Prezident - xalq birliyi sarsılmazdır

 

Dünyada uzunmüddətli dövlətçilik tarixinə mənsub olmalarına rəğmən, yerləşdikləri coğrafiya, əldə etdikləri siyasi-iqtisadi imkanlardan lazımınca yararlana bilməyən və beləliklə, beynəlxalq aləmdə o qədər də əhəmiyyətli mövqe sahibi olmayan onlarla dövlət mövcuddur. Tarix göstərir ki, böyüknüfuzlu dövlətlərin sırasında yer almaq üçün təkcə geniş coğrafiya, çoxmilyonlu əhali və yaxud zəngin təbii sərvətlərin olması şərt deyil. Əgər belə olmasaydı onda gərək bu gün dünyanın siyasi tarixində varlığı-yoxluğu hiss edilməyən, lakin yuxarıda göstərilən kriteriyalara malik olan bəzi dövlətlər (məsələn, Monqolustan, Banqladeşs. kimi) müasir dünyanın aparıcı dövlətləri sırasında yer alardılar. Dövlətin gücü, qüdrəti və nüfuzu onun mədəni və ümumbəşəri dəyərlərinin böyüklüyü, ölkənin beynəlxalq siyasətdə əsas oyunçulardan birinə çevrilməyi bacarması, bir sözlə, geosiyasət meydanında söz sahibliyi rolunu əldə etməsi ilə ölçülür.

Bütün bu meyarlara Azərbaycan cəmi iyirmi dörd illik müstəqillik tarixində keçdiyi inkişaf yolunda nail olmağı bacardı və bir çoxlarının həsəd apardığı səviyyəyə yüksələ bildi. Ancaq bütün bunlar təbii ki, özü-özünə baş vermədi. Bu mərhələyə gərgin və məqsədyönlü, böyük siyasi ustalıq və səriştə ilə aparılan uğurlu siyasət nəticəsində nail olundu. Bu siyasətin əsasını isə siyasət məktəbinin dahilərindən hesab edilən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoymuşdur.

Ulu Öndərin əsasını qoyduğu yolla uğurlu, praqmatikmilli maraqlara söykənən peşəkar siyasət yürüdən Prezident İlham Əliyev son on bir ildə Azərbaycanı nəinki bölgənin ən güclü lider ölkəsinə çevirməyi bacardı, həm də onu dünya siyasətinə təsir etmək imkanlarına malik qüdrətli bir dövlətə çevirdi.

Burada haqlı olaraq belə bir sual yarana bilər: bütün bu uğurların əsasında nə dayanır? Təkcə Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarımı, yoxsa bu ehtiyatlardan doğru və səmərəli istifadə edilməsimi? Əlbəttə, hər iki faktor dövlətimizin sürətli iqtisadi inkişafında mühüm rol oynayan amillərdəndir. Lakin bu, yeganə amil deyildir.

Azərbaycanın müstəqillik yollarındakı uğurlu addımlarının, milli dövlətçiliyinin möhkəmlənməsinin və nəhayət, bu gün dünyanın nüfuzlu dövlətləri sırasında özünəlayiq yer tutmasının ən başlıca səbəbi fikrimizcə, xalqın hakimiyyətə, iqtidara olan böyük inamı, etimadı, bir sözlə, sarsılmaz XALQ-PREZİDENT BİRLİYİDİR.

Prezident İlham Əliyev özü də dəfələrlə nitqlərində və müsahibələrində vurğulamışdır ki, mən yürütdüyüm siyasətdə gücümü Azərbaycan xalqından alıram, bütün addımlarımda xalqa arxalanıram.

Burada bir məqamı da vurğulamaq lazımdır ki, aparılan uğurlu sosial-iqtisadi siyasət xalqın rifah halının yüksəlməsinə, sosial şəraitinin yaxşılaşmasına gətirib çıxarmışdır. Bu isə vətəndaşın öz dövlətinə, Prezidentinə inamının və etimadının möhkəmlənməsinə zəmin yaradan əsas amillərdəndir. Qeyd edək ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə iqtisadiyyatın 3 dəfədən çox artması, işsizlikyoxsulluq problemlərinin əsaslı şəkildə həll edilməsi, sosial-iqtisadi infrastrukturun yenidən qurulması, əhalinin rifahının davamlı yüksəlişi və əldə olunmuş digər uğurlu nəticələr hər bir dövlət üçün inqilabi sıçrayış kimi səciyyələndirilə bilər. Son bir neçə ilin statistikasına əsasən, ümumi daxili məhsulun (ÜDM) istehsalında qeyri-neft sektorunun çəkisi ardıcıl olaraq yüksəlmiş və 2014-cü ildə 61 faizə çatmışdır. Bu isə Azərbaycan iqtisadiyyatının şaxələndirildiyini və neft amilindən asılılığının azalmasının açıq göstəricisidir. Dünyanın mötəbər iqtisadi və maliyyə qurumlarının hesabatlarında da Azərbaycanın uğurları xüsusi qeyd olunur. Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik indeksində Azərbaycan 144 ölkə arasında 38-ci yerə yüksəlmiş və ardıcıl olaraq 5 ildir ki, MDB ölkələri arasında birinciliyini qoruyub saxlayır.

Bütün bunlarla yanaşı, yuxarıda qeyd olunan fikirlərə bir daha qayıdaraq qeyd edək ki, Prezidentin xalqın problemlərinə, qayğılarına bir dövlət rəhbərindən fərqli mövqe göstərməsi, hər bir vətəndaşın qayğısını həssaslıqla çəkməsi və s. addımları xalqın dövlətimizin başçısını özünə yaxın və doğma hiss etməsini şərtləndirən amillərdəndir. Prezident İlham Əliyevi xalqa bağlayan qırılmaz tellər onun özünü sadə vətəndaşdan ayırmamasında, xalqa təkcə rəhbər deyil, həm də onun həyatına məsul olan bir Prezident olduğunu göstərməsidir. Dövlət başçısı dəfələrlə söyləmişdir ki, bütün məmurlar, vəzifəli şəxslər ilk növbədə, xalqın xidmətçisidirlər: “Birinci xidmətçi isə mən özüməm”. Prezident-xalq birliyinin sarsılmazlığı öz gücünü bu sözlərdən alır. Prezident bunu yalnız sözdə demir, həm də əməlləri ilə dəfələrlə sübut edir.

Fikirlərimizin təsdiqi üçün son faciədə, Binəqədi rayonunun ərazisində yanan binada zərər çəkən vətəndaşlara qarşı Prezidentimizin sərgilədiyi mövqeyi bir daha xatırlatmaq istərdik.

Hər şeydən əvvəl dövlət başçısının diqqət mərkəzində faciədən zərər çəkən vətəndaşların təhlükəsizliyi və insanların dövlətin onların yanında olduğunu hiss etmələri idi. Prezident sakinlərə dəyən bütün maddi və mənəvi zərərin ən yüksək səviyyədə təmin edilməsi üçün qərarını operativ şəkildə vermişdi: yanğında ziyan görən bütün ailələrin hər bir problemi dövlət tərəfindən həll edilməlidir. Vətəndaş sahibsiz və köməksiz olduğunu düşünməməlidir.

Prezident İlham Əliyev xalqın dərdini, onun ən kiçik problemini belə bütün siyasi qərarlardan üstün tutduğunu bir daha nümayiş etdirdi. Əhalinin təhlükəsizliyini nəzərə alaraq dövlət başçısı bütün binalarda yoxlamalar keçirilməsi və təhlükəli materiallar aşkarlanarsa, dərhal sökülməsi barədə göstəriş verdi. Bu tədbirlərin Bakıda keçiriləcək birinci Avropa Oyunlarından sonraya saxlanması təklifinə isə Prezidentin reaksiyası olduqca sərt oldu: “Bunun Avropa Oyunlarına heç bir aidiyyəti yoxdur. Söküb bərpa etməmək də olar. Bilirsiniz, indi Avropa Oyunları, başqa tədbirlər bu faciə qarşısında heçə bərabərdir. Heç nədir”.

Prezidentin məsələyə bu cür yanaşması onun öz vətəndaşının təhlükəsizliyini, rahatlığını hər şeydən üstün tutduğunun növbəti bariz nümunəsidir. Bu bir daha göstərdi ki, “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” - deyən Prezident İlham Əliyev bütün addımlarında verdiyi vədinə sadiq qalır. Prezident-xalq birliyinin sirri, həm də bundadır.

Bu birliyin möhkəmlənməsini təmin edən amillərdən biriPrezidentin hər kəsin qanun qarşısında bərabərliyini təmin etməsidir, ədalət prinsipini qorumasıdır. Dövlət başçısı bütün fəaliyyəti boyu hökumət üzvlərinin, vəzifəli şəxslərin və məmurların sadə vətəndaşla münasibətlərinin ən sivil çərçivədə formalaşmasına çalışıb və özübuna nümunə göstərib. Prezident məmurun qanun qarşısında sıravi vətəndaşdan üstün olmadığını nəinki söyləyir, həm də bunu öz addımları ilə nümayiş etdirir. Sözügedən hadisə zamanı Prezidentin faciəyə səbəb olan məsul şəxslərin aşkarlanması və cəzalandırılması barədə sərt mövqeyi deyilənlərin isbatıdır: “Mən dəfələrlə demişəm ki, vəzifəli şəxslər özlərini normal aparsınlar, insanlarla ünsiyyət qursunlar, insanları incitməsinlər... Heç kim qanundan kənarda qala bilməz. Bir nəfər də toxunulmaz deyil... Bir adam da məsuliyyətdən qaça bilməz, xüsusilə dövlət məmuru. Böyük vəzifə sahibi məsuliyyətli olmalıdır. Biz hüquqi dövlətdə yaşayırıq. Cinayət törətmisənsə get cəzasını çək, vəssalam. Ona görə, bir daha demək istəyirəm ki, bu hadisə ilə bağlı konkret təkliflər verilməlidir. Bu gün bütün dövlət məmurlarına, bütün dövlət qurumlarında çalışanlara bir daha xəbərdarlıq edirəm ki, hər kəs qanuna əməl etməlidir, heç kim məsuliyyətdən qaça bilməyəcək. O cümlədən, bax, bu bədbəxt hadisənin səbəbkarları da mütləq məsuliyyətə cəlb ediləcəklər. Ədalət bərpa olunacaqdır”.

Əlbəttə, heç bir cəmiyyət faciələrdən, bədbəxt hadisələrdən sığortalanmayıb. Bizim də cəmiyyətdə müəyyən dövrlərdə bu tipli hadisələr baş verir. Lakin bütün hallarda ölkə rəhbərinin hər bir vətəndaşın probleminə öz problemi kimi yanaşması, nümayiş etdirdiyi şəxsi qayğıkeşliyi və həssaslığı hər bir Azərbaycan vətəndaşında bir əminlik yaradır: mənim Dövlətim, mənim Prezidentim hər bir halda mənim yanımdadır!

 

Taleh Turqut

 

İki sahil.- 2015.- 27 may.- S.13.