Yeni strategiya, yeni hədəflər

 

2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası nələr vəd edir

 

Ümummilli lider Heydər Əliyev milli ideologiyası işığında sürətlə irəliləyən Azərbaycan tarixi zaman baxımından çox qısa dövr çərçivəsində regionun lider dövlətinə çevrilmişdir. Bu gün Azərbaycanın iqtisadi gücü ümumilikdə Qafqazın iqtisadi gücünün 80 faizə yaxınını təşkil edir. Regionda Azərbaycanın iştirak etmədiyi heç bir siyasi və iqtisadi layihə uğurlu sayıla bilməz. Bu gün iqtisadiyyatın artım tempinə görə dünyada lider dövlətlər sırasında olan Azərbaycan regionun təhlükəsizlik qarantıdır.

 

Cənab İlham Əliyevin son on bir ildə ölkəmizə rəhbərliyi dövründə Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənib, müsbət imici formalaşıb. Artıq Azərbaycan deyəndə sadəcə bir neft ölkəsi deyil, tolerant bir cəmiyyət, güclü iqtisadiyyata malik etibarlı tərəfdaş başa düşülür.

Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bəyan etmişdir ki, hazırda ölkə qarşısında duran əsas məsələlərdən biri neft kapitalının insan kapitalına çevrilməsidir. Heç şübhəsiz, insan kapitalının mərkəzində gənclər dayanır. Cəmiyyətin fəal təbəqəsi olan gənclərin bir araya gəlməsi, dövlətin gələcək taleyi baxımından son dərəcə əhəmiyyətli rol oynaması Prezident İlham Əliyevin 2009-cu il noyabrın 20-də “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” İctimai Birliyinin təsis qurultayına ünvanladığı təbrik məktubunda da əhatəli şəkildə qeyd edilir: “Siz gənclər müstəqil Azərbaycanda həyata göz açmış nəslə mənsub insanlar olaraq azad ölkənin azad vətəndaşları kimi böyüyüb başa çatmağınızla fəxr etməlisiniz, müstəqilliyin qazanılmasında xidmətlər göstərmiş insanların müasirləri olmaqdan qürur hissi keçirməlisiniz. Eyni zamanda, sizin qarşınızda böyük vəzifələr dayanır. Bu isə ölkəmizin qüdrətinin daha da artırılması, xalqımızın rifah halının yaxşılaşdırılması naminə günün tələblərinə cavab verən bilik və bacarıqlara yiyələnmək tələbini irəli sürür. Qloballaşan və sürətlə dəyişən dünyanın reallıqları ən yeni texnologiyaların sirlərini mənimsəməyi, onlardan çevik faydalanmağı olduqca aktual edir. İnformasiya cəmiyyətinin qurulması yolunda uğurlu addımlar atan Azərbaycan sizin simanızda milli mənəvi dəyərlərimizi, ana dilimizi, adət-ənənələrimizi qoruyub yaşadan və ümumbəşəri ideyaları mənimsəyərək dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya proseslərinə töhfələr verməyə hazır olan nəslin nümayəndələrini görür. Sizin ahəngdar surətdə hərtərəfli şəxsiyyət kimi yetişməyiniz üçün ölkəmizdə hər cür şərait vardır”.

Bu gün Azərbaycan gənclərin inkişafına göstərilən diqqətin nə qədər yüskək olduğunu digər ölkələrin gənclər siyasəti ilə müqayisə zamanı açıq-aydın görürük. Məhz bu səbəbdəndir ki, gənclər siyasətində Azərbaycan modeli yaranmağa başlayıb. Bu modelin resursları isə səmərəli və düzgün formada insan kapitalının inkişafına yönəldilməsi üzərində qurulub. Ölkə Prezidenti cənab İlham Əliyevin 2005-ci ilin avqustunda təsdiq etdiyi “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, 2007-ci ilin “Gənclər ili” elan edilməsi, elm, təhsil, mədəniyyət, dövlət idarəçiliyi, ictimai-siyasi və digər sahələrdə yüksək nailiyyətlər qazanmış gənclərin əməyinin qiymətləndirilməsi məqsədilə müxtəlif mükafatların təsis edilməsi, gənclər forumlarının, tələbələrin və yaradıcı gənclərin I ümumrespublika toplantısının keçirilməsi, gənc liderlər məktəbinin yaradılması, gənc ailələrə və hərbi qulluqçulara ipoteka kreditlərinin verilməsi və s. kimi layihələrin həyata keçirilməsi dövlət gənclər siyasətininn ən mühüm tərkib hissəsi kimi gənclərin cəmiyyət həyatında fəallığının artırılmasına mühüm töhfələr verdi. Gənclər siyasətinin ən vacib istiqamətlərindən biri kimi “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə (2007-2015) Dövlət Proqramı”na əsasən xarici ölkələrə təhsil almağa göndərilən gənclərin sayı son illərdə artırılaraq 4 min nəfərdən, 5 min nəfərə çatdırılmışdır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2011-ci ildə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul edilməsi və bu Sərəncama uyğun olaraq yeniyetmə və gənclərin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin daha da gücləndirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinə kömək göstərilməsi, sosial problemlərinin həlli, o cümlədən yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısının artırılması, onların mənzil şəratinin yaxşılaşdırılması, gənclərin dövlət quruculuğu işlərinə geniş cəlbi, milli ədəbi irsə bağlılığının təmin edilməsi və digər məqsədlərə xidmət göstərən kompleks tədbirlər ötən 4 il ərzində uğurla həyata keçirilmişdir.

Prezident İlham Əliyev 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası”nı təsdiq edib. Strategiyada gənc nəsilin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakı, minlərlə gəncin beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil etməsi vurğulanır. Eyni zamanda idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlmiş, gənclər mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəal rol oynamışdır. Son illər ərzində gənclərin ictimai fəallığı yüksəlmiş, onların idarəetmədəki rolu artmışdır: “Azərbaycanın ümummilli lideri Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra gənclər daim dövlətin diqqət mərkəzində olmuşlar. Gənclər siyasətini tənzimləyən normativ hüquqi baza və onun həyata keçirilməsi üçün cavabdeh olan mərkəzi icra hakimiyyəti orqanı - Gənclər və İdman Nazirliyi yaradılmışdır. Gənclərin problemlərinin həlli üçün müxtəlif dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsinə, beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanmışdır. Gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər sahələrdə dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu diqqətin bariz nümunəsi olaraq 2 fevral - Azərbaycan Gəncləri Günü elan edilmiş, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin ictimai əhəmiyyət daşıyan təşəbbüslərini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu təsis olunmuşdur. Ən əsas nəticə isə odur ki, müstəqil Azərbaycanda gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət gənclər siyasəti formalaşdırılıb və uğurla həyata keçirilir”. Strategiyada, həmçinin qeyd olunur ki, Azərbaycan Respublikasının beynəlxalq miqyasda öz layiqli yerini tutması gənclərin üzərinə də müəyyən vəzifələr qoyur. Belə ki, ölkəmizi xaricdə yüksək səviyyədə təmsil etmək onların xarici dillərə mükəmməl yiyələnməsi, vətənpərvər olması və azərbaycançılıq ruhunda tərbiyə edilməsi vacib şərtlərdir: “Gənclər vətəndaş cəmiyyətinin inkişafında aparıcı rol oynamalı, onların ictimai fəallığının bundan sonra da dəstəklənməsi üçün müvafiq şərait formalaşdırılmalıdır”,-deyə Strategiyada bildirilir.

Strategiya həm də fərdi və ictimai əmin-amanlığı təmin etmək məqsədi ilə mövcud sosial-iqtisadi imkanlardan gənclərin potensialını gücləndirmək, cavabdehliyini yüksəltmək üçün səmərəli istifadə olunmasını nəzərdə tutur. 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaq cəhətdən bir çox vəzifələrin yerinə yetirilməsi qarşıya məqsəd qoyulub. Gənclər siyasəti sahəsində çalışan mütəxəssislərin bilik və bacarıq səviyyəsini yüksəltmək, gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək, televiziya kanallarında yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-populyar verilişlərin hazırlanmasına, internet, jurnalistika, bloqçuluq və digər sahələrdə gənclərin bacarıqlarını artıran təlimlər təşkil etmək, müsabiqələr vasitəsilə daha istedadlı olanları üzə çıxarmaq və onların inkişafını dəstəkləmək, gənclər arasında ixtisas və peşə seçimi, əmək bazarı və məşğulluq haqqında məlumatlılıq səviyyəsini artırmaq, gənc mütəxəssislərin bilik və bacarıqlarını işəgötürənlərin tələblərinə uyğunlaşdırmaq məqsədi ilə beynəlxalq standartlara cavab verən təhsil proqramları hazırlamaq və tətbiq etmək, regionlarda yaşayan gənclərin təhsil, məşğulluq və mədəniyyət sahəsində imkanlarını genişləndirmək, elmi-tədqiqat institutlarında çalışan gənc alimləri müasir, lisenziyalı, xüsusi ixtisaslaşdırılmış İKT paket proqramları ilə təchiz etmək, habelə internet vasitəsilə dünya elektron kitabxanalarına pulsuz girişi təmin etmək, dövlət və yerli özünüidarəetmə orqanlarının işində gənclərin fəal iştirakına nail olmaq, xarici ölkələrdə yaşayan və ya təhsil alan gənclərin fəaliyyətini əlaqələndirmək, onlar tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya yayılması istiqamətində aparılan işlərə konsultativ, təşkilati və maddi-texniki dəstək göstərmək, sağlamlıq imkanları məhdud və əlil olan, qaçqın və məcburi köçkün, xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş gənclərin sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görmək, aztəminatlı gənc ailələrin sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən mütəmadi işlər aparılmasını təmin etmək gənclər strategiyasının 10 ildə qarşıya qoyduğu ən vacib məqsəd və vəzifələrdəndir.

Təbii ki, bu vəzifələrin uğurla icrası 2025-ci ilin sonuna qədər gənclər arasında təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artması, gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi səviyyəsinin yüksəldilməsi, gənclər arasında işsizliyin səviyyəsinin aşağı salınması, ali və orta ixtisas təhsili müəssisələri məzunlarının öz regionlarında ixtisaslarına uyğun işlə təmin edilməsi, gənclərin və gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması mexanizmlərinin davamlı olaraq təkmilləşdirilməsi, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, elm və texnika sahəsində çalışan gənclərin sayının artırılması, mədəniyyət və incəsənət, o cümlədən teatr, kino, dizayn və memarlıq sahəsinə gənclərin marağının yüksəldilməsi, ölkənin regionlarında yaradıcı gənclərin çıxışlarının, sərgilərinin və ustad dərslərinin təşkil edilməsi, habelə xarici dövlətlərdə onların yaradıcılığının layiqincə təqdim və təbliğ edilməsi, gənclərin beynəlxalq əlaqələrinin, habelə Azərbaycan üçün prioritet kəsb edən ölkələrin gəncləri ilə əlaqələrinin inkişaf etdirilməsi kimi məsələlərə nail olunması Strategiyanın əsas və vacib gözləntilərindəndir.

Sevindirici haldır ki, ölkəmizdə sistemli şəkildə həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində qəbul edilən proqramlar, imzalanan sərəncamlar Naxçıvan Muxtar Respublikasında da uğurlu və sistemli şəkildə həyata keçirilmişdir. Muxtar Respublika gəncliyi gənclər siyasətinin ətrafında sıx birləşmiş, bilik və bacarıqlarını nümaiş etdirərək sosial iqtisadi, mənəvi-mədəni sahələrdə, hüquqi dövlət və vətəndaş cəmiyyəti yolunda ölkəmizin uğurlu addımlar atmasında yaxından iştirak etmişdir. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası”nın təsdiq edilməsi böyük istedada idarəetmə qabiliyyətinə malik Prezident İlham Əliyevin ölkəmizin uzaq hədəflərinə hesablanmış səmərəli siyasət kursu həyata keçirdiyini bir daha təsdiqləyir. Bütün ölkə gəncləri kimi, Muxtar Respublika gəncləri də yeni hədəflərə hesablanmış Strategiyanın həyata keçirilməsində iştirak edərək indiyədək qazanılmış nailiyyətlərin daha da möhkəmləndirilməsinə və davamlı inkişafına öz töhfələrini verəcəklər.

 

Arzu Abdullayev

NDU tələbə gənclər

təşkilatının sədri, doktorant

 

İki sahil.- 2015.- 20 mart.- S.25.