TARİXİ ŞƏXSİYYƏT

HEYDƏR ƏLİYEV

 

Tarix elə şəxsiyyətlər yetişdirmişdir ki, onlar bu gün həyatda olmasalar da xalq həmişə onları yad edir, başqa sözlə, həmin şəxslər xalqın yaddaşına həmişəlik həkk olunur. Mahatma Qandi, Corc Vaşinqton, Uiston Çörçill, Mustafa Kamal Atatürk, general Şarl De Qoll, Cəvahirlər Nehru, İndira Qandi və sair. Belə şəxsiyyətlərdən biri də ümummilli lider Heydər Əliyev idi.

Fəlsəfə elmi öyrədir ki, şəxsiyyət tarixi deyil, tarix şəxsiyyəti yaradır. Lakin ümummilli lider Heydər Əliyev kimi şəxsiyyətin həyat və fəaliyyətinin, gördüyü işlərin öyrənilməsi göstərir ki, tarixdə ayrı-ayrı şəxsiyyətlər müəyyən xalqın taleyində həlledici rol oynaya, ictimai hadisələrin axarını dəyişə bilərlər. Çağdaş Azərbaycan tarixinin kəçməkəşli, sərt döngələrində Heydər Əliyev fenomeninin xalqımızın taleyində oynadığı müsbət rol şəksiz və danılmazdır.

Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra naşı adamların yüksək vəzifələrə təyin olunmaları, 1969-1982-ci illərdə ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə ictimai-siyasi həyatımızın bütün sahələrində əldə edilmiş nailiyyətlərin qorunub saxlanması əvəzinə dağıdılması, düzgün olmayan qərarların qəbul edilməsi, dövlətin idarə olunmasında səriştəsizliyə yol verilməsi, qanunsuz silahlı dəstə və birləşmələrin özbaşınalıqları ölkəni idarəolunmaz bir vəziyyətə, başlıcası isə vətəndaş müharibəsi həddinə çatdrmışdı.

Daxili didişmələr, anarxiya, ümummilli mənafeyin şəxsi ambisiyalara tabe etdirilməsi dövlət quruculuğuna böyük zərbə vururdu. Ölkədəki bu vəziyyəti kənardan yaxşı izləyən və bundan bacarıqla istifadə edən düşmənlərimiz və onların havadarları, bəzi xarici dövlətlər ayrı-ayrı hərbi və təxribatçı dəstələrin köməyi ilə böhranı daha da dərinləşdirir, müstəqilliyimizi ciddi təhlükə altında qoyurdular.

Belə bir ağır vəziyyətdə xalq son ümid yeri kimi öz böyük oğluna - Heydər Əliyevə müraciət etdi. Ümummilli lider Heydər Əliyev xalqın çağırışlarını, o zamankı iqtidarın dəfələrlə etdiyi xahişləri nəzərə alaraq 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə hakimiyyətə qayıtdı.

Ümumilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkə daxilində sabitliyin əsası qoyuldu, atəşkəsə nail olundu, “Əsrin müqaviləsi” imzalandı, Bakı-Tblisi-Ceyhan neft ixrac boru kəmərinin faktiki tikintisinə başlandı və hazırda bu neft kəməri səmərəli istifadə edilir.

Xalqın birliyinə, dəstəyinə arxalanan ümummilli lider Heydər Əliyev Konstitusiya səlahiyyətlərindən istifadə etməklə, nəinki dövlət çevrilişinə cəhd cinayətlərinin qarşısını aldı, həm də silahlı yolla hakimiyyəti ələ keçirmək cəhdlərinə birdəfəlik son qoydu.

Özünü qondarma “Talış-Muğan respublikası”nın prezidenti elan etmiş Əlikram Hümbətovun qanunsuz silahlı dəstələrinin cövlan etdiyi 1993-cü ilin iyul-avqust ayları idi. Respublikamızın Cənub bölgəsində vəziyyət həqiqətən ağır və olduqca gərgin idi. Bu vəziyyətin qarşısı alınmasaydı, həqiqətən irimiqyaslı ağır nəticələrə səbəb ola bilərdi. Başlıcası isə müstəqil dövlətimizin parçalanmaq təhlükəsi real idi. Belə bir vəziyyətdə ölkə Prezidenti vəzifələrini icra edən ümummilli lider Heydər Əliyev avqustun 23-də televiziya ilə xalqa müraciət etdi. Müracətdə deyilirdi: “Eyni zamanda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar rayonlarının əhalisinə müraciət edirəm: Ayağa qalxın, öz insanlıq mənliyinizi göstərin, vətəndaşlıq mənliyinizi göstərin, namusunuzu, şərəfinizi qoruyun, Azərbaycanın bütövlüyünü qoruyun, Azərbaycan dövlətini qoruyun. Mən həyatım boyu çox imtahanlardan çıxmış adamam. Bu gün tam qətiyyətlə deyirəm ki, xalqın gücü qarşısında heç bir silah üstün gələ bilməz. Xalqın iradəsini heç vaxt, heç bir silahla qırmaq olmaz”.

Bu müraciət bütün əhalinin siyasi fəallığına səbəb oldu. Cənub bölgəsinin silahsız əhalisi, xüsusilə Lənkəran camaatı ayağa qalxaraq bir günün içərisində Əlikram Hümbətovun təpədən-dırnağa qədər silahlanmış qanunsuz silahlı dəstəsini şəhərdən qovdu. Bəli, dünya şöhrətli siyasətçi və dövlət xadiminin, dahi insanın müraciətinin qüvvəsi, həyata dəyişdirici təsirinin nəticəsində dövlətçiliyimizin parçalanması və vətəndaş müharibəsi təhlükəsi aradan qalxdı.

1993-cü ilin oktyabr ayında isə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçildi.

Yalnız bundan sonra Heydər Əliyevin sədrliyi ilə yaradılmış komissiyanın hazırladığı Konstitusiya layihəsi 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi. Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi müstəqillik yoluna qədəm qoymuş respublikamızın tarixində ən parlaq səhifələrindən biri olmuşdur.

Müstəqil dövlətimizin Konstitusiyasının 12-ci maddəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi elan edilmişdir.

Ümummilli lider Heydər Əliyev 1969-1982-ci illərdə respublika rəhbəri olarkən tutduğu vəzifəsindən asılı olmayaraq, Mərkəzi Komitə katibi və raykom katibi də daxil olmaqla, heç bir vəzifəli şəxsin qanunsuz hərəkətini bağışlamırdı. Təbiətən hüquq pozuntularına və qanunsuzluğa, xüsusilə vəzifədən sui-istifadə hallarına qarşı barışmaz mövqe tutan respublika rəhbəri bütün fəaliyyəti dövründə belə hallara qarşı prinsipial mövqeyini heç vaxt dəyişməmiş və bunu tabeliyində olan bütün vəzifəli şəxslərdən tələb etmişdir.

Ötən əsrin 60-cı illərində keçmiş Sovetlər Birliyi məkanında ölkəmiz müttəfiq respublikaların sırasında geridə qalanların cərgəsində idi. İqtisadiyyatın müxtəlif sahələrinə dair dövlət planları kəsirlə yerinə yetirilir, qanunçuluğun və dövlət intizamının pozulması faktları adi hal almışdı, ictimai həyatda laqeydlik və biganəlik baş alıb gedirdi, bir sözlə, ictimai-siyasi həyatın bütün sahələrində gerilik açıq-aşkar özünü göstərirdi.

Bakı nefti istər Birinci, istərsə də İkinci Dünya müharibələrində dünyada diqqəti cəlb etsə də, ötən əsrdə 60-cı illərə qədər keçmiş Sovetlər Birliyi məkanında respublikamızı, xalqımızı demək olar ki, tanımırdılar. Lakin 14 iyul 1969-cu ildə Heydər Əliyev respublika partiya təşkilatının rəhbəri seçildikdən sonra vəziyyət əsaslı surətdə dəyişdi. Artıq yetmişinci illərin əvvəllərində ölkənin iqitsadiyyatının, o cümlədən sənaye və kənd təsərrüfatının sıçrayışlı inkişafı başladı. Ümumiyyətlə, Heydər Əliyevin gərgin əməyi, səmərəli fəaliyyəti nəticəsində ölkənin sənayesində, kənd təsərrüfatında, bir sözlə, iqtisadiyyatın bütün sahələrində, elm-tədris, incəsənət və mədəniyyət, sosial sahələrdə, ümumiyyətlə, ictimai-siyasi həyatımızın bütün sahələrində o vaxta kimi görünməmiş nailiyyətlər əldə edildi.

Heydər Əliyev keçmiş Sovetlər Birliyi dövründə Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işlədiyi müddətdə də respublikamızın inkişafı naminə öz qayğısını əsirgəməmiş, kommunist rejiminin qadağalarına, rəsmi Moskvanın təzyiqlərinə baxmayaraq, ölkəmizin daha da inkişafı naminə nə mümkündürsə onu etmişdir.

Bu gün Bakını bəzəyən ən möhtəşəm binalar və digər tikililər məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə inşa edilmişdir. Respublika Sarayı (indiki Heydər Əliyev Sarayı), Gülüstan Sarayı, Bakı Məişət Kondensionerləri Zavodu, Bakı Metropoliteni stansiyalarının böyük əksəriyyəti, Beynəlxalq Hava Limanı və s. kimi nəhəng tikililər həmin illərdə inşa edilmiş və istifadəyə verilmişdi. Lakin Heydər Əliyev 1982-ci ilin noyabr ayında Sov.İKP Siyasi Bürosunun üzvü seçilib SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilərək Moskvaya işə dəyişildikdən sonra respublikada əldə olunmuş nailiyyətlər nəinki qorunub saxlanmış və inkişaf etdirilmiş, əksinə, qazanılmış nailiyyətlər dağıdılmağa başlanmışdır.

Ölkə rəhbərliyinin yüksək liqasına daxil olan ümummilli lider Heydər Əliyevin zəngin təcrübəsi, tükənməz enerjisi və iş qabiliyyəti, prinsipial mövqeyi nəzərə alınaraq, keçmiş Sovetlər Birliyinin 17 nazirliyinə, o cümlədən nəqliyyat nazirliklərinə, əsrin tikintisi hesab edilən Baykal-Amur magistralı tikintisinə rəhbərlik ona həvalə edilmişdi və Ulu Öndər bu vəzifələrin öhdəsindən layiqincə gəlirdi.

Ümummilli lider Heydər Əliyevin keçmiş Sovetlər Birliyi rəhbərliyindəki səmərəli fəaliyyəti, yüksək iş qabiliyyəti və şəxsi nüfuzu M.Qarbaçov və onun yaxınları tərəfindən qısqanclıqla qarşılanaraq, onları qorxuya saldı, nəticədə 1987-ci ilin noyabr ayında o təqaüdə göndərilərək, keçmiş SSRİ rəhbərliyindən uzaqlaşdırıldı. Həmin ilin dekabr ayında isə M.Qarbaçovun iqtisadi məsələlər üzrə müşaviri, akademik Aqambekyan Fransa qəzetlərinin birində Dağlıq Qarabağın keçmiş Ermənistan SSR-in tərkibinə verilməsi barədə məqalə ilə çıxış edir və bundan sonra məlum qondarma Dağlıq Qarabağ hadisələri başlanır. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gərgin əməyi, uzaqgörən daxili və xarici siyasəti, səmərəli beynəlxalq fəaliyyəti nəticəsində məlum qondarma Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr olduğu kimi bütün beynəlxalq təşkilatların, dövlət başçılarının, ictimaiyyət nümayədələrinin, iş adamlarının, bütövlükdə beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılmış, nəticədə Dağlıq Qarabağ hadisələri haqqında onlarda yalnız indi düzgün təssəvürlər formalaşdırılmışdır.

Ümummilli lider Heydər Əliyev 1988-ci ilin əvvəllərində keçmiş Sov.İKP Mərkəzi Komitəsi tərkibindən əsassız olaraq tam kənarlaşdırıldı, hələ bu azmış kimi, Kreml onun doğma respublikamıza qayıdışına hər vasitə ilə mane olmağa çalışsa da buna nail ola bilmədi. Danılmaz faktdır ki, əgər həmin vaxtlar ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışının qarşısı alınmasa idi, qondarma Dağlıq Qarabağ münaqişəsi bu səviyəyə çatmayacaq, respublikada baş verən hadisələrin inkişafı başqa məcraya yönələcəkdi. Xalqımız 20 Yanvar, 26 fevral Xocalı faciələri kimi hadisələrlə üz-üzə gəlməyə, bir milyona yaxın soydaşımız doğma dədə-baba yurdlarından didərgin düşməyə, torpaqlarımızın 20%-i işğal edilməyə bilərdi.

Dahi şəxsiyyət Heydər Əliyev bütün fəaliyyəti boyu demokratik prinsiplərə sadiq olmuşdur. O, 1998-ci ilin fevral ayında qanunvericilik təşəbbüsü qaydasında müstəsna cəza tədbiri-ölüm cəzasının cəzalar sistemindən çıxarılması üçün Azərbaycan Respublikası Milli Məclisinə müraciət etmiş və Milli Məclisin qərarı ilə cinayət qanunvericiliyinə dəyişiklik edilərək müstəsna cəza tədbiri-ölüm cəzası Şərqdə ilk dəfə olaraq cinayət cəzaları sistemindən çıxarılmışdır.

Ümummilli lider Heydər Əliyev həmişə mənəvi dəyərlərə xüsusi diqqət və qayğı göstərmiş, 13 avqust 2001-ci il tarixdə radio və televiziya ilə bəyanatında demişdir: “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi və dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”. Azərbaycan Respublikasının axırıncı Sovet Konstitusiyası 21 aprel 1978-ci il tarixdə qəbul edilərkən Moskvanın qadağalarına və təzyiqlərinə baxmayaraq, Konstitusiya layihəsini hazırlayan komissiyanın sədri, respublikanın o zamankı rəhbəri, ümummilli lider Heydər Əliyevin prinsipial mövqeyi nəticəsində Azərbaycan dilinin dövlət dili elan olunması barədə Əsas Qanuna 73-cü maddə daxil edildi. Bu, həmin dövr üçün çox cəsarətli və qətiyyətli bir addım idi.

Təəssüflər olsun ki, dövlət dili haqqında məsələ 1992-ci ilin dekabrın 22-də Azərbaycanın Milli Məclisində müzakirə edildi və dövlət dilinin adının türk dili adlandırılması kimi antikonstitusion qanun qəbul edildi.

Bu ədalətsizlik yalnız ümummilli lider Heydər Əliyevin sədrliyi ilə layihəsi hazırlanmış, 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Azərbaycan dövlətinin ilk Konstitusiyasında aradan qaldırıldı. Konstitusiyada dövlət dilinin Azərbaycan dili olması qanunvericilik yolu ilə təsbit olundu.

1991-ci il dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Qanun qəbul edildi. Lakin həmin vaxt qanunun icra mexanizmi müəyyən edilmədiyindən, əslində, həmin Qanun faktiki olaraq, on ilə yaxın müddətdə icrasız qaldı. Yalnız ümummilli lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixdə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmandan sonra 1 avqust 2001-ci il tarixdən respublikanın bütün nazirlik, idarə, təşkilat və müəsissələrində karküzarlıq faktiki olaraq latın qrafikalı əlifba ilə aparılmağa başlandı.

Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın mənəvi dəyərlərimizə qarşı həssaslığı, o cümlədən xalqımızın muğam sənəti kimi zəngin sənətin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində yorulmaz fəaliyyəti, onun təşəbbüsü ilə yüzlərlə məktəb və digər uşaq-tərbiyə müəssisələrinin tikintisi və yenidən qurulması, xeyriyyəçilik tədbirlərinin həyata keçirilməsi də, məhz, ulu öndər Heydər Əliyevin mənəvi dəyərlərimizə münasibətindən qaynaqlanır.

Ümummilli lider Heydər Əliyev demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”.

Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi, müstəqil xarici siyasətin həyata keçirilməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi, ölkənin iqtisadiyyatının inkişaf etdirilməsi, əhalinin sosial-iqtisadi vəziyyətinin daha da yüksəldilməsi, ölkədə aparılan iqtisadi və hüquqi islahatların uğurla başa çatdırılması yolunda səmərəli fəaliyyət və müvəfəqqiyyətlər arzu edirik.

 

İlham Abbasov,

Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının baş müəllimi

 - hüquq üzrə fəlsəfə doktoru,

baş ədliyyə müşaviri, prokurorluğun fəxri işçisi

 

İki sahil.- 2015.- 5 may.- S.22.