“Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə irəli

sürdüyü azərbaycançılıq ideologiyası bütün dünya

azərbaycanlılarını bir çətir altında birləşdirdi”

 

Akif Əli: “Con Kerri kimi bir ermənipərəst dövlət katibinin, erməni səsi ilə seçilmiş beş senatorun, erməni pulu ilə dolanan on siyasətşünasın, ianə alan on beş QHT rəhbərinin və iyirmi beş yalaq jurnalistin yaxa cırması hələ bizə təsir edəcək güc deyil”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri, yazıçı-publisist Akif Əlinin “İki sahil” qəzetinə müsahibəsi

 

- Akif müəllim, öz fəaliyyət çərçivənizdə hər zaman mənəvi dəyərlərə, Vətən sevgisinə, kamil insan anlayışına böyük önəm vermisiniz. Sizcə, bu gün qloballaşan dünyada bir xalq olaraq milli kimliyimizi, mənəvi dəyərlərimizi qorumaq üçün hansı addımları atmalıyıq?

- Səmimi sözlərə görə çox təşəkkür edirəm. Həqiqətən, hansı yaradıcılıq sahəsi olur-olsun, - kino, radio, televiziya, mətbuat, elm, nəsr, publisistika... - mənim üçün əsas ideya, məqsəd, məram məhz milli kimliyimizin və mənəvi dəyərlərimizin dayağı kimi Vətən sevgisinin təşviqi olub. Belə bir mühüm məqamın altını cızmaqla siz sanki qızmar səhrada mənə bir içim bulaq suyu verdiniz...

Suala gəlincə, düşünürəm ki, uzun əsrlər boyu yadlar, yağılar, müxtəlif işğalçı qüvvələr xalqımızın əzəli kimliyini unutdurmağa, yaxud püxtələşməsinə imkan verməməyə çalışıblar. Amma öz genetik qüdrətimiz sayəsində biz ayaqda qalıb tarixin cəngəlliklərindən keçib, uzun dolayı yollarla 21-ci əsrə gəlib çıxmışıq. Müstəqil dövlətçiliyimiz sayəsində özümüzə dönüb dikəlmişik.

Bəşər tarixi üçün yüz il, beş yüz il, min il bir miqyas deyil. Müasir mərhələdə ən azı iki-üç min illik tarixi-mədəni qaynaqlarımızı öyrənib əsl milli kimliyimizin səciyyəsini tanımalı və tanıtmalıyıq. Yəni, özümüzü dərk etmək üçün istilalardan qabakı mənzərəni üzə çıxarmaq vacibdir: dünyanın enerji mənbəyi olan qədim Oğuz yurdu vəhşi işğalçıların caynağına keçməmişdən əvvəl Ulu Tanrı Azər qövmünü necə yaratmışdı, hansı genetik xüsusiyyətləri və mental şüuru vermişdi?! Çünki qədim və zəngin mənəvi-mədəni dəyərlərimiz də maddi sərvətlərimiz kimi son iki min ildə yadelli işğalçılar tərəfindən yağmalanıb, dağıdılıb, mənimsənilib. Bax həmin ilkin şərəfli simadan nələri bu günə gətirmişik, nələri tarixin dolamalarında itirmişik, nələr qılınc gücünə unutdurulub, daha hansı xüsusiyyətləri günümüzün istifadəsinə qaytarmaq faydalı olardı və s. Bu suallar müasir azərbaycanlının özünüdərki üçün vacibdir. İnanın ki, eramızın başlanqıcında və eradan əvvəlki dövrlərdə biz daha çox şərəf, ləyaqət, qürur, qorxmazlıq, igidlik, qəhrəmanlıq, mərdlik, mətanət, alicənablıq, yüksək əxlaq, bilik, saflıq kimi uca dəyərlərimizi görə bilərik...

“Mənəvi dəyərlərin qorunması” barədə isə düşünürəm ki, təkcə qorumaq azdır, həm də inkişaf etdirmək, yeniləşdirmək, müasirləşdirmək lazımdır. Bu dünyada hər şey axır, hər şey dəyişir. Təbii ki, bu gün gördüyümüz dünya yüz il, min il, on min il, milyon il əvvəlki dünya deyil. Dəyərlər də zaman-zaman mədəni intibah və texniki tərəqqi səviyyəsinə uyğun transformasiya olur. Dəyişməyənlər Afrika cəngəlliklərində sürü halında yaşayan yarımvəhşi tayfalar, bir də monoetnik icma halında özünə qapanıb təcriddə olan erməni tayfasıdır...

Şübhəsiz, mənəviyyat dünyasının ardıcıl intibahı baş verir, dövrdən asılı olaraq dəyişir, yeniləşir, modernləşir. Qanun-qaydaları, adət-ənənələri də bizim kimi insanlar icad edib. Öz merkantil məqsədləri naminə haçansa kimlərinsə tətbiq etdiyi yabançı “dəyərlər” bu dövrə uyğun gəlmirsə, onlar nədən toxunulmaz qalmalıdır?! Kim elə bir dəyər yarada bilər ki, əbədi olsun? Axı, “Əbədiyə qəh-qəh çəkər əbədi dünya!” Odur ki, istifadəmizdə olan “ənənəvi dəyərlərdən” hansının bizim mentalitetə xas olduğu, doğal xüsusiyyətlər daşıdığı,hansınınsüni şəkildə, repressiv üsullarla zorla tətbiq edildiyi çeşidlənməli və arıtlanmalıdır. Bu, əlbəttə, böyük bir institut səviyyəsində ciddi elmi axtarışlar tələb edən ağır işdir. Ancaq gələcəyimiz üçün, kamilliyimiz naminə bu addımlar da fayda verərdi.

Xüsusən unikal coğrafi mövqeyi səbəbindən bizim cəmiyyət üçün multikulturallıq təməl prinsipi sayılırsa, o zaman “milli-mənəvi” dediyimiz keyfiyyətlərin hamısına ucdantutma qapılıb ətrafı iqnor etmək nəyə lazım. Təcrübə göstərir ki, öz mədəniyyətinə hörmət özgələrin də mədəniyyətinə hörmətdən keçir. Xalqlar belə bəhrələnir, belə inkişaf edirlər... Dolayısı ilə həyatımızda olan ənənəvini fetişləşdirib qorumaqla qalmamalı, həm də gələcəyə doğru hərəkət etməliyik. Bu yerdə vaxtilə mətbuatda yazdığım bir fikri təkrar edim: müstəqillik qazandıqdan sonra çox böyük uğurla və sürətləaparılan iqtisadi, siyasi, hüquqi, sosial reformaların tempinə və miqyasına humanitar-mədəni-ideoloji sahələrdəki islahatlar adekvat olmadı. İndi bu işin genişləndirilməsi zəruridir.

-Xarici zərərli təsirlərdən, mənəvi zərbələrdən gənclərimizi qorumaq üçün nəyə ehtiyac var?

-Bəli, dəmir pərdələr qalxdıqdan sonra içəriyə çoxlu xeyirli axınlarla yanaşı, faydası olmayan zərərli və ziyanlı yellər də əsdi. Bu da demokratik proseslərin xüsusiyyətidir. Həmin səmum yellərinin qarşısını isə yalnız milli özünüdərk potensialının əzmi ilə, Vətənə, xalqa, dövlətə sevginin vüsəti ilə almaq olar. Bunun üçün yuxarıda dediyim şərtlər daxilində maarifçilik yolu ilə gənc nəsli qürurlu, vüqarlı və ali məqamlara layiq istedadlı qövm olduğumuza inandırmaq vacibdir. Pisliyin qarşısında ən yaxşı sipər inamdır, idrakdır, əqidədir.

- Bu gün İctimai Televiziyanın efirindən dünyaya qapı açırsınız. Dünyadakı bəzi media orqanlarında Azərbaycanın imicinə qara yaxmaq istəyənlər var. Sizcə, onlar buna nail ola bilirlərmi?

- “Vətənin səsi” proqramına xoş münasibətə görə təşəkkür edirəm. Baxın, Azərbaycana yüz illərdir qara yaxırlar. Nə zaman Azərbaycanı öpüb oxşayıblar ki?! Hər gələn yadelli işğalçı öz damğasını vurub, öz şərini-böhtanını yaxıb, xalq haqqında, millət haqqında, millətin qəhrəman oğulları, igid sərkərdələri haqqında əxlaqsızcasına və həyasızcasına murdar söz söyləyiblər, yazıblar, yayıblar. Bəlkə də indi - müstəqil və güclü dövlətimiz olduğu zamanda biz qarayaxmalardan ən az zərbə görürük. Çünki indi heç olmasa cavablarını verə bilirik. Xüsusən ölkə Prezidentinin tövsiyə etdiyi “hücum taktikası” bunun üçün böyük imkanlar açır. Ancaq əsrlər boyu bizə böhtanlar atılanda, tariximiz təhrif olunanda, torpaqlarımız parça-tikə ediləndə, var-dövlətimiz yağmalananda - özümüz də “dinmə ver” üsulu ilə idarə olunurduq. Artıq zorakılıq dövranı keçdi. İndi azad, müstəqil, demokratik Azərbaycan Respublikası BMT-də söz sahibidir. Haradasa hansısa atsifət bir dövlət xadiminin öz səlahiyyətindən sui-istifadə edib kimlərisə üstümüzə qısqırtması, bədheybət simasının çirkabından pak yurdumuza ləkə atmaq isterikası “karvan” effektindən başqa bir şey edə bilməz. Ölkəmiz öz doğru yolu ilə gedir və gedəcək.

-İlk Avropa Oyunların Azərbaycanda keçirilməsinə dünyada yaşayan azərbaycanlıların münasibəti necədir?

-Biz bölünmüş xalq olsaq da, əvvəlki kimi param-parça deyilik. Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını bir çətir altında birləşdirən amil oldu. İndi imzası imzalar içində yer alan 50 milyonluq bütöv Azərbaycan xalqı var. Və bu xalqın Vətənini, dövlətini, millətini sevən hər bir namuslu sıra nəfəri harada yaşamasından asılı olmayaraq Azərbaycanın uğuruna sevinir, üçrəngli müqəddəs bayrağı planet boyunca, qürurla, vüqarla dalğalandırır. O cümlədən, ölkəmizin nüfuzunu və şöhrətini artıracaq, onun haqq sözünü bir daha dünyaya yayacaq ilk Avropa Oyunlarının uğuruna sevinmək üçün həmin 50 milyon adam qəlbində Vətən sevgisi həyəcanla gözləməkdədir...

-Yaşanan hadisələr ABŞ-da zorakılığın hansı səviyyədə olduğunu ortaya qoyur. Avropa qondarma “erməni soyqırımı” məsələsini gündəmə gətirir. Bu cür “demokratiya” carçıları bizə nə bəxş edə bilərlər?

- “Demokratiya” heç kimin müstəsna səlahiyyətində deyil, hamının bərabərhüquqlu yaşam tərzidir. Mən hesab etmirəm ki, ABŞ və Avropa bütünlüklə bizə qarşıdır. Dünyanın böyük hissəsini təşkil edən o ərazilərdə bizə dost olan, haqq işimizi dəstəkləyən, müstəqilliyimizi və ərazi bütövlüyümüzü tanıyan, hətta Xocalı soyqırımını qəbul edən nə qədər dövlətlər var, ştatlar var, insanlar var! Düşmənlərimizin səpələndiyi o məkanlarda öz ofisini antiazərbaycan kampaniyasının yuvasına çevirən Con Kerri kimi bir ermənipərəst dövlət katibinin, erməni səsi ilə seçilmiş beş senatorun, erməni pulu ilə dolanan on siyasətşünasın, ianə alan on beş QHT rəhbərinin və iyirmi beş yalaq jurnalistin yaxa cırması hələ bizə təsir edəcək güc deyil. Bu xırda dairələrin yerləşdiyi böyük ölkələrin dövlət və hökumətləri səviyyəsində bizə hücum edildiyi barədə ümumi siyasi mülahizələr yürütmək politoloji yanlışlıq olardı. Çünki Azərbaycan bu gün dünyanın əksər ölkələri ilə, o cümlədən ABŞ və Avropa dövlətləri ilə strateji tərəfdaşlıq prinsipləri əsasında əlaqə qurur, həmin ölkələrdəki iri şirkətlərlə səmərəli əməkdaşlıq edir. Dövlətimizin başçısı və digər dövlət-hökumət nümayəndələrimiz mütəmadi yüksək səviyyəli tədbirlərdə iştirak edib beynəlxalq məsələlərin həllində mövqeyimizi bildirirlər. İqtisadi-ticari əlaqələr intensiv davam edir, mədəni-siyasi müstəvidə əməkdaşlıq mövcuddur. Bakıya gəlib-gedən və öz heyranlığını gizlətməyən ictimai-siyasi xadimlər, elm və mədəniyyət adamları, idmançılar və turistlər saysız-hesabsızdır. Yəni Azərbaycan dünyanın, o cümlədən Avropanın bir hissəsi kimi qəbul olunub. Təsadüfi deyil ki, I Avropa Oyunları məhz Avropa qitəsinin 50 Milli Olimpiya Komitəsini özündə birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. Bu tədbir Azərbaycanın həyatında mühüm hadisə olacaq. Özü də təkcə idman yox, həm də böyük mədəniyyət hadisəsi, özümüzü olduğumuz kimi tanıtmaq üçün böyük bir şans.

Məkrli qarayaxmalara rəğmən Azərbaycan Respublikasının hüquqi, demokratik dəyərlərə, o cümlədən Avropa və ümumbəşəri dəyərlərə sadiq qalaraq dünyaya inteqrasiya etməsi dövlətimizin konseptual siyasi xətti kimi uğurla davam etdirilir. Bu strategiyanın banisi müstəqil Azərbaycan dövlətini öz həyatı bahasına qoruyub saxlamış, onu ən ağır sınaqlardan çıxararaq dirçəltmiş və gələcəyini müdrik uzaqgörənliklə müəyyən etmiş dahi Heydər Əliyevdir. Bu gün Ermənistandan başqa bütün digər dünya ölkələri ilə bərabərhüquqlu qarşılıqlı, faydalı əməkdaşlığa üstünlük verən bu strateji xətti Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev böyük əzm və iradə ilə davam etdirir.

Bütün bu uğurları gözü götürməyənlər isə nə qədər çalışsalar da, dünyaya artıq bir günəş kimi doğmaqda olan müstəqil Azərbaycan Respublikasının sürətli inkişafının qarşısını ala bilməzlər. Əgər şair demişkən, günəşdən gizlənən yarasalardırsa, onlar qədim Odlar Yurdundan ucalan Azərbaycan günəşini necə sevə bilərlər ki?!

 

Aygün İbrahimli

 

İki sahil.- 2015.- 16 may.- S.29.