Heydər Əliyevin qətiyyəti ilə Azərbaycanın

müstəqilliyinin yenilməzliyi təsdiqləndi

 

12-17 mart 1995-ci ildə daxili və xarici bədxahların dövlət çevrilişlərinə cəhdlərin qarşısı xalq-iqtidar birliyinin vəhdəti ilə alındı

 

Tarixin çətin sınaqlarından qətiyyətlə çıxmış Azərbaycan xalqının azadlığı uğrunda mübarizəsinin özünəməxsus qəhrəmanlıq salnaməsi var.

Ən çətin anlarda xalqa yol göstərən, bələdçi olan liderlər ağlı, zəkası, xalqla birliyi ilə düşmənlərə, xəyanətkarlara layiqli cavablar vermişlər. 12-17 mart 1995-ci ildə Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin planlaşdırdığı dövlət çevrilişinə cəhdlərin qarşısı da məhz bu birlik sayəsində alındı.

“Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli, gələcək Azərbaycanı yüksəklərə qaldıracaqdır” söyləyən ümummilli lider Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi ilə əvvəlcədən düşünülmüş və planlaşdırılmış təxribatların qarşısı alındı. Ancaq bu yol asan olmadı.

...Təbii sərvətləri ilə çoxlarını şirnikləndirən Azərbaycanın müstəqillik qazanması xarici bədxahlarımızı, 1990-cı illərin əvvəllərində zor gücünə hakimiyyətə gəlsə də, ölkədə xaos yaradan, iqtisadiyyatı iflic vəziyyətinə salan səbatsız “ itqtidarları” rahat qoymurdu. Hər vasitə ilə xalqın ümummilli lideri Heydər Əliyevə olan sonsuz inam və etimadını sarsıtmağa çalışan bədxahlar ən çirkin cinayətlərə belə əl ataraq milli xəyanətlər törətməkdən çəkinmədilər. Məhz o zaman cılız hisslərlə yaşayan belələrinə ulu öndərin cavabı bu sözlər oldu: “Böyük siyasəti, kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz.” Bu sözlərin hikmətini tarixin xronologiyası da təsdiqləyir.

... 1992-ci il. Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri işləyərkən iqtidarda olan AXC-Müsavat cütlüyünün xaincəsinə düzənlədiyi xəyanətkarlığı, dövlət əleyhinə təşkil edilən çevriliş cəhdlərini daim arxalandığı xalqın gücü, birliyi və qətiyyəti ilə dəf etdi. Ulu öndər o zaman İsgəndər Həmidovun başçılıq etdiyi silahlı dəstələrin muxtar respublikada iğtişaş törətmək isətəklərini belə heç bir qan tökülmədən, müdrikcəsinə dəf etdi. “Naxçıvanda dövlət çevrilişi cəhdi də olmuşdur. Biz bunu yaxşı xatırlayırıq. Bu, yaxın tarixdir. Ancaq yenə də ulu öndərin qətiyyəti, müdrikliyi, cəsarəti, naxçıvanlıların ona olan inamı bu ağır sınaqdan çıxmaq üçün bizə imkan yaratdı” söyləyən Prezident İlham Əliyev yaxın keçmişimizdə baş verən hadisələri xatırladır.

...1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan böyük şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyev Gəncədə başlayan iğtişaşları yatırmaqla vətəndaş müharibəsinin qarşısını aldı, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi.

...1994-cü ilin oktyabr ayında ölkənin şimal-qərb bölgəsində baş verən qiyamı təşkil etməklə Azərbaycanı yenidən təsir dairəsinə salmaq istəyən bəzi dövlətlər, xüsisi xidmət orqanları, bir daha məğlubiyyətə uğradılar. 2-4 oktyabr 1994-cü il. O vaxt baş nazir işləyən Sürət Hüseynovun dövlət çevrilişlərinə cəhdləri baş tutmasa da çoxlarının hakimiyyətə gəlmək hərisliyi sönməmişdi . S.Hüseynovun hələ də vəzifədə olan tərəfdarları baş tutmayan mənfur niyyətlərini “başa çatdırmaq” üçün iyrənc planlarını 12-17-mart hadisələri zamanı həyata keçirməyə çalışırdılar. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin əbədi olması naminə apardığı mübarizəyə qısqanclıqla yanaşanların cəhdləri növbəti dəfə iflasa uğradı. Xalqın dəstəyi ilə ölkədə sabitliyi pozmaq, iğtişaşlar törətməyə çalışan qiyamçıların qarşısı alındı. Lakin bu məğlubiyyətdən nəticə çıxarmayan daxili və xarici düşmənlər sanki fürsət gözləyirmiş kimi “ öz qınlarına, arxa cəbhəyə” çəkildilər.

...1995-ci il. “ Cavadov qardaşlarının xəyanət ili” kimi salnaməmizə qara hərflərlə yazılan 12-17 mart hadisələrində növbəti dəfə Heydər Əliyev - xalq birliyi təsdiqini tapdı. İqtidarda olduqları dövrdə ölkədə xaos yaradan, insanların gələcəyə olan ümidlərini qıran, yalnız şəxsi mənafelərini düşünən AXC-Müsavat tör-töküntüləri öz simalarını bir daha ortaya qoydular. O vaxt respublikanın daxili işlər nazirinin müavini işləyən Rövşən Cavadovun ətrafına toplaşan bir qrup silahlı, xüsusi təyinatlı polis dəstəsinin üzvləri Bakıda və respublikanın bir neçə rayonunda iğtişaşlar törətdilər. Fərman Dəmirkol, Gürəl Kənan, Yalçın Ərtan kimi xarici ölkə vətəndaşları xüsusi təyinatlı polis dəstəsinə rəhbərlik edən Rövşən Cavadovla birgə hadisələrə “nəzarət edirdilər.”

Rövşən Cavadovun istəyi guya yaradılacaq Dövlət Şurasında mühüm vəzifələrdən birinə sahiblənmək idi. Vəzifə hərisliyi o qədər güclü idi ki, atası da daxil olmaqla yanına xahişə gələn ağsaqqalların silahı yerə qoymaq tələbinə də məhəl qoyulmadı.

Xalqa həmişə düzgün yol göstərən, arxa, kömək olan ümummilli lider Heydər Əliyevin müdrikliyi sayəsində növbəti dəfə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, Azərbaycan bu sınaqdan da mətanətlə çıxdı.

Xarici emissarların köməyi ilə özləri üçün istehkam və qərargah hazırlayan XTPD-nin bir qrup “döyüşçüsü” iflasa uğramış Gəncə qiyamından sonra yenidən hakimiyyəti zəbt etmək istəyən qüvvələrin əlində oyuncağa çevrildi. Sonradan bu niyyətlərin əsil mahiyyətini açıqlayan ulu öndər hadisələrə belə qiymət verirdi: “Dövlət çevrilişinə cəhd baş verdi, qanuni dövlət strukturlarına qarşı yönəlmiş aksiyaların həyata keçirilməsinə cəhd göstərildi. Azərbaycan dövlətinin qətiyyəti və dəyanəti, düşünülmüş tədbirlər nəticəsində, bütün xalqın yekdil və qızğın dəstəyi ilə çevriliş cəhdlərinin qarşısı alındı”.

Baş verən hadisələr ətrafında aparılan araşdırmalardan məlum oldu ki, bəzi xarici dövlətlərin maraqlarına uyğun olaraq Azərbaycan dövlətçiliyinə qəsddə alətə çevrilən “xüsusi təyinatlıların” əksəriyyəti qiyamın əsil mahiyyətindən belə xəbərsiz olub. Onlar kor- koranə oktyabr və mart hadisələrinin “hərəkətverici və aparıcı” siması hesab etdikləri rəhbərləri Rövşən və Mahir Cavadov qardaşlarının əmrlərini yerinə yetirirdilər. Lakin Heydər Əliyev mart qiyamı zamanı sübut etdi ki, xalqa arxalanan həqiqi dövlət başçısı, müdrik siyasətçi dövlətçiliyi qorumağa qadirdir.

O dövrdə baş verən hadisələrin mahiyyəti məlum olduğu üçün baş verənlər barədə ətraflı şərhə ehtiyac yoxdur. Lakin qiyamın hansı məqsədlər naminə törədildiyini bir daha xatırlatmaq yerinə düşər.

Məqsəd isə aydın idi. Bakıda qarışıqlıq salmaqla Ermənistanın növbəti, irimiqyaslı hücumları üçün əlverişli şərait yaratmaq, iqtidar qüvvələrini parcalamaq, anarxiya və kütləvi itaətsizlik mühiti formalaşdırmaq. Lakin bir çağırışı, xalqa müraciəti ilə milyonlarla insanı ətrafına toplamağa qadir olan Heydər Əliyevin bildirdiyi kimi, xalqın yekdil dəstəyi ilə çevriliş cəhdlərinin qarşısı alındı. Ayağa qalxan xalq dövlətini, hüquqlarını, gələcəyini müdafiə edərək qiyamçılara layiqli cavab verdi. Həmin hadisələr zamanı nahaq qan tökülməsini istəməyən ümummilli lider Heydər Əliyev humanistlik edərək qiyamçılara üz tutaraq əməllərindən əl çəkmələrini tələb etdi: “ Tökdüyünüz qanlar, etdiyiniz cinayətlər bəsdir... bu cinayətkar əməllərinizdən əl çəkin” söyləməklə onların bağışlanacağını bildirdi. Lakin getdikcə “fəallaşan”, dövlət qanunlarına tabe olmaq istəməyən R. Cavadovun “əmrləri” aparılan danışıqları, ağsaqqal sozünü, məsləhətlərini kəsərsiz etdi.

O dövrdə “Demkonqres” adlı blok ətrafında birləşən müxaliflərin hadisələrə münasibəti də maraq doğuran məqamlardan idi. Hakimiyyətə gəlmək iştahasını hər zaman açıq və gizli şəkildə bəyan etməkdən çəkinməyən müxaliflər üçün belə bir şəraitin yaradılması sərfəli idi.

Lakin həmişə olduğu kimi bu dəfə də qara niyyətlər baş tutmadı. Xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən hazırlanmış xəyanətkar qiyam Heydər Əliyevin müdrikliyi sayəsində yatırıldı. Ölkə daxilində qarışıqlıq yaratmaq istəyən bədxahlar kimi Azərbaycanın müstəqilliyini istəməyən xarici emissarların istəkləri elə xəyal olaraq tarixin arxivinə atıldı. Heydər Əliyevin söylədiyi müdrik kəlamlar Azərbaycanın suverenliyini istiəməyən siyasi qüvvələr üçün əbədi dərs oldu: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.” Bir daha sübut olundu ki, dövlətin qorunması üçün silahdan qat-qat artıq gücə malik xalqla-iqtidarın birliyi həlledici amildir.

2003-cü ildə kecirilən prezident seçkilərində “köhnə taktika və strategiyalarını” bir daha sınaqdan çıxarmaq istəyən qüvvələr 16 oktyabr iğtişaşlarını törətsələr də nəsibləri yenə də uğursuzluq oldu. Seçimlərində yayılmadığın bildirən xalq Prezident İlham Əliyevlə birlik nümayiş etdirir.

Müstəqilliyinin bərpasının 20 illiyində Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qəbulu, ölkəmizin “Eurovision-2011” qalibi adına qazanması siyasi ,iqtisadi, demokratik inkişaf yolu ilə dünya birliyinə inteqrasiya edən Azərbaycanın sürət dinamikasının traektoriyasıdır. Dünya Bankının, Populis Limited, Callup kimi tanınmış təşkilatların hesabatlarında Azərbaycan yüksək pillələrdə yer alır. “Standart&Poor’s” reytinq agentliyi Azərbaycanın uzun müddətli müstəqil kredit reytinqini bir pillə artıraraq “BBB” investisiya səviyyəsinə çatdırmış, reytinq üzrə proqnozu “sabit” saxlamışdır. “ Fitch Ratinqs” və “ Moody’s” reytinq agentliklərinin də Azərbaycan iqtisadiyyatına dair qiymətləndirmələri müsbət olmuşdur.

Bu kimi amillərə qısqanclıqla yanaşan və daxil olduqları düşərgədə siyasi oynbazlıqla məşğul olan dağıdıcılar əlbəttə onları gözləyən növbəti uğursuzluq aqibətinidən xəbərdardırlar. Belələrinə ümummilli lider Heydər Əliyevin sözləri tutarlı cavabdır: “Kim müxalifətdə durursa dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın.”

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2015.- 14 mart.- S.3.