Narkomaniyanın yaratdığı sosial bəlalar
Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının qanunsuz
dövriyyəsinə və narkomanlığa qarşı
mübarizəyə dair 2013-2018-ci illər üçün
Dövlət Proqramı”nın icrasını təmin etmək
məqsədilə Narkomanlığa və narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə
üzrə Nizami rayon komissiyasının 2015-ci il
üçün iş planı hazırlanmış və
ötən 5 ay ərzində bir sıra məqsədəmüvafiq
tədbirlər həyata keçirilmişdir.
Rayon komissiyasının illik iş planına, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetindən daxil olmuş 02.02.2015-ci il tarixli 29/11-13 nömrəli məktuba əsasən yeniyetmə-gənclərin, müəllim və valideynlərin, yaşlı nəslin nümayəndələrinin iştirakı ilə 11 fevral 2015-ci il tarixində 12 ¹-li orta məktəbdə Gənclər və İdman Nazirliyi tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə hazırlanmış “Həyatla oyun” adlı teatr tamaşası nümayiş etdirilmişdir. Tədbirdə narkomaniyanın və QİÇS-in sosial bəla olması və onun cəmiyyətdə törətdiyi fəsadlar barədə məlumatlar verilmiş, bu bəlaya qarşı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin, əhalinin maarifləndirilməsinin zəruriliyi qeyd olunmuş, belə tədbirlərin təşkilinin böyük əhəmiyyət daşıdığı vurğulanmışdır.
Bundan başqa, rayon komissiyası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə birgə 26 may 2015-ci il tarixində 251 ¹-li orta məktəbdə “Devizimiz sağlam həyat tərzidir” mövzusunda tədbir keçirmişdir. Tədbirdə narkomanlıq və narkotik maddələr, onların yaratdığı sosial bəlalar barədə söhbət aparılmış, valideynlərə və şagirdlərə dəyərli məsləhətlər verilmiş, sonda şagirdlərin və Bakı Uşaq Teatrı əməkdaşlarının hazırladıqları müxtəlif məzmunlu səhnələr göstərilmişdir.
Narkomanlığa qarşı mübarizə tədbirləri çərçivəsində təlim-tərbiyə müəssisələrində “Narkomaniya əsrin bəlasıdır”, “Sağlam gənclik narkomaniyaya “yox” deyir!”, “Asudə vaxtımızı səmərəli keçirək”, “Narkomaniya bəşəriyyətin bəlasıdır” və digər mövzularda toplantılar, diskussiyalar, açıq dərslər, inşa müsabiqələri keçirilmiş, məktəblərdə divar qəzetləri buraxılmış, rəsm sərgiləri, anket-sorğular təşkil edilmişdir.
Uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkilinin onların zərərli vərdişlərdən qorunmasında böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, rayonun məktəbdənkənar tərbiyə müəssisələri də məqsədəmüvafiq işlər həyata keçirmiş, müxtəlif məzmunlu tədbirlər, idman yarışları, mədəni gəzintilər, görüşlər təşkil etmişlər.
Keçirilən tədbirlərdə rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da yaxından iştirak etmişlər.
Məktəblərdə çətin tərbiyə olunan və dərsdən yayınan uşaqların qeydiyyatı aparılmış, Rayon icra hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən sahə inspektorları cəlb edilməklə bu kateqoriyadan olan uşaqlarla fərdi qaydada və valideynlərinin iştirakı ilə profilaktik söhbətlər edilmiş, həmin uşaqlara müəllimlər təhkim olunmuşdur. Bunlardan başqa, daha çox dərsdən yayınma halları baş vermiş məktəblərin əraziləri üzrə yaşayış binalarının həyətlərində sakinlərlə görüşlər keçirilmiş, söhbətlər aparılmış, şagirdlərin dərsdən yayınaraq daha çox vaxt keçirdikləri internet klublarına reydlər təşkil edilmişdir.
Göstərilən müddət ərzində rayon gənclər və idman idarəsi tərəfindən narkomanlığa qarşı mübarizə sahəsində illik tədbirlər planına uyğun olaraq “Sağlam bədəndə sağlam ruh olar” devizi altında dəyirmi masalar təşkil edilmiş, idman və bilik yarışları, inşa və rəsm müsabiqələri keçirilmişdir. İdarə tərəfindən keçirilən müxtəlif məzmunlu tədbirlərdə 8 mindən yuxarı uşaq və yeniyetmə iştirak etmişdir.
2015-cü ilin 5 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində, həmçinin “Xaş-Xaş” şərti ad altında qabaqlayıcı kompleks əməliyyat tədbirləri çərçivəsində rayon Polis idarəsi tərəfindən də bir sıra məqsədyönlü işlər həyata keçirilmiş, rayon ərazisində narkotik vasitələrlə bağlı törədilən cinayət hadisələrinin qarşısının alınması, aşkar edilib açılması istiqamətində əməli tədbirlər görülmüş, əhalinin istirahət etdiyi yerlərdə reydlər və əməliyyat yoxlamaları təşkil edilmişdir. Aparılan profilaktik işlərin nəticəsidir ki, göstərilən müddət ərzində Polis idarəsinin profilaktik qeydiyyatında olan narkomanlar, eləcə də yetkinlik yaşına çatmayanlar tərəfindən narkotiklərlə bağlı cinayət hadisəsi törədilməmişdir. Həmçinin rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası və yabanı halda becərilməsi faktı müəyyən edilməmişdir. Bundan başqa, rayonun 24-cü və 25-ci polis bölmələrində yaradılmış “Hüquq qaydalarının təmini üzrə İctimai Şura” tərəfindən də şəhər Narkoloji dispanserinin həkimləri cəlb edilməklə 32, 62, 238 və 312 ¹-li məktəblərdə tədbirlər təşkil edilmiş, münaqişəli ailələr və çətin tərbiyə olunan uşaqlarla profilaktik maarifləndirmə işləri həyata keçirilmişdir.
Komissiya tərəfindən maddi sübut kimi müsadirə edilmiş narkotik vasitələrin məhv edilməsinə xüsusi nəzarət həyata keçirilmiş və 2015-ci ilin 5 ayı ərzində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qüvvədə olan təlimatlara ciddi riayət edilməklə 24 məhkəmə hökmü icra edilmiş, 3,831 qram heroin və 82,94 qram qurudulmuş marixuana yandırılaraq məhv edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər və rayon komissiyalarının 2014-cü ildə gördükləri işlər barədə hesabatları əsasında İşçi qrupu tərəfindən ümumiləşdirilmiş təhlil rayon komissiyasında geniş müzakirə olunmuş, təhlildə qeyd olunan tövsiyə və tapşırıqların icrası ilə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verilmişdir.
Gülnaz İsrafilova,
Nizami Rayon İcra Hakimiyyəti
başçısının müavini,
Narkomanlığa
və narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı
mübarizə üzrə komissiyanın sədri
İki sahil.- 2015.- 13 iyun.- S.31.