TÜRKSOY-türk dünyasının UNESCO-su

 

Türksoylu jurnalistləri mükafatlandırma tədbirləri bunu bir daha sübut edir

 

Azərbaycan Respublikası Prezidenti yanında Kutləvi İnformasiya Vasitələrinin inkişafına  Dövlət Dəstəyi Fondundan aldığım xoş xəbər məni az qala uşaq kimi sevindirdi: TÜRKSOY-un (Uluslararası Türk Mədəniyyət Təşkilatı) baş katibi Düsen Kaseynovun imzası ilə göndərilən məktubda “TÜRKSOY-un Mətbuat Mükafatı”na layiq görülənlər sırasında mən də var idim. Eyni zamanda məktubda o da bildirilirdi ki, “TÜRKSOY-un Mətbuat Mükafatı”na layiq görülən media nümayəndələri onlar üçün hazırlanmış bir həftəlik xüsusi proqramda iştirak üçün Türkiyəyə dəvət olunur və bütün xərclər TÜRKSOY təşkilatı tərəfindən ödənilir.

 

Bakıdan qarlı-boranlı bir gündə çıxsaq da İstanbul bizi təkcə mənəvi istiliyi ilə yox, həm də çox ilıq bir abi-havası ilə qarşıladı. Bəzi yerlərdə təmizlik işlərindən sonra qalan və diqqəti cəlb edən qar yığnaqları bir-iki gün öncə televizor ekranlarında gördüyümüz qarlı-çovğunlu İstanbulu yenidən xatırlatdı. Amma qış günəşinin o qədər də isti olmayan hərarətində belə qorxan qar-boran sanki canını qurtqrmaq üçün son mübarizəsini aparmaqda idi.  Ankarada isə  hələ soyuq sazaqlar əsməkdə idi. Bütün hallarda bu soyüqlar da Bakıda hərdən bir gördüyümüz, amma bu dəfə bizi Heydər Əliyev adına Beynəlxalq Hava limanından az qala doğmalarımız qədər isti, amma “qarla yola salan” havadan  sonra heç eynimizə deyildi.

Ankaranın “İlci” otelində bizi qonaqpərvərliklə qarşılayan insanlarla ilk tanışlıqlarımız başladı: qarşılanma mərasiminə TÜRKSOY-un  Azərbaycan nümayəndəsi Elçin Qafarlı xanımı ilə gəlmişdi. Turkiyə  Çümhuriyyəti  Baş nazirlik Mətbuat, Nəşr və  İnformasiya İdarəsi rəisinin müavini məsul əməkdaşı Mahmut Buğra Doğan və TÜRKSOY-un içtimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səlim bəy də  jurnalist heyətini qarşılayanlar sırasında idilər. Elə ilk tanışlıqdanca onların yaratdığı səmimiyyət, diqqət və qayğı hər kəsdə səmimi bir fikir yaratdı: sanki bu adamları illərdir tanıyırsan, illərlə tanıdığımız doğmalardan biridir onlar...  Nə yaxçı ki, tədbirlərin sonuna kimi bu qənaət bizi tərk etmədi, əksini bir az da möhkəmləndi və artdı.

Bu sıraya Dağıstanlı həmkarımız, “Yoldaş” kumuk milli qəzetinin redaktoru Kamil Əliyevin, Başqırt Dövlət Televiziyasının və “Başinform” Xəbər Agentliyinin əməkdaşları Gülnaz Yaqubovanın və Leyla Ismuratovanın, Kipr Türk Cümhuriyyətindən qəzetci dostlarımız Məhəmməd Moreket və Əhməd Tolgayın, Türkiyədən  “360 TV”-nin yayın rəhbəri Cingiz Özdemirin, Trabzonun “Taka”  bölgə qəzetinin baş redaktor müavini  Yusuf  Turgutun, Qırğızıstan  televiziyasının redaktoru  Aynura Aldaşevanın, Tataristandan “TATMEDIA” Dövlət Xəbər və “Tatar-Inform” Agentliklərinin əməkdaşları  Rimzil Valeevin, Liutciia Kamalovanın, Hakasiyadan (RF) “Şəms” qəzetinin köşə yazarı Olga Zernakovanın və başqalarının da  adları da əlavə olundu. Beləliklə, 10 türkdilli ölkədən seçilmış  18 media mənsubunu böyük  Türkiyə qayğı və məhəbbətlə bağrına basdı. Proqram çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Türkmənistan, Makedoniya, Başqırdistan, Dağıstan, Hakasya və Tatarıstandan gələn mətbuat mənsubları  22-28 Fevral 2015 tarixləri arasında Ankara, İstanbul və Kapadokyanı ziyarət etdilər.

  Jurnalist heyəti ilk olaraq Ankarada görüşlərə qatıldı. Ankara proqramı çərçivəsində TÜRKSOY-da, T.C. Baş Nazirliyi Mətbuat, Nəşr və İnformasiya Müdirliyi, Baş nazirlik Yurtdışı Türklər və Qohum Topluluklar Nazirliyi, Baş Nazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Nazirliyi (TİKA), Türkiyə Radio və Televiziya Təşkilatı (TRT), Baş Nazirlik Afet və Təcili Yardım Rəhbərliyi Başçılığı və Xarici İşlər Nazirliyində keçirilən görüşlər təkcə informasiyalılıq baxımından deyil, həm də böyük türk dünyasını daha yaxından tanımaq üçün hər birimizə böyük bir şans vermiş oldu.  Jurnalist heyətinin üzvülərinin görüşlər  çərçivəsində səlahiyyətlilərlə qazandıqları təmaslar bir daha sübut etdi ki, Türkiyənin bölgə ilə bağlı daxili və xarici siyasəti və bu yönümdəki layihələri türk dünyasının böyük gələcəyinə möhkəm təməldir. Heç şübhəsiz ki, böyük tarixi keçmişin üzərində bərqərər olan bu təməl gələcəyə baxanda da hər bir türk ğvladında böyük ümidlər yaradır.

Ankaradakı  üçüncü, həm də sonuncu günümüz daha əlamətdar oldu. Ankara Opera Teatrının tarixi binasında jurnalist heyətimiz  türk yazıçı və dramaturqu Haldun Tanerin şərəfinə TÜRKSOY-un “Haldun Taner ili”nin açılış mərasiminə  və “TÜRKSOY-un Mətbuat Mükafatı”nin təqdimat mərasiminə qatılmağımız həm də səfərimizin zirvəsi idi. Türkiyənin Mədəniyyət naziri Ömər Çelik, Azərbaycanın millət vəkillərinin, bir sıra dövlət və içtimaiyyətin nümayəndələrinin, TÜRKSOY rəhbərliyinin qatıldığı mərasim böyük bir qələbəliklə yekunlaşdı. Mərasimdə, Türk mədəniyyətinin tanıdılması və zənginləşdirilməsində fəaliyyətinə və töhfələrinə görə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Türkmənistan, Makedoniya, Başkurtistan, Dağıstan, Hakasya və Tatarıstandan gəlmiş 18 jurnalistlə birlikdə, qardaş Türkiyədən də 5 jurnalistə mükafatlar təntənə ilə təqdim edildi.

Səhəri gün jurnalist heyəti  Kapadokya ziyarətinə yollandılar. Bu tarixi yerin ziyarəti, gördüklərimizdən yaranan təəccüb və heyranlıq hər birimizin qəlbinə hakim kəsilmişdi. Nevşehir ziyarətinin ardından isə yenidən İstanbula gəldik.  Türk Dili Danışan Ölkələr Əməkdaşlıq Şurası (Türk Keneşi), Türkiyə Dövlət Arxivləri Müdirliyi Osmanlı Arxivi Dairə Başkanlığı və Türk Dünyası Bələdiyyələr Birliyində keçirilən  görüşlər hər birimiz üçün maraqlı  olduğu qədər də, həm də məlumat almaq və bilgilərimizi artırmaq baxımından, həyata keçirilən işlərin miqyaslılığının nə qədər sanballı bir təəsürat yaratdığı hər birimizin diqqətində idi. Şübhəsiz ki, bu görüşlərin hər biri ayrı-ayrılıqda daha genış danışıla biləcək və olduqca böyük təsüratlar yarada bilən mövzulardır.

İstanbulun tarixi və mədəni məkanlarına etdiyimiz səfərlərlə proqramımıza nöqtə qoyudu. Amma böyük əminlik hissləri ilə deməliyəm ki, hələ uzun illər bu xoş təəsüratlar hər birimizin xatirində əbədi yer tutacaq və yaddan çıxmayan çox dəyərli bir ərmağan kimi bizi heç zaman tərk etməyəcək. Bütün bunlara görə isə “Çox sağ ol!” deyəcəyimiz məsul qrumlar, onların başında və sırasında duran duygusal insanlar var. Amma mən  onlardan birinin adını böyük ürək və məhəbbətlə dilə gətirmək istərdim: türk dünyasının YUNESKO-su adlandırılan TÜRKSOY  və onun  baş katibi Düsen Kaseinov! İkinci dəfə də TÜRKSOY rəhbəri seçilən, uzun müddət Qazaxstan Respublikasında çox məsul vəzifələrdə çalışan, bu respublikanın mədəniyyət naziri olmuş Düsen Kaseinovun səmərəli və işgüzar fəaliyyəti TÜRKSOY-un həyatında önəmli bir hadisə kimi diqqətəlayiqdir.

Mən də olduqca yığcam olan təəsüratlarımı  ölkəmizin həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva ediən və onun həyata keçirilməsini məqsədli dövlət proqramları vasitəsi ilə gerçəkləşdirən  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında göstərilən  “Azərbaycan xalqının zəngin adət və ənənələrinin təbliği, milli bayram və mərasimlərin qorunub saxlanılması, tarixi rəmz və abidələrin bərpası, milli musiqi və rəqslərin təşviqi, şifahi xalq yaradıcılığının qorunması, xalq oyun və tamaşalarının bərpası, təsviri, dekorativ və miniatür sənətinin zəngin ənənələrinin inkişaf etdirilməsi, dünyanın nüfuzlu muzeylərində saxlanılan Azərbaycan incəsənəti nümunələrinin öyrənilməsi və onların Azərbaycana aid olmasının təsdiqlənməsi, UNESCO, ISESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatlarda təsviri sənətimizin təbliği və tanıdılması istiqamətində zəruri işlər görüləcəkdir” fikiri ilə tamamlayıram. Göründüyü kimi möhtərəm prezidentimiz cənab İlham Əliyevin, o cümlədən TÜRKSOY təşkilatına verdiyi yüksək qiymət hələ üzun illər də dəyərini və aktuallığını saxlayacaqdır.

 

Namiq Əhmədov,

TÜRKSOY-un Media Mükafatçısı

 

Redaksiyadan: Azərbaycandan AzTv “Turan” proqramının müəllifi Zərnişan Turan, “Xalq qəzeti”nin əməkdaşı  Namiq Əhmədov və “Mədəniyyət” qəzetinin müxbiri Mehparə Sultanova mükafata layiq görülənlər arasındadırlar. Həmkarlarımızı ürəkdən təbrik edirik.

 

İki sahil.- 2015.- 20 mart.- S.28.