İlham Əliyev:  Bizim ölkədə multikulturalizm

ənənələri hər zaman güclü olub

 

Bakıda keçirilən, “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusuna həsr olunmuş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda milli və dini dözümlülüyü, tolerantlığı, xalqlar və millətlər arasındakı dostluğu siyasətində əks etdirən Azərbaycan təcrübəsi nümunə göstərildi

 

Qloballaşan dünyamız üçün biri-birindən maraqlı və əhəmiyyətli beynəlxalq konfrans və simpoziumlara ev sahibliyi edən Azərbaycanın növbəti dəfə yüksək etimada layiq görülməsi bir daha təsdiqlədi ki, geosiyasi cəhətdən əlverişli məkanda yerləşən, tarixi, iqtisadi tərəqqisi ilə diqqəti cəlb edən ölkəmiz dünya siyasətinin, mədəniyyətinin demokratiyasının inkişafında aparıcı mövqeyə malikdir. III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı bütün çıxışlarda ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərdən nümunələr gətirildi, təcrübəsi yüksək dəyərləndirildi.

Dünyanın 100 ölkəsindən gəlmiş rəsmi nümayəndələrin təmsil olunduğu III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda nitq söyləyən Prezident İlham Əliyev 2008-ci ildən başlayan “Bakı prosesi”ni belə dialoqlar üçün təməl adlandırdı və bildirdi ki, irəli sürülən təkliflər bir məqsədə yönəlir: “ Bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid məsələlər “Bakı prosesi””nə daxildir. Biz dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfəmizi verməyə calışacağıq.”

Eyni fikri çıxışında diqqətə çatdıran YUNESKO-nun baş direktoru İrina Bokova sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşən Azərbaycanın multikulturalizm, tolerantlıq sahəsində böyük təcrübəyə malik olmasını ölkədə müsbət meyillərin müstəqillik illərində daha da güclənməsinin ifadəsi adlandırdı: “Dünyada Azərbaycanın etdiyi kimi keçmişdən dərs alan çox az ölkə var. Təsadüfi deyil ki, biz burada-Bakıda toplaşmışıq. Bakı dünya şəhəridir- həm qədim, həm də çox müasir şəhərdir.”

Azərbaycanı təsadüfi olaraq Qərblə Şərqin qovşağında yerləşən, sivilizasiyalararası münasibətlərin formalaşmasında böyük rola malik ölkə adlandırmırlar. Ölkəmiz çoxəsrlik tarixinin bütün dövrlərində milli- mənəvi zənginliklərini qorumaqla bəşəri dəyərlərə, Qərb dünyasına bağlılığı ilə fərqlənmişdir. Şərqdə ilk demokratik ölkə olan, ilk teatr və milli operanın yarandığı respublika kimi tanınan Azərbaycan müsəlman aləmində ilk dəfə olaraq qadınlara səsvermə hüququ verən mütərəqqi bir dövlət kimi formalaşmışdır.

İyirmi dörd il bundan əvvəl bərpa olunan müstəqillik dövründə iqtisadi inkişafı ilə liderlik zirvəsinə qalxan, beynəlxalq əhəmiyyətli Bakı -Tbilisi-Ceyhan, Bakı-Tbilisi -Ərzurum neft-qaz kəmərlərinin, Bakı-Tbilisi- Qars dəmir “İpək yolu”nun, qlobal infrastruktur layihələrinin müəllifi kimi tanınan Azərbaycanda mədəni, sosial və demokratik islahatların aparılmasına da eyni səviyyədə diqqət göstərilir. Qitələri və dövlətləri birləşdirən, ölkələrin inkişafına təsir göstərən bu layihələr bölgədə əməkdaşlığın, sabitliyin möhkəmlənməsini təmin edən mədəni əlaqələri də gücləndirir. “ Millətlərarası münasibətlər xüsusi əhəmiyyət daşıyır... Xüsusilə indiki zəmanədə bu məsələlərə xüsusi diqqət yetirilməlidir” söyləyən Prezident İlham Əliyev vurğulayır ki, bunun üçün dövlət siyasəti düzgün qurulmalı, milli-mənəvi dözümlülük tarixi ənənələrə əsaslanmalıdır. Bu siyasəti isə hər bir dövlət rəhbəri, vətəndaş, ictimai-siyasi xadim öz əməli işi, sülhün bərqərar olması naminə göstərdiyi iradə və qətiyyəti ilə təsdiqləməlidir.

Prezident İlham Əliyev mono-etnik dövlət olan Ermənistanın təcavüzkarlıq siyasətini qətiyyətlə pisləyərək vurğuladı ki, biz tarixi və mədəni irsimizlə fəxr edirik: “Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik.”

Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Hər bir azərbaycanlı yaranan bu şəraitdən qürur duyur və multikulturalizm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün vətəndaş kimi məsuliyyətini heç vaxt yaddan çıxarmır. Forumda qeyd olundu ki, milli- mənəvi dəyərlərə daim diqqət göstərən, müxtəlif dinlərə və dillərə məxsus insanlara göstərilən qayğının nəticəsidir ki, Azərbaycan vətəndaşları bir məqsəd- ölkənin iqtisadi inkişafının dinamik sürətlə davamına çalışırlar. Ötən əsrin sonlarında Azərbaycanda baş verən hadisələrin- vətəndaş müharibəsinin, iqtisadi tənəzzülün, dövlət çevrilişlərinə cəhdlərin qarşısı da ölkə vətəndaşlarının birlik və həmrəyliyi ilə alınmışdır.

Forumda separatizm, terror və ksenofobiya halları qətiyyətlə pislənildi. Diqqətə çatdırıldı ki, Ermənistanın iki əsrdə həyata keçirdiyi soyqırımların qurbanları arasında təkcə azərbaycanlılar deyil, müxtəlif millətlərin nümayəndələri də olub. Ermənilər bu gün də etnik təmizləmə siyasətinə sadiq qalaraq əcdadlarına məxsus vəhşilik hərəkətlərini davam etdirir, işğal olunmuş ərazilərdə yanğınlar törətməklə, flora və faunanı məhv etməklə yanaşı məscid və sinaqoqları dağıdırlar.

İSESKO-nun baş direktoru Əbdüləziz bin- Osman əl-Tüveycri Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq problemin beynəlxalq hüquq normaları əsasında həllinin vacibliyini vurğuladı. Bildirdi ki, dünyada mədəniyyətlərarası dialoq sahəsində mövcud olan çoxsaylı ideyaların, perspektivlərin və yanaşmaların müzakirəsi üçün Azərbaycanın seçilməsi ölkəmizdə demokratiyanın təntənəsi, mədəniyyətlərarası münasibətlərin formalaşması ilə bağlıdır. Azərbaycan təcrübəsinə verilən dəyər, multikulturalizm sahəsində əldə olunan uğurların nümunə göstərilməsidir.

Forum iştirakçılarının bu fikri bildirdilər ki, Azərbaycan özü nadir bir məkandır və bu məkanda sivilizasiyalar, mədəniyyətlər biri-biri ilə qovuşur.

Təəssüflər olsun ki, bu gün dünyanın müxtəlif yerlərində baş verənlər dərin narahatlıq doğurur. Mənfi istiqamətdə cərəyan edən meyillərin insanlarda qorxu, təlaş yaratması yolverilməzdir. Ölkələri, sivilizasiyaları və dinləri daha da yaxınlaşdırmaq üçün görüləcək işlərin aktuallığını diqqətə çatdıran Prezident İlham Əliyev “Gərginliyin və nifrətin azaldılması beynəlxalq gündəmin ən mühüm məsələlərindəndir” söyləməklə yaranan vəziyyətdən çıxış yollarının tükənmədiyini və bu sahədə bütün dünya xalaqlarının eyni dərəcədə məsuliyyət daşımalı olduğunu bildirdi: “Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addım idi. Multikulturalizmin alternativi yoxdur. Hesab edirəm ki, siyasətçilərin, ictimai xadimlərin, beynəlxalq təsisatların, qeyri-hökumət təşkilatlarının və medianın bu məsələdə məsuliyyəti artmaqdadır.

Bəzən dünyanın müxtəlif yerlərində etnik və dini zəmində zorakılığın şahidi oluruq və o zaman siyasətçilərin və vəziyyətə təsir edə bilən insanların məsuliyyəti artır. Düşünürəm ki, bu səbəbdən multikulturalizm dəyərlərini birgə səylərlə təşviq etməliyik. Bilirəm ki, bununla bağlı müxtəlif fikirlər və bəzən də pessimist ideyalar var. Lakin multikulturalizmin müsbət nümunələri də var və Azərbaycan onlardan biridir. Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək. Bu səbəbdən artıq dünyada multikulturalizm məzkəzlərindən biri olaraq tanınan Azərbaycan kimi ölkələrin nümunəsi yaxşı göstəricidir ki, multikulturalizm yaşayır və biz müsbət meyilləri stimullaşdırmalıyıq.”

“Bunun alternativi nədir?” sualı ilə Forum iştirakçılarının diqqətini çəkən dövlətimizin başçısı qorxulu hallar kimi hələ də bəzi dövlətlərdə mövcud olan təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi amillərin dəsətəklənməsini təhlükə adlandırdı: “Bu da faciəvi bir haldır. Biz bunu öz qonşuluğumuzda görürük. Biz, həmçinin neofaşizm hərəkatı kimi təhlükəli meyillərin şahidi oluruq. Beynəlxalq ictimaiyyət, onun liderləri bu məsələyə çox ciddi şəkildə yanaşmalıdırlar. Çünki biz bu döyüşdə qalib gəlməliyik və bunu yalnız birgə səylərimizlə edə bilərik. Bu səbəbdən bu gün burada təşkil etdiyimiz Mədəniyyətlərarası Forum kimi tədbirlər çox əhəmiyyətlidir.”

Bəllidir ki, əsrlər boyu milli dəyərlərini qoruyub saxlayan, müsəlman dünyasına mənsub olan Azərbaycanın Avropa ilə əməkdaşlığının güclənməsi ölkəmizi müasir, bəşəri ideyalara hörmətlə yanaşan ölkə kimi tanıtmışdır.

“Mədəni müxtəliflik və mədəniyyətlərarası dialoqun təşviqinin ən vacib elementlərindən biri əlbəttə ki, təhsildir. Təhsil gələcəyin, inkişafın yoludur. Elə inkişaf etmiş ölkələr var ki, onlar tərəqqini təbii sərvətlərlə deyil, təhsil, elm və texnologiyaların inkişafı sayəsində təmin ediblər. Eyni zamanda, təhsil ekstremizmə, radikalizmə, fundamentalizmə, terrorçuluğa qarşı təminatdır. Bu, müasir həyatın təhlükəli elementlərinə qarşı sığortadır” söyləyən Prezident İlham Əliyev haqlı olaraq bildirir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvüdür, regional müstəvidə çox müsbət rol oynayır. Regional əməkdaşlığın gücləndirilməsinə xidmət edən enerji təhlükəsizliyi ilə bağlı siyası və iqtisadi məsələlər diqqət mərkəzindədir. Azərbaycan bu sahədə öz sözünü deyib, yolunu müəyyənləşdirib və mövqeyini möhkəmləndirib. “Biz təkcə iqtisadi inkişafa və daha təkmil nəqliyyat infrastrukturuna deyil, xalqlararası təmaslara sərmayə yatırırıq. Tarixi İpək Yolu Azərbaycandan keçmişdir. Biz bu gün onu müasir texnologiyaların tətbiqi və qonşu dövlətlərin iştiraki ilə bərpa edirik. İqtisadi və sosial inkişafla bağlı bütün layihələrimiz regional əməkdaşlığı, xalqlar və ölkələr arasında qarşılıqlı anlaşmanı gücləndirir” sözləri ilə ölkəmizin dünya birliyində artan rolunu diqqətə çatdıran Prezident İlham Əliyev vurğuladı ki, biz siyasi və iqtisadi transformasiyaya böyük sərmayə yatırmışıq.

Eyni zamanda qeyd olundu ki, təbii sərvətlər ölkənin transformasiyası və Azərbaycanın davamlı inkişafının təmin olunması üçün kifayət etməyəcək. Bu səbəbdən siyasi islahatlar, demokratik proses və azadlıqlarla bağlı məsələlər daim diqqət mərkəzində olmuşdur. Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar - siyasi azadlıq, media azadlığı, azad internet, din azadlığı təmin edilib. Bu isə inkişafın əsası və təməli deməkdir.

Forumun əhəmiyyətli və xarakterik cəhətlərindən biri də bu tədbirin Azərbaycanda keçiriləcək I Avropa Oyunları ərəfəsində baş tutması, ölkəmizin simasını daha da gözəlləşdirən yeniliklərlə qonaqları təəccübləndirməsidir. Dövlətimizin başçısı dönə-dönə vurğuladığı kimi, bu, yalnız böyük idman tədbiri deyil, həm də dostluq və tərəfdaşlıq tədbiri olacaq:

“İki ildən sonra isə biz İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Yəni, iki il ərzində eyni ölkədə, eyni şəhərdə həm Avropa, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Hesab edirəm ki, iki il ərzində hər iki oyunun eyni ölkədə təşkil edilməsi Avropa idman tarixində nadir hal olacaq.”

Ən əsası odur ki, ölkəmizə gələn qonaqlar özlərini dinamik bir məkanda hiss edirlər. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoş məramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Forumda iştirak edən qonaqlarla görüşləri də maraq və yaddaqalan oldu.

Bu cür tədbirlərin dünya hadisələrinə təsir imkanlarını diqqətə çatdıran Mehriban xanım Əliyeva bildirdi ki, düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, soyqırımı, müharibələr müasir dünyamıza yaddır.

Bu gün hər bir insan dərk etməlidir ki, öz ölkəsinin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı bir ailənin üzvüdür. Əgər biz sabahı düşünürüksə, gələcək nəsillər qarşısında öz məsuliyyətimizi dərk ediriksə xalqlararası, millətlərarası münasibətləri məhz etika və ədalət platformasında qurmağa çalışmalıyıq.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2015.- 18 iyun.- S.13.