TARİXİ QAYIDIŞ

 

Tarixi qanunauyğunluq nəticəsində keçmiş Sovetlər birliyinin süqutu ərəfəsində xalqımız digər MDB ölkələrinin xalqları kimi, öz milli müqəddəratını sərbəst təyin etmək, milli dövlət quruculuğunu yaradıb inkişaf etdirmək imkanı əldə etdi.

 

Azərbaycan xalqının müstəqillik əldə etməsində, daha doğrusu, 1918-ci ilin 28 Mayında əldə etdiyi tarixi müstəqilliyini bərpa etməsində 1990-cı illərin əvvəllərində təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalmalarına baxmayaraq, keçmiş SSRİ-nin yeritdiyi müstəmləkəçilik siyasətinə qarşı çağdaş milli azadlıq hərəkatlarının da rolu az olmamışdır.

“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə də bu mübarizənin yekunu olmuşdur.

18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etmiş, həmin sənəddə Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunmuşSSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi imzalandığı andan etibarsız hesab edilmişdir.

Ümummilli lider Heydər Əliyev təsadüfi deməmişdir: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Bu kəlamın qüdrətinə inanmaq üçün 1991-ci ilin axırlarında öz müstəqilliyini bərpa etdikdən sonra respublikada mövcud olan ictimai-siyasi durumu təhlil etmək kifayətdir.

1992-ci ilin may ayında hakimiyyətə gələn AXC-Müsavat rəhbərlərinin və onların komandasının açıq-aşkar səriştəsizliyi və naşılığı qısa müddətdə öz acı nəticələrini göstərdi -özbaşınalıq artdı, daxili stabillikmilli birlik pozuldu.

Müqəddəs torpaqlarımızın bütövlüyünü qorumaq üçün mübarizə Bakıda hakimiyyət uğrunda mübarizə ilə əvəz edildi. Qoşun hissələri döyüş bölgələrindən çıxarılıb Bakıya istiqamət aldı.

Nəticədə torpaqlarımızın 20 faizi düşmən tapdağı altında qaldı, bir milyondan artıq soydaşımız öz doğma el-obasından didərgin düşərək məcburi köçkün və qaçqına çevrildi. 1993-cü ilin iyun ayında isə ölkə vətəndaş müharibəsi həddinə çatdı, respublikanın parçalanmaq, müstəqilliyini birdəfəlik itirmək təhlükəsi yarandı.

Daxili didişmələr, anarxiya, ümummilli mənafeyin şəxsi ambisiyalara tabe edilməsi dövlət quruculuğuna böyük zərbə vurdu. Ölkədəki bu vəziyyəti kənardan yaxşı izləyən və bundan bacarıqla istifadə edən düşmənlərimiz və onların havadarları, bəzi xarici dövlətlər ayrı-ayrı hərbi və təxribatçı dəstələrin köməyi ilə böhranı daha da dərinləşdirir, müstəqilliyimizi ciddi təhlükə altında qoyurdular.

Belə bir ağır vəziyyətdə xalq son ümid yeri kimi öz böyük oğluna - Heydər Əliyevə müraciət etdi.

Xalqın çağırışlarını, o zamankı iqtidarın dəfələrlə etdyi xahişləri nəzərə alaraq ümummilli lider Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Lakin o, vəzifəyə bir başa gəlmədi, ən əvvəl ümummilli lider Heydər Əliyev Gəncə şəhərinə getdi, oradakı vəziyyətlə tanış olaraq, Surət Hüseynovun sosial dayağının nədən ibarət olması ilə maraqlandı. Yalnız bundan sonra ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri vəzifəsinə seçilməsinə razılıq verdi və 15 iyun 1993-cü ildə həmin vəzifəyə seçildi.

Dünya şöhrətli siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkə daxilində sabitliyin əsası qoyuldu, atəşkəsə nail olundu, “Əsrin müqaviləsi” imzalandı. Artıq Bakı-Tiblisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatmışdır və hazırda bu boru kəmərindən səmərəli istifadə olunur.

Artıq əldən getməkdə olan müstəqilliyimiz, milli azadlığımız böyük şəxsiyyətin siyasi müdrikliyi, uzaqgörən siyasəti sayəsində qorunub saxlanıldı və daha da möhkəmləndirildi.

Xalqın birliyinə, dəstəyinə arxalanan ümummilli lider Heydər Əliyev Konstitusiya səlahiyyətlərindən istifadə etməklə, nəinki qiyamın qarşısını aldı, həm də silahlı yolla hakimiyyəti ələ keçirmək cəhdlərinə birdəfəlik son qoydu.

Özünü qondarma “Talış-Muğan respublikasının prezidentielan etmiş Əlikram Hümbətovun qanunsuz silahlı dəstələrinin cövlan etdiyi 1993-cü ilin iyul-avqust ayları idi. Həmin vaxt mən Masallı rayon prokuroru vəzifəsində işləyirdim. Ölkənin Cənub bölgəsində vəziyyət həqiqətən ağır və olduqca gərgin idi. Bu vəziyyətin qarşısı alınmasaydı, həqiqətən irimiqyaslı ağır nəticələrə səbəb ola bilərdi. Başlıcası isə müstəqil dövlətimizin parçalanmaq təhlükəsi real idi.

Bu dövrdə ölkə Prezidenti vəzifələrini icra edən ümummilli lider Heydər Əliyev avqustun 23-də televiziya ilə xalqa müraciət etdi. Müracətdə deyilirdi: “Eyni zamanda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar rayonlarının əhalisinə müraciət edirəm: Ayağa qalxın, öz insanlıq mənliyinizi göstərin, vətəndaşlıq mənliyinizi göstərin, namusunuzu, şərəfinizi qoruyun, Azərbaycanın bütövlüyünü qoruyun, Azərbaycan dövlətini qoruyun. Mən həyatım boyu çox imtahanlardan çıxmış adamam. Bu gün tam qətiyyətlə deyirəm ki, xalqın gücü qarşısında heç bir silah üstün gələ bilməz. Xalqın iradəsini heç vaxt, heç bir silahla qırmaq olmaz”.

Bu müraciət bütün əhalinin siyasi fəallığına səbəb oldu. Cənub bölgəsinin silahsız əhalisi, xüsusilə Lənkəran camaatı ayağa qalxaraq bir günün içərisində Əlikram Hümbətovun təpədən dırnağa qədər silahlanmış qanunsuz silahlı dəstəsini şəhərdən qovdu. Bəli, dünya şöhrətli siyasətçi və dövlət xadiminin, dahi insanın müraciətinin qüvvəsi, həyata dəyişdirici təsirinin nəticəsində dövlətçiliyimizin parçalanma və vətəndaş müharibəsi təhlükəsi aradan qalxdı.

Xalq Cəbhəsi daxilində keçmiş silahdaşlar arasında baş verən qarşıdurmalar Gəncə qiyamı ilə nəticələndi. Ölkədə mövcud olan dərin siyasi-iqtisadisosial böhran hakimiyyəti iflic vəziyyətinə, əslində, vətəndaş müharibəsi həddinə gətirib çıxardı.

Xalqın belə bir ağır məqamında dünya şöhrətli siyasətçi Heydər Əliyevin böyük siyasətə qayıdışı, xalqın istəyi və arzusu ilə yenidən ölkə rəhbərliyinə gəlişi - 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməsi ilə Azərbaycanda illərlə davam edən anarxiyaya, başıpozuqluğa, siyasi hakimiyyətsizliyə, etnik separatçılığa, hərbiləşmiş cinayətkar dəstələrin qətl və qarətlərinə, özbaşınalıq və dərəbəylik əməllərinə son qoyuldu. Artıq 1993-cü ilin ikinci yarısından başlayaraq ölkədə daxili stabilliyin əsası qoyuldu. Təsadüfi deyildi ki, xalqımız hər ilin 15 iyun tarixini, Milli Qurtuluş Günü bayaramı kimi qeyd edilir.

Azərbaycan dövlətçiliyinin, milli müstəqilliyin daimi və dönməz xarakter alması, müstəqil və uğurlu daxili-xarici siyasət, respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması və dünya birliyində sivil ölkə kimi tanınması məhz ulu öndər Heydər Əliyevin titanik, gərgin və məqsədyönlü fəaliyyətinin nəticəsi idi.

Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yoluna qədəm qoymuş respublikamızda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi islahatlar, o cümlədən məhkəmə-hüquq islahatlarının keçirilməsi sahəsində böyük işlər görülmüşdür. Hazırda bu islahatlar ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Ümummilli lider Heydər Əliyevin xalqın xoşbəxtliyi naminə gərgin mübarizələrlə dolu həyat və fəaliyyəti respublikamızın bütün vətəndaşları, o cümlədən, gənclər üçün bariz nümunədir. 23 avqust 1993-cü il tarixdə ümummilli lider Heydər Əliyev Azərbaycan milli Televiziyası ilə xalqa müraciətində demişdir: “Mən bəzi adamlara demişəm. Şəxsən mənim heç bir silahım yoxdur: nə topum, nə tapançam, nə də avtomatım var. Mənim idrakım var, mənim iradəm varxalq mənə ümid bəsləyirsə, xalq mənə bu səlahiyyəti vermişdirsə, xalqı bu ağır vəziyyətdən çıxarmağı öhdəmə götürmüşəmsə, güman edirəm ki, xalq məni müdafiə edəcəkdir”.

Ulu Öndərin bu uzaqgörənliyini məlum oktyabr (1994), mart (1995) dövlət çevrilişlərinə cəhd hadisələri də bir daha təsdiq etdi. Xalq ölkə başçısının çağırışı ilə gecə ikən Prezident iqamətgahı ətrafında toplaşdı, Ümummilli Liderin siyasətini dəstəklədiyini bəyan etdi.

Bu gün Azərbaycan Respublikası demokratik inkişaf yolu ilə inamla irəliləyir. Vicdansöz azadlıqları, şəxsiyyətin toxunulmazlığı, əsas insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi əsl vətəndaş cəmiyyətini formalaşdırmaq üçün atılmış mühüm addımlardır. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev məktəbinin ən layiqli nümayəndəsinin- Prezident İlham Əliyev kimi istedadlı və bacarıqlı bir şəxsiyyətin siyasət meydanında olması, təcrübə və biliyindən dövlətimizin mənafeyi üçün məharətlə istifadə edilməsi hər bir azərbaycanlıda qüruriftixar hissi doğurmaqla, ölkəmizin gələcəyinə inamını daha da artırır.

Mühüm bir məqamı qeyd etmək xüsusilə yerinə düşər ki, xalqımız Qarabağ probleminin beynəlxalq hüquq normalarına müvafiq, dinc yolla ədalətli həllini səbirsizliklə gözləyir. Lakin Qarabağ probleminin dinc yolla həlli istisna olduğu halda, şübhəsiz, xalqımız Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə öz torpağını hərb yolu ilə azad etmək hüququnu özündə saxlayır. Bu, xalqımızın təbii, ayrılmaz, konstitusion hüququdur.

Sonda ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən, çevik daxilixarici siyasətinin layiqli davamçısı, Heydər Əliyev idarəçilik məktəbinin müsbət ənənələri ruhunda tərbiyə almış Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yüksək dövlət vəzifəsində, dövlətin iqtisadi və hərbi qüdrətinin yüksəldilməsində, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi kimi, taleyüklü məsələlərin həllində səmərəli fəaliyyət və uğurlar arzulayırıq.

 

İlham Abbasov,

Ədliyyə Akademiyasının

baş müəllimi, hüquq üzrə

fəlsəfə doktoru,

baş ədliyyə müşaviri

prokurorluğun fəxri işçisi

 

İki sahil.- 2015.- 5 iyun.- S.25.