Ana vətən uğrunda!

 

Şəhidlərimiz

 

Vətən - ulu əcdadlarımızdan bizlərə miras qalan, qoynunda dünyaya göz açıb, böyüyüb boya-başa çatdığımız müqəddəs torpaq! Məhz elə buna görədir ki, biz doğma yurdumuza Ana Vətən deyirik.

Mənfur qonşularımız olan erməni daşnakları müqəddəs torpaqlarımızı qəsb etməyə başlayanda, Vətənimizin qeyrətli oğulları silaha sarılaraq onun müdafiəsinə qalxdılar. "Ana Vətən uğrunda!" deyərək son damla qanınadək vuruşaraq qəhrəmancasına şəhid olan igid oğullarımız düşmənə sarsıdıcı zərbələr vuraraq, onların məkrli planlarını gözlərində qoydular.

Vətənimizin belə qəhrəman övladlarından biri də Daxili Qoşunların sıravi döyüşçüsü, şəhid Səxavət Bayramovdur.

Sıravi Səxavət Allahverdi oğlu Bayramov 1973-cü il iyul ayının 13-də Neftçala rayonunun Uzunbabalı kəndində dünyaya göz açıb. Allahverdi kişinin və Səadət ananın böyüdüb boya-başa çatdırdığı beş övladdan (Səxavət, Südabə, Sədaqət, Səriyyə və Adıgözəl) biri və eyni zamanda ailənin ilk övladı idi Səxavət. Bankə qəsəbəsindəki səkkizillik orta məktəbi bitirdikdən sonra, təhsilini rayondakı 151 saylı texniki peşə məktəbində davam etdirib və "çilingər" ixtisasına yiyələnib.

Lakin digər həmyaşıdları kimi, Səxavətin də yeniyetməlik və gənclik çağı respublikamızın ən təlatümlü bir dövrünə təsadüf edirdi. XX əsrin sonlarında erməni daşnaklarının yenidən müqəddəs torpaqlarımıza başlayan hərbi təcavüzü hər bir qeyrətli Vətən oğlu kimi onu da hədsiz narahat edirdi...

17 dekabr 1991-ci il. Səxavətin hələ uşaq yaşlarından həvəslə gözlədiyi an, nəhayət, gəlib yetişdi. Neftçala Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan S.Bayramov Vətənə olan müqəddəs borcunu Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində "sıravi" hərbi qulluqçu kimi yerinə yetirməyə başlayır. 1992-ci ildən etibarən isə mayor Əkbər Hüsüyevin (Daxili Qoşunların veteranı, ehtiyatda olan polkovnik-leytenant - A.Ə.) komandiri olduğu taborun tərkibində qoşunların igid döyüşçüsü kimi Zəngilan rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak edir...

1993-cü ilin aprel ayında S.Bayramovun xidmət etdiyi tabor Müdafiə Nazirliyinin bölmələri ilə birgə Zəngilan rayonunun Qaragöl, Şayıflı, Nəcəflər və digər yaşayış məntəqələri istiqamətindən uğurlu hücum əməliyyatı keçirərək düşmən postlarını məhv etmiş və bir sıra strateji əhəmiyyət kəsb edən yüksəklikləri ələ keçirmişlər.

Sıravi S.Bayramov mahir pulemyotçu olmaqla yanaşı, həm də "Nəbi daşı" deyilən əsas yüksəklikdə yerləşən postlardan birində post rəhbəri idi. Mühüm əhəmiyyət kəsb edən posta Səxavətin rəhbər təyin edilməsi təbii ki, komandir heyəti arasında ən etibarlı hərbçi kimi nüfuz qazanması ilə yanaşı, onun xarakterindəki liderlik məharəti və əsl döyüşçüyə xas olan müsbət keyfiyyətləri idi.  

17 aprel 1993-cü il. Təpədən-dırnağadək silahlanmış 40-dək erməni daşnakı itirdikləri mövqeləri geri qaytarmaq, eləcə də digər əraziləri ələ keçirmək məqsədilə Səxavətin rəhbərlik etdiyi posta hücum edir. Lakin cəsur döyüşçümüz S.Bayramov ayıq tərpənərək, yoldaşları ilə birgə düşmənə sarsıdıcı zərbələr endirir, düşmənin arzusunu ürəyində qoyur. Səxavət pulemyotu ilə düşmənin 10-a yaxın əsgərini məhv edir.

Məqsədinə nail ola bilməyən daşnaklar cəsədlərini sürüyərək geri çəkilməyə məcbur olurlar. Lakin bu döyüş sıravi S.Bayramovun son döyüşü olur...

Döyüşün sonunda "Qan çanağı" adlandırılan yüksəklik istiqamətindən düşmən snayperinə tuş gəlir. Başından ağır yara alan Səxavəti vaxtında qospitala çatdırsalar da, aprelin 18-nə keçən gecə gözlərini əbədi yumur...

Aradan xeyli müddət keçməsinə baxmayaraq, ehtiyatda olan polkovnik-leytenant Ə.Hüsüyev döyüşlər zamanı əsgərlərimizin, o cümlədən, şəhid S.Bayramovun göstərdiyi qəhrəmanlıq nümunələrini böyük qürur hissi ilə xatırladığını deyir:

"...Taborda qoçaq, qorxu bilməz, igid döyüşçülər çox idi. Səxavət də məhz belə silahdaşlardan biri idi. Xarakter baxımından olduqca ciddi və azdanışan əsgər idi.

Yaxşı yadımdadır, o əslən Siyəzən rayonundan olan gizir Teymur Rzayevin komandiri olduğu tağımın tərkibində vuruşurdu. Tağımın şəxsi heyəti "Nəbi daşı" deyilən və strateji əhəmiyyət kəsb edən yüksəklikdəki postlarda döyüş növbəsi çəkirdi. Olduqca bacarıqlı hərbi qulluqçu idi. Sıravi S.Bayramov bu postlardan birinə rəhbərlik etməklə yanaşı, həm də mahir pulemyotçu kimi tapşırıqların öhdəsindən məharətlə gəlirdi. Öz sevimli silahı ilə neçə-neçə düşmən yaraqlısını cəhənnəmə vasil etmişdi. Xalqımıza qarşı törətdikləri vəhşiliklərinə görə erməni daşnaklarına hədsiz şəkildə nifrət edərdi. Düşünürəm ki, onu döyüşlərdə düşmənə qarşı amansız və qəhrəmancasına vuruşmağa zövq edən də məhz bu amil idi. Səxavət kimi şəhid olmuş oğullarımızın qəhrəmanlığı onun döyüşçü dostlarının və xalqımızın qəlbində daim yaşayacaqdır".

Respublikamızın ərazi bütövlüyü uğrunda canını qurban verərək şəhidlik zirvəsinə yüksələn sıravi S.Bayramov, aprelin 20-də Neftçala rayonunun Şəhidlər Xiyabanında dəfn olunub. Neftçala şəhərindəki küçələrdən biri şəhid S.Bayramovun adını daşıyır.

Azərbaycan Respublikası Prezidentinin 11 mart 2015-ci il tarixli Sərəncamı ilə sıravi Bayramov Səxavət Allahverdi oğlu respublikamızın ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə, döyüş zamanı igidlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə "İgidliyə görə" medalı ilə (ölümündən sonra) təltif edilmişdir (Medal 05.05.2015-ci il tarixdə Daxili Qoşunların Baş İdarəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə təşkil olunmuş təntənəli mərasim zamanı daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov tərəfindən şəhidin atasına təqdim olunmuşdur).

Şəhid S.Bayramovun həyat və döyüş yolundan bəhs edən yazılara görkəmli ziyalımız, jurnalist Tamilla Əliyevanın "Analar deyir ki..." və filologiya elmlər doktoru, professor İmamverdi Əbilovun "Şəhidlər mehrabı... Rəhmət duası..." adlı kitablarında, həmçinin Mərdan Hüseynlinin müəllifi olduğu və "Əsgər" qəzetinin 8 may 1993-cü il tarixli sayında dərc olunan "Bu igidin laylasını Vətən çaldı" başlıqlı məqaləsində rast gəlmək olar (Məqalə Təranə Məmmədovanın Daxili Qoşunların şəhid hərbi qulluqçularının həyat və döyüş yolundan bəhs edən "Oğullar verir ki can, yaşasın Azərbaycan" adlı kitabında dərc olunub). Bundan əlavə igid döyüşçümüz haqqında məlumatlar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytında da  (http://seferberlik.gov.az/rgminfoall/4825.html) öz əksini tapıb.

Şair Soltan Abbas şəhid S.Bayramovun xatirəsinə şeir həsr edib. Şeirin iki bəndini təqdim edirəm.

 

Mən aşiq Zəngilana,

Yol gedir Zəngilana.

Ağlar gözüm gülüşü,

Qalıbdır sən gələnə.

Sonsuz cəsarətimsən,

Qoçaq Səxavətimsən.

 

Mən aşiqəm axdı qan,

Əsdi səmum, axdı qan.

Şəhid oldu comərdim,

Ev qalmadı yıxdı qan.

Sonsuz cəsarətimsən,

Qoçaq Səxavətimsən.

 

Şeir şair S.Abbasın Neftçala şəhidlərinə həsr olunmuş "Ömrün şəhidlik zirvəsi" adlı şeirlər toplusu kitabında dərc edilib. 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışları zamanı dəfələrlə qeyd etdiyi kimi, işğal olunmuş torpaqlarımız tezliklə azad olunacaq və şəhidlərimizin intiqamı mənfur düşməndən qətiyyətlə alınacaq. 

Səxavət kimi cəsur silahdaşlarımız Daxili Qoşunların tərkibində xidmətlərini bu gün də şərəflə davam etdirirlər. Sıralarında vətənpərvər oğulların xidmət etdiyi Azərbaycan Ordusu işğal altında olan müqəddəs torpaqlarımızı düşməndən azad etməyə hər zaman hazırdır.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

Anar ƏHMƏDOV

Daxili Qoşunların zabiti

 

İki sahil.- 2015.- 10 iyun.- S.30.