Müstəqilliyimizin bəhrəsi: Demokratiya, azad seçki,

müasir təfəkkür, dövlətçilik konsepsiyası

 

V çağırış Milli Məclisə seçkilərdə ən layiqlilərə etimad göstərən yasamallılar birlik və həmrəyliyə səs verdilər

 

Parlamentdə təmsil olunacaq namizədlərə etimad göstərmək üçün beşinci dəfə seçki qutusuna üz tutub, ölkəmizin siyasi həyatında taleyüklü mərhələ olan parlament seçkilərində sözünü deyən Azərbaycan xalqı milli iradəsini səsi ilə ifadə edib, inandığı namizədə inamını bildirdi.

 

Hər bir səsin həlledici olduğunu aydın başa düşən seçicilər dünya ictmaiyyətinə bir daha göstərdilər ki, Azərbaycan demokratik, iqtisadi inkişafı ilə fərqlənən, siyasi sabitliyi ilə diqqət çəkən qüdrətli ölkədir. Bu dəfəki parlament seçkilərində də fəallıq göstərən xalqımız qüdrətli Azərbaycan naminə həmrəyliyini nümayiş etdirdi. Seçkilərdə iştirak edən seçicilər ölkədə fəaliyyət göstərən 5547 seçki məntəqəsinə gələrək istədikləri namizədə etimad göstərdilər. Həmin gün məntəqələrdə səsvermə prosesini izləmək üçün qeydiyyatdan keçən 500-ə yaxın xarici, 57 min 656 nəfər yerli müşahidəçi səsvermə prosesini izlədilər.

Seçkilərə hazırlıq mərhələsindən başlayaraq bütün prosesləri məhz demokrtiyanın tələblərinə uyğun təkmilləşdirən dairə və məntəqələrdə yaradılan şəraitin beynəlxalq standartlara uyğun olduğunu xarici müşahidəçilər də təsdiqlədilər.

Paytaxtın ən iri rayonlarından olan, ziyalı potensialının çoxluq təşkil etdiyi Yasamalda təşkil olunan məntəqələrdə səsvermə prosesi də demokratik, azad, sərbəst, seçici kütləviliyi ilə müşahidə olundu.

15 saylı Yasamal birinci Dairə Seçki Komissiyasının (DSK) sədri Sərdar Süleymanov dairənin əhatə etdiyi ərazidə fəaliyyət göstərən 31 seçki məntəqəsində yaradılan şəraitlə bağlı açıqlama verdi. Bildirdi ki, 43 min 300 seçicini əhatə edən məntəqələrdə hazırlıq işləri Seçki Məcəlləsində nəzərdə tutulduğu şərtlər və qaydalar əsasında yerinə yetirilmiş, əlavə, müvəqqəti məntəqələrdə belə lazımi şərait yaradılmışdır: “Çalışmışıq ki, seçicilər Azərbaycanın gələcəyi üçün taleyüklü məsələ olan parlament seçkilərində fəal iştirak edərək istədikləri namizədə münasibətlərini sərbəst bildirib, etimad göstərsinlər.”

Məntəqələrlə tanışlıqdan da aydın oldu ki, Azərbaycanda artıq təkmilləşən seçki praktikası tam demokratik tələblərə əsaslanır və insanlar seçici hüquqlarından istifadə edərək sərbəst, azad, heç bir təsir və təzyiqə məruz qalmadan inandıqları namizədə səs verirdilər.

15 saylı Yasamal birinci seçki dairəsi DSK-nın 8 saylı məntəqəsinin müdiri Solmaz Hacıyeva bildirdi ki, ərazi üzrə 1.486 seçici qeydə alınmışdır: “Göründüyü kimi, bütün komissiya üzvləri təyin olunan vaxtda - saat səkkizdə işlərinin icrasına başlayaraq Seçki Məcəlləsində nəzərdə tutulan prosedurlara uyğun fəaliyyət göstərərək seçicilərin növbə ilə səs verməsinə imkan yaradırlar. İstədiyi namizədə münasibətini bildirmək üçün məntəqələrə üz tutan seçicilər ilk növbədə əllərinə vurulmuş ultrabənvövşəyi şüa vasitəsilə yoxlamadan keçir, sonra qeydiyyat masasına yaxınlaşaraq şəxsiyyət vəsiqələrini komissiya üzvlərinə təqdim edirdilər. Seçicilərin təkrar səvermələrinin qarşısının alınması üçün dırnaqların ultrabənövəşyi şüa vasitəsilə yoxlanılması şəffaflıq və obyektivliyin təminatı üçün nəzərdə tutulur və ilk təcrübə kimi ölkəmizdə tətbiq olunur.”

Yaşı yetmişi ötmüş seçici Bayram Qaralov bildirdi ki, sovetlərin vaxtında da seçkilərdə iştirak etmişəm: “O zamanlar iştirak etdiyimiz seçkilərdə indiki kimi azad, sərbəst mühit yox idi. Amma müstəqil ölkə kimi dünyada tanınan Azərbaycanda son illərdə keçirilən seçkilərdə hər kəs sərbəst olaraq istədiyi namizədə etimad göstərir, mövqeyini bildirir. Belə sərbəstliyin özü insan azadlığının təminatına ən gözəl nümunədir.”

Həmin DSK-nın 12 saylı seçki məntəqəsində də eyni şərait mövcud idi. Məntəqə seçki komissiyasının sədri Yaqut Sadıqova bildirdi ki, 1400 seçicini əhatə edən məntəqədə hazırlıq işləri Seçki Məcəlləsinin qanunlarına müvafiq davam etdirilmişdir: “Gördüyünüz kimi, səs vermək üçün seçicilərə paylanılan göndərişi təqdim edən vətəndaşlar tələb olunan şərtləri yerinə yetirdikdən sonra səsvermə kabinəsinə yaxınlaşır, bülletendə adı göstərilən namizədə münasibət bildirməklə seçici hüququndan tam sərbəst istifadə edirlər.” Bitərəf müşahidəçi Məlahət Hacıyeva bildirdi ki, səsvermə prosesində heç bir qanunsuzluq hallarına yol verilməyib. Siyasi əqidəsindən asılı olmayaraq hər kəs inandığı namizədə etimad göstərir.

Xarici müşahidəçi kimi səsvermə prosesini izləyən, regionun ən böyük beynəlxalq təşkilatı olan Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) təsisçisi və həmsədri Xose de Venesiya məntəqələrdə səsvermənin gedişindən razılığını bildirdi: “Mən bir neçə dəfə Azərbaycanda olmuş, bu ölkədə mövcud olan siyasi sabitliyi həmişə yüksək dəyərləndirmişəm. Azərbaycan həqiqi mənada demokratiya dəyərlərinə sadiq ölkədir. Elə ölkələr var ki, orada hətta bülletenlərin toplandığı qutuları belə oğurlayırlar. Azərbaycanda gördüklərim məndə belə təəssürat yaradır ki, bu ölkənin vətəndaşları həm də yüksək seçki mədəniyyətinə malikdirlər. Hər kəs azad şəkildə iqtidar, müxalifət namizədlərinə fərq qoymadan inandığı, tanıdığı namizədə etimad göstərir, münasibətini bildirir.

83 yaşlı Nüsrət Kamilov bildirdi ki, həyatım boyu çox seçkilərdə iştirak etmişəm: “Sovetlərin vaxtındakı seçkilər tam fərqli idi. Yəni insanlara indiki kimi sərbəstlik verilmirdi. Müstəqilik qazanmaqla hər kəsə azad düşünmə imkanı yaradılan Azərbaycanda insanların sözlərini sərbəst söyləmələri, arzularını ifadə etmələri, xoşbəxt yaşamaları üçün həqiqi mənada gözəl şərait mövcuddur. Biz insanlar üçün belə şəraiti yaradan siyasəti daim dəstəkləmişik, indi də bu seçimimizə sadiqliyimizi bildiririk. Azərbaycanı dünyada tanıdan Prezidentimizin daxili və xarici siyasətinə səs vermişəm.”

15 saylı Yasamal I seçki dairəsi DSK-nın 13 saylı məntəqəsində gördüklərimiz də xoş təəssürat yaratdı. Məntəqə seçki komissiyasının sədri Elşad Miranov vurğuladı ki, səsvermə prosesinin tam sərbəst keçirilməsi, insanların seçkilərdə fəal iştirakı üçün görülən hazırlıq işləri bəhrəsini verir. İnsanlar böyük əhval-ruhiyyə ilə səsvermədə iştirak edir, Azərbaycanın gələcəyi naminə vətəndaşlıq borclarını yerinə yetirirlər.

Seçici Şükufə Məmmədova bildirdi ki, Azərbaycan qüdrətli dövlət kimi öz sözünü deyib, mövqeyini möhkəmləndirib. Ölkəmiz siyasi, iqtisadi, demokratik inkişaf baxımından liderlik səviyyəsinə yüksəlib. Azərbaycan xalqının seçimi bəllidir. Biz bundan sonra da mövcud siyasətə sadiqliyimizi bildirərək ən layiqli namizədə səs verdik.

15 saylı DSK-nın 4 saylı məntəqə seçki komissiyasının sədri Simuzər Zeynalova səsvermə prosesinin tam demokratik tələblərə uyğun keçirilməsi üçün lazımi şərait yaradıldığını qeyd etdi: “Məntəqəyə gəlmək imkanından məhrum fiziki sağlamlıqlarını müvəqqəti itirənlərin evlərdə səsverməsi üçün xüsusi qutular hazırlanıb. Eyni zamanda ilk dəfə səs verən gənclərə də qayğı ilə yanaşılıb. Seçkilərə hazırlıq prosesində belə gənclər arasında izahat işləri aparılıb, seçkilərin əhəmiyyəti və mahiyyəti onlara izah olunub.”

Bu məntəqədə də gördüklərindən məmnun olduğunu bildirən İCAPP-ın təsisçisi və həmsədri Xose de Venesiya bildirdi ki, Azərbaycan vətəndaşları xoşbəxtdirlər ki, belə bir ölkədə yaşayır, gələcəkləri naminə qurub yaradırlar: “Azərbaycan həqiqi mənada regionda siyasi, iqtisadi inkişafı, demokratik dəyərlərə sadiqliyi ilə seçilən bir ölkədir. Bir neçə məntəqədə olmuşam. Komissiya üzvlərinin əksəriyyətinin qadınlardan ibarət olmasının özü Azərbaycan demokratiyasının tərənnümüdür. Mən gördüklərimi ölkəm Filippində təbliğ edəcək, Azərbaycan gənclərinin siyasi fəallığını nümunə göstərəcəyəm.”

Səsvermə prosesini izləyən MDB ölkələri üzrə Müşahidə Şurasının üzvləri Sergey Lebedev, Sergey Buritin, Yevgeni Slobadan təsdiqlədilər ki, olduğumuz bütün məntəqələrdə yaradılan şəraitdən razı qaldıq. İnsanlar heç bir təsir, müdaxiləyə məruz qalmadan bülletenlərini alır, kabinələrə daxil olur və sərbəst şəkildə inandıqları namizədə səs verirdilər. Belə azad, şəffaf şərait isə ancaq Azərbaycan kimi demokratik ölkələrdə yaradıla bilər.

Yasamal rayonu ərazisində yerləşən 25 saylı seçki məntəqəsində yaradılan şəraitdən həm seçicilər, həm də xarici və yerli müşahidəçilər razılıq etdilər. Məntəqə sədri Ofelya İmamverdiyevanın vurğuladığı kimi, insanların əvvəlcədən paylanan bildirişlərə uyğun olaraq məntəqələrə gələn seçicilərin fəallığı ilk saatlardan müşahidə olunurdu.

16 saylı Yasamal ikinci seçki dairəsi DSK-nın 11 saylı seçki məntəqəsində gördüklərimizdən aydın oldu ki, hazırlıq prosesinə diqqətlə yanaşan komissiyanın üzvləri vəzifələrinə məsuliyyətlə yanaşmışlar. Məntəqə seçki komissiyasının sədri Daşqın Qənbərov bildirdi ki, səhər saat 8-də başlanan səsvermə prosesində iştirak edən seçicilərin sayı anbaan artır. Buradakı qələbəlikdən də aydın oldu ki, siyasi kampaniyalara məsuliyyətlə yanaşan, vətəndaşlıq borclarını yerinə yetirən insanlar bu gün ölkəmizdə müşahidə olunan və sərhədlərimzdən kənarda belə etiraf edilən inkişafımızın davamına səs verməklə Azərbaycanın daha qüdrətli gələcəyinə inamlarını bildirdilər.

Seçici Rahib Əliyev də ürək sözlərini belə ifadə etdi:

- Azərbaycanın əhalisinin 40 faizini təşkil edən gənclər üçün yaradılan şərait bəlkə də heç bir ölkədə yoxdur. Gənclərin yaxşı yaşayıb, gözəl təhsil almaları üçün yaradılan şəraitə görə bizim hər birimiz Azərbaycanın dövlət siyasətini dəstəkləyir, münasibətimizi dövlətimizin siyasətini dəstəkləməklə bildiririk.

16 saylı Yasamal ikinci seçki dairəsi DSK-nın 19 saylı məntəqə seçki komissiyasının sədri Gülnaz Əsgərovanın açıqlamasından aydın oldu ki, 1119 seçicini əhatə edən məntəqədə çalışan komissiya üzvləri əvvəlcədən keçirilən monitorinqlərdə iştirak edərək seçki texnologiyasını ən incəliklərinə qədər mənimsəyiblər.

17 saylı Yasamal üçüncü seçki dairəsi DSK-nın 12 və 13 saylı məntəqələrində müşahidə etdiklərimiz də qənaətbəxş idi. Məntəqə seçki komissiyalarının sədrləri Bəsti Ağayeva və Lalə Məmmədova bildirdilər ki, hər iki məntəqədə quraşdırılan veb-kameralar vasitəsilə səsvermə prosesinin izlənməsi təmin edilir.

Səsvermə prosesinə məsuliyyətlə yanaşan hər bir insanın səsvermədə iştirakının vacib olduğunu söyləyən seçicilər bildirdilər ki, ən layiqli namizədə səs verməklə Azərbaycanı dünyada tanıdan, iqtisadi, diplomatik uğurları ilə diqqət çəkən ölkəmizi bu səviyyəyə çatdıran inkişaf konsepsiyasına səs verdilər.

...Saatlar biri-birini əvəz edir. İnsanlar axın-axın məntəqələrə gəlir, bülletendə adları yazılan namizədlərə münasibətlərini bildirirdilər. Bu isə demokratiyanın bariz nümunəsidir. Yüksək mütəşəkkilliklə keçirilən Milli Məclisə növbəti seçkilər bir daha Azərbaycan demokratiyasının təntənəsi oldu.

 

İki sahil.- 2015.- 2 noyabr.- S.22-23.