Azərbaycandakı sabitlik və əminamanlıq
ən böyük
uğurlarımızdan biridir
Yeni Azərbaycan Partiyasının
Siyasi Şurasının üzvü, partiyanın Nəsimi
rayon təşkilatının sədri, Milli Məclisin
deputatı Məlahət İbrahimqızının müsahibəsi
- Məlahət
xanım, bir neçə gün öncə Nazirlər
Kabinetinin Milli Məclisdə illik hesabatı təqdim olundu.
Ümumiyyətlə, Azərbaycanın sosial-iqtisadi sahədə
həyata keçirdiyi siyasəti necə qiymətləndirirsiniz?
- Təbii ki, dünyada çox mürəkkəb proseslərin baş verdiyi şəraitdə Azərbaycandakı sabitlik və əminamanlıq ən böyük uğurlarımızdan biridir. Hökumətin illik hesabatında da biz bu nailiyyətləri bir daha hiss etdik. Azərbaycanın bütün sahələrdə uğurlar qazanması bir faktdır. Həmin hesabatda da ötən il ərzində qazanılmış nailiyyətlər sadalandı.
İqtisadiyyatımız inkişaf edir, əhalinin sosial müdafiəsi daim gücləndirilir, təhlükəsizliyimiz diqqət mərkəzindədir. Artıq iqtisadiyyatın qeyri-neft sektoru da sürətlə inkişaf edir. Sənaye müəssisələri, texnoparklar, loqistik mərkəzlər yaradılır. Bütün bunlar çox yaxşı hal olmaqla yanaşı, həm də yeniliklərdir. Məsələn, texnoparklar sözünün özü leksinomuza yeni daxil olub. Onun bir sahə kimi artıq iqtisadiyyatımıza daxil olması böyük faydalar verəcək.
Eləcə də, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları nəticəsində bölgələrimizin siması tamamilə dəyişir. Prezident İlham Əliyevin vurğuladığı kimi bizim həyata keçirdiyimiz siyasətin arxasında konkret proqramlar, layihələr və nəticələr dayanır. Həqiqətən də, bu gün biz bu siyasətdən doğan proqramların uğurlu nəticələrini görürük. Bu proqramlar nəticəsində yeni yollar çəkilir, müəssiələr, yeni iş yerləri açılır, sosial obyektlər istifadəyə verilir. Məsələn, keçmiş SSRİ-dən bizə 5000-ə qədər məktəb miras qalmışdı ki, onların böyük əksəriyyəti istismara yararsız idi. Amma bu gün ölkəmizdə bütün təhsil ocaqları ya yenidən inşa olunur, ya da əsaslı təmir edilərək istifadəyə verilir. Eləcə də, tibb müəssiələləri də yenidən qurulur, ən müasir avadanlıqlarla təmin olunur.
Mən Heydər Əliyev Fondunun da fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Fond mühüm layihələr həyata keçirir. Ötən il ərzində də Heydər Əliyev Fondu uğurlu layihələr reallaşdırıb.
Həmçinin, ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün münbit şərait var. Millət vəkili seçildiyim Şəmkir rayonunda da böyük abadlıq və quruculuq işləri həyata keçirilir. Kənd təsərrüfatının inkişafından söz düşmüşkən, deməliyəm ki, Şəmkir çayının üzərində tikilən su anbarı böyük əhəmiyyət kəsb edir. Bu su anbarı on minlərlə hektar torpağı suvarma gücünə malikdir. Nəzərə alsaq ki, aqrar sahənin inkişafı üçün suvarma məsələsi həyati əhəmiyyətə malikdir, bu, çox möhtəşəm bir layihədir.
Eyni zamanda, belə bir dəryaçanın tikilməsi bölgədə turizmin inkişafına şərait yaradacaq. Çünki bu su anbarı əsrarəngiz bir təbiətə malik olar ərazidə yaradılıb. Ona görə də, burada turizmin inkişafı üçün böyük imkanlar var.
Təbii ki, müəyyən problemlər də var. Azərbaycan
dünyanın bir parçasıdır. Ona görə
də, dünyada baş verən proseslər ölkəmizin
iqtisadiyyatına da müəyyən təsirlər edir.
Amma başqa ölkələrlə müqayisədə,dünyadakı böhran Azərbaycan iqtisadiyyatına
cüzi təsir edib. Bu da ölkəmizdə həyata
keçirilən düzgün sosial-iqtisadi siyasətin nəticəsidir.
- Bugünlərdə TANAP
layihəsinin təməli qoyuldu. Sizcə, bu layihənin əhəmiyyəti
nədən ibarətdir?
-
Ümumiyyətlə, TANAP, TAP layihələri ölkəmizin
beynəlxalq müstəvidə nüfuzunu artıran layihələrdir.
Bu layihələr Avropanın enreji təhlükəsizliyin təminatçısı
kimi Azərbaycanın
rolunu artırır. Ümumiyyətlə,
Şahdəniz layihəsi çox böyük tarixi hadisədir.
Amma ölkəmizin imza atdığı möhtəşəm
layihələr bununla bitmir. Mən
Bakı-Tbilisi-Qars dəmiryolunun da böyük əhəmiyyətini
vurğulamaq istəyirəm. Bugünlərdə Qarsda Azərbaycan,
Türkiyə və Gürcüstan prezidentlərinin
iştirakı ilə bu layihənin növbəti mərhələsinin
təqdimatı oldu. Yaxın zamanlarda dəmiryolunun
inşasının başa çatması gözlənilir.
Biz belə möhtəşəm layihələrin
reallaşdırılmasından qürur duyuruq. Bütün bunlar ölkəmizin imicinin daha da
yüksəlməsinə təsir göstərir, həm də
Azərbaycanı etibarlı tərəfdaş kimi dünyaya təqdim
edir. TANAP, TAP və digər enerji layihələri
ölkəmizin əməkdaşlıqda, işbirliyində
etibarlı olmasının sübutudur. Bu
da Azərbaycanın gücüdür.
Fikrimcə, Azərbaycanın beynəlxalq nüfuzu və
gücü artdıqca, Qarabağ probleminin həllinə
addım-addım yaxınlaşırıq. Artıq dünyada ermənilərin
işğalçılıq siyasəti ifşa olunur, həqiqətlər
öz yerini tutur. Azərbaycan həqiqətlərrinin
yayılmasında böyük nailiyyətlər əldə
etmişik. Dünya ictimiyyəti ermənilərin
ikiüzlülüyünü, işğalçı siyasətinin
əsil mahiyyətini bilir. Hətta Avropa
İnsan Haqları Məhkəməsi də uydurma «erməni
soyqırımını» tanımaqdan imtina edib. Ermənilər bu sahədə də uğur qazana
bilmirlər. Bütün bunlar Azərbaycan
Türkiyənin birgə olaraq erməni
saxtakarlığına qarşı apardığı siyasətinin
nəticəsidir.
- İyun ayında ölkəmizdə
ilk Avropa
Oyunları keçiriləcək. Sizcə, bu tədbir
Azərbaycanın beynəlxalq müstəvidəki nüfuzuna
necə təsir göstərəcək?
- İlk Avropa
Oyunlarının Azərbaycanda keçirilməsi tarixi hadisədir.
Ölkəmiz bu möhtəşəm tədbiri
yüksək səviyyədə keçirməyə
hazırdır. 50-ə qədər ölkədən
minlərlə idmançı gələcək. Bu da dövlətimizin gücüdür. Azərbaycan xalqı tarix boyu bəşər
sivilizasiyasına böyük töhfələr verib. Bu hadisə də dünyanın, Avropanın tarixində
mühüm bir hadisə kimi yadda qalacaq. Bilirsiniz
ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi
ilk Avropa Oyunları ilə əlaqədar, çevik fəaliyyət
göstərir. Bunun nəticəsində
möhtəşəm idman tədbirinin yüksək səviyyədə
keçiriləcəyinə əminik. Avropa
ölkələrində də birinci Avropa Oyunlarının təqdimatı
da yüksək səviyyədə keçirilir. Hesab edirəm ki, bu tədbir Azərbaycanın beynəlxalq
müstəvidə nüfuzunu daha da artıracaq.
- Məlahət xanım, belə bir tədbir
ərəfəsində bəzi dairələr ölkəmizin
imicinə zərbə vurmağa çalışır. Buna münasibətiniz necədir?
- Azərbaycanın
uğurlarını istəməyən kifayət qədər
xarici qüvvələr var. Sapı özümüzdən
baltalar da var ki, həmin qüvvələrin maraqlarına
qulluq edirlər. Azərbaycan çox strateji məkanda yerləşdiyi,
zəngin təbii sərvətlərə sahib olduğu
üçün həmişə
təzyiqlərə məruz qalıb. Çünki
dünyanın supergüclərinin bu regionda maraqları daim
toqquşub.
Təzyiqlərin səbəbi odur ki, müəyyən
beynəlxalq dairələr Azərbaycan dövlətinin
müstəqil, milli maraqlara xidmət edən siyasətini həzm
edə bilmirlər. Ona görə də, qərəzli,
qeyri-obyektiv rəy formalaşdırmağa
çalışırlar ki, ölkəmizin imicinə mənfi
təsir etsin.
Amma mən deyərdim ki, Azərbaycanda olan demokratiya qərb
dövlətlərinin bir çoxundan yüksəkdir. Azərbaycanın
hüquq mühafizə orqanları öz vətəndaşına
güllə atmır. Amma ABŞ-da polislər dinc, günahsız
insanları öldürürlər. Son
aylar belə hallar daha da artıb. Avropa
dövlətləri irqçi qanunlar qəbul edirlər,
miqrantları, qaçqınları ölkəyə
buraxmırlar. Bu isə humanizmdən,
tolerantlıqdan uzaq bir məsələdir. Azərbaycan isə dünyada tolerantlıq
üçün nümunə olan bir ölkədir.
Bir sözlə, həmin dairələr nə edirlər
etsinlər, dövlətin iradəsini sındıra bilməzlər. Azərbaycan
müstəqil siyasət həyata keçirir, güclü
dövlət başçımız var. Prezident İlham
Əliyev milli maraqlarımızı qətiyyətlə
qoruyur. Hörmətli Prezidentimiz milli
maraqlarımıza xidmət edən siyasət həyata
keçirir. Dövlətimizin
başçısı beynəlxalq miqyasda ən yüksək
tribunalardan cəsarətlə, yüksək vətənpərvərliklə,
milli hisslərlə Azərbaycanın maraqlarını
müdafiə edir.
Əlbəttə ki, Azərbaycan cəmiyyəti sivil cəmiyyətdir. Dünyada
hansı proseslərin baş verdiyini, müəyyən dairələrin
ölkəmizə qarşı təzyiqlərinin həqiqi səbəblərini
cəmiyyətimiz çox yaxşı bilir. Ona görə də, Azərbaycan haqqında
yanlış məlumatlar ciddi qəbul olunmur. Təəssüf ki, ölkəmizdə bəzi
qruplar xarici dairələrin əlində alətə
çevrilib. Onların keçirdiyi son mitinqdə də
cüzi adam var idi. Bu fakt onu
göstərir ki, belə qüvvələri xalqımız
birmənalı olaraq dəstəkləmir.
Bizim əsas problemimiz torpaqlarımızın erməni
işğalından azad olunmasıdır. İnanırıq
ki, dövlət başçısının həyata
keçirdiyi siyasət nəticəsində
torpaqlarımız işğaldan azad olunacaq.
İki sahil.-
2015.- 20 mart.- S.12.