“Cənub Qaz Dəhlizi” - Azərbaycanın

güclü siyasi iradəsinin nəticəsidir

 

Xəzərin enerji daşıyıcılarının Avropaya nəql edilməsi məsələsinin həlli istiqamətində atılan praktiki addımlar ölkəmizin nüfuzunu daha da artırmaqla yanaşı əməkdaşlıq üçün yeni imkanlar açır. Respublikanın enerjiyə olan tələbatının maksimum ödənilməsini infrastruktur layihələrinin səmərəsi kimi dəyərləndirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan Xəzər bölgəsində ən çox potensiala, imkanlara malik respublikadır.

 

Beynəlxalq ekspertlər də qeyd edir ki Avropanın enerji təhlükəsizliyində aparıcı rola malik, böhrana davamlı qüdrətli ölkə kimi özünü təsdiqləyən Azərbaycanın təcrübəsindən istifadə indi daha vacib və önəmlidir. Enerji layihələrini şaxələndirməkdə maraqlı olan Azərbaycanın məqsədi qaz ixracını genişləndirməklə Avropa İttifaqının etibarlı üzvü olduğunu təsdiqləmək, “Cənub Qaz Dəhlizi”” vasitəsilə enerji bazarında ixrac imkanlarını genişləndirməkdir. Bu layihənin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasının Bakıda keçirilməsi əslində Avropanın bu layihəyə böyük önəm verməsinin sübutu idi. İclasda 7 ölkənin - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstanın enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidentinin, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “BP-Azərbaycan” şirkəti, Trans-Anadolu Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) şirkətlərinin və digər beynəlxalq qurumların rəsmi nümayəndələrinin iştirakı da “Cənub Qaz Dəhlizi” layihəsinə olan marağın nəticəsi idi. Köhnə qitənin yeni marşruta ümidi qaz tədarükü mənbələrini artırmaqdan doğur. Xəzər qazı Avropa üçün yeganə yeni mənbədir. “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında regionda bütün iri layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi əsas əhəmiyyətli rol oynayıb. Bu baxımdan yeni marşrut da, ilk növbədə, qaz tədarükləri mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlar açmağa böyük imkanlar yaradıb. “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında regionda bütün iri layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi əsas əhəmiyyətli rol oynayıb. Ölkəmizin sübut edilmiş təbii qaz ehtiyatlarının 2,5 trln. kubmetr, proqnozlaşdırılan qaz ehtiyatının isə 4-5 trln. kubmetr təşkil etdiyini nəzərə alsaq Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında nə qədər müstəsna əhəmiyyətə malik olduğunu təsəvvür etmək heç də çətin olmaz. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərdən Avropaya təbii qazın nəql edilməsi üçün nəzərdə tutulan böyük qaz boru kəməri layihəsi olmaqla 4 hissədən - “Şahdəniz-2” təbii qaz yatağı, Cənubi Qafqaz Boru kəməri, Trans-Anadolu Təbii Qaz kəməri (TANAP) və Trans-Adriatik Boru (TAP) kəmərindən ibarətdir. Bu qaz infrastrukturu layihələri çərçivəsində investisiyaların ümumi həcmi 45 mlrd. dollar təşkil edəcək.

Şahdəniz” qaz yatağı təxminən 1,4 trln. kubmetr təbii qaz ehtiyatına malikdir. Yatağın birinci mərhələsi olan “Şahdəniz-1” 2006-cı ildən istifadəyə verilib. Birinci mərhələ çərçivəsində ildə 9 mlrd. kubmetr təbii qaz istehsal edilir. Bunun da 6,6 mlrd. kubmetri Türkiyəyə göndərilir. İkinci mərhələ olan “Şahdəniz-2” isə Cənub Qaz Dəhlizi layihəsinin ən əsas hissəsidir. “Şahdəniz-2” yatağının 2018-ci ilə qədər istifadəyə veriləcəyi gözlənilir. Şahdəniz Mərhələ 2 işlənməsi qaz hasilatına ildə əlavə 16 milyard kubmetr qazla təmin edəcək. Birinci mərhələdə layihə Cənub Qaz Dəhlizi açaraq Avropa bazarını birbaşa Azərbaycandan təbii qazla təchiz edəcək. “Şahdəniz” yatağının işlənməsi üzrə vitse-prezident Al Kuk bildirib ki, bu həcmdə qaz Cənub Dəhlizi boyunca hər bir paytaxt şəhərin ehtiyaclarını iki dəfədən çox ödəmək üçün yetərlidir. Layihənin tərkib hissəsi kimi, 2013-cü il sentyabrın 13-də “Şahdəniz-2” yatağından ildə 10 mlrd. kubmetrdən çox təbii qazın əldə olunmasını nəzərdə tutan 25 illik satışla bağlı razılıq əldə olunub. 9 şirkət bu qazı İtaliya, Yunanıstan və Bolqarıstandan satın alacaq.

“Cənub Qaz Dəhlizi”nin mərkəzi axın hissəsi ümumi uzunluğu 3500 km olacaq 3 qovşaqdan - Cənubi Qafqaz Boru kəməri, TANAP, TAP-dan ibarətdir. Azərbaycan qazını Türkiyəyə nəql etmək üçün Cənubi Qafqaz Boru Kəmərinin (Bakı-Tbilisi-Ərzrum qaz kəməri) tikintisi 2004-cü ildə başlayıb və 2006-cı ilin sonunda başa çatıb. Cənubi Qafqaz Boru kəmərinin uzunluğu 691 kilometrdir ki, bunun da 443 km-i Azərbaycanın, 248 km-i Gürcüstanın payına düşür. Boru kəməri öz başlanğıcını Azərbaycanın Səngəçal terminalından götürür və Türkiyə-Gürcüstan sərhədində tamamlanır. Yəni, kəmərlə Azərbaycanın Xəzərdəki “Şahdəniz” yatağından (Mərhələ-I) hasil edilən qazın bir hissəsi (təxminən ildə 7,7 mlrd. kubmetr) Bakıdan Türkiyənin Ərzurum şəhərinə nəql edilir. Türkiyə ilə bağlanmış müqaviləyə müvafiq olaraq, uzunluğu 970 kilometr, yükgötürmə qabiliyyəti isə ildə 30 mlrd. kubmetr olan kəmər vasitəsilə bu ölkə 15 il ərzində 91 mlrd. kubmetr qaz almalıdır. 2007-ci il martın 13-də ilk “Şahdəniz” qazı bu kəmərə vurulub. Cənubi Qafqaz boru kəməri Azərbaycan qazının təkcə Türkiyə bazarlarına deyil, oradan Avropa bazarlarına nəqli üçünimkanlar açıb. 2011-ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Bu, Cənub Qaz Dəhlizi layihəsi üçün əsas məsələ olub. Birgə Bəyanat TANAP və TAP ilə bağlı Hökumətlərarası Sazişlər ilə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. Daha sonra 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TAP kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məhz tarixi hadisə olan TANAP layihəsinin razılaşdırılmasından sonra artıq “Cənub” qaz dəhlizinin konturları görünməyə başlayıb. 2012-ci il iyunun 27-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan TANAP barədə müqavilə imzalayıb. TANAP Türkiyə boyu marşrutu üzrə 20 şəhərdən keçərək Türkiyə-Gürcüstan sərhədində başlayıb Türkiyə-Yunanıstan sərhədində bitəcək. Müqavilə ildə Azərbaycanın “Şahdəniz” yatağının ikinci fazasından çıxarılan qazın ildə 16 mlrd. kubmetrinin Türkiyəyə nəqlini nəzərdə tutur. Bu, həcmin 6 mlrd. kubmetri ölkənin daxili tələbatına yonəldiləcək, 10 mlrd. kubmetri isə Türkiyə üzərindən Avropa bazarlarına çıxarılacaq. Azərbaycandan Dövlət Neft Şirkətinin, Türkiyədən BOTAŞ və TPAO-nun ortaqlığı ilə yaradılan TANAP layihəsi 7 mlrd. dollar sərmayə ilə altı ildə həyata keçiriləcək. Boru kəmərinin diametri 56 düymya 1,4 metr nəzərdə tutulub. Gələcəkdə kəmərin buraxılış gücünün artırılması mümkündür. Layihə 4 mərhələdə həyata keçiriləcək. Onun ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. Qeyd edək ki, TANAP-la bağlı Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi hesabatı artıq hazırdır və 2015-ci ilin aprelində layihənin təməlqoyma mərasimi keçiriləcək.

TAP Cənub-Qaz Dəhlizi layihəsinin sonuncu mərhələsidir. 2013-cü ildə TAP layihəsi - Trans-Adriatik kəmərinin əsas ixrac marşrutu kimi seçilib. Eyni zamanda, 2013-cü ildə qazın satışı ilə bağlı kontraktlar imzalanıb. Türkiyə-Yunanıstan sərhədindən başlayan boru kəməri Adriatik Dənizin altından, Yunanıstan və Albaniya ərazisindən keçəcək və İtaliyada bitəcək. Layihə 20 mlrd. kub metr həcmindədir və daha da artırıla bilər. TAP-ın reallaşmasında əsas siyasi qətiyyət və prinsipial qərar məhz Azərbaycanın dövlət başçısı İlham Əliyevə məxsusdur. Azərbaycan dövlət başçısının 2011-ci ildə Cənub Qaz Dəhlizinin imzalanmasına dair qərarı bu layihənin həyata vəsiqə almasına səbəb olub. 2014-cü ilin sentyabrın 20-də isə “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

Beləliklə, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti var. Layihə çərçivəsində hasil edilən qaz 3500 km məsafədə - Xəzər dənizindən Avropaya daşınacaq. Mövcud Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan və Gürcüstan ərazisi boyunca yeni paralel boru kəməri vasitəsilə genişləndiriləcək. TANAP “Şahdəniz” qazını Türkiyə ərazisi boyunca nəql edəcək. TAP qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edəcək. Bu layihələr birlikdə “Cənub Qaz Dəhlizi” kimi Azərbaycanın enerji tarixində yeni səhifə açacaq.

 

Sevinc Azadi

 

İki sahil.- 2015.- 12 mart.- S.21.