Xəzər rayonunda
seçicilər
ən layiqli namizədə səs verdilər
Bu gün
paytaxtın Xəzər rayonu sözün əsl mənasında, inkişaf etmiş Azərbaycanın
kiçik modeli hesab oluna bilər. Hər sahədə inkişaf, hər
yerdə tərəqqi, geniş miqyasda aparılmış abadlıq-quruculuq
işləri, insanlara xidmət edən sosial obyektlərin geniş
şəbəkəsinin yaradılması, təkcə iri qəsəbələrin deyil,
yolların yenidən qurulması, yeni
parkların salınması insanlarda xoş hisslər doğurur.
Azərbaycanda keçirilən növbəti parlament seçkilərinin səsvermə mərhələsi ölkənin və Bakı şəhərinin rayonlarda olduğu kimi, Xəzər rayonunda da uğurlu start götürdü. Belə ki, rayondakı bütün seçki məntəqələri səhər saat 8:00-dan etibarən qapılarını seçicilərinin üzünə açdı. Artıq səhər saat 10 radələrində seçki məntəqələrində seçicilərin daha böyük fəallığı müşahidə olunmağa başlamışdı.
Əvvəlcə 14 saylı Xəzər seçki dairəsi Dairə Seçki Komissiyasına (DSK) baş çəkib DSK-nın sədri İmran Qəmbərovla görüşdük. “Bugünkü səsvermədə indiyədək keçirilmiş seçkilərdə olduğundan daha artıq fəallıq hiss olunur” deyən İ.Qəmbərovdan aldığımız məlumata görə, artıq bütün seçki məntəqələrində səsvermə başlayıb və proses normal şəraitdə davam etdirilir. Səhər saat 12-00-a olan məlumata görə seçicilərin 45 faizi seçkidə iştirak edib: “Nəzərinizə çatdırım ki, ərazimizdə 40 seçki məntəqəsi üzrə 48423 seçicimiz var.” İ.Qəmbərov Dairə Seçki Komissiyasında xeyli sayda müşahidəsinin də qeydiyyatdan keçdiyini bildirdi. 10 məntəqədə veb-kameralar quraşdırılıb. DSK sədri qeyd etdi ki, bütün məntəqələrdə texniki tələblər təmin olunub, seçkinin tam normal keçməsi üçün hər cür şərait yaradılıb. 333 nəfər yerli müşahidəçi DSK-da qeydiyyatdan keçib. 722 nəfər isə ilk dəfə səs verən seçici kimi siyahıya düşüb. Artıq onların əksəriyyətinin səs verdiyini bildirən İ.Qəmbərov seçicilərin fəallığını yüksək qiymətləndirdi. Qeyd edək ki, seçicilərin əksəriyyəti isə orta yaşlı insanlardır. Müsahibimiz gün ərzində heç bir şikayətin daxil olmadığını da diqqətə çatdırdı. İ.Qəmbərov qeyd etdi ki, səsvermənin yekununda 81,2 faiz, yəni 39309 seçici prosesdə iştirak edib.
Xəzər rayonunda seçkilər başlamamışdan əvvəl 14 saylı Xəzər seçki dairəsinə daxil olan 1 saylı seçki məntəqəsində səsvermə prosesini izləmək üçün ərazidə müşahidə apardıq. Səsvermə prosesinə tam nəzarət edən məntəqə seçki komissiyasının (MnSK) sədri Elmira Cabarova səsvermənin normal keçdiyini və hər hansı qanunpozuntusu olmadığını bildirdi. Qeyd etdi ki, saat 10-a olan məlumata görə, 1356 seçicisi olan məntəqədə 258 nəfər səs verib və MnSK üzrə ilk dəfə səs verən gənclərin əksəriyyəti seçkidə iştirak edib. Məntəqədə müşahidəçilik aparmaq üçün yerli müşahidəçilərin arasında muxalifət partiyalarını təmsil edənlər də var idi.
2 saylı seçki məntəqəsində MnSK sədri Eldəniz Cabarovun rəhbərliyi ilə seçki qutuları qaydalar çərçivəsində möhürlənib. Prosesi siyasi partiyaları təmsil edən müşahidəçilərlə yanaşı, öz təşəbbüsləri ilə müşahidəçi qismində fəaliyyət göstərənlər də izləyib. E.Cabarov məlumat verdi ki, məntəqədə siyahı üzrə 1418 seçici qeydiyyatdadır. Saat 10 radələrində 300-dən çox seçici prosesdə iştirak edib. MnSK-da səyyar qutu da var ki, müraciət edənlər üçün günün ikinci yarısında aparılacaq.
14 saylı Xəzər seçki dairəsinə daxil olan 7, 27, 28, 30, saylı seçki məntəqələrində də seçicilər fəal şəkildə iştirak edirdilər. Yerli müşahidəçilərdən YAP-ın təmsilçisi Günel Cəmilova, öz təşəbbüsü ilə müşahidə aparan Arzu Səfərəliyeva, Minirə Nəcəfəliyeva, Böyük Quruluş Partiyasının təmsilçisi Həmid Əliyev və digərləri qeyd etdilər ki, səsvermə prosesində heç bir prosedura müdaxilə olunmayıb və seçki demokratik seçki standartlarına cavab verib.
Məntəqələrdə olarkən Türkiyənin keçmiş millət vəkili Şamil Aydının da seçki prosesi ilə bağlı fikirlərini öyrəndik. Türkiyəli müşahidəçi seçkilərin gedişatını yüksək qiymətləndirdi: “Azərbaycanda bundan öncəki seçkilərdə də müşahidəçi kimi iştirak etmişəm. Hər gəlişimdə isə seçki prosesindəki yenilikləri müşahidə edirəm və bu, bizi sevindirir.” Ş.Aydın qeyd etdi ki, seçkilərin daha şəffaf, demokratik keçirilməsi üçün Azərbaycan dövləti bütün imkanlardan istifadə edir: “Ölkəmizə döndüyümüz zaman da müşahidə etdiyimiz yeniliklər barədə məlumat verəcəyik. Hazırda seçkilərdə əhalinin aktivliyini gördük, seçkilərə axınını müşahidə etdik. Əsas məsələ isə seçkilərin nəticəsinin Azərbaycan xalqının iradəsini əks etdirməsidir. Hesab edirəm ki, bu gün Azərbaycan gənc respublika olmasına baxmayaraq bir sıra inkişaf etmiş ölkələri geridə qoyub. Ümumi seçkilərin gedişatını yüksək qiymətləndirirəm.”
14 saylı Xəzər Dairə Seçki Komissiyasının 7 saylı məntəqə seçki komissiyasının sədri Təranə Babayeva bildirdi ki, saat 11:00-dək 311 nəfər seçici bülleten götürərək qutu başına keçib: “Bütün işlər ən yüksək səviyyədə qurulub. Məntəqədə veb-kamera quraşdırılıb. Məntəqə üzrə 1101 seçicimiz var.”
28 saylı məntəqə seçki komissiyasının sədri Sevinc Babayeva məntəqə üzrə 1261 nəfər seçicinin olduğunu qeyd etdi. “Məntəqədə seçki prosesi öz qaydasında davam edir, heç bir nöqsan qeydə alınmamışdır.” S.Babayevanın sözlərinə görə, seçkilərdə hər hansı qeyri-qanuni hal baş verməyib. MnSK sədri məlumat verdi ki, artıq məntəqəyə gələrək səsvermədə iştirak edə bilməyən və MnSK-ya müraciət edənlər üçün səyyar qutular evlərə aparılıb. S.Babayeva vurğuladı ki, saat 11.00-da 320 nəfər səsvermə prosesində iştirak edib.
Növbəti müşahidə etdiyimiz 30 saylı MnSK-nın sədri Tahir Heydərov məntəqə üzrə 1353 nəfər seçicinin olduğunu və onların böyük ruh yüksəkliyi ilə seçkilərdə iştirak etdiklərini qeyd etdi. Saat 11.00-da məntəqə üzrə 450 nəfər seçicinin səs verdiyini deyən T.Heydərov vurğuladı ki, seçki məntəqəsində veb-kamera quraşdırılıb.
Sonra 13 saylı Xəzər-Pirallahı seçki dairəsi Dairə Seçki Komissiyasında olduq. DSK sədri Mütəllim Balaqardaşov bizimlə söhbətində bildirdi ki, 13 saylı Xəzər-Pirallahı seçki dairəsi Dairə Seçki Komissiyasının əhatə etdiyi 39 məntəqədə yüksək fəallıq müşahidə olunub. Bu seçki dairəsinə aid olan seçki məntəqələrində ümumilikdə 237 müşahidəçi səsvermə prosesini izləyib. Dairə Seçki Komissiyasının sədri Mütəllim Balaqardaşov bildirdi ki, saat 12.00-dək 45106 seçicidən 39,4 faiz, yəni 17778 nəfər istədiyi namizədə səs verib. Heç bir qanun pozuntusu müşahidə olunmayıb və seçicilər mütəşəkkil qaydada səsvermədə iştirak ediblər. DSK üzrə Xəzər rayonunda 335 nəfər ilk dəfə səs verən seçici qeydiyyata alınıb. “Bizim dairə Bakıda demək olar ki, ən iri seçki dairəsidir. Bu dairə Mərdəkandan başlamış Pirallahı rayonunu, Neft Daşları, Çilov qəsəbələrini və dəniz özüllərini əhatə edir. Seçkilərə yüksək səviyyədə hazırlıq görülüb. Dairə üzrə seçkiləri siyasi partiyaların müşahidəçiləri və öz təşəbbüsü ilə müşahidə aparan şəxslər izləyiblər. Məntəqələrdə 10 veb-kamera quraşdırılıb və bu saata qədər heç bir şikayət daxil olmayıb” deyən M.Balaqardaşov günün sonunda bildirdi ki, ümumilikdə 32595 nəfər, yəni 72,3 faiz səs verib.
Müşahidə etdiyimiz seçki məntəqələrində deyilənləri əyani olaraq müşahidə etdik. 898 seçicinin səs verəcəyi 1 saylı seçki məntəqəsinin sədri Failə Rüstəmova bildirdi ki, artıq saat 15.00-dək 605 nəfər istədiyi namizədə səs verib. Qanunazidd hallara rast gəlinməyib, seçkinin bütün qaydalarına əməl olunub. Məntəqədə müşahidə aparan müstəqil, eləcə də seçki bloklarının, partiyaların müşahidəçiləri də heç bir seçki pozuntusuna yol verilmədiyini birmənalı olaraq vurğuladılar.
Sonra 2 saylı MnSK-da da seçkilərin demokratik keçirildiyinin şahidi olduq. MnSK-nın sədri Gülnarə Əzimova məntəqə üzrə 1004 seçicinin olduğunu qeyd etdi: “Saat 15.00-da 635 nəfər səs verib. Ümumilikdə MnSK-da 20 nəfər müşahidəçi qeydiyyatdan keçib.”
Saat 14.00 radələrində 600 seçicinin səs verdiyi 20 saylı MnSK-nın sədri Sevda Abdullayeva 1056 seçicinin qeydiyyatdan keçdiyini bildirdi. Məntəqədə səsvermə prosesini müşahidəçilər izləyirdilər. Bundan başqa, MnSK-larda digər müşahidəçilər də səyyar müşahidələr aparıblar. Belə ki, onlar seçki prosesinin gedişatı ilə maraqlanıb, məntəqə sədrlərindən ümumi məlumatlar alıblar. Müşahidəçilər və komisiyya üzvləri ilə söhbət zamanı məlum olub ki, seçki prosesi zamanı heç bir qanun pozuntusu baş verməyib.
Sonra müşahidə etdiyimiz DSK-nın 21 saylı MnSK-nın sədri Laləzar Məmmədova məntəqə üzrə 1203 nəfər seçicinin olduğunu və onların böyük ruh yüksəkliyi ilə seçkilərdə iştirak etdiklərini qeyd etdi. Saat 14.00-da məntəqə üzrə 700 nəfər seçicinin səs verdiyini deyən L.Məmmədova vurğuladı ki, seçki məntəqəsində eyni zamanda yerli müşahidəçilər, Yeni Azərbaycan Partiyası və digər partiyaların nümayəndələri və bitərəf müşahidəçilər seçki prosesini izləyirdilər.
Məntəqələrdə olarkən səs verən seçicilərlə də söhbət edərək onların fikirlərini öyrəndik.
Taleh Məmmədov- YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin sədri:
- Əhval-ruhiyyəmiz çox yüksəkdir. Günü-gündən tərəqqi edən rayonumuzun işıqlı gələcəyinə və ən layiqli namizədə səs verdim.
Mahru Rəcəbova - Zirə qəsəbə
sakini:
- Seçici kimi səsvermə prosesindən tam razıyam. Məntəqəyə gələrək öz səsvermə hüququmdan istifadə etdim, layiqli namizədə səs verdim.
Ənvər
Kazımov - müəllim:
- Mən sevdiyim, seçdiyim, güvəndiyim, eləcə də xalqımızın böyük etimad duyduğu Yeni Azərbaycan Partiyasının üzvü olmağımdan, fəal vətəndaş kimi seçkidə iştirak etməyimdən böyük qürur hissi keçirirəm.
Pərvanə Səfərova-
rayon sakini:
- İnanırıq ki, Yeni Azərbaycan Partiyasının gücü bundan sonra da xalqımızın qürur yeri olacaq.
Sarxan Rəfixanov - gənc seçici:
- Ölkəmizdə yaradılmış demokratik şəraitdə siyasi proseslərə qoşulmaq, seçkilərdə iştirak etmək çox xoşdur.
Nofəl Abbasquliyev - YAP fəalı:
- Həyatımızda hər şeyin daha yaxşı olacağına ürəkdən inanıram və YAP-ın namizədinə səs verdim.
Aybəniz İsayeva - rayon sakini:
- Konstitusiya hüququmu dərindən dərk edərək seçkidə iştirak etdim, vətəndaş borcumu yerinə yetirdim.
Sitarə
Nağıyeva-gənc seçici:
- Sərbəst surətdə öz seçimimi etdim. Yeni Azərbaycan Partiyasının namizədinə səs vermişəm. Seçkilərin gedişindən razıyam.
Salatın İsgəndərova - rayon sakini:
- Ölkəmizdəki inkişafa, tərəqqiyə, həmçinin rayonda görülən işlərə görə mən də, ailəm də böyük həvəslə seçkidə iştirak etdik.
Lyubov Koçleva -
təqaüdçü:
- Dövlətimizin siyasətini dəstəkləyir, uğurlu gələcəyinə inanıram. Parlament seçkilərinə qatılaraq ən layiqli namizədə səs verdim.
Həmid Rzayev- ağsaqqal seçici:
- Seçki prosesi şəffaf keçirilir. Növbəti beş il üçün daha böyük uğurlara imza atmağa zəmin yaradacaq ən layiqli olan - YAP-ın namizədinə səs verdim.
Qurban Qasımov- Şağan
qəsəbə sakini:
- Azərbaycan çox inkişaf edib. Bu inkişafın davamına səs vermişəm.
Beləliklə, Xəzər rayonunda keçirilən seçkilərdə axşam saatlarına qədər yüksək seçici fəallığı müşahidə olundu və seçki prosesində müşahidəçi qismində iştirak edən müxtəlif partiya nümayəndələri, müstəqil müşahidəçilər bildirdilər ki, heç bir pozuntu hallarına yol verilməyib. Parlament seçkiləri tam olaraq şəffaf və demokratik şəraitdə keçirildi.
Orxan Vahidoğlu
İki sahil.- 2015.- 2 noyabr.- S.24-25.