“Dahinin istəyi, qələmin
qüdrəti”
Filologiya üzrə fəlsəfə
doktoru Qərənfil Dünyaminqızının təqdimatı
keçirilən eyniadlı kitabında milli mətbuat
tariximizdə izi, sözü olan publisistlərin ictimai-siyasi fəaliyyəti,
ədəbi-bədii irsi ilə bağlı maraqlı
araşdırmalar yer almışdır
Beynəlxalq Mətbuat Mərkəzində
Azərbaycan Mətbuat Şurasının (MŞ) və “Kaspi”
Şirkətlər Qrupunun birgə təşkilatçılığı
ilə keçirilən təqdimat mərasimində müəllif,
kitabın mahiyyəti və jurnalist kadrların hazırlanmasında
elmi araşdırmalara əsaslanan belə elmi vəsaitlərin
əhəmiyyəti, rolu ilə bağlı dəyərli
fikirlər səsləndirildi.
Müəllif
və kitab haqqında məlumat verən Azərbaycan Mətbuat
Şurasının sədri Əflatun Amaşov bildirdi ki, 10
yaşında “Pioner” qəzetində dərc olunan
yazısı ilə qələmini sınayan Qərənfil
Dünyaminqızı kimilər haqqında deyilib ki, anadan
jurnalist doğulub. Sonrakı illərdə bu istiqamətdə
yolunu davam etdirərək bir-birindən maraqlı
yazıları ilə jurnalistikada özünü təsdiqləyən
müəllif neçə illərdir müasir mətbuatımızda
tanınır və imzası soraqlanır: “Jurnalist fəaliyyətinə
“Ədalət” qəzetindən başlayan sonra bu sahədə
elmi axtarışlarını davam etdirən Qərənfil
xanımın “Azərbaycan Xalq Cümhuriyyəti
dövrünün jurnalistikası (1918-1920)” adlı namizədlik
dissertasiyası da milli mətbuatımızın tarixinə
dair maraqlı araşdırmalarla zəngindir. Bakı Dövlət
Universitetinin (BDU) Mətbuat tarixi və ideoloji iş
metodları kafedrasının dosenti kimi pedaqoji və elmi
yaradıcılığında mətbuat tariximizə aid
axtarışlarını davam etdirən Qərənfil
Dünyaminqızı hazırda “Azərbaycan mətbuatşünaslığının
təşəkkülü və formalaşması (1900-2000)
mövzusunda doktorluq dissertasiyası üzərində
çalışır. Bir neçə elmi və bədii
kitabın müəllifi kimi Azərbaycan oxucusuna tanış
olan Qərənfil xanım milli mətbuatımızın
formalaşmasında xüsusi yeri olan, 38 il işıq
üzü görən (1881-1919), 1999-cu ildən yenidən
çap olunan “Kaspi” qəzeti ilə daim əməkdaşlıq
edərək zəngin təcrübə qazanmışdır.
Təqdimatı keçirilən kitabda toplanılan 45
yazının əksəriyyətinin ilk dəfə bu qəzet
vasitəsi ilə ictimaiyyətə
çatdırılmasının əsasında da ötən
əsrdə fəaliyyət göstərən eyniadlı qəzetə
olan maraq dayanır. Yazılarının əksəriyyətində
ana xətt kimi hiss olunan və milli məfkurəmizin əsasını
təşkil edən azərbaycançılıq ideyası müəllifin
vətənpərvərliyindən irəli gəlir. Milli mətbuatımızın
inkişaf tarixini faktlara istinadən, lakonik dildə
çatdıran Qərənfil Dünyaminqızı
yaradıcılığı ilə bu atalar məsəlini təsdiqləyir:
“Alimin əməli onun kamalındadır.” Kitabın diqqət
çəkən başqa məziyyəti isə milli mətbuat
tariximizdə rolu və xidmətləri olan Azərbaycan
qadınlarına hörmət və etiramla
yanaşılmasıdır.”
Mərasimin təşkilində, müasir jurnalistikamızın inkişafında rolu, ictimai fəaliyyəti ilə respublika ictimaiyyətinə yaxşı tanış olan, milli mətbuatımızın tarixinin tədqiqatında yorulmaz fəaliyyət göstərən Milli Televiziya və Radio Şurasının üzvü, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva Qərənfil Dünyaminqızını “Kaspi” ailəsinin bir üzvü adlandırdı: “Milli mətbuatın inkişafına, bu sahədə çalışan qələm sahiblərinə daim diqqət və qayğı ilə yanaşan, aparılan sorğulara görə bir neçə dəfə “Jurnalistlərin dostu” adını qazanan Prezident İlham Əliyevin milli mətbuatımızın 140 illiyinin təntənə ilə qeyd olunması ilə bağlı imzaladığı Sərəncamın, ümumxalq bayramımız olan Respublika Gününün yaratdığı yüksək əhval-ruhiyyənin davam etdiyi bir məqamda alim-jurnalist Qərənfil Dünyaminqızının elmi yaradıcılığının işığına toplaşmağımızın özünün rəmzi mənası var. Qərənfil xanım araşdırmaçı jurnalistdir. Milli mətbuat tariximizin keçdiyi şərəfli yola nəzər salaraq Azərbaycan Xalq Cumhuriyyəti illərində çıxan qəzetlər haqqında müasir oxucuya ətraflı məlumat verir. Bu tədbir mənim üçün ikiqat dəyərlidir. Çünki Qərənfil xanım qəzetimizin daimi yazarı kimi araşdırmalarını ilk olaraq “Kaspi” vasitəsilə ictimaiyyətə çatdırır. Tarixə öz düşüncəsi, keçmişimizə hörmətlə nəzər salır. O dövrdə min bir əziyyətlə qəzet çap etdirən və bu qəzetlərdə xalqa istiqlal və hüriyyətin şirinliyini çatdıran böyük şəxsiyyətlər haqqında məlumat verir. Bu kitab müəllifin tarixə münasibətinin güzgüsü, zəngin tarixi-informatik məlumatlar baxımından çox dəyərlidir. O dövrdəki keşməkeşli, Azərbaycan xalqının həyatında silinməz iz qoyan hadisələri, millətin savadlanması naminə fədakarlıq göstərən, ictimai proseslərdə yaxından iştirak edən şəxsiyyətlərin həyatını arxiv materialları əsasında işıqlandırmaq o qədər də asan deyil. Bunun üçün insanda peşəsinə, xalqına, keçmişinə hörmət və məhəbbət olmalıdır. Qərənfil xanım bu məsuliyyətli işin öhdəsindən gəlməyi bacarıb. Kitab gələcək nəslə düzgün yol göstərmək baxımından da dəyərlidir. Buna görə də xüsusilə gənc yazarlar üçün bu kitab həm də tədris vəsaiti kimi əhəmiyyətlidir.”
Sona Vəliyeva kitabda yer almış ayrı-ayrı yazılar barədə danışaraq bildirdi ki, başdan-başa vətənpərvərlik duyğuları ilə zəngin olan “Dahinin istəyi, qələmin qüdrəti”ndə böyük şəxsiyyətlərin ideyaları sözlə birləşərək dəyərini daha da artırır. “Qərənfil Dünyaminqızının şəxsi keyfiyyətlərində formalaşan azərbaycançılıq, milli mənəvi dəyərlərə bağlılıq kitabdakı bütün yazılarda qırmızı xəttlə davam edir” söyləyən Sona Vəliyeva müəllifin yorulmaq bilməyən əzmi, mətanəti, elmə bağlılığını alim inadkarlığından irəli gələn fədakarlıq adlandırdı.
BDU-nun rektoru, Mili Məclisin deputatı, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi universitetin yetirməsi olan Qərənfil Dünyaminqızı kimi alimlərlə fəxr etdiklərini bildirdi. Qeyd etdi ki, təqdimatı keçirilən kitabı iki istiqamətdə dəyərləndirmək olar: milli mətbuatın inkişaf tarixindən bəhs edən bütün yazılarda Azərbaycana məhəbbət, belə bir xalqın övladı olduğu üçün yaranan qüruru duymaq: “Mətbuatın “dördüncü hakimiyyət” adlandırılması bu sahəyə diqqət və qayğıdan irəli gəlir. Müəllif Həsən bəy Zərdabinin “Əkinci” qəzeti ilə əsası qoyulan milli mətbuat tariximizin bəlli olmayan tərəflərini işıqlandırmış, alim nəzəri ilə diqqət yetirmiş, tədqiqatlar aparmış, öyrənmiş və biliklərini ərsəyə gətirdiyi kitabı ilə başqalarına da aşılamağa çalışmışdır. Mən deyərdim ki, çəkilən zəhmət hədər getməmişdir. Böyük şəxsiyyətlər kimi tariximizdə yer alan Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli kimi onlarla ictimai-siyasi xadim publisist, yoxsa milli fədailər olmuşlar? Qərənfil xanımın kitabında bu suallara ətraflı cavab tapmaq olar. Yəni o dövrdə ictimai- siyasi işlərlə məşğul olan bu şəxsiyyətlər xalqa aşılamaq istədikləri ideyaları az sayda olan qəzetlərdə dərc etdirdikləri yazıları ilə çatdırmışlar. Qərənfil xanımın alimlik məharəti ondadır ki, bu keyfiyyətləri ayrı-ayrılıqda təhlil etməklə bir amal. Azərbaycan xalqının azad, müstəqil olması naminə birləşdirir.”
BDU-nun professorları Cahangir Məmmədli, kitabın elmi redaktoru və məsləhətçisi Şamil Vəliyev, Alxan Bayramoğlu, ahıl jurnalistlərin nümayəndəsi Yusif Kərimov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, jurnalist Flora Xəlilzadə və başqaları çıxış edərək “Dahinin istəyi, qələmin qüdrəti” kitabının məziyyətlərindən, müəllifin çəkdiyi zəhmətin səmərəsindən söz açdılar. Bildirdilər ki, haqqında yazılan ictimai-siyasi xadimlər yaşadıqları dövrdə istəklərini qələmin qüdrəti, sözün hikməti ilə ifadə etməyə çalışmış və niyyətlərini gerçəkləşdirə bilmişlər. Jurnalist məharətini, peşəsinə vurğunluğunu ənənələri qorumaqla bildirən Qərənfil xanımın yaradıcılığından söz açanlar bildirdilər ki, milli özünüdərkin formalaşması baxımından zəngin olan kitabda toplanan 45 yazının hər biri ayrı-ayrılıqda bir elmi axtarışın bəhrəsidir. Çünki cəmiyyət şəxsiyyətlərin ideyaları, əməlləri əsasında inkişaf edir. Tarix şəxsiyyətlərin simasında, hadisələrin fonunda yazılır. Bütün çıxışlarda alimə göstərdiyi dəstəyə görə “Kaspi” qəzetinin kollektivinə, təsisçi Sona Vəliyeva minnətdarlıq bildirildi. Vurğulandı ki, Qərənfil Dünyaminqızı yaşananları tarixə çevirmək kimi bir çətin və məsuliyyətli işin öhdəsindən bacarıqla gəlib. Təklif olundu ki, kitab dərs vəsaiti kimi jurnalistika fakültəsində tədris olunsun.
Mərasimdə MŞ-ın sədri Əflatun Amaşov Azərbaycan Mətbuat Şurasının diplomunu Qərənfil Dünyaminqızına təqdim etdi.
Sonda müəllif ona göstərilən dəstəyə, ehtirama, haqqında deyilən xoş sözlərə görə mərasim iştirakçılarına, Azərbaycan Mətbuat Şurasına və “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevaya minnətdarlığını bildirdi.
Xuraman İsmayılqızı
İki sahil.- 2015.- 5 iyun.- S.24.