Azərbaycanda reallaşdırılan uğurlu su-kanalizasiya
layihələri insanların rifahına
xidmət edir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 14
may 2014-cü il tarixli Sərəncamı ilə hər il iyun
ayının 5-i su təsərrüfatı və meliorasiya
işçilərinin peşə bayramı günü kimi
qeyd olunur. İstehlakçıları
mərkəzləşdirilmiş qaydada
içməli su ilə təchiz edən
və onlara kanalizasiya
xidmətləri göstərən “Azərsu” Açıq Səhmdar
Cəmiyyətinin kollektivi bu gün
növbəti peşə bayramını qeyd
edir. Bu əlamətdar
gündə son
illər içməli su təchizatı və kanalizasiya
sektorunda görülmüş
işlər və qazanılmış uğurlara
qısaca nəzər salmaq yerinə
düşər.
Şirin su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər paylandığı Azərbaycanda əhalinin içməli su təminatı həmişə aktual olub. XX əsrin əvvəllərində xeyriyyəçi neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə dövrünün mürəkkəb mühəndis kommunikasiyalarından sayılan Şollar su kəmərinin tikintisi ilə başlayan içməli su tarixinin sonrakı dövrlərində daha böyük layihələr icra olunub. SSRİ vaxtında yeni mənbələrin və infrastrukturun yaradılması ilə su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin problemlərinin mərhələlərlə həllinə başlanılıb.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra su təsərrüfatında ciddi dönüş yaranıb, problemlərin kompleks həlli məqsədilə böyük layihələr sürətlə icra edilib. Kür su kəmərləri sisteminin birinci növbəsi üzrə 30 aya görülməli işlər 12 aya başa çatdırılıb və 1970-ci ilin sentyabrında Bakı Kür suyunu qəbul edib. Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə 1980-ci ildə tikintisinə başlanmış Kür su kəmərləri sisteminin ikinci növbəsi 1988-ci ildə təhvil verilib. Beləliklə, bu layihənin hesabına paytaxta salınmış yeni yaşayış massivlərinin su təchizatı təmin edildi. Ceyranbatan sutəmizləyici qurğularının 3-cü mərhələsinin inşası da dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, onun rəhbərliyi altında məhsuldarlığı saniyədə 2,22 kubmetr olan qurğu 1978-ci ildə istismara verilib.
Paytaxt Bakının tullantı infrastrukturunun inkişafını nəzərdə tutan “Böyük kanalizasiya” layihəsinin işlənib hazırlanması və reallaşdırılması da 1970-80-ci illərə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin birbaşa nəzarəti altında həmin dövrdə Azərbaycanın ən böyük çirkab sutəmizləyici qurğusu olan Hövsan Aerasiya Stansiyası, həmçinin bu gün də paytaxtda yaranan tullantı sularının kənarlaşdırmasında əsas arteriya rolunu oynayan “Sənaye zonası”, “Şəhərkənarı” və “Sahil” kollektorları inşa edilib.
Azərbaycanın əksər şəhər və rayon mərkəzlərində içməli su və kanalizasiya infrastruktunun yaradılması Ulu Öndərin 1969-82-ci illəri əhatə edən birinci hakimiyyəti dövrünə təsadüf edir. Həmin illərdə bölgələrdə yeni su mənbələri yaradılıb, su anbarları, su və kanalizasiya xətləri, nasos stansiyaları tikilib.
Ulu Öndər 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra içməli su təchizatının yaxşılaşdırılmasını yenə də diqqət mərkəzində saxladı. Azərbaycanda siyasi sabitlik bərqərar edildikdən dərhal sonra beynəlxalq maliyyə qurumlarından su sektoruna kredit cəlbi ilə bağlı danışıqlara başlandı. Danışıqların nəticəsi olaraq Dünya Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə güzəştli şərtlərlə 88,7 milyon dollar kredit ayırdılar. Bu, nəinki Azərbaycanda, hətta postsovet məkanında infrastruktur layihələrinin icrası məqsədilə xarici banklardan alınmış ilk böyük məbləğli kredit idi. 1998-ci ildə icrasına başlanılan layihə çərçivəsində Kür və Ceyranbatan sutəmizləyici qurğular kompleksləri yenidən quruldu, bununla da təmizlənən suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırıldı. Eyni zamanda Bakı şəhərinin su təchizatının dayanıqlığını təmin etmək üçün mərkəzi nasos stansiyalarında reablitasiya tədbirləri görüldü.
Bakı şəhəri və Abşeron yarımadasının su təchizatında müstəsna əhəmiyyət daşıyan Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin ideya müəllifi də dahi rəhbər Heydər Əliyevdir. Məhz onun rəhbərliyi ilə 2002-ci ilin dekabrında bu məsələ hökumət səviyyəsində müzakirə edildi və yeni su kəmərinin tikintisi üzrə araşdırmalara başlanıldı.
2003-cü ilin oktyabrında İlham Əliyevin xalqın etimadını qazanaraq Prezident seçilməsi ilə ölkəmizin həyatında yeni mərhələ başlandı. Ulu Öndərin memarı olduğu sosial-iqtisadi və struktur islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ölkə başçısı əhalinin içməli su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə bu sektorda struktur islahatlarına qərar verdi. 2004-cü ilin 11 iyununda Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Prezident Sərəncamı imzalandı. Sənədə əsasən buna qədər sərbəst qurumlar kimi fəaliyyət göstərən Abşeron Regional Səhmdar Su Cəmiyyəti, Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərsukanaltəmir” və “Azərkəndsutəchizat” istehsalat birlikləri, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Kanalizasiya İstehsalat Birliyinin əsasında “Azərsu” ASC yaradıldı. Bununla da içməli su təchizatı və kanalizasiya xidmətləti sahəsində fəaliyyət göstərən vahid qurum formalaşdırıldı.
Ulu Öndərin göstərişi ilə icrasına başlanılmış Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin aktiv tikinti fazası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi. 2007-ci ilin martında təməli qoyulan kəmərin inşası Dövlət Neft Fondundan maliyyələşdirildi. Prezident İlham Əliyev bir neçə dəfə tikinti sahələrinə səfər edərək inşaat işlərini şəxsən nəzarətdə saxladı. Layihədə nəzərdə tutulan işlər 2010-cu ilin dekabrında yekunlaşdı və yeni il ərəfəsində kəmərlə nəql olunan su Bakı sakinlərinə çatdırıldı. 2000 millimetr diametrli şüşəlifli borulardan istifadə olunmaqla tikilmiş 262 kilometr uzunluğunda özüaxımlı kəmər Abşeron yarımadasının su təminatında müstəsna əhəmiyyət daşıyır. Məhz bu kəmərin, eləcə də digər mənbələrin imkanlarından istifadə etməklə bu gün Bakı şəhərində xidmət göstərilən əhalinin 4-də 3-dən çoxu fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilir.
“Azərsu” ASC yaranandan sonra Bakı şəhərində formalaşan tullantı sularının təmizlənərək kənarlaşdırılmasına xidmət edən əhəmiyyətli bir layihə - Hövsan Aerasiya Stansiyasının yenidən qurulması layihəsi reallaşdırıldı. Fransa hökumətinin krediti hesabına stansiyada yeni qurğular tikildi, köhnə avadanlıqlar yeniləri ilə əvəz olundu. Nəticədə Stansiyanın məhsuldarlığı sutkada 480 min kubmetrdən 640 min kubmetrə çatdırılmaqla yanaşı, tullantı suların bioloji təmizlənməsi prosesi avtomatlaşdırıldı. Layihənin tərkib hissəsi olaraq Zığ Kanalizasiya Nasos Stansiyası yenidən quruldu və yeni təzyiqli kanalizasiya xətləri inşa olundu.
Əhalinin həyat səviyyəsinin yüksəldilməsini və insanların sağlamlığını prioritet elan etmiş Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan Dövlət Proqramlarında içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı genişmiqyaslı tədbirlər öz əksini tapıb və artıq onların böyük bir hissəsi həyata keçirilib.
Bakı şəhəri və bütövlükdə Abşeron yarımadasında su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin və Dövlət Proqramının icrasının səmərəliliyini artırmaq məqsədilə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlandı. 18 bölmədən ibarət sənəd su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, sektorun institusional və normativ bazasının təkmilləşdirilməsi, təmizlənmiş tullantı suların təkrar istifadəsi, ekoloji tarazlıq və digər amillər əsas götürülüb. Master Plana uyğun olaraq 550 km magistral, 8100 km paylayıcı su xətlərinin, həcmi 1 milyon 150 min kubmetr olan su anbarlarının, 150 km-i tunel tipli olmaqla 680 km kanalizasiya kollektorlarının, 6400 km kanalizasiya şəbəkəsinin, 900 km yağış kollektorlarının və məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğunun tikintisi layihələndirilib. Master Planın hazırlanması ilə paralel görüləcək işlərin layihələndirilməsinə və tikintisinə başlanılıb.
Master Planın su təchizatı bölməsinin ən böyük layihəsi olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun tikintisi yekunlaşmaq üzrədir. 2011-ci ilin sentyabrında təməli Prezident İlham Əliyev tərəfindən qoyulan layihə çərçivəsində Ceyranbatan gölündən suyun götürülməsi təmin edilib, subölüşdürücü kameranın, anbarların, yardımçı infrastrukturun tikintisi yekunlaşıb, qurğunun işə salınması üçün son hazırlıqlar aparılır. Məhsuldarlığı saniyədə 6 kubmetr olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun istismara verilməsi ilə Abşeron yarımadasında 1 milyondan artıq insanın su təchizatı əsaslı şəkildə yaxşılaşacaq, yarımadanın şərq hissəsində mərkəzləşdirilmiş su şəbəkəsinə qoşulmayan qəsəbələrin və yeni yaşayış massivlərinin içməli su problemi həllini tapacaq.
Eyni zamanda 84 km uzunluğunda Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə magistral kəmərinin, həmçinin içməli suyun optimal paylanması məqsədilə kəmərin marşrutu boyu layihələndirilmiş Abşeron, Saray, Balaxanı, Ramana, Qala və Zirə anbarlarının tikintisi yekunlaşıb.
Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan 69 Şərq və 110 Şərq anbar komplekslərində həyata keçirilən əsaslı yenidənqurma işləri nəticəsində Bakının Nizami, Xətai, Suraxanı və Sabunçu rayonlarının böyük hissəsi fasiləsiz rejimdə içməli su ilə təmin edilib. Ölkə başçısının əhalinin fasiləsiz su təminatı ilə bağlı tapşırığına uyğun olaraq 1000-dən dən artıq binanın daxili su təchizatı sistemləri yenidən qurulub, hər bir mənzil smart-kart tipli sayğacla təmin edilib.
Beləliklə, son illər görülmüş işlər nəticəsində Abşeron yarımadasında 260 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib və fasiləsiz su alanların sayı 900 min nəfərdən 2 milyon 40 min nəfərə çatdırılıb.
Abşeron yarımadasında kanalizasiya infrastrukturunun inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. İnnovativ texnologiyalardan istifadə edilməklə Bayıl-Bibiheybət-Lökbatan, Xocasən-Binəqədi-Xırdalan, Bilgəh-Pirşağı, Dərnəgül-Balaxanı-Qaraçuxur-Zığ tunel tipli kanalizasiya kollektorlarının tikintisinə başlanılıb. Artıq 13,2 km uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan kollektorunun tikintisi yekunlaşıb və Bayıl buxtasına axıdılan tullantı suların qarşısı tam alınıb. Eyni zamanda Sumqayıt, Buzovna və Şüvəlan çirkab sutəmizləyici qurğularının yenidən qurulması, Novxanı-Sumqayıt kanalizasiya kollektorunun tikintisi, mövcud kanalizasiya kollektorlarının yenidən qurulması təmizlənmədən Bakı buxtasına, eləcə də Novxanı çimərliyinə axıdılan tullantı suların qarşısını almağa imkan verib.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC-nin sifarişi əsasında hazırda 29 şəhər və rayon mərkəzində su-kanalizasiya layihələri icra olunur. Layihələrin 18-i beynəlxalq maliyyə qurumlaının krediti, 11-i isə dövlət büdcəsi vəsaiti hesabına reallaşdırılır. Layihələrin icrasını daim diqqətdə saxlayan Prezident İlham Əliyev bəzi şəhərlərdə keçirilmiş təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak edib. Dövlət başçısının diqqət və qayğısı işlərin sürətlə və keyfiyyətlə aparılması ilə nəticələnib. Görülmüş işlər nəticəsində son bir neçə ildə şəhər və rayon mərkəzlərində yaşayan 480 mindən artıq insanın su təchizatı yaxşılaşıb.
İçməli sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təminatına hesablanmış Şirvan-Muğan və Sabirabad-Saatlı su kəmərlərinin tikintisi regionların inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Şirvan-Muğan kəmərinin 107 km uzunluğunda Hacıqabul-Biləsuvar hissəsi qısa müddətdə tikilərək istismara verilib. Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinin sakinləri 2 ildir ki, bu mənbədən su alır. Gələcəkdə Salyan və Neftçala şəhərləri, həmçinin 121 kəndin sakinləri də bu layihədən faydalanacaqlar.
Kür sutəmizləyici qurğular kompleksindən Saatlı şəhərinə qədər 62 km uzunluğunda magistral su kəmərinin tikintisi isə 2014-cü ilin sonlarında yekunlaşıb, dekabr ayında Sabirabad və Saatlı şəhərlərinə bu mənbədən suyun verilməsi təmin edilib. Növbəti mərhələdə 44 kəndə suyun verilməsi nəzərdə tutulur.
Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatına hesablanmış Külüllü mənbəyi son illər reallaşdırılmış ən böyük infrastruktur layihələrindəndir. Bu layihəyə uyğun olaraq Girdimançayın yatağında suqəbuledici qurğu tikilib, Zərdab şəhərinə 72, Ucar şəhərinə 57, Kürdəmir şəhərinə 27, Ağsu şəhərinə isə 15 km uzunluğunda magistral kəmər çəkilib və həmin şəhərlərə yeni mənbədən suyun verilməsi təmin edilmişdir. Gələcəkdə bu layihədən ətraf kəndlərin əhalisi də daxil olmaqla ümumilikdə 170 min nəfər faydalanacaq.
Xanbulançay isə Cənub bölgəsində yaşayanların içməli su təchizatında müstəsna əhəmiyyətə malik layihədir. Lənkəran, Astara şəhərləri və 39 kəndi su ilə təmin etmək üşün Xanbulançay anbarının sahilində məhsuldarlığı sutkada 30 min kubmetr olan sutəmizləyici qurğunun inşası başa çatdırılıb, Lənkəran şəhərinə suyun verilməsi təmin edilib, Astara şəhərində isə magistral kəmərin inşası davam etdirilir.
Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı, su qıtlığı müşahidə olunan yaşayış məntəqələrində də xeyli iş görülüb. Belə ki, kənd və qəsəbələrdə 660 kilometr su xətti quraşdırılıb, 150 subartezian quyusu qazılıb. Bütün bunlar 210 mindən artıq əhalisi olan 280 kəndin içməli su təminatını yaxşılaşdırmağa imkan verib. Ağdam, Ağcabədi, Füzuli, Tərtər, Tovuz və Goranboy rayonlarının sərhədyanı yaşayış məntəqələri, həmçinin məcburi köçkünlərin kompakt yaşadığı qəsəbə və şəhərciklər daim diqqətdə saxlanılıb.
Ümumilikdə, ötən dövrdə “Azərsu” ASC tərəfindən 6300 km magistral və paylayıcı su xətti, 2130 km kanalizasiya kollektoru və xətti, 157 su anbarı, 86 su və kanalizasiya-nasos stansiyası tikilib, 370 mindən artıq smart sayğac quraşdırılıb.
Su təchizatı sahəsində görülən böyük işlər əhaliyə verilən suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqi və daim nəzarətdə saxlanılmasını zəruri edir. Bunu təmin etmək üçün 2013-cü ildə istifadəyə verilmiş yeni Mərkəzi Laboratoriya cəmi bir il sonra Beynəlxalq akkreditasiyadan keçib. Burada içməli suyun 84, tullantı sularının isə 54 olmaqla, ümumilikdə 138 parametri təyin etmək mümkündür. Yeni laboratoriyanın yaradılması layihəsinə uyğun olaraq alınmış səyyar laboratoriyalar istənilən ərazidə və şəraitdə analizlərin aparılmasına, su mənbələrinin ilkin tədqiqinə imkan verir.
Yeni yaradılmış digər bir laboratoriya isə su sayğaclarının yoxlanması, təmiri və onlara texniki qulluq göstərilməsinə xidmət edir. Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada məişətdə və sənayedə istifadə olunan su sayğacları dövlət müqayisəli yoxlamadan keçirilir, xətalar müəyyən edilir, texniki göstəricilərə uyğun təzyiqə davamlılıq yoxlanılır və ehtiyac yarandıqda onların təmiri aparılır.
İnfrastruktur obyektlərinin
və paylayıcı şəbəkələrin yenidən
qurulması zamanı SCADA sisteminin tətbiqinə
başlanılıb. Bu sistem
infrastrukturun vahid mərkəzdən
idarə olunmasını təmin etməklə, suyun mənbədən istehlakçıya
ötürülməsini onlayn rejimdə
tənzimləməyə imkan verir. Bununla
paralel Coğrafi İnformasiya Sisteminin yaradılması istiqamətində
fundamental işlər görülüb. “AzərsuCİS” adlanan bu sistem
bütün şəbəkə infrastrukturunun rəqəmsal
xəritələrə köçürülməsi
üçün yaradılıb və indiyə qədər
sistemə 9700 km su, 3800 km kanalizasiya xətti, unikal kod
verilmiş 400 min bina və tikili haqqında məlumatlar daxil
edilib.
“AzərsuCİS” layihəsi
Bentley Beynəlxalq Layihə Müsabiqəsinin,
Beynəlxalq Coğrafi İnformasiya Sistemləri Forumunda “Su resurslarının idarə edilməsi”
nominasiyasının qalibi olub, SEGUS-2013 İntellektual
infrastruktur və Coğrafi İnformasiya Sistemləri
konfransının mükafatını qazanıb.
İcra olunan layihələr arasında Müştəri İnformasiya Sistemi
xüsusi çəkisi ilə diqqət çəkir. Sistemdə texniki şərt,
müqavilə, hesabat və faktura çapı və digər
əməliyyatların avtomatlaşdırılması təmin
edilib. İstehlakçılara
göstərilən
müştəri xidmətlərinin
asanlaşdırılması, şəffaflığın təmin
edilməsi məqsədilə “Asan xidmət” mərkəzlərində
abunəçilərə 10 istiqamət üzrə xidmətlərin
göstərilməsinə başlanılıb. Ötən
müddətdə Maliyyə Hesabatlarının Beynəlxalq
Standartlarına əsasən aparılması istiqamətində
də uğurlu addımlar atılıb, konsolidasiya sistemlərinin
avtomatlaşdırılması üçün 1C
proqramının tətbiqinə başlanılıb.
Yeni infrastruktur
yaradılarkən müasir
texnologiyalar və sistemlərdən istifadə bu sahədə
kadr potensialının gücləndirilməsini zəruri edir. Fransanın “Suez Environnement”
şirkəti ilə bağlanmış müqaviləyə
uyğun olaraq cəmiyyətin təlim
sisteminin beynəlxalq standartlara
uyğunlaşdırılması istiqamərində işlərə
başlanılıb. Müqavilə 34 peşə və ixtisas
üzrə 4500 nəfərin
kadr hazırlığına cəlbini, 250 peşəkar
təlimçinin
hazırlanmasını nəzərdə tutur. Yeri gəlmişkən,
Hövsan Aerasiya Stansiyasının ərazisində Təlim-Tədris
Mərkəzinin tikintisi yekunlaşıb, burada peşəkar təlimlərin
keçirilməsi üçün lazımi şərait
yaradılıb. “Azərsu” ASC-nin Təhsil Nazirliyi, Azərbaycan
Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və
İnşaat Universiteti ilə əməkdaşlığa
dair razılaşmaları da kadr potensialının gücləndirilməsinə
töhfələr verməkdədir.
Fəaliyyətində ekoloji layihələrin icrasına
önəm verən “Azərsu” ASC Prezident İlham Əliyevin
tapşırıqlarına uyğun olaraq ətraf mühitin qorunması və
ekoloji sabitliyin təmin olunması
tədbirlərində də fəal iştirak edir. Cəmiyyətə
məxsus müəssisə və təşkilatların, anbar
və digər qurğuların ərazisində 280 mindən
artıq müxtəlif növ ağac, kol və bəzək
bitkiləri əkilib. Cəmiyyət İDEA İctimai
Birliyinin təşəbbüsü ilə keçirilmiş
“Ümumrespublika yaşıllaşdırma” marafonunda və “Hər
kağızı bir yarpağa dəyişək” adlı
aksiyada fəal iştirak edib.
Yasamal rayonunda yerləşən mərkəzi
su anbarının ərazisində 6 hektardan artıq sahədə
müasir park yaradılıb. Qısa müddətdə
inşa edilmiş Yasamal parkında yaşıllıq
zolaqları, fəvvarələr, seyrəngahlar, uşaq
meydançaları və idman qurğuları inşa edilərək
paytaxt sakinlərinin istifadəsinə verilib.
Birinci
Avropa Oyunlarının yüksək səviyyədə təşkili
məqsədilə Bakı şəhərində Olimpiya
Stadionunun tikintisi, yol
infrastrukturunun yaradılması, Böyükşor
gölünün təmizlənməsi layihələrinin
icrası ilə əlaqədar ərazidən keçən
magistral su xətləri və kanalizasiya kollektorları yenidən
qurulub. İdmançıların, məşqçi
korpusunun, hakimlərin və digər texniki personalın yerləşəcəyi
Olimpiya kəndinin ərazisində yeni su təchizatı və
kanalizasiya sistemləri yaradılıb. Ümumilikdə, Birinci
Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində Bakı şəhərində 150
km-ə yaxın su və kanalizasiya xətləri
quraşdırılıb. Avropa Oyunlarına hazırlıq
çərçivəsində Mingəçevir şəhərində
də yeni su və kanalizasiya xətləri çəkilib, 3 ədəd
kanalizasiya nasos stansiyası tikilib, nəticədə Kür
çayına axıdılan tullantı sularının
qarşısı alınıb.
Beynəlxalq əlaqələrini genişləndirən
ASC ölkə daxilində və xaricdə keçirilən sərgi-konfransların,
beynəlxalq əhəmiyyətli tədbirlərin fəal
iştirakçısına çevrilib. ASC-nin təşəbbüsü
və dəstəyi ilə 2013-cü ildə Bakıda ilk dəfə
ixtisaslaşmış Xəzər Beynəlxalq su
texnologiyaları sərgi və konfransı
keçirilmişdir. Prezident İlham Əliyevin ziyarət
etdiyi debüt sərgisinə 23 ölkədən 70-dən
çox şirkətin qatılması tədbirə
marağın yüksək olmasından xəbər verir. Sərgi çərçivəsində
təşkil olunmuş konfransa dünyanın tanınmış
elm adamları, Dünya Su Şurasının, eləcə də
su sektoru ilə əlaqəli bir sıra beynəlxalq
qurumların rəhbərləri qatılmışdır.
Bütün bunlar isə Xəzər Beynəlxalq Su
Texnologiyaları sərgi-konfransının artıq beynəlxalq
brendə çevrildiyini təsdiqləyir.
Eyni zamanda “Azərsu”ASC Dünya Su Şurasının, Beynəlxalq Su Ehtiyatları
Assosiasiyasının üzvlüyünə qəbul edilib və
2015-ci ilin aprel ayında Koreya
Respublikasında keçirilmiş 7-ci Dünya Su Forumunda Azərbaycan
uğurla təmsil olunub. Cəmiyyətin sədri Qorxmaz Hüseynov forumda Azərbaycanda su
ehtiyatlarının yaradılması və onlardan səmərəli
istifadə, son illər su təsərrüfatı sektorunda həyata
keçirilmiş layihələr barədə məruzə ilə
çıxış etmiş, transsərhəd
çayların çirkləndirilməsi məsələsini
iştirakçıların diqqətinə
çatdırmışdır.
Ölkə rəhbərliyi su təsərrüfatı işçilərinin
əməyini hər zaman yüksək qiymətləndirib. “Azərsu” ASC-nin bir qrup
işçisinin fəxri ad və medallarla təltif
olunması, icrasına başlanan və istismara verilən bir
çox layihələrin təməl və
açılış mərasimlərində Prezident İlham
Əliyevin iştirakı, nəhayət 14 may 2014-cü ildə
imzalanmış Sərəncamla iyun ayının 5-nin “Su təsərrüfatı
və meliorasiya işçiləri günü” peşə
bayramının təsis edilməsi bunun bariz nümunəsidir.
Son illər əksər şəhər və
rayon mərkəzləri, həmçinin
içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə
həyata keçirilən
su-kanalizasiya layihələri
müstəqil Azərbaycan
dövlətinin öz
vətəndaşlarının sağlamlığı və
sosial rifahının yüksəldilməsinə hesablanmış
uğurlu siyasətinin
əsas istiqamətini
təşkil edir. Layihələrin vaxtında
və keyfiyyətli icrasını təmin etmək üçün
“Azərsu” ASC-nin çoxminli kollektivi bundan sonra da
əzmlə çalışacaqdır.
Anar Cəbrayıllı
İki sahil.- 2015.- 5 iyun.- S.10;
12-13.