XXI ƏSRİN BƏLASI NARKOMANİYA
Narkomaniya insanları sağalmaz
xəstəliklər məngənəsində boğan
“ağ ölüm”dür. Narkomaniya yunan sözüdür. “Narko” donub qalmaq,
“maniya” psixi pozğunluq deməkdir. Adından da göründüyü kimi, bəşəriyyət uzun
illərdir ki, onun
törətdiyi dəhşətli fəsadlar
qarşısında cavabı tapılmaz sual
işarəsinə dönüb. Narkotiklərdən
istifadə və narkomanlığın tarixi
çox qədimdir.
Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlmək mümkündür. Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarının kəsicisi kimi qəbul olunmuş, xaşxaş qozasından alınan şirə (tiryək) isə həmişə tibbi məqsədlər üçün istifadə edilmişdir. Narkotik tərkibli bitkilərdən müalicə məqsədi ilə istifadə olunması uzaq keçmişdə olduğu kimi, müasir dövrümüzdə də aktualdır. İnsan orqanizminə, səhhətə, sağlamlığa, mənəviyyata ən sağalmaz zərbələr vuran, yaranan narkomanlıq və narkotiklərə aludəçilik bu gün olduğu kimi, qədim zamanlarda da ən xoşagəlməz, ən çirkin və ikrahedici vərdişə çevrilmişdir.
Narkotik asılılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilmişdir. İyirminci yüzilliyin sonunda isə narkomaniya fiziki mənada ayrı-ayrı xalqların genofonduna sarsıdıcı zərbələr vuran ümumbəşəri bəlaya çevrilmişdir. Onun qarşısının alınması böyük çətinliklər, külli miqdarda xərclər bahasına başa gələn son dərəcə neqativ bir amil olmaqla yanaşı, digər tərəfdən də narkobaronların narkotiklərin qanunsuz dövriyyəsindən külli miqdarda gəlir əldə etməsi üçün bir vasitə olmuşdur.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünya əhalisinin 250 milyonu planetimizin ən qlobal problemlərindən birinə çevrilən, insanları ölümün ağuşuna atan, genofonda sarsıdıcı zərbələr endirən bu ağır bəlanın əzabını yaşamaqdadır ki, onun da 47 milyonu Latın Amerikası ölkələrinin payına düşür.
Təbii ki, hər bir dövlət əhali arasında narkotiklərdən istifadənin qarşısını almaq üçün müəyyən tədbirlər görür. Lakin bütün dünyada mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq bu problemin həll olunmaması böyük narahatlıq doğurur. Narkomaniya ildən-ilə cavanlaşır. Hətta 13-14 yaşa belə keçib, 20-25 yaşlılar arasında kütləviləşmə daha çoxdur. Səbəb isə ailədə, cəmiyyətdə uşaqların tərbiyəsinin düzgün verilməməsidir. Gənc nəsil arasında narkotiklərdən istifadə əsasən ölümlə nəticələnir. Bu isə cəmiyyətin bu gününə və gələcəyinə ağır təsir göstərən faciədir.
Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü elan etmişdir.
İstisna deyil ki, Azərbaycanda da narkotiklərin qanunsuz dövriyyəsi və narkotiklərdən istifadə mövcuddur. O da məlumdur ki, inkişaf yolunda inamla irəliləyən ölkəmizdə həyatın bütün sahələrində, o cümlədən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində uğurlu işlər nəzərəçarpacaq dərəcədədir.
Ümummilli lider Heydər Əliyev tərəfındən problemin ilk dəfə dövlət səviyyəsinə qaldırılması, milli Proqramların qəbul edilməsi, BMT-nin bu sahədə qəbul etdiyi Konvensiyalara qoşulması, yeni qanunların qəbul olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, dünya birliyinə inteqrasiya proseslərində regional və beynəlxalq layihələrdə iştirak Azərbaycanın narkomaniya ilə mübarizədə fəal və ardıcıl mövqe tutduğunu bir daha nümayiş etdirir. Dövlətlərinin narkomanlıq və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə əsaslandığı üç (1961, 1971, 1988) Konvensiyanın dünya, habelə ölkə reallıqlarını nəzərə almaqla yeni bir vahid sənəddə cəmlənməsinə, BMT-nin Ümumi Konvensiyasının qəbul olunması və işlənib hazırlanmasına Azərbaycan tərəfindən edilən təşəbbüs BMT-nin bu sahədə fəaliyyət göstərən strukturlarının rəhbərlərinə rəsmən bildirilmişdir. Bu kimi Konvensiyanın qəbulu istər gənc nəslin, istərsə də cəmiyyətdəki neqativ proseslərin qarşısının alınmasında yeni yanaşmanın təkmilləşmiş strategiyasının, dövlət və qeyri-hökumət institutlarının fəaliyyətlərinin birgə koordinasiyasını zəruri edir.
Ölkəmizdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş və 2013-2018-ci illəri əhatə edən Dövlət Proqramı icra edilir. Tədbirlərin icrasına dövlət qurumları ilə yanaşı geniş vətəndaş cəmiyyəti, o cümlədən həmkarlar ittifaqı təşkilatları da cəlb edilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) narkomanlıq və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə, habelə ümumbəşəri problemlərə qarşı əldə olunmuş müsbət nəticələrdə öz töhvəsi və yeri var. AHİK İcraiyyə Komitəsində Dövlət Proqramından irəli gələn vəzifələrin gerçəkləşməsi ilə bağlı Tədbirlər Planı qəbul edilib. Bu sənədin başlıca məqsədi ölkədə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün araşdırmaların aparılması, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasına yardım edilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və digər geniş miqyaslı məsələlərdir. Burada işləyən və təhsil alan gənclər arasında problemə dair qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi xüsusi yer alıb.
Bu sənədə əsasən, yerlərdə, bütün səviyyəli həmkarlar ittifaqı təşkilatları tərəfindən səlahiyyətləri çərçivəsində tədbirlər görülür, narkomanlığa səbəb olan amillər üzə çıxarılır, iş yerlərində əmək intizamının təşkilinə və antinarkotik təbliğatın gücləndirilməsinə (plakatlar, nəşrlər, söhbətlər, seminarlar) diqqət artırılır, gənclərin ictimai həyata, xüsusilə həmkarlar ittifaqlarının fəaliyyətinə cəlb edilməsi işləri davam etdirilir. İş yerlərində narkomaniya ilə mübarizədə həmkarlar ittifaqlarının əmək və hüquq müfəttişləri, etimadlı həkimlər müxtəlif komissiya fəalları iştirak edirlər. Müvafiq tədqiqatlar aparılır, məlumatlar toplanılır, buklet, yaddaş kitabçaları, analitik materiallar hazırlanır və yayılır. Müraciət edən hər kəsə izahatlar verilir, yardımlar göstərilir.
Mövcud problemlərin həlli vətəndaşların və onların ailə üzvlərinin məşğulluğu və yaşayış səviyyəsi ilə sıx surətdə bağlıdır. Bu baxımdan həmkarlar ittifaqları ənənəvi olaraq cəmiyyətin gələcəyi olan gənc nəslin hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir. AHİK Azərbaycanda uşaq və gənclərin hüquqlarının müdafiəsi və mənəvi tələbatlarının ödənilməsi sahəsində həmkarlar ittifaqlarının fəaliyyəti və tədbirlər planı haqqında, gənclər siyasəti, uşaq əməyi, insan alveri və qeyri-formal miqrasiya məsələlərinə dair qərarlar qəbul etmiş, məktəbdən işə keçmə mövzusunda sorğu keçirmişdir.
AHİK və sahə həmkarlar ittifaqı orqanlarının təşkilatçılığı ilə sosial tərəfdaşlar və işəgötürənlərlə bağlanan Baş Kollektiv Saziş və kollektiv müqavilələrdə ölkədə narkomanlığın qarşısının alınmasına, uşaq əməyinin həddən ziyadə pis formalarının kökünün kəsilməsinə dair qabaqlayıcı tədbirlər əks olunub və icra edilir. AHİK nəzdində fəaliyyət göstərən “Gənclər Şurası”, “Gender və Qadın Problemləri üzrə Mərkəz”, İnformasiya və Resurs Mərkəzi, “Ülfət” qəzeti, veb-saytlar və xüsusi əlaqə telefonları bu işlərlə əlaqədar böyük məsuliyyətlə çalışmaqdadırlar.
Hər il görülən işlər barədə məlumatlar müəssisə və təşkilatlar tərəfindən AHİK-ə təqdim edilir və təhlil olunur. Ötən ilin yekunları və üzv təşkilatlara tövsiyələr AHİK İcraiyyə Komitəsinin 24 aprel tarixli qərarında yer alıb.
Azərbaycan əhalisi nisbətən gəncdir, belə ki, əhalinin 22.3%-i 15 yaşından aşağı, 18.3%-i isə 15-24 yaş arasındadır. Odur ki, təhsil imkanlarının təkmilləşdirilməsi və gənclərin əmək bazarına daxil edilməsi ölkənin gələcək inkişafı üçün prioritet sahələrdəndir.
Buna görə də həmkarlar ittifaqları ölkədə vətəndaşların bacarıqları və yaradıcı qüvvələrin inkişafı üçün əlverişli şəraitin yaradılmasına çalışır. Söhbət xüsusi təlim-tədris, istirahət, mədəniyyət və idman müəssisələrinin, uşaq istirahətinin inkişaf etdirilməsində Həmkarlar İttifaqlarının bilavasitə iştirakından, bütün həmkarlar ittifaqı üzvlərinin, uşaq və gənclərin onların xidmətindən geniş istifadə edilməsinin təmin olunmasından gedir.
Bir neçə ildir ki, AHİK şagirdlərə və tələbələrə adlı təqaüdlər verir, imkansız tələbələrin illik təhsil haqqının bir hissəsini ödəyir və çoxsaylı tələbəyə maddi yardım, pulsuz yemək verilməsini təşkil edir. Eyni zamanda həmkarlar ittifaqlarının uşaq-sağlamlıq düşərgələrində minlərlə uşaq dincəlir, idman təşkilatlarının nəzdində olan 9 uşaq-gənclər idman məktəblərinin 33 bölməsində 4 mindən çox uşaq və yeniyetmə idmanın 16 növü ilə məşğul olur.
Hər il şəhər və regionlarda gənclərin məşğulluğu, sağlamlığının qorunması və işlə təmin edilməsi sahəsində tendensiyalar öyrənilir, gənc əməkçilərin vəziyyətinin tədqiqi və təhlili aparılır, gənclər təşkilatlarının yaradılmasına köməklik göstərilir, həmkarlar ittifaqına daxilolma motivasiyasının izahatı olan materiallar işlənib hazırlanır, məqsədyönlü proqramlar gerçəkləşdirilir, əməkçilərin sağlam düşüncəli çevrədə asudə vaxtlarını səmərəli keçirmələri üçün bütün imkanlardan istifadə edilir, “Narkotiksiz gələcək naminə” devizi altında maarifləndirmə kampaniyaları keçirilir.
Hərbi hissə və hospitallarda, hərbi təhsil müəssisələrində, o cümlədən C.Naxçıvanski adına hərbi liseydə şəxsi heyətə mədəni hamilik işinə kömək çərçivəsində bədii-qiraət, rəsm müsabiqələri, hərbiləşdirilmiş idman yarışlarının təşkili ənənəyə çevrilmişdir. Bütün tədbirlər mövcud informasiya mənbələri, o cümlədən internet şəbəkəsi vasitəsilə işıqlandırılır.
AHİK hər təqvim ilinin 1 və 12 iyun tarixlərinin bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Uşaq Əməyi Əleyhinə Gün kimi qeyd olunmasını diqqət mərkəzində saxlayır. Təşkil edilmiş çoxsaylı treninq və seminarlarda Həmkarlar İttifaqları işçiləri və fəalları təlim almışlar. Təbii ki, onlar da sonradan iş yoldaşları, həmkarları və digər əmək bazarı nümayəndələri ilə qarşılıqlı təmas yaradaraq, əhali arasında əldə edilən məlumatların yayılmasında iştirak edirlər. İstehsal və təhsil müəssisələrində keçirilən seminar və dəyirmi masalarda gənc nəslin sağlam həyat tərzinə riayət etməsi, erkən nikahın qanun pozuntusu olması, erkən hamiləliyin riskləri, insan alveri, narkotik və HİV/QİÇS bəlası üzrə məlumatlandırmaq və izahat işləri aparmaq üçün dövlət, QHT və beynəlxalq qurumlar ilə sıx əməkdaşlıq edir.
AHİK mütəmadi olaraq narkomanlığa qarşı mübarizə sahəsində görülən işlər barədə müvafiq Dövlət Komissiyasına məlumatlar təqdim edir. Həmkarlar ittifaqlarının antinarkotik təbliğatın gücləndirilməsində rolunu əks etdirən materiallar “İki sahil”, “Ülfət” və digər informasiya vasitələrində işıqlandırılır.
Namiq Hüseynov,
AHİK-in zəhmətkeşlərin
mədəni-məişət
problemləri
üzrə analitik tədqiqat
İki sahil.- 2015.- 26 iyun.- S.28.