BMT-də iyirmi üç il
Bu günlərdə Azərbaycanın dünyanın ən mötəbər beynəlxalq qurumu hesab edilən Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilməsinin 23 ili tamam oldu. Müstəqillik aktının qəbulundan sonra 1991-ci il oktyabrın 29-da Azərbaycan BMT Baş Məslisinə müraciət ünvanlamış, 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyada ölkəmizin bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilmişdir. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında dalğalanan 181-ci bayraq müstəqillik yollarında ilk addımlarını atan Azərbaycanın üçrəngli dövlət bayrağı olmuşdur. Bundan dörd gün sonra - yəni 1992-ci il martın 6-da isə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi fəaliyyətə başlamış, ölkəmizin bu təşkilatla əməkdaşlığının əhəmiyyətli təməli qoyulmuşdur. 1992-ci ilin noyabrında isə BMT-nin ölkəmizdə daimi nümayəndəliyi yaradılmışdır.
Azərbaycanın BMT yanında daimi nümayəndəliyi qısa müddətdə həm təşkilat, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq yaratmaq yollarında fəaliyyətini gücləndirib.
Ölkəmizin BMT-yə üzv kimi qəbul olunması Ermənistanın Azərbaycana qarşı təcavüzünün gücləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması istiqamətində vacib rol oynayırdı. Bunun nəticəsində 1992-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də TŞ-nın 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilmiş, işğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilmişdir. Adıçəkilən qətnamələr bu gün icra edilməsə də, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq birlik tərəfindən qəbul edilməsi və Ermənistanın işğalçı dövlət kimi tanınmasında mühüm beynəlxalq hüquqi akt kimi tarixi əhəmiyyətə malikdir.
Azərbaycanın BMT-yə üzv olması yenicə müstəqilliyini bərpa etmiş bir ölkə üçün dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulmasında, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında önəmli rol oynayırdı. Qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsi də Azərbaycanın BMT ilə münasibətlərinin inkişafına töhfəsini verirdi. Bu baxımdan, əməkdaşlığın möhkəmlənməsində ilk dəfə olaraq BMT-nin baş katibi Butros Qalinin 1994-cü ilin oktyabrında Bakıya səfəri mühüm hadisə idi. Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatı, Ermənistanın təcavüzünün ağır nəticələri ilə yaxından tanış olan Butros Qali mövcud problemlərin həllində ölkəmizə dəstək vermək üçün BMT-nin müxtəlif təsisatlarının səylərini artıracağını bildirmişdir.
Lakin, Azərbaycanın BMT ilə əlaqələrinin dərinləşməsində, inkişaf etməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xüsusi tarixi missiyası olmuşdur. Ulu öndər Azərbaycanın Prezidenti kimi bir neçə dəfə BMT Baş Məclisinin iclaslarında iştirak etmiş, bu beynəlxalq təşkilatın tribunasından ölkəmizlə bağlı, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı Baş Məclisdə keçirilən xüsusi təntənəli iclasda iştirak edən ulu öndər Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək, mövcud qlobal problemlərə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini açıqlamış, xüsusilə, Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırmışdır. Yenə də 2000-ci ilin sentyabrında BMT-nin “Minilliyin Sammiti”ndə çıxış edən Ümummilli lider, Prezident Heydər Əliyev dünyada sülhün və təhlükəsizliyin qorunmasında bu beynəlxalq təşkilatın mühüm rol oynadığını qeyd edərək, regional münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bildirərək, bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini vurğulamışdır. Uzaqgörən və təcrübəli dövlət adamı kimi Heydər Əliyev bu qurumda daim islahatların aparılmasının zəruriliyini yüksək tribunadan hələ o dövrdə bəyan edirdi.
Azərbaycanın dünyada getdikcə artan müsbət imici bu beynəlxalq təşkilatla əlaqələrin sürətli inkişafına zəmin yaradırdı. Bu gün Prezident İlham Əliyevin də xarici siyasətində beynəlxalq qurumlarla, o cümlədən BMT ilə sıx əməkdaşlıq prioritet önəm daşıyır. Hələ 2003-cü ilin sentyabrında BMT Baş Məclisinin 58-ci sessiyasında iştirak edən Azərbaycan Respublikasının Baş Naziri İlham Əliyev çıxışında beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlər arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmasına görə, BMT Təhlükəsizlik Şurasının şəraitə uyğun çevik və adekvat münasibət göstərə bilməsi üçün mövcud BMT mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini vurğulamış və bununla bağlı təşkilat daxilində islahatların vacib məsələyə çevrildiyini cəsarətlə bildirmişdir.
BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan edərək, onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını həlli vacib məsələ kimi diqqətə çatdırmışdır. Bundan başqa, dövlətimizin başçısı bildirmişdir ki, təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniştərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verməlidir. Məhz Prezident İlham Əliyevin ciddi səyləri nəticəsində həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə daxil edilmişdir.
Bundan sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclası və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edilmişdir. Sözügedən sənədlərdə Azərbaycanın işğal edilmiş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin torpaqlarda ermənilər tərəfindən yanğınların törədilməsi pislənilmiş, Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət bir daha ifadə olunmuş, eləcə də doğma torpaqlarından Ermənistan tərəfindən qovulmuş azərbaycanlıların yurdlarına qayıtmaq hüquqları bir daha təsdiqini tapmışdır.
Azərbaycanın bu təşkilatla münasibətlərində 2011-ci il mühüm dövr olmuşdur. Həmin il oktyabrın 24-də Azərbaycanın həyatında çox əlamətdar və tarixi hadisə baş verdi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına keçirilən seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçildi. Gərgin şəraitdə keçən və bir neçə turdan ibarət səsvermədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək, etimad göstərərək ölkəmizi bu mötəbər təşkilata üzv seçdi. Bu, Azərbaycanın beynəlxalq aləmdə artan və güclənən nüfuzunun nəticəsi idi. Prezident İlham Əliyev bu əlamətdar hadisə münasibətilə səsləndirdiyi bəyanatında deyirdi: “Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”.
Həqqətən də Azərbaycan kimi gənc bir dövlətin 155 ölkənin dəstəyini qazanaraq, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin böyük qələbəsi idi.
Ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında özünün prioritet məqsədi kimi qarşıya qoyan Azərbaycan, iki il ərzində qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətini davam etdirib, sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini verib, Şuranın gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynayıb və daim öz qətiyyətli mövqeyini ortaya qoyub. Azərbaycan müstəqillik tarixində ilk dəfə bu ali qurumun üzvü kimi beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələrin aparılmasının və qərarların qəbul edilməsinin bilavasitə iştirakçısı olub.
2012-ci il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi və BMT-nin baş katibi Pan Gi Munun iştirakı ilə Təhlükəsizlik Şurasının “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilib. 2013-cü ilin oktyabrından etibarən Təhlükəsizlik Şurasında başlayan ikinci sədrlik dövründə BMT tarixində ilk dəfə olaraq ölkəmizin təşəbbüsü ilə oktyabrın 28-də qurumun “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilmişdir.
Beləliklə, Azərbaycan Təhlükəsizlik Şurasına iki illik qeyri-daimi üzvlüyü müddətində bu təşkilatda sadiq olduğu ideallara, sülhə, beynəlxalq təhlükəsizliyə, demokratiyaya, ədalətə uğurla xidmət etdiyini bir daha nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan BMT-nin XXI əsrdə dünyanı narahat edən problemlərin həll olunmasında uğurlu mexanizmə malik olması üçün bu qurumda islahatların həyata keçirilməsi ideyasını dəstəklədiyini dəfələrlə bəyan edib.
Taleh Turqut
İki sahil.- 2015.- 11 mart.- S.13.