Ad günün mübarək!
Dövlət Miqrasiya Xidməti
Martın 19-u
Dövlət Miqrasiya Xidmətinin yaranması
günüdür. Miqrasiya Xidmətində çalışan
bütün əməkdaşları ad günü münasibətilə
təbrik edirəm! Onlara saf qəlb,
parlaq ulduzlu paqonlar və Vətəni ovcunun içində
qoruyan xeyirxah, təmiz əllər arzulayıram! Bu
kiçik yazını da onların ad gününə
bağışlayıram!
Bu ilin Qara Yanvar günləri idi, “Şəhidlər” kitabının müəllifi kimi məni Dövlət Miqrasiya Xidmətinə görüşə çağırmışdılar. Yeni təşkilat, yeni xidmət sahəsi, bir də bağ yolumun üstündə yeni bina. Çox maraqlı idi mənim üçün. Qapıdan içəri girəndə göz oxşayan bir səliqə-sahman, nizam-intizam. Bu səliqə-sahman yanımdan ötən əməkdaşların həm üst-başında, həm daxilində, həm də davranışında hiss olunurdu. Girəcəkdə xeyli insan toplaşmışdı, hamısının da əlində müxtəlif sənədlər. Hiss olunurdu ki, hər hansı bir işlə bağlı Miqrasiya Xidmətinə müraciət etmək üçün gəliblər. Diqqətimi nə çəkdi bu yerdə? Çox sakitlik idi. Heç kimin səsi çıxmırdı. Demək iş gedir və hamı razıdır.
Sonradan Miqrasiya Xidməti haqqında sənədlərə baxanda bir bölmə diqqətimi çox çəkdi və girəcəkdəki o epizodu xatırladım: “Xidmətin hüquq mühafizə orqanı olması ilə yanaşı, həm də bir xidmət orqanı kimi fəaliyyətinin əsası - müraciət edənlərin məmnunluğunun təmin edilməsidir”. Bunu öz gözlərimlə gördüm.
Sənədlərdən daha bir cümlə: “Xidmətdə müasir iş şəraiti, xidmətin keyfiyyəti, nizam-intizam, səmimiyyət...” Bunların da şahidi oldum.
Və ən nəhayət, birbaşa iştirakçısı olduğum bölmə: “Vətənpərvərliyin möhkəmləndirilməsinə xidmət edən tarixi və əlamətdar günlərin qeyd olunması, hadisələrin miqyası barədə, əməkdaşlarda, o cümlədən əcnəbilərdə təəssürat yaratmaq üçün sərgilər təşkil etmək, ziyalılarla görüşlər keçirmək”. Məhz belə bir görüşdə mən də iştirak etdim. Yüksək səviyyədə keçirən görüşdən sonra 90-cı ilin Qara Yanvarı haqqında sənədli film nümayiş etdirildi. Axşam evə gələndə köhnə bir dostum zəng edib dedi ki, Azertag.az saytına bax, Dövlət Miqrasiya Xidmətində görüş haqqında xəbər və şəkillər orda yerləşdirilib. Nəvəmə dedim, saytı açdı, baxdı və heyrətlə:
- “Baba, nə yaxşı yerdi. Şəklin də yaxşı düşüb”, - deyib, o şəkli telefonunun və kompyuterinin açılış səhifələrinə yerləşdirdi. Doğurdan da Miqrasiya Xidmətinin həm əməkdaşları, həm salonu, həm də tribunası çox gözəl və möhtəşəm görünürdü. Üstündən bir neçə gün keçdi nəvəmlə maşında Novxanıya bağa gedirdik. “Azadlıq” metrosunun üst tərəfindən Azadlıq prospektinə dönəndə-düz Miqrasiya Xidmətinin binası qarşısında tıxaca düşdüm. Binanı nəvəmə göstərib dedim.
- Atam, bax, Miqrasiya Xidmətinin binası buradır. Baba burada görüşdə olub. O telefonundakı şəkil də burada çəkilib.
- Nəvəm böyük maraqla üzünü maşının yan şüşəsinə dirəyib binaya baxmağa başladı. Və höccələyə-höccələyə üstündəki yazını oxudu:
- Dövlət Miqrasiya Xidməti!
İçəridən şux geyimli əməkdaşlar çıxırdı. Nəvəm onları maraqla süzürdü.
- Baba,
onlar hamısı dayday kimi cavandı?
Dedim:
- Hə, burada işləyənlərin çoxu cavandı, özü də gör nə yaxşı yaraşır forma onlara.
Nəvəm soruşdu:
- Baba, bu
formanı onlar özləri alır?
Dedim:
- Yox, dövlət verir.
Nəvəm heyrətlə:
- Nə yaxşı...
Bir anlıq fikrimi nəvəmdən ayırıb, tıxaca baxdım. Heç bir metr belə yerimdən tərpənməmişdim. Bekarçılıqdan nəvəm bir də binanın üstündəki yazını oxudu:
- Dövlət Miqrasiya Xidməti.
Və məndən soruşdu:
- Baba, miqrasiya nə deməkdir?
Ürəyimdən o dəqiqə bir fikir
keçdi ki, yaxşı yerdə axşamladıq. Bu tıxac bir az qabaqda ola
bilməzdi? Sonra özüm-özümə cavab verdim. Yox ola
bilməzdi. Bu tıxac burada məhz ona görə yaranıb
ki, mən nəvəmə və onun timsalında müstəqil
dövlətimizin bu yaşda olan balalarına Miqrasiya Xidməti
haqqında bildiklərimi anladım, başa salım. Nəvəm
susduğumu görüb, bir də soruşdu:
- Nə
oldu, baba, bilmirsən miqrasiya nədi? Bəs necə orada
çıxış eləmisən?
Təcrübəmdə
belə çətin vəziyyətə düşməmişdim..
Bilsəydim söhbət gəlib bu yerə çatacaq, əvvəlcədən
səmtini dəyişərdim. Bir tərəfdən də
tıxac. Maşın yerindən tərpənmirdi. Başqa
çıxış yolum da yox idi. Böyük adam
soruşsaydı onu başa salmağa nə var idi ki,
oxuduqlarımdan, bildiklərimdən müxtəlif sənədlərdən
sitatlar gətirib deyərdim:” Əcnəbilərin son illər
Azərbaycana artan marağı, turistlər, ölkəmizə
təhsil almağa gələnlər, iş axtaranlar,
Yaşamaq üçün ölkəmizi seçənlər,
Azərbaycan vətəndaşı olmaq istəyənlər və
sair bütün bunlar ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu və Prezident İlham Əliyevin müvəffəqiyyətlə
davam və inkişaf etdirdiyi siyasətin nəticəsi kimi
miqrasiya proseslərini tənzimləmək üçün Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli Fərmanı ilə
hüquq mühafizə orqanı statuslu Dövlət Miqrasiya
Xidməti yaradıldı. İlk gündən icimaiyyətlə
əlaqə işinin təşkilinə və xalqın
maarifləndirilməsinə xüsusi fikir verildi.
Azərbaycana
gələn əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata
alınması, müvəqqəti yaşama icazəsinin verilməsi
halları və qanunsuz miqrasiya ilə bağlı
hazırlanmış video-çarxlar, slaydlar, Dövlət
Miqrasiya Xidmətinin fəaliyyətinə dair, eləcə də
əcnəbi işçi qüvvəsindən istifadə
qaydalarından bəhs edən filmlər, mütəmadi olaraq
ölkə televiziyalarında yayımlanmağa başladı.
Bununla yanaşı, adları çəkilən video
materiallar, Nəqliyyat Nazirliyi, “Azərbaycan Hava Yolları”, Xəzər
Dəniz Gəmiçiliyi, “Azərbaycan Dəmir Yolları”nin
xətti ilə Nəqliyyatın İntellektual İdarəetmə
Mərkəzi vasitəsilə
şəhərin avtobus dayanacaqlarında, Azərbaycan Dəmir
yollarının kassa zallarında, Xəzər Dəniz Gəmiçiliyinin
Bakı-Aktau və Bakı-Türkmənbaşı istiqamətində
hərəkət edən gəmilərində, həmçinin
Heydər Əliyev Beynəlxalq Aeroportunun uçub gəlmə
zallarında müntəzəm olaraq yayımlanmış, eləcə
də Azərbaycan hava yollarına məxsus təyyarələrdə
bələdçilər tərəfindən elan olunması təmin
edilmiş və Xidmətin rəsmi internet səhifəsində
yerləşdirilmişdir. Bütün bu oxuduqlarımı,
bildiklərimi, beynimdən keçənləri, əlbəttə
ki, maşının arxa oturacağında əyləşib,
gözlərini Miqrasiya Xidmətinin yaraşıqlı
binasına dikən on yaşlı uşağa demək
olmazdı. Bəs onu necə başa salım? Böyüklər
onsuz da Miqrasiya Xidmətinin fəaliyyəti haqqında
az-çox bilirlər. Bilirlər ki, Miqrasiya Xidməti nə
deməkdir. Ancaq uşaq heç nə bilmir. Və ən əsası
da Azərbaycan Respublikasının gələcəyi olan bu
uşaqların bilməsi vacibdir. Bunu özüm də
çox gözəl başa düşürdüm. Amma haradan
başlayıb, harada qurtarım, onu necə başa salım,
bilmirdim. Bu arada nəvəm yenə dilləndi:
- Nə
oldu, baba?
Dərindən
nəfəs alıb dedim:
- Atam, bax
Azərbaycana xaricdən həm işləməyə, həm
yaşamağa, həm də oxumağa gələnlərin gəlib
getməsinə miqrasiya deyilir. Onlar ölkəmizə gələndə
bu idarədə işləyən əmilər onların sənədlərini
yoxlayırlar. Onların adını dəftərə
yazırlar.
- Kompyuterə
də yazırlar?
- Hə,
kompyuterə. Sonra pasportlarına möhür vururlar ki, “olar”
ya da “olmaz”.
- Niyə
olmaz?
- Sənədləri
düz deyilsə olmaz. Sonra onların ölkəmizdəki
işlərinə nəzarət edirlər.
- Bəs,
xarici uşaqlar gələ bilərlər?
- Əlbəttə,
gələ bilərlər ata-anaları ilə.
- Bəlkə
onların pasportu yoxdur?
-
Onların yoxdur, ata-analarının var. Yadına gəlir, həyətimizdə
kirayədə qalan Şotlandiyadan ata-anası ilə gələn
uşaqlar var idi. Biz bağdan gələndə onlara əncir
verdik.
- Hə,
onlar nə oldu bəs?
-
Vaxtları qurtardı, çıxıb getdilər evlərinə.
Bax bütün bu işlər Miqrasiya Xidməti adlanır. Bu
qəşəng bina da onların iş yeridir. Keçən dəfə
mən orada olanda eşitdim ki, “Şəfa” stadionunun
yanında onlar üçün təzə bina tikilir.
Bir qədər
fikirləşəndən sonra nəvəm dedi:
-
Yaxşı yerdi. Baba, mən də böyüyəndə
burada işləyəcəyəm.
- Allah
qoysa, - deyib, qarşıma baxdım. Tıxac çoxdan
açılmışdı. Biz isə hələ də
Miqrasiya Xidmətinin sehrində, gözəl aurasında idik.
Maşını yerindən tərpədib dedim:
- Ad
gününüz mübarək olsun!
Nəvəm
isə onların ad gününü ingilis dilində təbrik
etdi:
- Happy
birthday!
Rafiq Səməndər
Əməkdar jurnalist
İki sahil.- 2015.- 17 mart.- S.20.