Zeytun-min bir dərdin əlacı

 

Zeytun zeytunçiçəklilər fəsiləsindən olub, həmişəyaşıl ağac bitkisidir.

Vətəni Cənubi Avropa, Cənubi Asiya və Avstraliyanın istitropik zonaları sayılır. Sonradan Yunanıstan, İspaniya, İtaliya və digər subtropik ölkələrdə yayılmağa başlamışdır. Zeytun ağacı eramızdan 2500 il əvvəl qədim misirlilər tərəfindən becərilmiş, meyvəsi və yağından bir çox xəstəliklərin müalicəsində istifadə olunmuşdur. Qədim yunan filosofu Homer zeytun yağını maye qızıl, tibb elminin banisi Hippokrat isə böyük terapevtik vasitə və təbii aptek adlandırmış, zeytun yağından istifadə etməklə bir sıra xəstəliklərin müalicəsi metodunu işləyib hazırlamışdır. Dünyada zeytun ağacının 60-a yaxın növü mövcuddur. Ağac uzun ömürlüdür. Yarpaqları 2 ildən bir dəyişir. Çernoqoriyada və Yerusəlimdə yaşı 2000 ilə çatmış zeytun ağaclarına rast gəlinir. Hündürlüyü 4-15 metrə, çox nadir hallarda isə 20 metrə çatır. Becərilən ərazinin iqlimindən asılı olaraq aprel-iyun aylarında çiçək açır. Çiçəkləmə dövründən 4-5 ay keçdikdən sonra bar verir. Meyvələri çəyirdəkli, oval formasındadır. Uzunluğu 0,7-4 sm, diametri isə 1-2 sm olur. Meyvələr əvvəlcə tünd yaşıl, yetişdikcə qara rəng alır və yumşalır. İşığı və günəşi çox sevir, quraqlığa, xəstəliklərə və zərərvericilərə qarşı dözümlüdür. Lakin rütubət çox olan və küləksiz yerlərdə asanlıqla göbələk xəstəliyinə tutula bilirlər. Əkildikdən 7-8 il sonra məhsul almaq olur. Odunundan mebel sənayesində (oyma işlərində) istifadə olunur. Kökləri 80 sm dərinliyə qədər getdiyinə görə sürüşməyə meyilli zonalarda əkilməsi daha məqsədəuyğundur. Bir ağacın illik məhsuldarlığı 25-40 kq təşkil edir. Ən çox İspaniya, Yunanıstan, İtaliya, Türkiyə, Suriya, Tunisdə becərilir.

Zeytun bağları salınmış ərazilərin sahəsi İtaliyada 2 milyon, İspaniyada 1,5 milyon, Yunanıstan və Türkiyədə isə 1 milyon hektar təşkil edir. İraq, İran, Pakistan, Hindistan, Ukrayna (Krım), Rusiyanın Qara dəniz sahilləri, Gürcüstan, Türkmənistan və Azərbaycanda da becərilir. Amerika qitəsinə (PeruMeksika) 1560-cı ildə, Azərbaycana isə 1900-cü ildə İspaniyadan gətirilib.

Qədim yunanlar zeytun ağacını həyat və sağlamlıq ağacı adlandırıb və zeytun budağını ilk Olimpiya oyunlarının rəmzi seçmişlər. Ümumdünya Sülh Tərəfdaşlığı Konqresinin emblemində sülh və əmin-amanlıq rəmzi sayılan göyərçin və qələbənin, müdrikliyin, müqəddəsliyin, sağlamlığın canlı simvolu sayılan zeytun ağacı əks olunmuşdur.

Zeytun ağacının yarpaqları mikrob əleyhinə vasitə kimi irinli yaraların sağalmasında çox faydalıdır. Hələ qədim dövrlərdə ölmüş kralların cəsədlərinin mumiyalanması zamanı zeytun ağacının yarpaqlarından istifadə edilmişdir. Zeytunun meyvələri tərkibindəki yağın miqdarına görə sənaye əhəmiyyətlidir. Yüksək keyfiyyətli yağın rəngi açıq sarıdan qızılı sarıya, aşağı keyfiyyətli yağınkı isə yaşıl rəngə çalır. Müqəddəs kitabımız “Qurani-Kərim”də üzüm, əncir, xurma, nar kimi faydalı meyvələr sırasında zeytunun da adı çəkilib və “mübarək ağac” adlandırılıb: “Zeytun çox xeyirlidir. Ağızı xoş ətirli edir, bəlğəmi azaldır, nuraniyyət verir, əsəb sistemini möhkəmləndirir, xəstəlikləri aradan qaldırır və qəzəbi sakitləşdirir”.

Yağ əsasən mexaniki (soyuqisti presləmə-sıxma), mexaniki və kimyəvi üsullarla, eləcə də müəyyən temperatur şəraitində zeytun meyvələrini həlledicilərdə həll etmək yolu ilə istehsal olunur. Ən keyfiyyətli yağ mexaniki üsulla alınan yağdır ki, bu zaman yağın tərkibinə heç bir konservant və qatqılar əlavə olunmur. Həmin yağ insan orqanizmində 100% həzm oluna bilir. “Ekstra virgin olive oyl” adı altında markalanır. İstehsal zamanı alınan tullantı heyvan yemi və gübrə kimi də istifadə olunur.

Zeytun yağının tətbiq sahəsi çox genişdir. Tibbdə mədə-bağırsaq, qaraciyər və öd kisəsi xəstəlikləri, müxtəlif dərəcəli yanıqların müalicəsi zamanı, kosmetikada, əczaçılıqda, xərçəng xəstəliklərinin profilaktikasında, ən aşağı keyfiyyətli yağdan isə sabun istehsalında istifadə olunur. Həmçinin sümük toxumalarının inkişafına və hüceyrələrin cavanlaşmasına da müsbət təsir göstərir. Tərkibində xolesterinin olmaması damarlarda kirəcləşmə prosesinin qarşısını alır, qanda şəkərin miqdarını tənzimləyir. Yapon alimlərinin apardıqları tədqiqat işlərinin nəticələrinə görə, günəş vannası qəbul etdikdən sonra dəriyə zeytun yağının çəkilməsi dəri xərçəngi riskinin xeyli aşağı salınmasına, dərinin və saçın strukturunun yaxşılaşmasına da köməklik edir. Tərkibində yağ turşularının (olein), polifenolların, eləcə də orqanizm üçün faydalı vitamin və mikroelementlərin olması pəhriz saxlayan insanlar üçün çox xeyirlidir.

Qeyd etdiyimiz kimi zeytun ağacı Azərbaycana 1900-cü ildə gətirilib, sonradan yerli şəraitə uyğun zeytun sortları yetişdirilib. 1939-cu ildə Maştağa, Türkan, Zirə, Zığ qəsəbələrində zeytun sovxozları salınıb. 1965-ci ildə 250 tona yaxın məhsul yığılıb, 1 neçə yağ emalı zavodları tikilib istifadəyə verilib. Keçən əsrin 90-cı illərinin əvvəllərində digər sahələr kimi zeytunçuluğa da maraq azalmış, aparılan torpaq islahatları nəticəsində özəlləşdirilmiş pay torpaqlarında becərilən zeytun ağacları ləğv edilərək yerində yaşayış evləri, istixanalar, ticarət obyektləri tikilmiş, vaxtilə 3000 hektar ərazidə əkilmiş zeytun bağlarının yarıdan çoxu məhv edilmişdir.

Torpaqları eroziyadan qorumaq, küləklərin qarşısını almaq, yaşıllıqların artırılması və biomüxtəlifliyin təmin edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2012-ci ildən respublikanın 18 rayonunda zeytun meşələrinin salınması işini davam etdirir. Bundan əlavə “Azərsun-Holdinq” şirkətlər qrupu tərəfindən Dübəndi qəsəbəsində 15 hektarlıq ərazidə zeytun ağacları (2500-dən çox) əkilmişdir. Şirkət tərəfindən Bakının bir neçə qəsəbəsində zeytun meyvələrinin tədarük edilməsi üçün məntəqələr açılıb. Yığılan məhsul sonradan 2002-ci ildən fəaliyyət göstərən “Zeytun emalı zavoduna göndərilir və emal olunur. Şirkətin hazır məhsulu “Zeytun bağları” adı altında markalanaraq həm daxili, həm də xarici bazarlara göndərilir. Respublika Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, hazırda il ərzində 60 ton yağ istehsal olunur və gələcəkdə bu rəqəm 300 tona çatdırılacaqdır. Yerli, eləcə də xarici mütəxəssislərin bildirdiyinə görə, zeytunçuluğun inkişafı üçün Azərbaycanda hər cür şərait və imkanlar mövcuddurrespublika rəhbərliyinin də apardığı uğurlu siyasət nəticəsində inanırıq ki, yaxın gələcəkdə bu sahədə də yeni-yeni nailiyyətlər əldə olunacaq, iqtisadiyyatımıza əlavə gəlir gətirən mənbələrdən birinə çevriləcəkdir.

 

Cavid Əkbərov

 

İki sahil.- 2015.- 6 mart.- S.31.