Nəqşi-cahanda adına
türbə ucaldılan
Yusif
Küseyir oğlu kim olub?
Uşaqlıq
illərində tez-tez Naxçıvan şəhərinə gələrdik.
Memarlıq abidələri ilə zəngin olan Ordubadda
yaşayan biri kimi müasir Naxçıvan diqqətimi fərqli
aspektlərdən çəkirdi. Hər dəfə
Naxçıvana gələndə evlərin ardından
görünən bir türbə məni valeh edirdi. O zamanlar
bu türbə haqqında məlumatım yox idi. Sonralar tarix
kitablarından öyrəndim ki, sən demə, bu abidə
Yusif Küseyir oğluna aid imiş. Naxçıvan şəhərinin
mərkəzində yerləşən və yerli camaat
arasında “Atababa günbəzi” adı ilə tanınan Yusif
Küseyir oğlu türbəsi 1162-ci ildə inşa olunub. O,
ustad memarın bu günümüzə gəlib çatan ilk
böyük əsəri kimi çox qiymətlidir. Sərdabə
və yerüstü qülləvarı hissədən ibarət
olan türbənin kitabəsində onun kimin şərəfinə
və hansı tarixdə inşa olunduğu öz əksini
tapıb: “Bu türbə xacə, şanlı rəis, dinin zəkası,
islamın camalı, şeyxlər başçısı Yusif
Kuseyir oğlunundur”. Digər kitabədə isə “Bənna
Əcəmi Əbubəkir oğlu Naxçıvaninin əməlidir”
sözləri yazılıb.
İllər
sonra türbəni ilk dəfə ziyarət etdim. Mənə
buranın dizaynı və fərqli aurasını hiss etmək
lazım idi. Bir memar gözüylə türbəni
müşahidə edə bilməsəm də, onun necə
qiymətli yadigar olması gerçəyini anlaya bilirdim. Və
o zamandan mənim kimi, bir çoxlarını da
düşündürən “Yusif Küseyir oğlu kimdir?”
sualının cavabını aramağa başladım. Və
sualıma cavab almaq üçün AMEA Naxçıvan
Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli
ilə həmsöhbət oldum.
Fəxrəddin
müəllim bizə türbə haqqında bu məlumatları
verdi: “Yusif Küseyir oğlu türbəsi 1162-ci ildə
Əcəmi Əbubəkir oğlu Naxçıvani tərəfindən
tikilib. Digər qaynaqlardan Yusif Küseyir oğlu haqqında bizə
məlumatlar gəlib çıxmadığı
üçün onun şəxsiyyəti haqqında aydın təsəvvür
yaratmaq mümkün deyildir. Ancaq kitabənin verdiyi məlumatlar
müəyyən fikir söyləməyə imkan verir. Kitabədə
o, “xacə, ər-rəis əl-əcəl” (“xacə” –
tanınmış rəis) titulları və bir sıra epitetlərlə
(“mömin”, “islamın gözəlliyi”, “şeyxlərin
başçısı”) təqdim olunub. Orta əsrlərdə
“xacə” titulu ilə böyük tacirlərə, görkəmli
alimlərə müraciət edilirdi. Bu titulu
daşıması onun tacirlər gildiyasının
başçısı, “rəis” titulunu daşıması isə
Atabəylər dövlətinin paytaxtı olarkən
Naxçıvan şəhərinin rəhbəri olduğunu
göstərir. Eldənizlərin hakimiyyəti (1136-1225)
dövründə şəhərləri hökmdarın
müavini sayılan valinin adından idarə edən rəislər,
bir qayda olaraq, yerli, tanınmış nəsillərdən
seçilirdi. Göründüyü kimi, Yusif Küseyir
oğlunun tutduğu şəhər rəisi vəzifəsi
kifayət qədər nüfuzlu vəzifə imiş. Həmçinin
kitabədə adına əlavə olunan “şeyxlərin
başçısı” sözləri isə Yusif Küseyir
oğlunun şəhərdə yaşayan, ali ruhani təbəqəsinə
və həmin vaxt Naxçıvan şəhərində fəaliyyət
göstərən müxtəlif sufi təriqətlərinə
məxsus xanəgahların başçılarına rəhbərlik
etdiyini göstərir”.
Dəyərli
fikirlərindən ötrü Fəxrəddin müəllimə
minnətdarlığımızı bildirdik. Və bu
mövzuyla bağlı araşdırmalarımızı davam
etdirdik.
Öyrəndik
ki, əvvəllər “Küseyri” titulu daşıyan bir
çox İslam və sufi alimləri yaşayıblar. Hətta
onlardan bəzilərinin adına türbələr də
ucaldılıb. Ağlımıza belə bir sual gəldi.
Görəsən, Yusif Küseyir oğlu həmin İslam
alimlərinin nəslindən ola bilərmi?
Gəlin
bu sualı cavablandırmağı bu sahənin tədqiqatçılarının
öhdəsinə buraxaq.
Yusif
Küseyir oğlu türbəsinin memarlığı ilə
bağlı suallarımıza cavab tapmaq üçün Qadir
Əliyevin yazdığı “Memar Əcəmi
Naxçıvani yaradıcılığında ahəngdarlıq”
adlı kitaba müraciət etdik. Kitabda Yusif Küseyir oğlu
türbəsi barədə aşağıdakı məlumatlar
verilir: “İlk baxışdan təmiz həndəsi
biçimi və gözəl harmonik quruluşu ilə diqqəti
cəlb edən türbə ikiqatlıdır. Türbənin hər
iki qatı planda düzgün səkkizbucaqlıdır. Səkkizüzlü
plana uyğun olan sərdabə yastı günbəzlə
örtülüb. Yüksək mühəndis həllinin nəticəsidir
ki, Yusif Küseyir oğlu türbəsi Azərbaycanın
qülləvarı türbələri içərisində
üst piramidal örtüyü 800 ildən artıq bir
müddətdə salamat qalan tək abidədir”.
Bəli,
Yusif Küseyir oğlu türbəsi ilk baxışdan tutumunun
həndəsi təmizliyi, nisbətlərinin incəliyi və
harmonik gözəlliyi ilə diqqəti cəlb edir.
Bişmiş kərpicdən tikilmiş türbə yüksək
tikinti texnikası ilə seçilir.
Türbənin
bütün səkkiz səthi müxtəlifşəkilli həndəsi
ornamentlərlə bəzədilib. Bu ornamentlər kiçik kərpiclərdən
quraşdırılıb, sonra gəc məhlulu ilə tavalar
şəklində birləşdirilərək səthlərin
üzərində möhkəmləndirilib. Quruluşu etibarilə
türbənin yalnız bir səthi – qərb tərəfə
baxan səthi başqa şəkildə həll edilib. Burada
türbənin giriş qapısı yerləşdirilib.
Çatmatağ şəkilli bu qapı üzərində
haşiyələr formasında verilmiş həmin hissə
çıxıntılar vasitəsilə bir portal şəklini
alıb. Türbənin rəis, xacə Yusif Küseyir
oğlunun xatirəsinə ithaf olaraq hicri 557-ci ildə, miladi
1162-ci ildə tikildiyini göstərən kitabə bu səthin
yuxarı hissəsində yerləşdirilib. Türbənin səthlərindən
yuxarı hissə qurşaq şəklində ayrılıb və
burada da kitabə yerləşdirilib. Kufi xətlə
yazılmış bu kitabənin giriş qapısından sol tərəfdəki
hissəsində memarın adı yazılıb:
“Naxçıvanlı memar Əcəmi Əbubəkir
oğlu”. Yusif Küseyir oğlu türbəsinin interyeri bəzədilməyib.
Onun bayır taxçalarının içərisi isə kərpicdən
yığılmış sıx həndəsi naxış
hörmələri ilə üzlənib. Taxçaların
üstündə gövdəni dövrələmə
yazı qurşağı qapayır. Öz incəliyi və
dekorativliyi ilə bu kitabə zolağı gövdə ilə
örtük arasında bir keçid yaradır.
Rahibə
Əliyevanın “Memar Əcəmi Əbubəkir oğlu
Naxçıvani” adlı kitabında oxuyuruq: “Yusif Küseyir
türbəsi həcm etibarilə bir o qədər
böyük tikinti olmasa da, ümumi kompozisiya aydınlığı,
yüksək səviyyəli inşaat işləri, gözəl
daş nəqqaşlıq işləri memar Əcəminin
yüksək sənətkarlığından xəbər
verir. Türbənin taxçalarının səthində kərpic
dekorun “girih” adlanan xüsusi həndəsi ornamentlərindən
istifadə olunmuşdur. Girih naxışlarını əmələ
gətirən elementlər həndəsi formalardan
(çoxbucaqlar, yaxud ulduzlardan) ibarətdir. Ciddi riyazi qanuna
tabe olan bu naxışlar bütünlüklə xətlərin
bir-biri ilə bağlı ahəngdar birləşməsindən
yaranır”.
Hər
dəfə onun yanından keçəndə, ya da o tərəflərə
yolumuz düşəndə bizə binaların ardından
boylanan keçmişimizə baxıb fəxr edirik.
Keçmişimizin şahidi olan gözəl mədəniyyət
abidələri üslubunda yaradılan müasir mədəniyyətimizin
memarlarına isə minnətdarlığımızı
bildiririk.
Nərgiz İsmayılova
İki sahil.- 2015.- 14 mart.- S.18.