HEYDƏR ƏLİYEVİN ŞAH
ƏSƏRİ
MÜASİR AZƏRBAYCAN
İstər bir azərbaycanlı,
Azərbaycan Respublikasının vətəndaşı, istərsə
də onun rəhbəri, Prezidenti kimi mənim həyat
amalım yalnız sizə - bütün varlığım qədər
sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin
iqtisadi, siyasi, mənəvi inkişafına xidmət
olmuşdur.
Heydər ƏLİYEV
Azərbaycan xalqının ümummilli lideri
Azərbaycanın dövlətçilik tarixində ölçüyəgəlməz xidmətləri olmuş dahi şəxsiyyətlərin əziz xatirəsi bu gün də xalqın qəlbində yaşayır. Xalqımızın tarixə bəxş etdiyi, nəinki Azərbaycanın, digər ölkələrin və millətlərin də müstəqilliynin qorunub saxlanılmasında və inkişafında ölçüyəgəlməz xidmətlər göstərmiş ulu öndər Heydər Əlirza oğlu Əliyevin milli yaddaşımızda öz yeri və rolu vardır.
Ümummilli Liderin Azərbaycan üçün gördüyü işlər misilsizdir. Azərbaycanlı olması ilə həmişə fəxr edən Heydər Əliyev öz dühası ilə millətimiz üçün yeni bir inkişaf yolunun təməlini qoyub. Dahi öndərin azərbaycançılıq məfkurəsi bu gün də xalqın xoşbəxtliyinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, ölkəmizin iqtisadi və mədəni inkişafına, ordu quruculuğuna, bir sözlə, dövlətin hərtərəfli qüdrətlənməsinə xidmət edir.
Mayın 10-u ümummilli lider Heydər Əliyevin doğum günüdür. Azərbaycanın ən yeni tarixinin yaradıcısı olan Ulu Öndərin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində böyük işlər görülmüş, mühüm nailiyyətlər əldə olunmuşdur. İstər təhlükəsizlik orqanlarına, istərsə də respublikaya rəhbərlik etdiyi vaxtlarda Heydər Əliyev respublikanın bütün sahələrində milliləşmə prosesinə xüsusi diqqət yetirmişdir.
Milli kökə və yaddaşa bağlı olan insan kimi o, təhlükəsizlik orqanlarında 1950-ci illərdən başladığı azərbaycanlaşdırma prosesini daha da inkişaf etdirdi. Məhz Heydər Əliyevin səyi nəticəsində bu strukturlarda azərbaycanlı kadrların sayı xeyli artırıldı. Ulu Öndər yaxşı bilirdi ki, həmin illərdə milliləşdirmənin yeganə yolu bu xalqın əleyhinə fəaliyyət göstərənləri dövlət orqanlarından kənarlaşdırmaqdır. Həmin dövrdə bu prosesi aparmaq asan məsələ deyildi.
Ümummilli Lider xatırlayırdı: “Nə qədər çətinlik çəkdim ki, 30-cu illərdən qalmış və Azərbaycana xəyanət etmiş insanlardan bu orqanları xilas edək və işə yeni gənc nəsil cəlb edək, orqanlarda sağlamlaşma işi aparaq. Bu çətin oldu. O qədər çətin oldu ki, mənə qarşı fitnələr etdilər, vəzifədən çıxardılar. Lakin bir-iki ildən sonra məni yenə də vəzifəyə təyin etdilər, məcbur oldular ki, təyin etsinlər...Mən o zaman cəsarətli addımlar atmağa, təmizləmə işləri görməyə başladım, bir neçə zabitin cinayətkar olduqlarına görə həbs edilməsinə, cəzalandırılmasına, işdən çıxarılmasına nail oldum. Mən hesab edirəm ki, Azərbaycanda təhlükəsizlik təşkilatının milliləşdirilməsi prosesi bu təşkilatın Azərbaycana vurduğu zərərə baxmayaraq, bizim əldə etdiyimiz ən böyük nailiyyət idi, təşkilat milliləşdikcə onun fəaliyyətinin istiqamətini də Azərbaycanın milli mənafelərinə daha çox uyğun aparmaq mümkün olurdu”.
Zəngin və mənalı həyatının 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyev Azərbaycanın milli maraqlarına sədaqətlə xidmət etmiş, milli dövlətçilik ideyalarını daim rəhbər tutaraq dövlət quruculuğu ənənələrinin əsasını qoymuşdur. Məhz Ulu Öndərin böyük dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi, idarəçilik və təşkilatçılıq bacarığı, gərgin səyləri sayəsində bütün sahələrdə olduğu kimi, təhlükəsizlik sahəsində də milli maraqlara xidmət edən təhlükəsizlik orqanlarının fəaliyyətinin yeni təməl prinsipləri və istiqamətləri müəyyən olunmuşdur.
Ötən əsrin 60-cı illərində Azərbaycanın bir sıra görkəmli elm və incəsənət xadimlərinin repressiyalardan xilas edilməsi də məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O vaxtlar sovet rejiminin repressiya aparatı olan DTK-da milli ruhlu ziyalılarımız haqqında informasiya toplayan, onların yaradıcılığında milli çalarlar axtaran əməkdaşlar da var idi. “Sapı özümüzdən olan baltalar” həmin məlumatları dərhal Moskvaya göndərirdilər. Təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi dövrlərdə ulu öndər Heydər Əliyev dəfələrlə elm və incəsənət xadimləri barədə əldə edilmiş məlumatların mərkəzə ötürülməsinin qarşısını almış, onları sovet cəza maşının əlindən xilas etmişdir.
Ümummilli lider Heydər Əliyev özündən sonra çox zəngin və çoxşaxəli irs qoymuşdur. Azərbaycanı, onun inkişaf mərhələlərini Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyildir. Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, sosial həyatın 30 ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük dövlət xadimi, ensiklopedik biliyə, fenomenal yaddaşa və uzaqgörənliyə malik tarixi şəxsiyyətin - Heydər Əliyevin adı, onun titanik fəaliyyəti nəticəsində öz xalqı üçün gerçəkləşdirdiyi konkret işlərlə bağlıdır. Ulu Öndər siyasi istedadı və yorulmaz təşkilatçılıq bacarığı sayəsində yeni Azərbaycanı, onun bugünkü sürətli inkişaf parametrlərini yaratmış və gələcək prioritetlərini müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Həmin dövrün isə Azərbaycanın gələcək taleyi baxımından başlıca məzmunu azərbaycançılıq idi. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri də elə bu illərdən etibarən yazılmışdır. Heydər Əliyev mövcud olan ideologiyanın qəlibləri çərçivəsində Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək naminə bütün imkanlardan maksimum dərəcədə istifadə etməyə çalışmışdır. Heydər Əliyev milli özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas edərək xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, xalqımızın illərdən bəri sıxılıb qalmış dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdır.
Azərbaycanın dövlət suverenliyi və müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və güclənməsi, beynəlxalq aləmə bərabərhüquqlu subyekt kimi inteqrasiya prosesi hələ 1970-80-ci illərdə Heydər Əliyev tərəfindən yaradılmış potensiala əsaslanır. Ötən əsrin 70-ci illərindən başlayaraq, bu imkanların yaratdığı yüksəliş iqtisadi inkişafla parallel olaraq Azərbaycanı zəruri azadlıq mübarizəsinə də hazırlamışdır. 1980-1990-cı illərin əvvəlində müstəqillik hərəkatının geniş vüsət alması da məhz Heydər Əliyev dövründəki həmin tarixi vüsətdən bəhrələnmişdir.
Ulu Öndərin uzaqgörənliklə atdığı addımlardan biri də gənclərimizin gələcək müstəqil Azərbaycan üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərilməsi təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Ümummilli Lider respublikada təhsilin inkişafına, ana dilində tədrisə xüsusi diqqət yetirmişdir.
Hələ sovet dövründə gələcək müstəqil Azərbaycan üçün milli hərbi kadrlar yetişdirmək məqsədilə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması məhz Ulu Öndərin böyük uzaqgörənliyinin bariz nümunəsidir. Müstəqil Azərbaycanın mühüm dövlətçilik təsisatlarından olan milli təhlükəsizlik orqanlarının formalaşmasında və inkişafında mühüm rol oynayan, bu orqanlar üçün yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının təsis edilməsi də bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndər Heydər Əliyev ölkənin tərəqqisi, xalqın sosial və maddi rifahının yüksəldilməsi üçün mühüm starteji layihələrin həyata keçirilməsi yönümündə uğurlu addımlar atmışdır. 1994-cü ilin 20 sentyabrında Bakıda dünyaca məşhur “Əsrin müqaviləsi” imzalandı. İctimai-siyasi sabitliyin əsası qoyuldu. Ümumilli Lider deyirdi: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.
Bu gün ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dövlətimizin qüdrətlənməsi və nüfuzunun artması, xalqın maddi rifahının yüksəlməsi naminə misilsiz xidmətlər göstərir. Bu gün Azərbaycan öz sözünü deməyə qadir bir ölkədir. Müasir Azərbaycanın nail olduğu uğurlar vaxtilə onların təməlini qoyan və inkişaf perspektivini istiqamətləndirən dünya şöhrətli siyasi lider, xalqın böyük oğlu Heydər Əliyevin ölçüyəgəlməz fəaliyyətinin bəhrəsidir.
Heydər Əliyev şərəfli ömrünü Azərbaycan dövlətinin qorunmasına və möhkəmləndirilməsinə, Vətənimizin tərəqqisinə həsr etmiş və xalqın qəlbində özünə möhtəşəm abidə ucaltmışdır. Bütün ömrünü xalqına bağışladığını bəyan edən dahi rəhbər bizə şah əsərini miras qoymuşdur. Bu, müstəqil Azərbaycan dövlətidir.
A. VAQİFOĞLU
İki sahil.- 2015.-
1 may.- S.7.