Pirallahı rayonunda

möhtəşəm Gül bayramı

 

2015-ci ilə uğurla başlayan Pirallahı rayonunun əmək kollektivləri aprel ayının əvvəlindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlərə start vermişlər. Aprel ayının 1-dən etibarən rayonun bütün idarə, müəssisə və təşkilatlarında, eləcə də ümumrayon səviyyəsində müxtəlif idman növləri üzrə birinciliklər və turnirlər keçirilmiş, orta məktəblərdə inşa, rəsm, şeir, mahnı müsabiqələri və idman yarışları təşkil olunmuş, Çilov, Neft Daşları, Gürgən qəsəbələrində, xüsusilə rayon mərkəzi olan Pirallahı qəsəbəsində abadlıq, təmizlik işləri aparılmış, hər həftənin şənbə günləri iməciliklər təşkil edilərək yaşıllaşdırma və ağacəkmə kampaniyaları həyata keçirilmiş, yüzlərlə ağac və təbii güllər əkilmişdir və hazırda bu işlər davam etdirilməkdədir. Artıq təhsil və istehsalat müəssisələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş Gül bayramları uğurla yekunlaşıb. May ayının əvvəlindən bayram tədbirləri rayonun Gürgan, Neft Daşları və Çilov qəsəbələrində təşkil edilmişdir. Rayon ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlilləri, Böyük Vətən müharibəsi veteranları və aztəminatlı ailələr də bu günlər qayğı ilə əhatə olunmuşlar.

Gül bayramı ərəfəsində rayonda tikinti-quruculuq işləri yeni bir vüsət almış, eyni zamanda I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar görülən işlər sürətləndirilmişdir. Pirallahı qəsəbəsində mərkəzi prospektin xarici görünüşünün yaxşılaşdırılması məqsədilə yolun üstündən keçən köhnəlmiş dəmir qaz xətlərinin yeni polietilen borularla əvəzlənməsi və onların yolun altına keçirilməsi işləri aparılmış, ilkin mərhələdə uzunluğu 800 metr olan qaz xətləri yenilənmişdir. Mərkəzi prospekt boyunca 22 ədəd yaşayış binasının fasad hissələrinin təmiri, inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasında, Heydər Əliyev Mərkəzində və Yeni Azərbaycan Partiyasının rayon təşkilatı üçün tikilən yeni inzibati binada inşaat işləri davam etdirilmişdir. 168 ¹-li tam orta məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun tikintisi, eləcə də Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri sürətlə gedir. Artıq 140 yerlik körpələr evi-uşaq bağçasında dam örtüyü vurulub və mala işləri aparılır. Eyni zamanda rayon sakinlərinə rabitə xidməti göstərən ATS-57-nin də təmir işləri davam etdirilir. Dövlət Proqramına əsasən inşa edilən Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisində üst aşırımların qurulmasına hazırlıq görülür.

Prezident İlham Əliyevin Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Fərmanın icrası istiqamətində rayon ərazisində müvafiq işlər görülür. Artıq Yüksək Texnologiyalar Parkının hasarının çəkilməsi demək olar ki, başa çatdırılmışdır və ərazidə “Shouroom” (Nümayiş zalı) adlı ilk tikilinin bünövrəsi qoyulmuşdur. Pirallahı adasının sənaye zonasında 6,4 hektar ərazidə “Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Park”ının tikintisində inşaat işləri yüksək templərlə davam etdirilir.

May ayının 4-də Pirallahının “Gənclər Parkı”nda müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ümumrayon Gül bayramı keçirildi. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovu, Milli Məclisin deputatları Aydın Mirzəzadə və Rauf Əliyevi, digər fəxri qonaqları Bahar qız və gül formalı rəngarəng geyimli məktəblilər qarşıladılar, Gül bayramı münasibətilə təbrik etdilər. Sonra Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı və fəxri qonaqlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən kitablardan və fotoşəkillərdən ibarət sərgiyə tamaşa etdilər. 29 ¹-li Uşaq Yaradıcılıq Mərkəzinin rəsm dərnəyi üzvlərinin malbertə köçürdükləri Gül bayramı mövzusunda improvizasiyalar maraqla izlənildi. Bayram gəzintisi ümumtəhsil və məktəbəqədər tərbiyə müəssisələri tərəfindən təşkil edilmiş sərgilərə baxışla davam etdi. Bayram tədbirinin iştirakçıları orta məktəblərin, uşaq bağçalarının, V. Mustafazadə adına Mədəniyyət Mərkəzinin və 29 ¹-li Uşaq Yaradıcılıq Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərginin eksponatları ilə maraqla tanış oldular. Ulu öndər Heydər Əliyevin müxtəlif gül və çiçəklərlə bəzədilmiş portretləri, gül şəklində tikmələr və maketlər, göz oxşayan gül kompozisiyaları və ikebanalar xüsusilə diqqəti cəlb edirdi. I Avropa Oyunlarının rəsmi simvolları - Ceyran və Nar da eksponatlar arasında öz layiqli yerlərini tutmuşdular. Gül balaların söylədiyi ulu öndər Heydər Əliyev şəxsiyyətini vəsf edən şeirlər bayram tədbirinə xüsusi rövnəq verirdi. Sərgilərlə tanışlıq “Sən elə bir zirvəsən” musiqili kompozisiya, muğam üçlüyünün ifası və milli rəqslərlə müşayiət olunurdu. İştirakçılar “Gənclər Parkı”nın mərkəzində torpaq ərazidəki təbii güllərdən yaradılmış kompozisiyalara da maraqla tamaşa etdilər.

Bayram tədbirinə qatılan çoxsaylı Pirallahı sakinlərini salamlayan Pirallahı RİH başçısı Vasif İmanov Ümummilli Liderin 1923-cü il mayın 10-da qədim Naxçıvandan başlayan mənalı ömür yoluna qısa nəzər saldı. Bildirdi ki, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin düşünülmüş, müdrik və qalibiyyətli inkişaf strategiyasının təntənəsidir. Azərbaycanın güclənən mövqeləri, iqtisadiyyatının inkişafı, beynəlxalq nüfuzunun artması, xüsusən Prezident İlham Əliyevin prinsipial məsələlərdə siyasi iradə nümayiş etdirməsi, xalq-iqtidar birliyi o deməkdir ki, ulu öndər Heydər Əliyevin sosial-iqtisadi və siyasi inkişaf konsepsiyası məhz dahi şəxsiyyətin arzuladığı kimi uğurla davam etdirilməkdədir. Ölkənin davamlı inkişafına, milli maraqlarımıza, xalqın rifah halının yaxşılaşdırılmasına xidmət edən sosial-iqtisadi strategiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilərək, ölkə başçısının ardıcıl, məqsədyönlü və praqmatik siyasəti sayəsində müvəffəqiyyətlə reallaşmaqdadır. Biz tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf xəttini inamla davam etdirərək Vətənimizi irəliyə, intibaha, işıqlı sabaha doğru aparmaqdadır. Bu uğurlu konsepsiya Pirallahı rayonunun da ildən-ilə çiçəklənməsinə, əhalisinin maddi rifah halının get-gedə daha da yüksəlməsinə xidmət edir.

Bildirildi ki, I Avropa Oyunlarının paytaxtımız Bakı şəhərində keçirilməsi haqqında Avropa Olimpiya Komitəsi tərəfindən qəbul edilmiş qərar Azərbaycanın ildən-ilə artan uğurlarının beynəlxalq miqyasda etiraf olunmasının növbəti bariz göstəricisi oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, biz I Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindəyik və bu Oyunlar bir Avropa bayramına çevriləcəkdir. Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini göstərəcəkdir. Çünki Avropa Oyunlarının standartları əslində Bakıda qoyulacaqdır. Bu işdə Pirallahı Rayon İcra Hakimiyyətinin kollektivi və rayon ictimaiyyəti də əlindən gələn köməyi əsirgəməyəcəkdir.

Daha sonra Pirallahı rayonunda aparılan abadlıq-quruculuq işlərində qazandıqları uğurlara və mədəni-kütləvi tədbirlərin keçirilməsində fəal iştiraklarına görə bir qrup ictimaiyyət nümayəndəsinə Fəxri fərmanlar təqdim edildi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş müxtəlif idman yarışlarının, müsabiqələrin qalibləri mükafatlandırıldılar. Pirallahıda Gül bayramı incəsənət ustalarının, tanınmış müğənnilərin ifasında geniş konsert proqramı ilə davam etdirildi, ümumxalq gəzintisi və atəşfəşanlıqla başa çatdı.

 

İlqar Məmmədli

 

İki sahil.- 2015.- 5 may.- S.29.