9 iyun
1993-cü il:
Qurtuluşa aparan yol
Həmin
gün Bakıya qayıdan ulu
öndər Heydər Əliyevin qətiyyəti, cəsarəti,
təcrübəsi, dünyagörüşü
və düşünülmüş
siyasəti nəticəsində Azərbaycan ağır vəziyyətdən
çıxa bildi, sabitlik
yarandı və inkişaf dövrü
başlandı
“Ulu öndər Heydər Əliyevin həyatında
tarixi hadisələrlə zəngin bir neçə dövr olmuşdur. Çalışdığı bütün vəzifələrdə o, ləyaqətli siyasi xadim, cəsarətli insan,
öz xalqına bağlı olan vətənpərvər kimi
hərəkət edirdi. Heydər Əliyevin Azərbaycanda
uğurlu fəaliyyəti nəzərə
alınaraq 1982-ci ilin sonunda
o, Sovet
İttifaqının ən ali qurumu olan Siyasi
Büroya üzv seçilmiş və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Onun
kurasiyasında bir çox
sahələr var idi. Bu sahələr çox ciddi diqqət tələb edirdi
və o, ona
tapşırılan bütün işlərə
çox böyük
məsuliyyətlə yanaşırdı. Onun
gördüyü işlərin çox böyük səmərəsi
var idi. Eyni zamanda, Azərbaycana daim diqqət yetirir, öz köməyini göstərməyə
çalışırdı ki, burada da işlər
yaxşı getsin. Ancaq
əfsuslar olsun ki, o, Azərbaycandan gedəndən sonra respublikada vəziyyət
tədricən tənəzzülə uğramağa
başlamışdır və demək olar
ki, Azərbaycanda durğunluq
müşahidə olunurdu. Yəni,
artıq onun dövründə olan canlanma, fəal iş yox idi.”
Ümummilli lider Heydər Əliyevin anadan olmasını 92-ci, Heydər Əliyev Fondunun yaradılmasının 11-ci ildönümü mərasimlərindəki nitqində müdrik bir dahinin həyat yoluna işıq salan Prezident İlham Əliyev bildirmişdir ki, Ulu Öndərin həyatı, taleyi, onunla bağlı yazılan kitablar bizim şanlı tariximizdir. 1987-ci ildə Kremlin oyunları, böyük ədalətsizliklə üzləşərək istefaya göndərilən Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasından istifadə edən erməni millətçiləri və havadarları Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırdılar.
Xarici dövlətlər belə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi ilə bağlı gizli sövdələşmələr aparırdılar.
İmperiya rəhbərləri təklənmiş Azərbaycanın müstəqillik arzusunu boğmaq üçün respublikaya ordu yeridilməsindən belə çəkinmədilər.
20 yanvarda Azərbaycan xalqına qarşı cinayət törədildi, günahsız insanlar qətlə yetirildi. Sovet ordusu Bakıya müdaxilə edərək kütləvi qırğın törətdi. Yüzlərlə insan həlak oldu, yaralandı, itkin düşdü. Belə ağır günlərdə ulu öndər Heydər Əliyev vətənpərvər, cəsarətli insan kimi xalqla birliyini göstərdi. Təəssüf ki, Azərbaycanın o vaxtkı rəhbərliyi bu barədə öz etiraz səsini qaldırmadı. Yenə də xalqın yeganə ümid yeri Heydər Əliyev idi. “O vaxt Heydər Əliyev pensiyada idi, fəal işlərlə məşğul olmurdu. O vaxt ona qarşı həm sovet rəhbərliyi, həm də Azərbaycanda vəzifədə olanlar tərəfindən çirkin kampaniya aparılırdı. O vaxt da “beşinci kalon” var idi və onlar anonim məktublar, donoslar yazaraq onun əleyhinə iş aparırdılar... 1990-cı il yanvar ayının 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz etiraz səsini bütün dünyaya çatdırdı. Fəxr edirəm və çox xoşbəxtəm ki, mən də o gün onunla bərabər orada idim. Heç vaxt yadımdan çıxmaz ki, o vaxt orada böyük insan kütləsi toplaşmışdı. Azərbaycanın daimi nümayəndəliyinə minlərlə azərbaycanlı öz həmrəyliyini, etirazını, öz hisslərini ifadə etməyə gəlmişdi” söyləyən Prezident İlham Əliyev bildirdi ki, o faciəli günlərdə də xalq Ümummilli Liderin ətrafında birləşdi və o, yanvarın 21-də məhz orada Sovet İttifaqı Kommunist Partiyasını, sovet dövlətinin rəhbərini ittiham etdi, onu günahlandırdı, bu cinayəti pislədi və öz haqq səsini ucaltdı. O, Azərbaycana üz tutdu, Bakıya gəldi. Ancaq Bakıdakı rəhbərlik imkan vermədi ki, o, öz doğma vətənində yaşasın və məcbur olub doğulduğu yerə - Naxçıvana üz tutdu.
Naxçıvanda insanlar Ulu Öndəri çox böyük coşqu ilə qarşıladılar. Muxtar respublikada Heydər Əliyevi ilk növbədə muxtar respublikanın parlamentinə, sonra isə Azərbaycan parlamentinə deputat seçdilər. Sonra xalq onu Naxçıvan Ali Məclisinin Sədri vəzifəsinə seçdi.
Bəlli olduğu kimi, Ulu Öndərin Naxçıvan dövründəki fəaliyyəti çox zəngin, ağır və eyni zamanda, çox şərəfli idi. Çünki məhz Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti müstəqilliyə gedən yolda əsas rol oynamışdır. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı, himni gerbi Naxçıvanda dövlət atributları kimi bərpa edildi və bununla bağlı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, bu bayraq Azərbaycanın rəsmi bayrağı kimi təsdiq edilsin. Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməsi məhz Naxçıvanda mümkün olmadı. Çünki ümummilli lider Heydər Əliyev buna imkan vermədi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişildi və Naxçıvan Muxtar Respublikası adı təsdiq edildi. Bu, müstəqilliyə gedən yolların müxtəlif istiqamətləri idi və o da təsadüfi deyil ki, məhz o illərdə Azərbaycan dövlətçiliyinin gələcəyi müəyyən edilirdi. Çünki o vaxt Bakıda rəhbərlikdə təmsil olunan insanlar öz şəxsi maraqları haqqında düşünürdülər. Ölkənin, xalqın maraqları onları heç düşündürmürdü. Bunun nəticəsi olaraq 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayanda xalq yenə də Ulu Öndərə üz tutdu, onu siyasi hakimiyyətə dəvət etdi, Prezident vəzifəsinə seçdi və beləliklə, Azərbaycanda quruculuq, sabitlik, inkişaf dövrü başladı. Sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi və Azərbaycan islahatlar yoluna qədəm qoydu. Dövlətçiliyin əsasları məhz o illərdə qoyulmuşdur.
Azərbaycanda müstəqilliyin təhlükədə olduğu məqamlar çox olsa da 4 iyun Gəncə hadisələri ilə bağlı ölkədə davam edən proseslər daha mürəkkəb xarakteri ilə seçilir. AXC-Müsavat iqtidarı dövründə səriştəsiz rəhbərlərlə danışıqlara əhəmiyyət verməyən xarici qonaqların, jurnalistlərin Azərbaycanda baş verən hadisələrin əsl mahiyyətini öyrənmək üçün Naxçıvana üz tutmaları, o zaman muxtar respublika Ali Məclisinin sədri Heydər Əliyevə müraciət etmələri, insanların Ulu Öndərə böyük ümid bəsləmələri prezident Elçibəy başda olmaqla dövlət katibi Əli Kərimli, Ali Sovetin sədri İsa Qəmbərin komandasında təmsil olunan səriştəsizləri qıcıqlandırır, daha doğrusu qısqandırırdı. Belə güclü, qətiyyətli, zəngin dövlətçilik təcrübəsinə malik bir xadimlə müqayisədə gücsüzlüklərini etiraf etməyə cəsarətləri çatmasa da, dolayı yollarla Naxçıvanda siyasi sabitliyi pozmağa çalışır, təxribatlar törədirdilər. 1992-ci ildə insanların ümid yeri olan Heydər Əliyevi devirmək üçün qiyam təşkil edən Xalq Cəbhəsinin silahlı adamları zorla muxtar respublikanın Daxili İşlər Nazirliyinin, Radio və Televiziya Verilişləri Komitəsinin binasını zəbt edərək Ulu Öndərin əyləşdiyi Ali Məclisin binasına tərəf hərəkət etdilər. Məqsəd isə Heydər Əliyevin həyatına sui-qəsd təşkil etmək idi. Lakin AXC-Müsavat cütlüyünün hakimiyyətdə təmsil olunan səriştəsizləri unudurdular ki, onlardan fərqli olaraq Heydər Əliyevin arxasında xilaskarını hər cür təhlükədən qorumağı bacaran xalq dayanırdı. Belə ki, Bakıdan Naxçıvana göndərilən, çevrilişə cəhd edən silahlıların köməyinə gələn xüsusi təyinatlıları gətirən təyyarələr də xalqın iradəsinə güc gələ bilmədi. Ulu Öndərin getdikcə artan nüfuzundan qorxaraq əlacsız qalan iqtidarsız iqtidar bir daha dövləti idarəetmə işində səriştəsizliyini sübut etdi.
Dövlətin idarəedilməsində naşılıqlarını hər sahədə bildirən, cəbhəçilərin daxildə baş verən, artıq məcrasından çıxan qarşıdurmaları yatırmağa iqtidarları çatmadı. Ermənistanın Azərbaycan torpaqlarını işğalının gücləndiyi bir zamanda - 1993-cü ilin yazında bir neçə kəndi birləşdirməklə qondarma “Ləzgistan” yaratmaq barədəki təxribatlar, Lənkəranda qarajda adi bir işdə çalışan, AXCP-Müsavat iqtidarının yetirdiyi “polkovnik” Əlikram Hümbətovun “Talış-Muğan muxtar respublikası” təşkil etmək barədəki iddiası Azərbaycanın süverenliyi üçün təhlükə idi. Gözlənilmədən Gəncədəki 709 saylı hərbi hissədə başlanan qiyam isə vəziyyəti daha da ağırlaşdırmaqla, müstəqilliyimizin növbəti dəfə itirilmək təhlükəsi yaratdı. Gəncədə ipək fabrikində adi mühəndis işləyən daha bir “polkovnik”, hətta Milli Qəhrəman adını almış Sürət Hüseynovun qiyamçıları AXC-Müsavat iqtidarını devirmək üçün Bakıya üz tutdu. Yaranan vəziyyətdə özlərini itirən iqtidarsızlar təbii ki, çıxış yollarını aramağa başladılar. Bunları nəzərə alan Heydər Əliyevin iştirakı ilə 7 iyun 1993-cü ildə keçirilən Naxçıvan MR Ali Məclisinin və muxtar respublika Nazirlər Kabinetinin birgə iclasında baş verənlər geniş təhlil olundu və hadisəyə münasibət bildirildi. Muxtar respublika ictimaiyyətinin narahatlığı həmin iclasda qəbul olunan və Heydər Əliyevin siyasi əhəmiyyətli sənəd hesab etdiyi bəyanatda da əksini tapırdı: “İyun ayının 4-də Gəncə şəhərində başlanmış və bu günə qədər davam edən hadisələr bizdə ciddi narahatlıq doğurur. Şəhərdə qan tökülüb, normal həyat pozulub, faktiki olaraq vətəndaş müharibəsi başlanıb. Müstəqil Azərbaycan Respublikasının indiki ağır və keşməkeşli, tarixən məsuliyyətli bir dövründə baş verənləri dəhşətli hadisə kimi qiymətləndirir, qardaş qanı tökülməsini pisləyirik... Bunların qarşısı dərhal alınmalıdır. Hamını bu yolda milli birliyə, vətəndaş həmrəyliyinə dəvət edirik.”
Həmrəylik üçün qətiyyətli, xalqa bələdçilik edən, düzgün istiqamətə yönəldən liderə ehtiyac var idi. Yeganə ümid yolu isə Heydər Əliyevin Bakıya gəlib, ölkədə sabitlik yaratmaqla Azərbaycanın müstəqilliyini qoruması idi. Belə də oldu. Xalqın təkidli tələbindən və Elçibəyin dəfələrlə edilən xahişlərindən sonra paytaxta gələn Ulu Öndər həqiqi mənada xilaskarlıq missiyasını yerinə yetirdi. Onun Bakıya gəlişi- 9 iyun 1993-cü il QAYIDIŞIN ilk addımları kimi tarixə yazıldı. Əsl vəziyyəti Gəncədə, Bakıda apardığı danışıqlar, yerli əhali ilə keçirdiyi görüşlər zamanı öyrənən ümummilli lider Heydər Əliyev illərdən bəri arzusunda olduğu müstəqil Azərbaycan naminə bütün məsuliyyəti üzərinə götürdü. Parlamentin 15 iyun 1993-cü ildə keçirilən sessiyasında Ali Sovetin sədri seçilməyə razılıq verdi. Həmin gün isə Azərbaycanın ən yeni tarixində QURTULUŞ günü oldu.
Bu hadisədən üç gün sonra - 18 iyunda Azərbaycan prezidenti Əbülfəz Elçibəy heç kimə məlumat vermədən, gizlincə Bakını tərk edib, doğma kəndi Kələkiyə getdi.
“Qəzaya uğrayan gəmini sonuncu kapitan tərk etməlidir” deyimi nəzərə alınsa o zaman təlatüm içərisində çalxalanan Azərbaycanı başsız qoyub qaçmaq xəyanət idi. Bu barədə yayılan informasiyalarda haqlı olaraq bildirilirdi ki, prezidentin vəzifəsi təkcə təntənəli mərasimlərdə deyil, ən ağır dəqiqələrdə də- qiyamların, çevrilişlərin, sui- qəsdlərin ölkəni sarsıtdığı vaxtlarda da öz xalqı ilə birgə olmalı, ona dövlət başçısı səlahiyyətlərini etibar edən insanları, dövlətin mənafelərini sonadak qorumalıdır.
Ermənistanın torpaqlarımızı işğal etdiyi bir zamanda vəzifə səlahiyyətlərini yerinə yetirməkdən imtina qorxaqlıq, məsuliyyətdən yayınma idi. Belə olan halda ölkəyə rəhbərlik təbii ki, respublikada ikinci səlahiyyətli şəxs olan spikerə həvalə olunmalı idi. Beləliklə cəmi üç gün əvvəl Ali Sovetin sədri seçilən Heydər Əliyev dövlət başçısı funksiyalarını da yerinə yetirməli oldu.
Ölkədə siyasi vəziyyət isə həddindən artıq acınacaqlı idi. Qanunlar işləmir, özbaşına elan olunmuş “respublikalar”ın Əlikram Hümbətov kimi “liderləri” mənfur niyyətlərindən əl çəkmir, ölkəni parçalanmaq təhlükəsinə aparan vətəndaş müharibəsinin qığılcımları hiss olunurdu. Belə bir zamanda vəziyyəti sabitləşdirmək naminə deputatlar Əbülfəz Elçibəyə vəzifəsini davam etdirmək üçün müraciət qəbul etdilər. Eyni zamanda Sürət Hüseynova vətəndaşlıq borcu xatırladılaraq bildirildi ki, Vətənin ali maraqları naminə hərbi qarşıdurmaya son qoysun. Hətta ölkənin tanınmış şəxsiyyətlərinin, ziyalıların təmsil olunduğı bir qrup Kələkiyə göndərildi. Elçibəy isə “Azərbaycanı Kələkidən idarə edəcəyəm” cavabı ilə Bakıya dönməkdən imtina etdi.
İyunun 24-də Ali Sovetin qəbul etdiyi qərarla Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə həvalə olundu. Beləcə ölkəyə rəhbərlik Azərbaycanda hamının sevdiyi, qətiyyətinə inandığı, təcrübəsinə güvəndiyi, müstəqilliyin qarantı olan Heydər Əliyevə tapşırıldı. Bu xəbər Heydər Əliyev müdrikliyinə, dövlətçilik təcrübəsinə bələd olanları sevindirdi. Bu dahi şəxsiyyətin siyasətə qayıdışını özlərinin məhvi kimi başa düşən, ondan çəkinən, eyni zamanda Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələri isə sarsıtdı. Tamah məqsədilə ölkəni uçuruma aparan, insanları qardaş qırğınına sürükləyən səbatsızlar isə günəşin ziyasından qorxan yarasalar kimi bir-bir yox oldular.
Ulu öndər Heydər Əliyev Rusiya televiziyasına verdiyi müsahibəsində yaranmış vəziyyəti şərh etdi: “Açığını desək, respublika demək olar ki, idarəedilməz olmuşdu, çünki prezident yoxdur. Baş nazir yox idi, - o, artıq çoxdan istefa vermişdi, mən tək qalmışdım, bir çox məsələlər isə prezidentin səlahiyyətlərindən istifadə edərək həll olunmalı idi. Bax, belə bir vəziyyətdə mən həmin vəzifələri öz üzərimə götürdüm. Təkrar edirəm, mən buna can atmırdım, mən bunu istəmirəm. Əgər günü bu gün Əbülfəz Elçibəy buraya qayıdarsa , o, öz prezident vəzifələrini yerinə yetirə bilər.”
Elçibəy isə gəlmədi. Beləcə 29 avqust 1993-cü ildə Elçibəyə etimad məsələsi ilə bağlı referendum keçirildi. Prezident seçkilərində ona bir milyon 800 yüz min nəfər etimad göstərmişdi. Referendumda isə onun əleyhinə üç milyon yarımdan artıq seçici səs vermişdi.
3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində bütün Azərbaycan xalqı yedilliklə Heydər Əliyevə etimad göstərərək onu əbədi olaraq xilaskar, müstəqilliyin qarantı seçdi.
Prezident kimi andiçmə mərasimində də xalqın dəstəyi ilə demokratik, müstəqil cəmiyyət quruculuğunda önəmli nailiyyətlər əldə olunacağına dövlət başçısı kimi əminlik ifadə edən ulu öndər Heydər Əliyev Azərbaycanı dünya birliyində qüdrətli bir ölkə kimi tanıdacağına söz verdi. Vədinə də əməl etdi. Reallıq isə bu idi ki, o günlərdə Heydər Əliyevin hadisələrə müdaxiləsi olmasa idi dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlətin varlığına çoxdan son qoyulmuşdu.
Uzun illərin dövlətçilik təcrübəsinə əsaslanan xalq-iqtidar birliyi 1994, 1995-ci illərdə törədilən dövlət çevrilişlərinə cəhdlər zamanı da təsdiqləndi. İnamına, seçiminə sadiq qalan Azərbaycan xalqı yolunu müəyyənləşdirdi. Bu seçim sabaha böyük ümidlərlə dolu Heydər Əliyev yolu idi. Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolları hamar olmasa da ümummilli lider Heydər Əliyev zəkası bütün çətinliklərə qalib gəlmək əzmində olduğunu sübut etdi. Ulu Öndərin fəaliyyəti dövründə Azərbaycan milli intibah zirvəsinə qədəm qoydu. Tükənməz əzmi hesabına ölkəmizdə yeni iqtisadi, siyasi, hüquqi təsisatlar yaradıldı, mühüm islahatlar həyata keçirildi, sosial-iqtisadi proqramların qəbulu nəhəng quruculuq prosesinin sürətlənməsi üçün real imkanlar açdı. Sovetlərdən miras qalan planlı idarəetmə bazar iqtisadiyyatı ilə əvəz olundu. “Əsrin müqaviləsi” kimi kontraktın imzalanmasını gerçəkləşdirməklə xalqlar arasında əməkdaşlıq ələaqələri yaratdı, neft strategiyasını müəyyənləşdirdi, Azərbaycanın inkişaf parametrlərini düzgün istiqamətləndirdi.
Prezident İlham Əliyevin davam etdirdiyi bu siyasət ümummilli lider Heydər Əliyevin arzusunda olduğu möhtəşəm Azərbaycanı dünyada tanıtdı, fərqləndirdi, nüfuzunu artırdı. Hazırda Azərbaycan dünya birliyində vədinə sədaqəti ilə seçilən etibarlı tərəfdaş, ölkələrin enerji təchizatının təminatında rolu artan qüdrətli bir ölkədir. “Əsrin müqaviləsi”ni nəzərdə tutaraq “Hesab edirəm ki, son 20 il ərzində neft-qaz sənayesində qazandığımız ən böyük uğurlardan biri də ondan ibarətdir ki, biz etibarlı tərəfdaşıq, Müasir Azərbaycanın hamını heyrətləndirən inkişaf tarixi demək olar ki, bizim sözümüz, imzamız qədər dəyərlidir və biz həmişə verdiyimiz sözə sadiq qalmışıq” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan imkanlarını genişləndirəcəkdir.
Dünya dövlətlərinin diqqət mərkəzində olan Azərbaycan daha bir möhtəşəm uğura imza atır. Bir neçə gündən sonra ölkəmizdə start götürəcək I Avropa Oyunlarında iştirak edəcək qonaqlar, idmançılar ölkəmizin inkişafına heyran qalacaqlar.
Bu inkişaf isə Qayıdışdan - 9 iyun 1993-cü ildən başlanır.
Xuraman İsmayılqızı
İki sahil.- 2015.- 9 iyun.- S.9-10.