1941-1945: SSRİ
xalqlarının
faşizmə
qarşı mübarizlik yolu
Hitler Almaniyası üzərində
Qələbədə önəmli rolu olan Azərbaycan
xalqı
erməni faşizminə layiq
olduğu cavabı vermək əzmindədir
Dünya ictimaiyyəti bəşər
tarixinin ən qanlı səhifəsinə yazılan, dəhşətləri
ilə seçilən II Dünya müharibəsinin 70 illik
yubileyinə hazırlaşır. O dövrdə sovetlər ailəsinin
bir üzvü kimi ümumi vətənimiz adlandırılan
SSRİ-nin alman faşizmindən xilası üçün
döyüşlərdə mətanət göstərən
söydaşlarımız qəhrəmanlıq salnaməmizə
imzalarını yazmışlar.
Döyüşlərdə
olduğu kimi, arxa cəbhədə də şücaətlər
göstərən analar, qız, gəlinlər faşizmə
qarşı ölüm-dirim mübarizəsinə qoşulan əsgərlərimizə
mənəvi dayaq olur, “Hər şey cəbhə
üçün, hər şey qələbə
üçün!” çağırışı ilə o
vaxt ətrafında minlərlə kollektivi birləşdirən
“staxanovçu”lar hərəkatının önündə
gedirdilər.
Kolxozçular
cəbhəni ərzaqla təmin etmək üçün gecə-gündüz
çalışır, əsgərlərin ərzaq və
geyimlə təminatına yardım göstərirdilər. O
zamanlar təşkil olunmuş ordunun ərzaq fonduna 18 min
baş mal-qara, 52 min pud taxıl, 40 ton meyvə qurusu, dərman
və sarğı materialları göndərən azərbaycanlılar
şəxsi vəsaitlərini, qızıl-gümüş əşyalarını
belə müdafiə fondu üçün
ayırırdılar.
Tarixdə
həmişə olduğu kimi, I və II dünya müharibələrində
də neft dünya siyasətinin əsas amili kimi
“hökmranlıq” edirdi. “Əgər biz Bakı neftinə sahib
olmasaq demək müharibəni bu başdan uduzmuşuq”
söyləyən Adolf Hitlerin hərbi strategiyasının əsas
məqsədi Cənubi Qafqazın strateji əhəmiyyətə
malik ərazisi olan, zəngin təbii sərvətləri ilə
diqqəti cəlb edən Azərbaycanı əldə etmək
idi. “II Dünya müharibəsi motor və yanacaq müharibəsidir”
deyənlərin sözlərində həqiqət var idi.
Özünün “Barbarossa planı”nda da bu amilə xüsusi
diqqət yetirən Hitler “qara brilyant”
adlandırdığı Bakı neftinə sahib olmağı
generallarından hərbi vəzifə, tapşırıq kimi
tələb edirdi. “Dünyanı idarə etmək istəyən
ilk növbədə neft üzərində nəzarəti ələ
almalıdır” söyləyən fürerin ad günündə
Xəzərin sahilində Bakının təsviri olan tortun təqdim
olunması da təsadüfi deyildir.
Böyük
Vətən müharibəsində canlı qüvvə ilə
iştirak edən azərbaycanlıların hasil etdikləri
Bakı neftinin də önəmli rolu oldu. Müharibə illərində
SSRİ-də çıxarılan neftin dörddə
üç hissəsi Azərbaycanın payına
düşürdü. Düşmənə qarşı
döyüşən tank və təyyarələr Azərbaycan
neftçilərinin göndərdiyi yanacaqla hərəkət
edirdi. Təkcə 1941-ci ildə ölkəmizdə 23, 5 milyon
ton neft çıxarıldı ki, bunun da cəbhə
üçün nə olduğunun izaha ehtiyacı yoxdur. Əslən
bakılı olan, uzun müddət SSRİ-nin neft -qaz sənayesinə
başçılıq etmiş N. Baybakovun etiraf etdiyi kimi
ölkənin yanacaq balansında 80-90 faiz payı olan Azərbaycan
nefti olmasaydı faşizm üzərində qələbə
haqqında düşünmək qeyri-mümkün idi.
O illərdə
marşal Q. Jukov bildirirdi ki, Bakı neftçiləri cəbhəni
istənilən qədər yanacaqla təmin etməklə qələbə
qazanılmasında böyük xidmətlər göstərmişlər.
Döyüşlərdə düşmənin 10
tankını, 26 avtomobilini, 2 zirehli maşınını, bir
silah anbarını, 190 alman zabiti və əsəgərini məhv
edən azərbaycanlı təyyarəçi Nuru Əliyev Azərbaycanın
müdafiəsi üçün vuruşduğunu bildirərək
Bakı neftçilərinə minnətdarlığını
bildirirdi: “Mən inanıram ki, azərbaycanlılar heç
vaxt alman faşistlərinə təslim olmayacaqlar. Stalinqrad ətrafında
mətinliklə vuruşmaqla səni qoruyuruq, Bakı!”
Qafqaza
yaxınlaşmaq üçün bütün qüvvələrini
səfərbər edən almanlara layiq olduqları dərsi verən
azərbaycanlılardan ibarət 416-cı Taqanroq
diviziyasında vuruşan soydaşlarımızı da qələbəyə
ruhlandıran doğma Azərbaycandan gətirilən, həyat
qaynağı hesab edilən, hərbi texnikanı işlədən
Bakı nefti idi.
Bakı
neftinin döyüşlərdə böyük əhəmiyyətə
malik olması təyyarəçi Aleksandr Lukyanovun qazma
ustası Baba Muradova yazdığı məktubdan da aydın
olur: “Əziz dost! Mən səni tanımıram, heç zaman
da görməmişəm. Bizi bir-birimizdən kilometrlərlə
məsafə ayırsa da eyni məqsəd bizi birləşdirir:
Biz vətəni müdafiə edirik.”
Marşal
K.K.Rokossovski hərbi texnikanı, təyyarələri,
döyüş gəmilərini hərəkətə gətirən
Azərbaycan neftinin misilsiz rolunu bu sözlərlə ifadə
edirdi: “ Hər bir hərbi təyyarənin, tank
ekipajının düşmənə zərbəsində
Bakı neftçilərinin payı vardır.” Təyyarələrin
85-90 faizi Azərbaycan nefti ilə işləyir. Cəbhə
üçün tələb olunan benzinin 80, sürtkü
yağının 90 faizi respublikamızda istehsal olunurdu.
Heydər
Əliyev Fondunun dəstəyi ilə istehsal olunan, bu günlərdə
təqdimatı keçirilən “Hədəf Bakıdır.
Hitler neft uğrunda döyüşü necə uduzdu” filmində
də Azərbaycan neftinin strateji əhəmiyyətindən,
“qara qızıl” uğrunda mübarizədən bəhs
edilir.
Azərbaycan
eyni zamanda cəbhəni silah, hərbi sursatla təmin edən
iri sənaye müəssisələri ilə də fərqlənirdi.
Döyüş üçün tələb olunan 130 adda
silah, sursat respublikamızda istehsal olunurdu. Akademik Yusif Məmmədəliyevin
rəhbərliyi ilə aviasiya benzininin istehsalına
başlamaqla bərabər 100 adda neft- kimya məhsulu da
hazırlanırdı. Belə ki, 9 adda təyyarə benzini, 38
növ sürtkü yağı, 8 növ dizel
yağını istehsal etməklə qələbə
üçün zəmin hazırlayan Azərbaycan xalqı dəmir
yolu vasitəsilə yüklərin daşınmasında fədakarlıq
göstərməklə Orta Asiyada tikilən hərbi zavodun
inşası üçün lazım olan materialları da təmin
etdi. Alman faşizmi üzərində qələbədə
azərbaycanlıların misilsiz xidmətlərini, Bakı
neftinin rolunu təsdiqləyən belə numunələr
çoxdur. Müharibə dövründə akademik Yusif Məmmədəliyevin
yüksək oktanlı benzin kəşf etməsi isə
xüsusilə qeyd olunmalıdır. Döyüş təyyarələri
üçün keyfiyyətli benzin istehsalının təməlini
qoyan alimin yeni kəşfinin qələbənin
qazanılmasında rolu az olmamışdır. Y.Məmmədəliyevlə
birlikdə Ş.Əliyev M. Nağıyev, V. Qutırya kimi
alimlər yüksək oktanlı dizel yanacağnı əldə
etməklə cəbhə üçün xidmətlərini əsirgəmədilər.
Həmin çətin illərdə Bakı neftçiləri
cəbhəni yanacaqla təmin etməklə kifayətlənmirdi.
Gənc kadrların hazırlanmasına diqqət yetirməklə
könüllülərdən ibarət dəstələrin tərkibində
cəbhəyə, döyüşə gedirdi. Neft sənayesində
böyük təcrübəyə malik Bakı neftçiləri
“İkinci Bakı” adlanan Sibirdə neft hasilatı sahəsində
də yorulmadan çalışır, Azərbaycandan gətirdikləri
texniki avadanlıqları ilə neft hasilatını
artırırdılar. “Sibir neftinin qaranquşu”
adlandırılan Fərman Salmanov kimi onlarla fədakar azərbaycanlının
adı tarixə yazılıb.
“Biz
fəxr edirik ki, dünyanın taleyüklü probleminin həll
olunmasında- faşizm üzərində qələbədə
Azərbaycan xalqının da mühüm payı olmuşdur.
Azərbaycan xalqı ikinci dünya müharibəsində həm
döyüş meydanlarında, həm də arxa cəbhədə
əsl şucaət və əzmkarlıq nümunələri
göstərmişdir” söyləyən umummilli lider Heydər
Əliyev müharibə veteranlarına diqqət və
qayğının artırılması üçün
önəmli addımlar atdı.
Hər
il 1941-1945-ci illər Böyük vətən müharibəsinin
iştirakçılarına, həlak olmuş və ya
sonralar vəfat etmiş döyüşçülərin ailələrinə,
arxa səbhədə fadakar əməyinə görə orden
və medallarla təltif edilmiş şəxslərə birdəfəlik
yardım verilməsi barədə sərəncam imzalayan
Prezident İlham Əliyev bu il də ənənəsinə
sadiq qalaraq müharibə veteranlarının xidmətlərini
yüksək dəyərləndirdi.
Dövlət
başçımızın sərəncamı ilə
“1941-1945-ci illər müharibəsində Qələbənin
70 illik yubileyinə hazırlıq və yubileyin qeyd
olunması üzrə Tədbirlər Planı” təsdiq
olunub. Prezident İlham Əliyev Böyük Vətən
Müharibəsinin Azərbaycandan olan
iştirakçılarının “1941-1945 illər
Böyük Vətən müharibəsində qələbənin
70 illiyi” yubiley medalı ilə təltif olunması barədə
sərəncam imzalayıb.
Ədalət
prinsipinə sadiq qalan Azərbaycan xalqında mübarizlik ruhu
indi daha yüksəkdir. Erməni silahlılarının
işğalı altında qalan torpaqlarımızın azad
olunması uğrunda mübarizədə hər an
döyüşə hazırdır. 1941-1945-ci illərdə
sovetlər uğrunda vuruşmaqla SSRİ-ni qoruyurdusa indi
soydaşlarımız ata-babalarımızdan bizə yadigar
qalan torpaqlarımız uğrunda canlarından keçməyə
hazırdırlar. 5 il davam edən çətin müharibə
illərində cəbhəni hərbi texnika, yanacaqla təmin
edən, iqtisadi qüdrətinə görə Cənubi
Qafqazda lider olan Azərbaycan indi daha qüdrətlidir. Ölkəmizin
müdafiə imkanları daha da artır, Müdafiə Sənayesi
Nazirliyi müəssisələrində 900-dan çox adda hərbi
sursat və avadanlıqlar istehsal olunur, beynəlxalq hərbi sərgilərdə
uğurla təmsil olunur. Azərbaycanın müdafiə xərcləri
Ermənistanın bütünlükdə dövlət
büdcəsindən 2 dəfə çoxdur. Dövlətimizin
iqtisadi inkişaf balansında beynəlxalq, strateji əhəmiyyətli
neft-qaz kəmərləri, nəqliyyat infrastrukturu var.
Torpaqlarının 20 faizi Ermənistan ordusunun nəzarəti
altında qalan Azərbaycanın ərazi bütövlüyünü
bərpa etməyə, beynəlxalq hüquq normalarına
söykənən imkanları və hərbi potensialı
mövcuddur. BMT kimi beynəlxalq təşkilatların sülhə
çağırışı əks etdirən bəyanatlara
əhəmiyyət verməyən Ermənistanla özünə
layiq dildə danışmaq üçün hər cür
imkanlara malik Azərbaycan xalqı öz sözünü demək
iqtidarındadır. Diplomatiyada Ermənistanı üstələyən
Azərbaycan hərbi gücü, ordusu ilə qələbə
çalmaq əzmindədir. İkinci dünya müharibəsində
alman faşizmini diz çökdürməkdə önəmli
rolu və payı olan Azərbaycan xalqı erməni
faşizminə də layiqli cavab verəcəkdir.
Xuraman İsmayılqızı
İki sahil.- 2015.- 9 may.- S.29.