Bu gün dünyada Azərbaycanın
uğurlu inkişaf modeli var
Dövlətimizin
başçısı İlham Əliyevin böyük qətiyyət
və inamla səsləndirdiyi bu fikir Azərbaycanın beynəlxalq
maliyyə qurumlarının hesabatlarında islahatçı
ölkə kimi mövqeyini möhkəmləndirməsində
də özünü təsdiqləyir
İnkişafın Azərbaycan modelinin mövcudluğu və beynəlxalq səviyyədə təqdir olunması, ən əsası beynəlxalq maliyyə qurumlarının hesabatlarında islahatçı ölkə kimi yerini möhkəmləndirməsi bir daha bu reallığı təsdiqləyir ki, qarşıdakı illər ölkəmiz üçün daha möhtəşəm uğurlarla yadda qalacaq. Məhz bu inam və əminlikdən irəli gələrək biz Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyirik.
Ölkədə iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvü bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, eləcə də cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq Azərbaycan dövlətinin siyasətində əsas yer tutur.
Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı uğurların fonunda hazırlanan və təsdiqlənən, bütün sahələrdə inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıdakı illər üçün müəyyənləşdirilən əsas məqsədlərdən biri də bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirməkdir.
Hər bir sahənin inkişafında iqtisadi tərəqqinin
əsas rol oynadığını nəzərə alıb,
öncə sosial-iqtisadi göstəricilərə nəzər
salaq. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrasının
birinci ilinin yekunlarına həsr olunan iclasda səsləndirilən
rəqəmlər bir daha gələcək inkişaf barədə
aydın təsəvvür yaratdı. “Statistik rəqəmlərə
baxdıqda hər kəs görə bilər ki, biz nə qədər
böyük yol keçmişik” söyləyən dövlət
başçısı İlham Əliyev bildirir ki, son 11 ildə
Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan
ən sürətlə inkişaf edən ölkə olub.
2004-cü ildən bu günə qədər ümumi daxili məhsul
3,4 dəfə, sənaye məhsulları istehsalı 2,7 faiz
artıb. Müqayisə üçün qeyd edək ki,
2004-cü ildə valyuta ehtiyatımız 1,8 milyard dollar idisə,
bu gün 50 milyard dollardan çoxdur. On bir ildə ölkə
iqtisadiyyatına qoyulan investisiyaların həcmi 180 milyard
dollardır. Son on bir ildə iqtisadiyyatın şaxələndirilməsi
istiqamətində atılan addımların uğurlu nəticələri
göz qabağındadır. “Azərbaycanın hərtərəfli
inkişafına nail olmaq üçün islahatlar regionlar
üzrə, proqramlar əsasında həyata keçirilməlidir.
Gələcək planlarımızı həyata keçirmək
üçün Azərbaycanda ilk növbədə maliyyə
intizamı olmalıdır” deyən Prezident İlham Əliyev
eyni zamanda bildirir ki, ən ucqar kəndlər də iqtisadi
inkişafı öz həyat tərzində hiss etməlidir:
“Yalnız bütün əhalimiz özünün daha
yaxşı yaşadığını hiss etdiyi bir vaxtda,
hökumətimiz vəzifəsini yerinə yetirmiş hesab edə
bilər. Budur, bizim məqsədimiz-vətəndaşlara eyni
şərait yaratmaq.”
2004-2008,
2009-2013-cü illər üçün nəzərdə
tutulan regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramlarının uğurlu icrası 2014-2018-ci illəri əhatə
edən Dövlət proqramının qəbulunu və
icrasını şərtləndirdi. Bakı və Bakıətrafı
qəsəbələrin sosial-iqtisadi inkişafına dair
Dövlət proqramlarının uğurlu icrası da ölkənin
hərtərəfli inkişafında əhəmiyyətli rol
oynayır. Liberal iqtisadi islahatların davam etdirilməsi ilə
bütün sahələr üzrə qanunvericilik bazası
formalaşdırıldı, təkmilləşdirilərək
beynəlxalq standartlara uyğunlaşdırıldı.
İqtisadiyyatda keçid mərhələsini başa vuran Azərbaycan
özünü tam təmin edən ölkəyə
çevrildi. Bu gün nəinki paytaxt, hətta bölgələrimiz
sosial-iqtisadi inkişafı ilə dünyanın diqqətindədir.
Bu gün regionlar arasında sağlam rəqabətin getdiyi inkaredilməzdir.
Azərbaycan quruculuq meydançasına çevrilib. Dövlət
başçısı İlham Əliyevin regional inkişaf
proqramlarının icrası ilə yaxından
tanışlıq məqsədilə mütəmadi bölgələrdə
səfərdə olması, yeni obyektlərin
açılışında və təməlqoyma mərasimlərində
iştirakı, insanların problemləri ilə yaxından
tanış olması qarşıya qoyulan məqsədlərin
yüksək səviyyədə həyata keçirilməsinə
stimul olmaqla yanaşı, ictimaiyyətdə böyük ruh
yüksəkliyi yaradır. Bu, eyni zamanda onun təsdiqidir ki,
dövlətin siyasətində vətəndaş amili ön
sırada dayanır. Dövlət başçısı
İlham Əliyevin ayrı-ayrı rayonların sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair sərəncamları
əsasında dövlət büdcəsində nəzərdə
tutulmuş Prezidentin Ehtiyat Fondundan vəsaitlərin
ayrılması da diqqət və qayğının təzahürüdür.
Son 11 ildə bir milyon 360 min yeni iş yeri yaradılıb.
İşsizlik və yoxsulluq probleminin aradan
qaldırılması istiqamətində atılan
addımların nəticəsidir ki, hazırda ölkədə
işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir.
Dövlət başçısı İlham Əliyev bu
inamı ifadə edir ki, 2015-ci ildə görüləcək
işlər, yeni, infrastruktur layihələrinin, sosial
proqramların icrası nəticəsində yoxsulluğun səviyyəsi
daha da aşağı düşəcək və 11 il bundan əvvəl
qarşıya qoyulan - Azərbaycanda yoxsulluq tamamilə aradan
götürülməlidir vəzifəsi təmin ediləcəkdir.
“Ölkəmizdə
bütün istiqamətlərdə işlər plan üzrə,
proqramlar üzrə gedir” deyən dövlət
başçısı İlham Əliyev neft gəlirlərinin
idarə olunmasında şəffaflığın yüksək
səviyyədə təmin edilməsinin
uğurlarımızda rolunu xüsusi vurğulayır: “Bizim əsas
məqsədimiz bu vəsaiti qorumaqdır... Bu gün Dövlət
Neft Fondunun investisiya və yerləşdirmə portfeli də
genişlənir. Bu, təbiidir. Necə ki, biz ölkə
iqtisadiyyatını şaxələndiririk, yeni sahələrə
üstünlük veririk, strateji valyuta ehtiyatlarımız da həm
əhəmiyyətli, həm də daha səmərəli
şəkildə lazım olan sahələrə
qoyulmalıdır.” Dövlət Neft Fondunun vəsaitlərinin
həcmi 37 milyard dollardan artıqdır. Fondun vəsaitləri
hesabına həyata keçirilən sosial-iqtisadi layihələr
ölkənin hərtərəfli inkişafını təmin
edir.
Beynəlxalq
əhəmiyyətli enerji layihələrini gerçəkləşdirməklə
iqtisadi qüdrətini artıran Azərbaycanın Avropanın
enerji təhlükəsizliyində rolu möhkəmlənir.
İnkişafın Azərbaycan modelinin daha da zənginləşdirilməsi
üçün dünya bazarlarında yeni ünvanların əldə
olunmasını vacib hesab edən Prezident İlham Əliyev ilk
növbədə alternativ variantların seçiminə diqqətlə
yanaşır. Avropa İttifaqı ölkələrinin enerji
təhlükəsizliyinin təminatında böyük
imkanlara malik Xəzəryanı ölkələrin karbohidrogen
ehtiyatlarından istifadə məsələlərinin
müzakirəsində regionda geosiyasi cəhətdən daha əlverişli
məkanda yerləşən Azərbaycana üstünlük
verilməsi də siyasi cəhətdən sabit, sərmayələr
üçün etibarlı məkan olan ölkəmizə
maraqdan irəli gəlir. Prezident İlham Əliyevin söylədiyi
kimi, Azərbaycanın iştirakı olmadan heç bir beynəlxalq
layihənin reallaşması mümkün deyil. Neft
strategiyasının uğurla davam etdirilməsi
üçün dünya birliyində daha çox müzakirə
olunan neft-qaz kəmərlərinin daha əlverişli, milli maraqlarımıza
və dövlətçilik mənafeyimizə uyğun
variantlarının həllinə üstünlük verilir.
Dövlət başçısı İlham Əliyev bildirir:
“Azərbaycan Avropa istehlakçıları üçün əvəzedilməz
ölkəyə çevrilir. Bu nə deməkdir? Bunu
çox izah etməyə də ehtiyac yoxdur. Biz Avropanın
enerji təhlükəsizliyinin təmin edilməsində
öz rolumuzu oynayırıq və getdikcə bu rol artacaq.
Çünki Avropa üçün yeganə yeni qaz mənbəyi
Azərbaycandır. Bütün başqa mənbələr -
onlar artıq var. O mənbələrin ehtiyatlarını
müxtəlif yollarla, yəni, yeni yollarla Avropaya nəql etmək
mümkündür. Belə layihələr var, lakin yeni mənbə
ancaq Xəzər hövzəsidir və Azərbaycandır. Biz
bu məsuliyyəti öz üzərimizə
götürmüşük. Əminəm ki, bu layihəni də
uğurla icra edəcəyik. Çünki bu günə qədər
bir dənə də layihə olmamışdır ki, biz onu
başlayaq və icra etməyək. Həm
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, həm də
Bakı-Tbilisi-Qars, yəni, beynəlxalq layihələrdən
söhbət gedir. Əminəm ki, Cənub Qaz Dəhlizi də
tam şəkildə icra ediləcəkdir.” Azərbaycanın
enerji resurslarının zənginliyindən, regionun təhlükəsizlik
mühitində müsbət rolundan, sabitlik faktoru,
islahatçı ölkə olmasından geniş bəhs edən
dünya mətbuatında bu reallıq da öz əksini
tapır ki, ölkəmizin iqtisadi imkanlarının genişlənməsi
onun beynəlxalq münasibətlər sistemində yeri və
roluna da öz müsbət təsirini göstərir.
Azərbaycanın
bu gün beynəlxalq maliyyə qurumlarının
hesabatlarında birinciliyi ələ almasında da uğurlu
sosial-iqtisadi islahatları əhəmiyyətli rol oynayır.
Dünya İqtisadi Forumunun, Dünya Bankının hesabatlarında
islahatçı respublika kimi təcrübəsi təbliğ
olunan, MDB ölkələri üzrə lider dövlət
statusunu, nüfuzunu qoruyan ölkəmizdə sənaye
potensialının gücləndirilməsi, yeni istehsal sahələrinin
yaradılması, minlərlə yeni obyektin, milyondan çox
yeni iş yerinin açılması, sahibkarlığın
inkişafına dövlət dəstəyinin daha da genişləndirilməsi
müsbət hal kimi qeyd olunur. Keçirilən beynəlxalq tədbirlərdə
Azərbaycanın bütün dünyaya nümunə ola biləcək
yeni geoiqtisadi regional güc mərkəzi modeli
yaratdığı xüsusi vurğulanır, bildirilir ki, 20 il
Azərbaycanla eyni səviyyədə qərarlaşan postsovet
ölkələri indi iqtisadi inkişaf səviyyəsinə
görə respublikamızla rəqabətdə çətinlik
çəkirlər. Hazırda Azərbaycan kredit reytinqinin səviyyəsinə
görə MDB məkanında ən irəlidə gedən ölkələrdəndir.
Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən
qeyri-neft sektorunun inkişafı istiqamətində atılan
addımlar öz müsbət nəticəsini verməkdədir.
Ayrı-ayrı dövrləri əhatə edən “Azərbaycanda
Sahibkarlığın İnkişafı” Dövlət
Proqramı, “Azərbaycanda kiçik və orta
sahibkarlığa Dövlət Yardımı Proqramı”, “Azərbaycan
Respublikasında kiçik və orta sahibkarlığın
inkişafının Dövlət Proqramı”, “Yoxsulluğun
azaldılması və iqtisadi inkişaf üzrə Dövlət
Proqramı”, Regionların sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramları və digər sənədlərin
uğurlu icrasının davamı olaraq hazırda “Azərbaycan
Respublikasının məşğulluq strategiyası”
(2006-2015-ci illər), “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı” və
digər vacib sənədlər uğurla icra olunur və
qarşıya qoyulan məqsədə çatmaq
üçün əsas yaradır.
Son illərdə
əhalinin sosial müdafiəsinin gücləndirilməsini, əhalinin
rifah halının yüksəldilməsini təmin edən
islahatlar da diqqətəlayiqdir. Aparılan islahatlar göstərdi
ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi,
yeni iş yerlərinin açılması, əməkhaqqı
siyasətinin davam etdirilməsi, yoxsulluğun səviyyəsinin
aşağı salınması, məşğulluq siyasətinin
tətbiqi populist vədlər deyil, reallıqdır. Cənubi
Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahiblik edən
Azərbaycanda orta pensiyanın səviyyəsi 221, orta aylıq
əməkhaqqının səviyyəsi isə 565
dollardır. Dövlət başçısı İlham
Əliyev daim bildirir ki, respublikanın sosial-iqtisadi
inkişafı ilə bağlı hazırlanan proqramlarda
islahatlar keyfiyyətcə yeni mərhələ üzrə
inkişaf etdirilməli, iqtisadiyyatda, insanların sosial
müdafiəsində müsbət meyillər gücləndirilməli,
regionda və dünyada baş verən proseslər təhlil
olunmalı, öyrənilməli, milli mənafe və dövlətçilik
maraqları baxımından tətbiq olunmalıdır. “Bizim
növbəti onilliklərlə bağlı planlarımız
olduqca aydındır” söyləyən Prezident İlham
Əliyev 2020-ci ilədək ümumi daxili məhsulun iki dəfə
artırılmasını qarşıya mühüm vəzifə
kimi qoyur: “Azərbaycan yüksək gəlirli ölkəyə
çevriləcəkdir. Bu, bizim məqsədimizdir.”
Cari ilin
arxada qalan dövründə ölkəmizin ayrı-ayrı
sahələrdə qazandığı uğurlara diqqət
yetirmək kifayətdir ki, ümumi il haqqında aydın təsəvvür
yaransın. Dövlət başçısı İlham
Əliyev bu inamı ifadə edir ki, 2015-ci il də Dünya
Bankının növbəti “Doing Business 2015” hesabatında
ölkəmizin ən çox islahat həyata keçirən
ilk 10 ölkə sırasında qərarlaşması da Azərbaycanın
uğurlarının davamlılığını təsdiqləyir.
Dünya Bankı hər il 189 ölkədə biznes mühitinə
dair qiymətləndirmə hesabatı hazırlayır və dərc
edir. Azərbaycanın bu hesabatlarda daim öz liderliyini
qoruması həyata keçirilən biri-birindən əhəmiyyətli
tədbirlərin uğurlu nəticəsidir.
Göründüyü kimi, inkişaf, tərəqqi, yeniləşmə və müasirləşmə Azərbaycanda dövlət siyasətinin əsasını təşkil edir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapan hədəflərin nəzərdə tutulan dövr ərzində reallığa çevriləcəyinə böyük əsaslar vardır. Ən önəmlisi budur ki, bu gün Azərbaycan nadir inkişaf modeli ilə dünyanın diqqət mərkəzindədir. Dövlətimizin başçısı İlham Əliyev böyük inam və qətiyyətlə bildirir: “Bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var. Artıq biz bu barədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır. Siyasi, iqtisadi islahatlar, müstəqil siyasət, dinlərarası dialoq, yüksək səviyyəli milli dini tolerantlıq, dözümlülük, sosial siyasət və görülən işlər göz qabağındadır. Bunu dost görür sevinir, düşmən gəlib görəndə kefi pozulur. Biz bundan sonra da elə işləməliyik ki, xalqımız, dostlarımız sevinsin, düşmənin pis niyyəti gözündə qalsın. Əminəm ki, belə də olacaq, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir.”
Yeganə
Əliyeva
İki sahil.- 2015.- 20 mart.- S.18.