Novruz gəlişi ilə sevinc bəxş edir
Həmin günün bayram əhval-ruhiyyəsi,
Kosa ilə Keçəlin zarafatları insanlarda xoş ovqat
yaradır
Beləcə
gün-günə calanıb ay oldu. Aylar birləşib ili tamamladı. Şərq dünyasında Yeni ilin
başlanmasını birdirən astanasında olduğumuz
Novruz bayramının ab-havası
duyulmaqdadır.
Milliyyətindən asılı olmayaraq hər bir xalqın elliklə qeyd etdiyi milli bayramlarının əsrlərdən bəri yaşayan və yaşadılan adət-ənənələri var. Azərbaycan xalqının da minilliklərdən bugünümüzə gələn, xalqımızın ulularımızdan ərmağan qalan miras kimi qoruduğu inancları vardır. Tarix boyu heç bir qüvvə Novruz bayramını xalqımızın əlindən almağa, onu insanlarımızın qəlbindən, zehnindən çıxarmağa müvəffəq ola bilməmişdir.
Novruza hazırlıq biri- birini əvəz edən çərşənbələrlə başlayır. Od, Su, Yel, Torpaq çərşənbələrində od qalanır, uşaqlar şənlik edir, hər kəs ötən ilin ağrı-acısını arxada qoymaq üçün “ağırlığım-uğurluğum bu tonqalda yansın” deyərək odun üstündən tullanır, milli mətbəximizə aid yeməklər hazırlanır. Qonşular bir yerə toplaşır, deyir, gülür, şənlənirlər.
Çoxlarının ilaxır çərşənbə adlandırdığı sonuncu çərşənbəyə hazırlıq isə daha möhtəşəm olur. Qız-gəlinlər qışın ətalətindən qurtarmaq üçün evlərdə təmizlik işlərinə başlayırlar. Yazın gəlişini tumurcuq gözləri ilə soraqlayan ağacların ətrafı təmizlənir, dibi yumşaldılır, qurumuş budaqları təmizlənir.
Soyuq qışın qar yorğanını üstündən atan, oyanışını günəşə yenicə boylanan bənövşənin gözü ilə bildirən torpaq yavaş-yavaş isinməyə başlayır. Yazın gəlişini çaylarda artan suların bolluğu, təbiəti oyadan yelin əsməsi ilə qarşılayan qız-gəlinlər böyük və kiçik çillələrin çətinliklərindən qurtardıqları üçün sevinclərini evlərdə təmsizlik aparmaqla bildirirlər.
İnsanlar axır çərşənbəyə xüsusi hazırlıq görürlər. Bolluq, bərəkət rəmzi sayılan, inanclara uyğun olaraq hər bir evdə göyərdilən, bayram süfrəsinin bəzəyi olan səməni haqqında nənələrdən qalma deyimlər hər kəsin dilində səslənir.
...Bu gün çərşənbələrin sonuncusu - Torpaq çərşənbəsidir. Torpağın oyanışını xəbər verən səməni göyərtməklə bayram hazırlıqlarına başlayan xalqımız digər inancları da əsasən ilaxır çərşənbədə yerinə yetirir.
Novruzun atributlarından
sayılan səməni
el-el, ev-ev dolaşır. Qarşıladığımız ilin yurdumuza
bolluq, bərəkət
gətirməsini arzulayan
hər kəs evində rəmzi məna daşıyan səməni göyərdir.
“Səməni saxla məni, ildə göyərdərəm səni”,
- deyən nənələrimiz
bir araya gələrək səməni
halvası bişirir, ondan hər kəsə pay verilir. Qız gəlinlər bayramın ən özəl nemətlərindən sayılan
şəkərburalara saldıqları
naxışları, paxlavalarının
ləzzətliliyi ilə
seçilməyə çalışırlar.
El adətlərindən qaynaqlanan, təbiətlə
insanın sarsılmaz
vəhdətini əks
etdirən qədim inanclara söykənən
Novruz bayramı insanlarımızın yaddaşına
əbədi həkk olunmuşdur.
Təmtarağı ilə seçilən həmin axşam həyətlərdə yandırılan,
birlik, həmrəylik,
səmimiyyət rəmzi
olan tonqalların ətrafına toplaşanlar
bayramın əsas simalarından olan Kosa ilə Keçəlin
oyunlarına tamaşa
edir, şənlənirlər. Özünə ərzaq toplayan, şən zarafatları ilə hamını güldürən Kosa ilə Keçəlin oyunlarına hamıdan çox maraq göstərən uşaqlar
bu cütlüyün hərəkətlərini təqlid
edir, onlarla birgə oynayırlar.
Evlərdə dəmə qoyulan
zəfəranlı bayram
aşının xoş
ətri ətrafa yayılır.
Bayram günlərində
körpələri alınan
yeni geyimlərlə sevindirmək adəti də Novruza xas milli xüsusiyyətlərimizdəndir. Tonqal ətrafına toplaşan uşaqlar əvvəlcədən
boyanmış qırmızı
yumurtaları “sınaqdan
çıxarır”lar.
Püstə, nabat, noğul,
qoz, fındıq, qoğal, ləbləbidən
ibarət bayram xonçalarından hər
kəsə pay verilir.
Ömrünün yaşanan illərinin
sayı qədər bayram tonqalının istisini ürəyində saxlayan, qız -gəlinlərin sevincində
artıq tarixə qovuşmuş gəncliyini
xatırlayaraq köks
ötürən nənələr
cavanların sevincinə
şərik olurlar.
Babalar belə tonqalların ətrafında gözaltı
etdikləri yarıları
ilə keçirdikləri
gəncliklərini yada
salır, qurduqları
isti ocaqlarından pərvazlanan övladlarının
əhatəsində olduqları
üçün özlərini
xoşbəxt hesab edirlər.
Axır çərşənbənin qədimdən
bəri qorunub saxlanılan xüsusiyyətlərindən
biri də həmin axşam nişanlı qızlara, təzə ailə qurmuş gəlinlərə
bayram xonçasının
aparılmasıdır. Novruzu əbəs
yerə mehribanlıq,
səmimiyyət bayramı
kimi əziz tutmurlar. Bu günlərdə
küsülülər barışır,
qonşular biri-birinə
bayram aşından
pay göndərir.
Gecə ilə gündüzün bərabər olduğu günə təsadüf edən, baharın gəlişindən xəbər
verən Novruzun “bir addımlığında”
olan ilaxır çərşənbə həm
də niyyətlərin
çin olduğu gündür. Məhz axır çərşənbədə
yeniyetmə qız və oğlanlar sevib- seçdikləri yarısına qovuşacağına
əminlik nümunəsi
kimi bağlı qapı arxasında “açar salma” kimi el adətinə inamlarını nümayiş
etdirir, gələcəkləri
ilə bağlı eşitdikləri sözləri
xəyallarında canlandırır,
şirin anlar yaşayırlar. Artıq illərin təcrübəsindən
çıxmış həmin
inanc bu günə qədər də etibarını qoruyub saxlaya bilir. Nənələr, el ağsaqqalları də təsdiqləyir ki, həmin gün eşidilən sözlərin yozumu ürəklərdə tutulan
niyyətlərə işıq
salır, güzgü
kimi əks olunur.
Kəndlərdə mağar, el məclisi qurulur, aşıqlar Azərbaycan xalqına məxsus dastanlardan söz açır, Dədə Qorquddan ərməğan qalmış
sazın, sözün
qüdrətini öz
məharətləri ilə
bir daha göstərirlər.
İlaxır axşamının səhəri,
gün doğmamış,
elliklə axar suda yuyunmaq, bu sudan içmək,
qarşıdan gələn
ilin bolluq, bərəkət gətirməsinin
simvolu olan bulaqlardan daş gətirmək, götürülən
suyu evlərə, həyətlərə səpmək
kimi adətləri yerinə yetirmək də insanlarda sabaha inam yaradan
inanclardandır.
Xalqın bu birliyindən ehtiyatlanan, Sovetlər dönəmində Novruza,
xas xüsusiyyətlərə
İslam donu geyindirmək istəyənlər
niyyətlərinə çata
bilmədilər. Azərbaycan xalqı milli-mənəvi
dəyərlərin əks
olunduğu Novruzu öz atributları, inancları ilə qoruyb saxladı, gələcək nəslə
ərmağan etdi.
Ümummilli lider Heydər Əliyev Novruz bayramının dövlət
səviyyəsində qeyd
olunmasını rəsmiləşdirməklə
insanlarda ünsiyyət,
mehribanlıq, dostluq duyğularını gücləndirdi. Prezident İlham
Əliyevin dediyi kimi sözün əsl mənasında ümumxalq bayramı mahiyyətini illərdən
bəri qoruyan Novruzun respublikamızın
hər bir güşəsində böyük
ruh yüksəkliyi ilə rəsmi səviyyədə geniş
qeyd olunması dövlət müstəqilliyimizin
bəhrələrindəndir. Bayramın kütləvi el şənlikləri
və mərasimləri
ilə dövlət səviyyəsində keçirilməsi
və yurdumuzun hər bir güşəsində
sonsuz sevinclə qarşılanması xalqımızın
tarixi keçmişinə
bağlılığı, varlığının təsdiqidir.
Xalqımızın illərdən bəri
qoruyub yaşatdığı
ən ülvi keyfiyyətləri özündə
cəmləşdirən bayram
kimi Novruzun beynəlxalq səviyyədə
tanınması da təqdirəlayiq haldır.
Novruz bayramının Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri sayəsində
YUNESKO tərəfindən mədəni
irs nümunələri
siyahısına daxil edilməsi Şərq aləmində özünəməxsusluğu
ilə seçilən
bu el şənliyinin bəşəri dəyərlərlə
zənginliyindən xəbər
verir.
Sürətlə dəyişən dünyamızda
qloballaşma proseslərinin
geniş vüsət aldığı bir zamanda Novruz bayramı daşıdığı
bütün məna və rəmzləri ilə xalqımızın
tarixi-mədəni irsinə
son dərəcə bağlı
olduğunu parlaq nümayiş etdirir.
Milli- mənənəvi dəyərlərimizə
daim böyük hörmət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin hər il
Novruz bayramı münasibətilə Azərbaycan
xalqını təbrik
etməsi, paytaxt sakinləri ilə birgə şənliklərdə
iştirakı artıq
ənənə halını
alıb. Paytaxtda və bölgələrdə
keçirilən bayram
yarmarkalarında Prezident
İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun
olaraq süni qymət artımına qarşı mübarizənin
gücləndirilməsi bayram
əhval-ruhiyyəsində olan
insanların sevincini bir daha artırır.
Korrupsiya
və rüşvətxorluğu
böyük bəla adlandıran Prezident İlham Əliyevin ölkə daxilində istehsal olunan kənd təsərrüfatı,
ərzaq məhsullarını
süni şəkildə
bahalaşdıran inhisarçılıq
hallarına qarşı
gördüyü inzibati
tədbirlər xalq tərəfindən böyük
rəğbətlə qarşılanır.
“Bu proses birillik, ya ikiillik proses
deyil və bu kampaniya deyil,
bizim şüurlu seçimimizdir” söyləyən
Prezident İlham Əliyevin tələbinə
müvafiq olaraq bayramqabağı həyata
keçirilən tədbirlər
bütün ailələrin
ərzaq səbətinin
bolluğunda özünü
büruzə verir. Bunun özü ölkə vətəndaşlarına dövlət
başçısının ən layiqli hədiyyəsidir.
...Elimizdə, obamızda bayram əhval-ruhiyyəsi duyulur. Novruz gəlişi ilə
insanlara sevinc bəxş edir. Tonqallarımız gur alovlansın,
ocağımız isti,
süfrələrimiz dolu
olsun. Elimizə, obamıza qədəm
qoyan Novruzumuz - Yeni ilimiz yurdumuza
bolluq, bərəkət
gətirsin.
Xuraman İsmayılqızı
İki sahil.- 2015.- 18 mart.- S.22.