İlk azərbaycanlı hərbi təyyarəçi
qadın
Faşizm üzərində
Qələbədə azərbaycanlı pilotların,
xüsusilə
cəsur təyyarəçi
qızlarımızın böyük xidmətləri
olmuşdur
Müharibə
dövründə Azərbaycan əsl cəbbəxanaya
çevrilmişdi. Amansız müharibə qanunları Azərbaycanın
aviasiya sənayesi müəssisələri
qarşısında da çətin və təxirəsalınmaz
vəzifələr qoymuşdu. Əvvəla, həmin illərdə
Azərbaycan Sovet İttifaqının əsas neft bazası
hesab olunurdu. Cəbhəyə lazım olan neftin və neft məhsullarının
dörddə üç hissəsi burada istehsal edilirdi.
Yüksək oktanlı aviasiya yanacağının 75 faizini
Bakı zavodları verirdi. Bununla yanaşı, Azərbaycan
“acgöz” müharibənin təkcə neft-benzin təminatçısı
deyildi...
SSRİ rəhbərliyinin təkidli tələbinə əsasən, hərbi təyyarələrin, o cümlədən təyyarələr üçün ehtiyat hissələrinin istehsalına və təmirinə ciddi fikir verilirdi. İşğal zonalarından “ucqarlara” köçürülən aviamüəssisələrin təcili bərpası ilə yanaşı, yenilərinin də tikilib, istifadəyə verilməsi gündəlikdə duran əsas tələblərdən idi. Bakı aviatorları bu çətin vəzifəni şərəflə yerinə yetirirdilər.
Bakının Keşlə qəsəbəsində kodlaşdırılmış adları “168” və “458” olan iki aviazavod fəaliyyət gəstərirdi. Fasiləsiz işləyən bu müəssisələrdə “UTİ-4” və “YAK-3” tipli qırıcı təyyarələr, habelə hidrotəyyarələr üçün xizəklər istehsal edilirdi. Düşmənin başına od ələyən və müharibənin sonunadək “sirrini” qoruyub saxlaya bilən əfsanəvi “Katyuşa”nın raket-mərmiləri də Bakıda hazırlanırdı.
Məlum olduğu kimi, Hitler Almaniyası Bakı neftinə sahib olmaq üçün xüsusi plan hazırlamışdı və bu məqsədlə Bakının işğalını tezləşdirmək üçün hərbi sənayenin bütün imkanlarından istifadə edirdi. Lakin SSRİ-nin əsas cəbbəxanalarından olan Bakının müdafiəsi də etibarlı əllərdə idi. Şəhərin havadan müdafiəsi xüsusi təlim keçmiş qırıcı aviadəstələrin hesabına daha da gücləndirilmişdi. Bu dəstələrdə azərbaycanlı təyyarəçilər, hətta cəsur qızlarımız da uçurdular. Onlardan Züleyxa Seyidməmmədovanın, Ziba Dadaşovanın, Zərifə Qasımovanın adlarını xüsusi vurğulamaq olar.
Azərbaycanın ilk qadın təyyarəçilərindən biri olan Züleyxa Seyidməmmədova 1919-cu il martın 22-də Bakı şəhərində anadan olmuşdur. Züleyxa Azərbaycan Sənaye İnstitutunu əla qiymətlərlə bitirsə də, təyyarəçi olmaq həvəsindən əl çəkməmiş, 1936-cı ildə Bakı aeroklubunu da bitirmiş, Zabratda sınaq uçuşları keçirmişdi. 1941-ci ildə N.Y.Jukovski adına Moskva Hərbi Hava Qüvvələri Akademiyasında oxuyarkən qardaşı onun yanına gəlmişdi. Bir səhər Moskva radiosundan Levitanın səsi gəldi: “Faşist Almaniyası bütün cəbhə boyu hücuma keçib...” Qardaş-bacı bir andaca yerlərində donub qaldılar...
Hələ 1940-cı ilin iyulunda Hitlerin bir cümləlik bəyanatı dünyanı alov dilimi kimi qarsmışdı: “SSRİ gərək məhv edilsin! Müddəti - 1941-ci ilin yazı!” Hitler ardınca “Barbarossa” adlanan yeni planda dəyişikliklər apardı və 1941-ci il iyunun 17-də SSRİ-yə qarşı iyunun 22-də müharibəyə başlamaq əmri verdi. Rozenberqin başçılığı ilə təşkil edilən “A” qrupu ordusu Bakını 1941-ci ilin sentyabrına qədər işğal edərək alman şirkətlərinin sərəncamına verməli idi. Hətta Azərbaycanın iri sənaye müəssisələrinə alman rəhbərlər də təyin olunmuşdu. Bu savaş tezliklə “Böyük Vətən Müharibəsi” adlandırıldı və SSRİ-nin hər bir vətəndaşı vətəninin müdafiəsinə qalxdı. Bu o vaxtlar idi ki, 1937-ci ildən başlayaraq “böyük rəhbər”in əmri ilə Azərbaycan xalqının işıqlı insanları, ziyalıları hər gecə zindanlarda və Qum adasında başından güllələnərək Xəzərə atılır, ailəsi və uşaqları vətənindən sürgün edilirdi. “SSRİ-yə xəyanət”də günahlandırılan təmiz ürəkli bu xalq qısa vaxt ərzində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edərək ön cəbhəyə yolladı, 600 mindən çox azərbaycanlı oğlan və qız Bakıdan Berlinədək ağır döyüş yolu keçdi, partizan dəstələrinin tərkibində vuruşdu. Cəbhəyə gedənlərin arasında tankçı, topçu, pulemyotçu, təyyarəçi, sıravi əsgər, həkim, tibb bacıları var idi.
Belə bir vaxtda, 1942-ci ilin sentyabrında Donda, Stalinqradda, Ukraynada, Belarus cəbhəsində müharibə o qədər şiddətlənmişdi ki, müqaviməti qırmaq üçün alman komandanlığı bütün ehtiyat qüvvələrini döyüş xəttinə çıxarmışdı. Həmin vaxt qadınlardan ibarət 586-cı qırıcı-təyyarəçi aviasiya polku Moskva ətrafından Saratova çağırılır. 23 yaşlı Züleyxa Seyidməmmədova burada köməkçisi Mariya Kuznetsova ilə havanı müşahidə uçuşu keçirir və ilk dəfə qanadlarına qorxunc, qara rəngli xaç həkk olunmuş alman təyyarələrini görür. Gənc təyyarəçi hər dəfə onları məhv etmək və Hitlerin Bakıda ziyafət vermək arzusunu gözündə qoymaq üçün səmaya qalxır, qara-qorxunc “xaçlar”ın üzərinə od yağdırırdı. Havadan hücum alayının digər qadın təyyarəçiləri də qəhrəmanlıqla mübarizə aparır, düşməni məhv edir, azərbaycanlı komandirlərin əmrini şərəflə yerinə yetirirdilər.
1943-cü ildə şturman Züleyxa Seyidməmmədovanın komandanlığı altında 586-cı qırıcı alay Voronejə köçürülür. Təyyarəçi qadınlar burada qəhrəmanlıqla döyüşür, gün ərzində bir neçə dəfə havaya qalxaraq düşmənə zərbələr endirirdilər. Göstərdikləri şücaətlərə görə Züleyxa Mir Həbib qızı və komandanı olduğu havadan hücum polku dəfələrlə SSRİ rəhbərliyinin orden və medalları ilə təltif olunur. Kursk ətrafında döyüşlər və Korsun-Şevçenko əməliyyatı isə düşmən üzərinə şir kimi hücum edən Qafqaz gözəlini əfsanə və nağıl qəhrəmanına çevirir. Vurub yerə saldığı alman təyyarəsi yanıb külə dönür və alman pilot əsir alınır. Əsir biləndə ki, onu qadın pilot vurub, heyrətini gizlədə bilmir. Bu xəbər bir anlığa bütün cəbhə boyu yayılır. Radioqramlardan alınan xəbərlərdə qırıcı alayın komandiri Züleyxa Seyidməmmədovanın rəşadətindən danışılır, SSRİ mətbuatı bu hünərdən yazır. Cəbhələrdəki azərbaycanlı döyüşçülər bu xəbəri böyük sevinclə qarşılayıb bayram edirdilər. Şad xəbər Bakıya da gecikmədi, neft buruqlarında, sənaye müəssisələrində bayram edildi. Züleyxa isə həmyerlisi Həzi Aslanovun qəhrəmanlığı ilə qürur duyurdu.
...1944-cü ilin axırları idi, Həzi Aslanov, Leyla Məmmədbəyova, Züleyxa Seyidməmmədova kimi on minlərlə qəhrəman döyüşçünün zəhməti hesabına düşmən SSRİ ərazilərindən çıxarılmaq ərəfəsində idi. Bu illər ərzində qırıcı təyyarəçi Züleyxa Mir Həbib qızı dəfələrlə zərbə almış, təyyarəçi qızların bir neçəsi döyüşlərdə həlak olmuşdu. Onun son uçuşu Buxarestdə idi. Azərbaycanlı təyyarəçi Buxarest səmalarında 5001-ci və sonuncu uçuşunu etdi. Aydın səma, göyün ənginlikləri bu gənc qızı hər zaman özünə çəksə də, Züleyxa vətəninə dönməli idi, onu Azərbaycanda xalqı və doğmaları səbirsizliklə gözləyirdi.
Bundan sonra Qələbə gəlirdi. Müharibədə misilsiz igidlik və qələbələrə imza atmış Züleyxanı vətənində böyük sevgi və hörmətlə qarşıladılar. O, Azərbaycana başucalığı gətirmiş, ən çətin məqamlarda belə təmkinini, milli hiss və duyğularını, heysiyyatını itirməmişdi. Böyük Vətən Müharibəsində göstərdiyi rəşadətlərə görə “Lenin ordeni”, ikinci dərəcəli “Vətən müharibəsi” ordenlərinə layiq görüldü, 2 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni və 2 dəfə “Şərəf Nişanı” ordeni aldı. Züleyxa Seyidməmmədova 1946-52-ci illərdə məsul komsomol və partiya işlərində çalışmış, 1952-ci ildən 1975-ci ilə qədər isə Azərbaycanın ictimai təminat naziri olmuşdu. 1975-ci ildən ömrünün son günlərinə qədər Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədr müavini işləyib. Üç dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Bunların hamısından öncə isə Züleyxa xanım gözəl ailə başçısı, ana olub. O, doğrudan da arzuladığı kimi, bütün yüksəkliklərin, ucalıqların fövqündə dayandı.
Züleyxa Seyidməmmədova 1994-cü il noyabrın 10-da 75 yaşında dünyasını dəyişib.
Sevinc Azadi
İki sahil.- 2015.- 7 may.- S.30.