ müharibəsində verdiyi 20 min şəhidin hər biri özünü Vətən yolunda qəhrəmancasına fəda etmişdi. Amma onların qəhrəmanlıqlarına baxmayaraq, torpaqlarımızın işğalının davam etməsi insanlarımızda öz dövlətinə və ordusuna inamı azaldırdı. Belə bir məqamda xalqa ordunu qura biləcək, işğalı durduracaq, insanları səfərbər edəcək və ən nəhayət dövləti iflas olmaqdan qurtaracaq bir şəxsiyyət gərək idi. Ulu Öndər xalqın tələbi ilə sözün həqiqi mənasında bir xilaskar kimi yetişdi. Beləliklə də Azərbaycanın dövlət və ordu quruculuğunda Heydər Əliyev epoxası başladı.
Bu gün Azərbaycan ordusu həm ən müasir silahlarla təminatına, həm də peşəkarlığına görə bölgənin ən qüdrətli ordusudur. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz bu gün də çox yüksək templə öz döyüş qabiliyyətini artırır. Bu gün ordumuza ayrılan vəsait Cənubi Qafqazdakı respublikaların hər birinin ayrı-ayrılıqda dövlət büdcələrinə bərabərdir. Azərbaycan dövləti çəkinmədən ordusunu gücləndirmək xəttini tutubdur. Məhz Rövşən Əkbərov kimi qəlbi Vətən və xalq üçün döyünən on minlərlə hərbçilərimiz Ali Baş Komandanın əmrinə müntəzirdirlər. İndi Azərbaycan cəmiyyətində Şuşaya, Laçına, Kəlbəcərə, Ağdama və digər işğal olunan torpaqlarımıza qələbə bayraqlarını sancmaq arzusu hakim kəsilibdir. Təbii ki, yaxın zamanlarda həmin torpaqlara qələbə möhürünü Azərbaycan hərbçiləri vuracaqdır.
Elçin Zaman
İki sahil.- 2015.- 4 iyun.- S.24.