Xalq yeni hədəflərin
gerçəkləşməsinə dəstək
oldu
Xətai rayonu seçicilərinin
göstərdikləri yüksək fəallıq bu dəstəyi
bir daha əyani şəkildə nümayiş etdirdi
Noyabrın 1-də
ölkəmizin ictimai-siyasi həyatında
mühüm hadisə - parlament
seçkiləri keçirildi. Səsvermə
prosesinin necə keçdiyini,
seçicilərin fəallığını öyrənmək
məqsədilə Xətai rayonunun 33, 34,
35 və 36 saylı seçki dairələrinin
əhatə etdikləri seçki məntəqələrində
olduq.
1 noyabr parlament seçkilərinin həqiqətən də ölkənin ictimai-siyasi həyatında son dərəcə önəmli hadisə olduğunu dərk edən seçicilər səhər saatlarında səs vermək üçün məntəqələrə axışırdılar. Bu mənzərəni 33 saylı Xətai birinci seçki dairəsinin ərazisində müşahidə etdik.
Seçkinin gedişi barədə məlumat əldə etmək üçün 33 saylı Xətai birinci seçki dairəsi Dairə Seçki Komissiyası (DSK) ilə əlaqə saxladıq. DSK-nın sədri Əlibaba Bayramov seçici fəallığının yüksək olduğunu diqqətə çatdırdı. Bildirdi ki, dairənin tabeliyində 37 məntəqə fəaliyyət göstərir. 10 məntəqədə veb-kamera quraşdırılıb.
Ə.Bayramov bildirdi ki, seçicilər aktivlik nümayiş etdirirlər. Məntəqələrdən daxil olan məlumata görə, ciddi qanun pozuntusu qeydə alınmayıb. Əminəm ki, seçki tam şəffaf və demokratik keçəcək. Məqsədimiz də seçkilərin demokratikliyini təmin etməkdir. İnsanlarda çox yüksək əhval-ruhiyyə var.
5 saylı seçki məntəqəsində müşahidə apardıq. Məntəqənin sədri Məmməd Allahverdiyev ümumilikdə seçici siyahısında 1388 nəfərin adının olduğunu dedi.
Qeyd edək ki, artıq səhər saatlarına olan məlumata görə, 100-dən artıq seçici öz səsvermə hüququndan istifadə etmişdi. M.Allahverdiyev səsvermə zamanı MDB-dən olan müşahidəçilərin də prosesi izlədiklərini və seçkinin gedişini normal qiymətləndirdiklərini bildirdi.
Seçkilərin demokratikliyinin, şəffaflığının təminatında əsas amillərdən olan veb-kameraların quraşdırıldığı seçki məntəqələrindən biri 5 saylı məntəqə idi.
Məntəqədə seçkilərin gedişini izləyən Hindistandan olan müşahidəçilər prosesin demokratikliyindən, azad və şəffaflığından razılıqlarını bildirdilər.
Həmsöhbət olduğumuz 8 saylı məntəqə seçki komissiyasının sədri Elçin Məmmədov isə ümumilikdə məntəqə üzrə 1008 seçicinin olduğunu vurğuladı.
Xatırladaq ki, artıq günorta saat 13.00-a olan məlumata görə, 200-dən artıq seçici səs vermişdi. Məntəqədə sesverməni xarici müşahidəçilər də izlədilər.
Məntəqədə müşahidəçi qismində iştirak edənlər seçkinin gedişatı ilə bağlı yüksək fikirdə olduqlarını vurğuladılar. Qeyd etdilər ki, hər şey öz qaydasındadır. Seçki tam şəffaf və obyektiv keçirilir.
9 saylı məntəqə seçki komissiyasının sədri Rüfət Qurbanov isə insanlarda əhval-ruhiyyənin yüksək olmasından məmnunluğunu bildirdi. 1138 seçicinin olduğunu bildirən R.Qurbanov qeyd etdi ki, məntəqədə veb-kamera quraşdırılıb, seçici fəallığı həm ölkə daxilində, həm də xaricində izlənilir.
Məntəqələrdə olarkən seçicilərin yüksək əhval-ruhiyyəsindən bu qənaətə gəldik ki, gələcəyə böyük inamla irəliləyən dövlətimizin qazandığı uğurlar hər bir ölkə vətəndaşında böyük ruh yüksəkliyi yaradır.
Seçici Elmira Əliyeva:
- Azərbaycanın müstəqillik qazandıqdan, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından bu günədək keçdiyi yol bizdə bu qənaəti yaradır ki, xalqa xidmət edən yeganə partiya Yeni Azərbaycan Partiyasıdır. Yarandığı gündən milyonların partiyasına çevrilən YAP-a etimad gündən-günə artır. Xalqın gözü tərəzidir. Azərbaycan demokratik ölkədir. Hər bir Azərbaycan vətəndaşı seçimində sərbəstdir. Layiqli namizədə səs verməklə xoşbəxt gələcəyimizə töhfə vermiş olarıq. Mən öz seçimimi etdim. Seçimim Yeni Azərbaycan Partiyasının namizədidir.
Seçici Nazəni Məmmədova:
- Bugünkü inkişaf, tərəqqi göz qabağındadır. Dövlətimizin siyasətində xalqın sosial rifahının yaxşılaşması öndədir. Hər bir namizədin nəyə qadir olduğunu bilirik. Seçimimizi düzgün etməklə dövlətimizin daha da möhkəmlənməsinə dəstək olduq.
33 saylı Xətai birinci seçki dairəsinin əhatə etdiyi məntəqələrdə səsvermənin gedişini izləyərkən MDB Müşahidə Missiyasının nümayəndələri ilə qarşılaşdıq. Onların da seçki ilə bağlı fikirləri maraqlı oldu:
- MDB Müşahidə Missiyasını təmsil edirik. Artıq bir neçə seçki məntəqəsində olmuşuq və deyə bilərik ki, seçki tam qanunauyğun şəkildə keçir. Heç bir qanun pozuntusu ilə rastlaşmamışıq. Seçici fəallığı normaldır. Yalnız onu qeyd edə bilərik ki, MDB Müşahidə Missiyası seçkilərdən bir gün sonra öz yekun bəyanatını yayacaq. Burada bütün məqamlar öz əksini tapacaq.
34 saylı Xətai ikinci seçki dairəsinə daxil olan seçki məntəqələrində də seçki prosesini izlədik.
Öncə 34 saylı Xətai ikinci seçki dairəsi DSK-nın sədri Rəfael Mehdiyev məntəqələrdə görülən hazırlıq işləri barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, ümumilikdə 42 min 674 seçici var. Dairə Seçki Komissiyası 35 məntəqə ilə əhatə olunub. 10 məntəqədə veb-kamera quraşdırılıb. Məntəqə seçki komissiyalarının sədrləri tərəfindən səsvermə elan edildikdən sonra prosesə başlanılıb. Seçicilər səsvermədə aktiv şəkildə iştirak edirlər.
DSK sədri bildirdi ki, dairəyə qanun pozuntusu ilə bağlı heç bir məlumat daxil olmayıb.
Seçici rəyləri də deyilənlərin təsdiqidir.
Seçicilərdən Eldar Quliyev, Vüsalə Məmmədova, Aydın Əliyev və Yusif Qələndərov seçkilərə yüksək əhval-ruhiyyə ilə gəldiklərini bildirdilər. Söylədilər ki, təbliğat-təşviqat kampaniyasına start veriləndən namizədlərin seçicilərlə keçirdikləri görüşlərdə iştirak etməklə hər bir namizədin seçicilərini Milli Məclisdə hansı səviyyədə təmsil etməyə qadir olduqlarını bir daha özlərində yəqinləşdiriblər. Seçimlərinin Yeni Azərbaycan Partiyasının namizədi olduğunu bildirən seçicilər səsvermə məntəqəsinə gəlməklə bunu bir daha təsdiqlədilər. Azərbaycanın daha da qüdrətlənməsini, çiçəklənməsini, xalqın sosial rifahının daha da yaxşılaşmasını istəyən hər bir Azərbaycan vətəndaşı düzgün seçim etməklə layiqli namizədi dəstəkləməlidir. Millət vəkili xalqının parlamentdə təmsilçisidir. Layiqli namizədə səs verməklə onunla həmrəyliyimizin nəticəsi olaraq qarşıya qoyulan hər bir məqsədə nail ola bilərik.
35 saylı Xətai üçüncü seçki dairəsinin tərkibində olan məntəqələrdə də seçkilərə ciddi şəkildə hazırlığın görüldüyü açıq şəkildə hiss olunurdu. 35 saylı Xətai üçüncü seçki dairəsi DSK-nın sədri İmran Hüseynəliyev bildirdi ki, artıq bütün seçki məntəqələrində proses normal şəraitdə davam etdirilir. Seçki dairəsində 33 seçki məntəqəsi fəaliyyət göstərir. 10 məntəqədə veb-kamera quraşdırılıb. Dairə üzrə 41707 seçici var.
İ.Hüseynəliyev əlavə etdi ki, bütün məntəqələrdə texniki tələblər təmin olunub, seçkinin tam normal keçməsi üçün hər cür şərait yaradılıb.
Daha sonra 35 saylı Xətai üçüncü seçki dairəsinə aid seçki məntəqələrində səsvermə prosesini izləmək üçün ərazidə müşahidə apardıq. İlk olaraq 18 saylı seçki məntəqəsinə gəldik. Məntəqə seçki komissiyasının sədri səsvermənin normal keçdiyini və hər hansı qanun pozuntusu olmadığını bildirdi.
Eyni ab-hava 17, 23, 24, 25 saylı məntəqələrdə də mövcud idi. Həmin məntəqələrdə seçicilərin seçimlərini düzgün həyata keçirmələri üçün hər cür şərait yaradılmışdı. Bu da ondan irəli gəlir ki, xalqın iradəsinə əsaslanan nəticələrin ölkədəki ab-havanın təzahürü olduğunu bildirən dövlət başçısı İlham Əliyev seçki kampaniyasının demokratikliyini, aşkarlığını təmin etmək üçün hər cür şərait yaradıb.
Eyni fəallığı 36 saylı Xətai dördüncü seçki dairəsinin məntəqələrində də müşahidə etdik. Öncə 36 saylı Xətai dördüncü seçki dairəsi DSK-da olduq. DSK-nın katibi Yusif Orucovdan səsvermənin gedişi ilə bağlı bəzi məlumatları öyrəndik. Y.Orucov bildirdi ki, 36 saylı Xətai dördüncü Dairə Seçki Komissiyasında 37 məntəqə fəaliyyət göstərir. 2 məntəqə seçkilərə beş gün qalmış yaradılıb. 35 məntəqə isə daimidir. Bu məntəqələr üzrə seçicilərin ümumi sayı 45 min 134 nəfərdir.
Y.Orucov 10 məntəqədə veb-kameraların quraşdırıldığını bildirərək, bunu demokratiyanın inkişafı istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirdi. Qeyd etdi ki, bu kameralar vasitəsilə həm ölkə daxilində, həm də xaricində səsvermə prosesini izləmək mümkündür. Bu kimi addımlar Azərbaycan dövlətinin seçkilərin demokratik, azad, ədalətli və aşkarlıq şəraitində keçirilməsinin tərəfdarı olduğunu sübut edir.
Dairə Seçki Komissiyasının katibi seçici siyahılarının formalaşdırılması zamanı seçicilərin yüksək fəallıq nümayiş etdirməsindən razılığını ifadə etdi. Söylədi ki, bu, bizdə seçicilərin səsvermə prosesində fəallıq nümayiş etdirəcəkləri barədə öncədən fikir söyləməyə əsas verirdi.
Y.Orucov seçki prosesini izləyən yerli və xarici müşahidəçilər barədə də ətraflı məlumat verdi. Qeyd etdi ki, bütün müşahidəçilər üçün prosesi izləməyə normal şərait yaradılıb. Hər bir məntəqədə müşahidəçilər üçün yerlər ayrılmışdır. Beynəlxalq müşahidəçilər Dairə Seçki Komissiyalarında, eyni zamanda, seçki məntəqələrində olaraq hazırlıq işləri, ən əsası səsvermə prosesinin gedişi ilə yaxından tanış olurlar. MDB Müşahidə Missiyasının üzvlərinin dairədə olduğunu qeyd edən Y.Orucov bildirdi ki, bu kimi hallar təbii ki, seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsinə dövlətin göstərdiyi səyləri bir daha ortaya qoyur. Təbii ki, onların rəyləri ölkəmiz üçün əhəmiyyətlidir. Seçkilərin demokratikliyini təmin etmək üçün hər cür şərait yaradılıb. Namizədlər, müşahidəçilər, polis üçün yaddaş kitabçasının verilməsi, seçki məntəqələrinin kifayət qədər səsvermə kabinələri ilə təmin olunması da deyilənlərin təsdiqidir.
36 saylı Xətai dördüncü seçki dairəsinin 9 saylı seçki məntəqəsində olduq. Seçicilərin ilk saatlarda necə fəallıq nümayiş etdirdiklərini gözlərimizlə gördük.
9 saylı məntəqə seçki komissiyasının sədri Afət Əkbərova siyahı üzrə 1044 seçicinin səsvermədə iştirak etdiyini bildirdi. İlk dəfə səsverənlərin sayı 10 nəfərdir. A.Əkbərova seçicilərin prosesə necə maraq göstərdiklərinin hələ səsverməyə başlamadan öncə məntəqəyə gəldiklərindən sezildiyini qeyd etdi.
9 saylı seçki məntəqəsində müşahidəçilər Nigar Zeynalova, Mehman Süleymanov seçici fəallığını önə çəkərək bildirdilər ki, 1 noyabr parlament seçkiləri bir daha ölkəmizin demokratik dəyərlərə sadiqliyini dünyaya nümayiş etdirir.
Seçki məntəqəsinin qarşısında “exit poll” keçirən ELS Müstəqil Araşdırmalar Mərkəzinin nümayəndələri Həsən Əhmədov və Vasif Qədirov bildirdilər ki, fəallıq yüksək səviyyədədir.
Məntəqədən uzaqlaşmadan səsvermə prosesində iştirak edən bir sıra seçicilərin münasibətini öyrənmək istədik. Seçicilərin kimə səs verdiklərini bildirmək üçün göstərdikləri səylər diqqətdən kənarda qalmır, bir daha prosesin demokratik, azad və ədalətli başa çatacağına əminlik yaradırdı.
Seçici Elman Əliyev:
- Demokratik cəmiyyətdə yaşayırıq. Hər kəs seçimində azaddır. Amma təbii ki, hər bir Azərbaycan vətəndaşı ölkəmizin daha da möhkəmlənməsinə, qüdrətlənməsinə öz töhfəsini verməlidir. Seçimimi açıq bildirmək istərdim. Hələ seçkilərə start verilmədən öncə ailəmiz sakini olduğumuz Xətai rayonunun 36 saylı dördüncü seçki dairəsindən neçə namizədin iştirak etməsinə baxmayaraq yeganə namizədin ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının namizədi olduğunu bildirmiş, bu gün də həmin qərarımızı səsvermə prosesində fəal iştirak etməklə təsdiqlədik. Biz Yeni Azərbaycan Partiyasının namizədinə səs verməklə yeni hədəflərə dəstək oluruq.
Seçici Sevinc Mərdanova:
-Azərbaycan bugünkü seçkilərlə bir daha dünyaya sivil, demokratik dəyərlərə sadiq ölkə olduğunu sübut edəcək. Seçki prosesinə start verilənə qədər Azərbaycan dövlətinin seçkilərin dünya standartlarına uyğun keçirilməsi istiqamətində atdığı addımlar ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirildi. Müstəqil dövlətimiz bir daha demokratik prinsiplərə sadiq olduğunu sübut edir. Mən bu gün dövlətçiliyimizin möhkəmlənməsinə, insanların rifahının yaxşılaşmasına, demokratiyanın inkişafına xidmət edən Yeni Azərbaycan Partiyasının namizədinə səs verdim.
Seçici Ramil Abdullayev:
- Azərbaycan gənclər ölkəsidir. Dövlət başçısı İlham Əliyev gənclərin potensialından istifadə etməyin vacibliyini hər zaman önə çəkib. Ölkənin, bütövlükdə regionun aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının siyasətində də gənclərə diqqət və qayğı öndədir. Partiyanın sıralarında birləşən 670 minə yaxın üzvün 40 faizini gənclərin təşkil etməsi onların bu partiyanın gələcəyinə inamlarından irəli gəlir. Seçkilərdə fəal iştirakımız, yüksək əhval-ruhiyyə ilə səsvermə hüququmdan istifadə edib Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyim də YAP-ın gələcəyinə olan inamımdan irəli gəlir. Yeni Azərbaycan Partiyasının namizədinə dəstək olmaqla, xoşbəxt gələcəyimizə töhfə vermiş oluruq.
Bu səpkili rəyləri xeyli sayda qeyd etmək olar. Hər bir açıqlamada müxtəlif fikirlər səsləndirilsə də, ümumi rəy budur ki, Azərbaycan demokratiyanın inkişafı istiqamətində növbəti addımını atır. “Yeni hədəflərə doğru!” şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyası qələbələr partiyası olduğunu bir daha təsdiqləyir.
36 saylı Xətai dördüncü seçki dairəsinin 10 saylı seçki məntəqəsində də eyni ab-havanın şahidi olduq.
Məntəqə Seçki Komissiyasının sədri Mətanət Əsgərova qeyd etdi ki, siyahı üzrə 1193 seçici səsvermədə iştirak edir. Seçicilər çox fəaldırlar. Prosesi yerli və xarici müşahidəçilər izləyir.
1 saylı Məntəqə Seçki Komissiyasının sədri Tofiq Xəlilov 1112 seçicinin olduğunu bildirdi: “Onların prosesdə xüsusi fəallıq nümayiş etdirdikləri səsvermə prosesinin gedişində bir daha özünü göstərdi.”
Müşahidəçilərdən Rəna Əliyeva, Jalə Bədəlova və Günel Quliyeva prosesin gedişindən razılıqlarını bildirdilər.
2 saylı Məntəqə Seçki Komissiyasının sədri Vidadi Xanlarov səsvermədə siyahı üzrə 1002 seçicinin iştirak etməli olduğunu bildirdi. Söylədi ki, ilk saatlardan seçicilərin fəallığı prosesin uğurla başa çatacağına tam əminlik yaradır.
Səsvermə prosesinin yerli müşahidəçilərlə yanaşı, MDB-dən olan nümayəndələrin də izlədiyini bildirən Məntəqə Seçki Komissiyasının sədri söylədi ki, onlar seçkilərin demokratik, azad və ədalətli keçirilməsi üçün Azərbaycan dövlətinin atdığı addımları təqdir edərək, səsvermə prosesinin yüksək fəallıqla getdiyini yüksək dəyərləndirirlər.
Digər məntəqələrdə də eyni ab- hava hökm sürürdü. Bu ondan irəli gəlir ki, ölkəmizin gündən-günə qüdrətlənməsi, çiçəklənməsi, insanların sosial rifah halının yaxşılaşması bir daha seçici fəallığının artmasında mühüm əhəmiyyət kəsb edir. Müşahidələrimizdən bu qənaətə gəldik ki, seçkilərin demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçicilər səsvermədə fəallıq nümayiş etdirmək və düzgün seçim etməklə Azərbaycanın yeni-yeni uğurlarına bir daha dəstəklərini verirdilər.
İki sahil.- 2015.- 2 noyabr.- S.18-19.