Heydər Əliyev fenomeni:

Liderliyin əlçatmaz zirvəsi

 

Dövlətçilik təcrübəsi, müdrikliyi, uzaqgörən siyasəti ilə bu zirvəyə yüksələn Ulu Öndər hər zaman yaddaşlarda yaşayır

 

Filosofların təbirincə deyilsə, bəşəriyyət dahilərə, tarixi şəxsiyyətlərə möhtac olduğu qədər də onlara borcludur. Xalqlar isə tarixi abidələri və görkəmli şəxsiyyətləri ilə tanınır. Azərbaycan bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Onların içərisində zəmanəsinin görkəmli lideri, müdrikliyi ilə sayılıb, seçilən, dünya siyasətçiləri arasında fərqlənən ulu öndər Heydər Əliyevin hər kəsə nümumə göstərilən həyat yolu qətiyyət, siyasi iradə nümunəsi kimi diqqət çəkir.

 

Azərbaycana rəhbərlik etməsinin özü Heydər Əliyev şəxsiyyətində formalaşan, mədəniyyətə və xalqına sədaqət, millilik və Vətənə məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür.

İdeyaları, idarəçilik təcrübəsi dünənimiz, bu günümüz, sabahımız üçün məktəb, bələdçi olan ümummilli lider Heydər Əliyevin siyasi irsi o qədər zəngin, mənalı və dəyərlidir ki, hələ bir neçə on il bundan sonra da nəsillər bu varislik xəzinəsindən istifadə edəcəklər. Adı həmişə milli dövlətçiliyimiz, müstəqilliyimizlə qoşa çəkilən, fenomen siyasətçi kimi təcrübəsi daim öyrənilən Heydər Əliyev min ildən bir Tanrının insanlara bəxş etdiyi müdrikliyi əməli fəaliyyəti ilə təsdiqlənən dahilərdən biri, bəlkə də birincisidir. Öndərlərə xas qətiyyəti, ən çətin məqamda xalqını arxasınca aparmaq qabiliyyətinə malik olduğunu respublikaya rəhbərliyinin hər iki mərhələsində təsdiqləyən Ulu Öndərin adının Azərbaycanla bir çəkilməsi xalqının övladına məhəbbətinin ifadəsidir. Həyat yolu illərin fəsillərini xatırladan, qışın soyuğundan sərtlik, payızdan qətiyyət, bahardan xeyirxahlıq əxz edən ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti bütün dövrlər, nəsillər üçün örnək, nümunədir.

1969-cu ildə birinci katib kimi Azərbaycana rəhbərliyə layiq görülən, Sov. İKP MK Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildiyi zaman Onun dövlətçilik təcrübəsi nəzərə alınmış, SSRİ Ali Sovetinin deputatı kimi millət vəkili adını şərəfli işi ilə doğrultmuşdur. Gənclik tikintisi adlandırılan Baykal-Amur magistralının inşasına rəhbərlik edən Heydər Əliyevin çətin sahə kimi həmişə diqqət mərkəzində olan nəqliyyat problemlərinin aradan qaldırılması üçün gördüyü işlər haqqında bu gün də iftixarla danışılır.

Ümummilli liderlə müqayisə oluna biləcək Vətəninə, xalqına, elinə, obasına bağlı ikinci böyük şəxsiyyət təsəvvür etmək belə mümkün deyil. Azərbaycana intibah dövrünü yaşadan, respublikanı aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevirən Heydər Əliyev həqiqi mənada irsi hər zaman öyrənilməli olan təcrübəli dövlət başçısı idi.

“Mən çox sınaqlardan keçmiş bir adamam və həyatımı da özümə yox, xalqıma həsr etmişəm.” Bu sözlər Ulu Öndərin vətəndaşlıq borcunun ifadəsidir. Ötənlərə nəzər salanda bir daha düşünürsən ki, bu bir cümlə ilə həyatının mənasını Azərbaycan xalqına, dövlətçiliyinə xidmətdə görən ümummilli lider Heydər Əliyevin ömür yolu əsrlərə sığmayan bir epoxadır. Elə bir salnamə ki, daim öyrəniləcək, təcrübə məktəbi kimi araşdırılacaq. Tərcümeyi-halından da bəlli olur ki, onun üçün vəzifənin böyüyü, kiçiyi, birinci, ikinci dərəcəli olmasının fərqi yoxdur. Azərbaycan naminə çalışmaq, yenə də çalışmaq məqsədi, məramı Ulu Öndəri şöhrətpərəstlikdən kənarda saxlayıb. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri ilə bir daha bildirirdi ki, hansı sahədə çalışmasından asılı olmayaraq Azərbaycanın vədinə sadiq əsgəri kimi xalqının xoşbəxtliyi, müstəqilliyi naminə hər çətinliyə hazırdır. O, heç bir ziynətlə ölçülə bilməyəcək qədər qiymətli ideyaları, qətiyyəti, sağlam azərbaycançılıq məfkurəsi ilə Azərbaycan xalqını ardınca aparan ölməz sərkərdə, komandandır.

“Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.” Bu kəlamlar isə Ümummilli Liderə xilaskar kimi ümid bəsləyən, əbədiyyətə hüzn və kədərlə yola salan bütün dünya azərbaycanlılarının liderinə sonsuz məhəbbətinin parlaq ifadəsidir. Xalqı zamanın burulğanlarından çıxarmağı bacaran sərkərdə Heydər Əliyev fenomeni, onun rəhbərlik illəri özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb edir. Dahilərin qeyri-adi istedadları, fenomen bacarığı öz zamanında bəlkə də dərk olunmur. Böyük şəxsiyyətlərin adı ilə bağlı möhtəşəmliyi səhifələrində əbədiləşdirənləri tarix özü dəyərləndirir, qiymət verir. El arasında belə müdrikləri Tanrının çox sevdiyi insanlar da adlandırırlar. Fitri qabiliyyəti, iti zəkası, siyasi qətiyyəti ilə tarixi şəxsiyyətlərin, dünya siyasətçilərinin ön sırasında addımlayan Heydər Əliyev də taleyinə belə xoşbəxtlik yazılmış liderlərdəndir. O, dahiliyi xilaskarlıq, quruculuq, siyasi, iqtisadi, sosial islahatları düzgün müəyyənləşdirən fenomen bacarığı, dövlətçilik tariximizdəki missiyası, irsi, müqayisəyəgəlməz örnək xidmətləri hər cəhətdən fərqlidir. Milli məfkurənin, azərbaycançılıq ideyalarının formalaşması, milli mənəvi dəyərlərin qorunması da Ulu Öndərin adı ilə bağlıdır. Ölkəmizdə söz, vicdan, əqidə azadlığı, insan hüquqlarının qorunması Heydər Əliyev dövlətçilik məktəbinin ayrılmaz tərkib hissəsidir. İstəklərini Azərbaycanın iqtisadi və intellektual potensialından istifadə etməklə xalqının xoşbəxt və firavan yaşamında gerçəkləşdirən Ulu Öndər tarixi şəxsiyyət kimi təkcə əməlləri ilə deyil, dolğun, məntiqli çıxışları ilə də insanların qəlbinə yol tapırdı. Bu bir həqiqətdir ki, zəruri, mükəmməl, qanunların qəbulu ilə kifayətlənməyən, müxtəlif istiqamətlərdə konkret fəaliyyət proqramının işlənib hazırlanması ilə ölkə iqtisadiyyatını zamanın tələbinə uyğun inkişaf etdirən Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan demokratik ölkə kimi əməkdaşlıq bölgəsinə çevrilmişdir. “Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətləri götürüb tətbiq edərək heç vaxt dinimizdən, adət- ənənələrimizdin ayrıla bilmərik və imtina edə bilmərik” söyləyən ümummilli lider Heydər Əliyev Azərbaycanın demokratiya yolu ilə inkişafını gələcək üçün təminat hesab edərək fəaliyətinin bütün dövrlərində əsas dayağı kimi xalqa arxalanırdı. Ulu Öndərin mövqeyi belə idi: Azərbaycandakı bütün prosesləri xalqın istəyinə uyğun istiqamətləndirmək.

Dövrünün elə bir tanınmış şəxsiyyəti olmayıb ki, ulu öndər Heydər Əliyevin siyasi bacarığına yüksək qiymət verib, təcrübəsindən bəhrələnməsin. Çünki dünya şöhrətli siyasətçi, müdrik dövlət başçısı, islahatçı lider kimi tanınan və adı həmişə hörmətlə çəkilən Ulu Öndər siyasi fəaliyyətinin bütün dövrlərində təkcə öz xalqı üçün deyil, bütövlükdə dünyada sülhün bərqərar olması naminə çalışmışdır. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur” sözləri ehtiramla səslənən dəyərlərdəndir.

Daim xalqının müstəqilliyi və azadlığı uğrunda çalışan Ümummilli Lider fədakar vətəndaş, rəhbər kimi fəaliyyətinə də sivil, hüquqi dövlət quruculuğuna yönəlmiş islahatlardan başladı. Uzaqgörən siyasətçi yaxşı bilirdi ki, azadlıq, sərbəstlik olmayan yerdə inkişafa, yeniliyə nail olmaq nəinki çətindir, hətta müşküldür. Buna görə də yeniliyə, müasirliyə aparan mühüm addımları ilə Azərbaycanın suverenliyini əbədiləşdirən məsələlərin həllini sürətləndirdi.

Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə onun neft sənayesinin inkişafına göstərdiyi diqqəti, bilavasitə təşəbbüsü ilə tikilən ittifaq əhəmiyyətli fabrik, zavodları, mədəniyyət ocaqlarının adları çəkilsə belə bir neçə cildi əhatə edən kitablar hazırlanar. İndiki dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiya prosesi hələ 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasətə əsaslanır.

Dahi rəhbərin Azərbaycana rəhbərlik etdiyi illərdə Bakıda böyük abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının nümunələri sayılan bir sıra inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, kompleks və özünün görkəmi ilə şəhərə yaraşıq verən binalar tikilib istifadəyə verilmiş, tarixi abidələr bərpa olunmuşdur.

Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlı gəncləri Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərməsi idi. Bununla Azərbaycanın elmi və kadr potensialı artmaqla xalqımızın milli-mənəvi, əxlaqı dəyərlərinin təbliği də həyata keçirilirdi. Azərbaycandakı intibahı şərtləndirən amillərdən olan respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilmiş, gəncliyin ana dilində təhsilinə diqqət artırılmış, milli hərbçi kadrların hazırlanması prosesinin təməli qoyulmuş, C.Naxçıvanski adına hərbi məktəb yaradılmışdır. Bu gün Azərbaycan Silahlı Qüvvələrində xidmət edən zabitlərin 85 faizi bu məktəbin yetirmələridir. Bu məktəbin yaradılmasını siyasi fəaliyyətinin şah əsəri adlandıran Ulu Öndər qeyd edirdi ki, bu hərbi məktəb olmasaydı ordumuzdakı zabitlərin çoxu yəqin olmayacaqdı.

Heydər Əliyevin gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq, milli məfkurənin yüksəlişi və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri SSRİ-nin siyasəti çərçivəsində də olsa, Azərbaycanın xarici aləmdə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi maksimum səylərdir. Bakıda beynəlxalq tədbirlər təşkil etməklə, xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirməklə Bakının dünya miqyasında tanınan bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin edirdi.

Ulu Öndər öz gücünə inandığı qədər də xalqının qətiyyətinə güvənirdi. Deyirdi ki, əgər xalq öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət də ən böyük məmləkət qədər güclü olur. Dövləti xalqın işinə çevirən bu tarixi şəxsiyyət sovetlərin təsiri altında yaşayıb, işlədiyi illərdə də inanırdı ki, vaxt gələcək Azərbaycan imperiya buxovundan azad olacaq, müstəqilliyini bərpa edəcək, azadlığına qovuşacaq.

Onun rəhbərliyi illərində Azərbaycanın onlarla tanınmış elm, mədəniyyət, incəsənət xadimi keçmiş sovetlərin ən yüksək fəxri adları, orden və medalları ilə təltif olundu, şəhər və qəsəbələrimizdə abidələr ucaldıldı, milli mənəvi dəyərlərimizin qorunması istiqamətində önəmli addımlar atıldı. Bütün quruculuq işlərinə strateji xarakter kimi diqqət yetirən Heydər Əliyev güclü potensialı, qətiyyəti ilə xalqına, Vətəninə bağlılığını təsdiqləyən tarixi xidmətləri ilə müasir Azərbaycanın yaradıcısı olduğunu təsdiqlədi. Müstəqqilliyimizin əbədi qarantı kimi respublikanı daxili və xarici qüvvələrin təhdid, təzyiq və təsirlərindən qorudu.

“İnsanlarda milli dirçəliş ideyasını yalnız milli liderlər həyata keçirə bilərlər” ifadəsi məhz Onun simasında əksini tapdı. 1993-cu ildə xalqın təkidli tələbi ilə hakmiyyətə qayıdan Ulu Öndər Azərbaycanın tanınmış elm xadimləri ilə görüşündə bir daha bildirdi ki, mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əbədiliyi naminə çalışmışam.

Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdikləri qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edəndə belə ona qarşı yönələn təzyiq, təhdidlərdən qorxmayaraq, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

1993-cü ilin may-iyununda hökümət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyev fenomeni qarşısında acizliklərini hiss etsələr də xalqın tələbi ilə Ümummilli Lideri rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Həmin gün Azərbaycan tarixinə, QAYIDIŞ, QURTULUŞ günü kimi yazıldı. İyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətələrini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı ümumxalq səsverməsi nəticəsində Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, qələbəsini təkrarlayaraq yenidən dövlət başçısı səlahiyyətlərini qazandı. “Mən ömrümün qalan hissəsini də xalqıma həsr edəcəyəm” söyləyən Heydər Əliyev 2003-cü ilin oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq versə də səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etmədi. Əvəzində Azərbaycan üçün daha bir tarixi missiyasını həyata keçirərək xalqa müraciəti ilə özü qədər inandığı, praqmatik düşüncəli və yüksək intellektə malik İlham Əliyevin dövlət başçısı seçilməsini tövsiyə etdi. Vətəndaş müharibəsinin qarşısını almaqla, Azərbaycanı bölünmək, yox olmaq təhlükəsindən qorumaqla, o zamanlar insanları daim qorxuda saxlayan “boz qurd”lara, “qara polkovnik” in dəstələrinə ağlının, zəkasının qüdrəti ilə tarixi dərs verdi.

Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və ekstremist hallara son qoyulmuş, qanunsuz silahlı dəstələr ləğv olunmuş, bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaranmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alındı, dövlət müstəqilliyi qorunub saxlanıldı.

Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər Heydər Əliyev fenomeninin adı ilə bağlıdır.

Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə irəliləməsini başlıca amil hesab edən Ulu Öndər iqtisadi islahatlar həyata keçirdi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsini prioritet kimi qarşıya qoydu. Bu gün şaxələndirilmiş və coğrafiyası genişlənmiş neft strategiyasını müəyyənləşdirdi. Neft strategiyasını hazırlamaqla ölkəmizi düşdüyü iqtisadi böhrandan xilas edən Ulu Öndər bununla Azərbaycanın dünya birliyinə uzanan yoluna “yaşıl işıq” yandırdı. Azərbaycanda aparılan sürətli inkişafdan heyrətlənənlər bitib-tükənməyən enerji ilə çalışan, xalqının, Vətəninin tərəqqisi üçün ağla gəlməyən “Əsrin müqaviləsi” kimi əfsanələri reallığa çevirən, misilsiz xidmət göstərən ulu öndər Heydər Əliyev dühasına, zəkasına, siyasi fəaliyyətinə, geniş dünyagörüşünə və uzaqgörənliyinə həsəd aparırdılar.

Sovetlərə dırnaqarası rəhbərlik edən ermənipərəst M.Qorbaçovun yeritdiyi siyasətə etirazını bildirəndə də Ulu Öndərin qarşısında bir aydın yol görünürdü. Bu yol Azərbaycanın müstəqillik, süverenlik yolu idi. Müdrik şəxsiyyət insanlara yol göstərmək, onları arxasınca aparmaqla kifayətlənmirdi. “Müstəqillik qədər çətin yol yoxdur... Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onu qoruyub saxlamaq, əbədi etmək ondan da çətindir” kimi fikirləri hər zaman üçün proqram sənədinə çevrildi. Hakimiyyətə qayıtdıqdan sonra da canından artıq sevdiyi Vətəninin təhlükədə olduğunu hiss edən Ulu Öndər özünü xalqının azadlığı yolunda qurban verəcəyini bildirdi. Onun sədrliyi ilə keçirilən Naxçıvan MR Ali Sovetinin sessiyasında muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı, gerbi, himni bərpa edildi. Bu qətiyyətli addım o dövrdə hakimiyyətdə olan səriştəsiz rəhbərləri qəzəbləndirsə də atılan hər bir addım Azərbaycan Xalq Cümhuriyyətinin davam etdirə bilmədiyi, yarımçıq qalan müstəqillik ideyasına ümummilli lider Heydər Əliyevin sədaqəti, vətəndaşlıq borcu, liderlik missiyasının başlanğıcı idi. 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi tələbi də ulu öndər Heydər Əliyev tərəfindən səsləndirildi. SSRİ-ni başqa formatda təşkil etmək üçün irəli sürülən və müttəfiq respublikların suveren hüquqlarını pozan “ittifaq müqaviləsi”nin əsl mahiyyətini uzaqgörənliklə hiss edib “təhlükəli oyunun” ağır itkilərlə nəticələnəcəyini xalqa çatdıran müdrik şəxsiyyət Heydər Əliyev haqlı olaraq bunu M. Qorbaçovun xalqı aldatmaq cəhdinin bir təzahürü adlandırdı. Azərbaycan xalqının başına gətirilən oyunlarda Moskvanın əli olduğunu bildirərək “bizim ittifaqdan nicatımız yoxdur” dedi. Dünya azərbaycanlılarının birliyini rəsmiləşdirmək üçün həmrəylik gününü elan etdi. Ümummilli Liderin tarazlı və cəsarətli siyasəti insanların gələcəyə ümidlərini artırdı.

Respublikamızın dünya miqyasında tanınmasını istəyən, arzusunu gerçəkləşdirmək üçün yorulmadan çalışaraq xalqın rifahı və dövlətçiliyin möhkəmlənməsi üçün biri-birindən önəmli islahatlar apardı, proqramlar həyata keçirdi. Azərbaycan dilinə dövlət statusu verildi.

Ulu Öndər milli Konstitusiyamızın hazırlanmasında şəxsən iştirak etdi. Dövlətçiliyin ən vacib atributlarından olan ordu quruculuğu sahəsində apardığı islahatların nəticəsidir ki, bu gün Azərbaycanın qüdrətli Silahlı Qüvvələri regionda nizam-intizami, maddi-texniki bazasının mükəmməlliyi ilə fərqlənir. AXC-Müsavat iqtidarı dövründə qonşu dövlətlərlə əlaqələrdə yaranmış soyuqluq Heydər Əliyev müdrikliyi nəticəsində aradan qaldırıldı. Bütün dövlət və xalqlarla əməkdaşlıq və qarşılıqlı anlaşma şəraitində yaşamağı xarici siyasətimizin prioritetləri kimi diqqət yetirən Ulu Öndər xarici ölkələrə intensivləşən səfərləri zamanı ən çox diqqət yetirdiyi məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli, işğala məruz qalan Azərbaycan həqiqətlərini dünya xalqlarına çatdırmaq, qürbətdə yaşayan həmyerilərimizlə görüşməklə güclü diaspor hərəkatının təməlini qoymaq idi.

Müdrik siyasi xadim Heydər Əliyevin səyi nəticəsində Azərbaycan Lissabon sammitindən başlayaraq dünyanın ən mötəbər nüfuzlu beynəlxalq təşkilatlarında - BMT-də, ATƏT-də, AŞPA-da tamhüquqlu üzv kimi təmsil olunur, NATO-nun, Avropa Birliyinin proqramlarında iştirak edir. İndi elə bir qlobal məsələ yoxdur ki, orada Azərbaycanın mövqeyi nəzərə alınmasın. Bu möhtəşəmlik Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi Prezident İlham Əliyev iradəsinin göstəricisidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, dünyanın enerji bazarında önəmli təşəbbüskar kimi nüfuz qazanması, sivilizasiyalararası dialoq məkanı kimi tanınması, ən mötəbər yarış və “Eurovision” mahnı müsabiqəsi kimi beynəlxalq müsabiqələrdə üçrəngli bayrağımızın yüksək pillədə dalğalanması Heydər Əliyev ideyasının, qətiyyətli Prezident İlham Əliyevin bu ideyalara sədaqətinin ifadəsidir.

Heydər Əliyev qanı, canı ilə Azərbaycana bağlı dahi, böyük mütəfəkkir idi.

Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, yaradıcısı, suverenliyimizin etibarlı qarantı, xilaskarı oldu.

Respublikada söz, mətbuat, vicdan, əqidə azadlığının təməlini qoyan, çoxpartiyalılıq sisteminə keçidi demokratiyanın əsas şərtləri kimi dəyrləndirən Ulu Öndər müstəqil mətbuatın inkişafına sivil cəmiyyətin əsas atributlarından biri kimi diqqət yetirirdi. Ölkədə apardığı demokratik islahatlara görə dəfələrlə “Jurnalistlərin dostu” adına layiq görülən Heydər Əliyev daim insanları birliyə, saflığa çağırır, şəxsiyyəti nüfuzdan salan ələbaxımlıq hallarına qarşı mübarizəni ümumxalq işi hesab edirdi.

Ölkədə keçirilən prezident, parlament, bələdiyyə seçkilərinin obyektivliyini, şəffaflığını təmin edən Ümummilli Liderin səyi nəticəsində Azərbaycanda tam demokratik tələblərə uyğun seçkilər keçirildi, parlament formalaşdı, təkmilləşdi. Demokratiyaya, ölkə əhalisinin ümumi mənafeyinə və istəyinə uyğun islahatların tətbiqi kimi dəyər verən Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi islahatları saymaqla bitməz. Azərbaycan Şərq aləmində ilk dəfə olaraq ölüm hökmünü ləğv edən ölkə kimi tanındı. İmzaladığı əfv fərmanları və amnistiya aktları ilə azadlıqdan məhrum edilən yüzlərlə məhbusu sağlam, ictimai fəaliyyətə qaytardı. 2003-cü ildə keçirilən prezident seçkisi ilə əlaqədar xalqa müraciət edən ümummilli lider Heydər Əliyev üçün ölkə vətəndaşlarının ümumi rəyi başlıca faktor, meyar idi. Həmin müraciətdə deyildiyi kimi, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən Prezident İlham Əliyevin ölkə rəhbərliyinə tövsiyəsi , “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyinizlə İlham Əliyev başa çatdıra biləcək” sözləri ilə bir daha Azərbaycan xalqına məhəbbətini bildirdi. Doğrudan da Ulu Öndərin inamını doğruldaraq, Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı olduğunu yeritdiyi düzgün siyasəti, rəhbər iradəsi və qətiyyəti ilə bildirən Prezident İlham Əliyev xalqının sevimlisidir.

Tarixi şəxsiyyət, böyük ideoloq, ictimai siyasi-xadim, zəngin mənəviyyat daşıyıcısı Heydər Əliyev müstəqilliymizin əbədiyyət simvoludur. Heydər Əliyev həqiqi mənada ideal şəxsiyyət idi. O bütün varlığını, həyatını və hamı üçün örnək olan siyasi fəaliyyətinin mənasını xalqına xidmətdə görürdü. Onun ən böyük xidməti isə Azərbaycan xalqına özü qədər inandığı, layiqli siyasi varis kimi yetişdirdiyi cənab İlham Əliyev kimi bir dövlət başçısını bəxş etməsidir.

Bu gün Azərbaycanın siyasi mənzərəsi stabildirsə, dinamik inkişaf bütün sahələrdə hiss olunursa bu yalnız ulu öndər Heydər Əliyevin, Onun layiqli davamçısı Prezident İlham Əliyevin gərgin zəhmətinin bəhrəsidir.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2015.- 6 may.- S.12; 19.