TEATR ADLI SEVGİM

 

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış aktyor, şair-dramaturq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bacarıqlı teatr təşkilatçısı İftixar Piriyevin anadan olmasının 55 ili tamam olur. 7 sentyabr 1960-cı ildə Gürcüstanın Qaraçöp mahalında dünyaya göz açan aktyor 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsində görkəmli səhnə ustası Rza Təhmasibin kursunu bitirmiş və həmin ildən təyinatla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyorluq fəaliyyətinə başlamışdır.

Belə əlamətdar gündə sevimli sənətkarımızla görüşüb söhbətləşmək istədik:

- Bu yaxınlarda yeni yazdığınız şeirinizi oxudum və ilk sualımı bu şeir ətrafında verəcəyəm. Soruşa-soruşa, soraqlaşa-soraqlaşa gəlib çatdım 55-ə deyirsiz. Sirr deyilsə, soraqlaşdığınız nə idi?

-Əbədiyyət... Bütün canlıların soraqlaşdığı əbədiyyət. Bu istiqamətdə irəlilədikcə hər bir kəsin qət etdiyi uzunlu-qısalı bir yol olur və bu yolda dərədən, dağdan, yamacdan, düzdən keçilir. Mən də hamı kimi keçərək 55 qədər bir yol qət etdim...

- Keçilən yolda istər-istəməz yaratdıqların da olur. Ömrünü həsr etdiyin, ona xidmət göstərdiyin bir sahə də olur. Siz də teatrı seçdiniz.

-Belə deyək, rəngarəngliklə dolu, bütün sahələri bədii cəhətdən özündə ehtiva etmək qüdrətinə malik olan dinamik, ecazkar teatr sənətini.

- Gəlin 55-in yekununda xırda hesabat aparaq. Həyatını teatra həsr etmiş yaradıcı insan üçün teatr sənəti nədir və bu sənət sizin ömrünüzün hansı hissəsində qərarlaşıb?

-Doğrudan da, deyəsən, bu yaşın özü bir hesabat tələb edir... Teatr sənəti mənim həyatımda bu peşəyə meyil etdiyim andan özünə yer tapdı. Belə olmasaydı, bütün ömrümü bu sənətə həsr etməzdim. Bilirsiniz, teatr elə bir məkandır ki, bu sənətə gələn hər bir insan anlamalıdır ki, bura yalnız və yalnız mənəvi qida bazası, özünü ifadə meydanıdır. Yaşanan ömrün bütün mahiyyəti, bu sənəti seçənlər üçün yalnız burada öz mənasına qovuşa bilir. Ömrünü teatra bağlayanlar burada ən ağır çətinliklərlə üz-üzə dayanma, ən gərgin məqamlarla mübarizə aparma, bəzən maddi imkansızlıqla çox səmimi şəkildə qol-boyun olma və belə halları özünə, öz taleyinə məhkum olunmuş bir həqiqət kimi qəbul etməyə vadar olduğunu dərk etməli və bununla barışmaqdan çəkinməməlidir, əksinə, bununla, çox böyük ruh yüksəkliyi ilə qürurlanmalıdır. Çünki bu sənətin sahibləri hər kəsə nəsib olmayan, düşüncə, hiss, duyğu, daxili bütövlük, mənəvi rahatlıq və təmizlənmə, saflaşma, kövrək və istiqanlı qəlb dolğunluğu, idrak və təfəkkür dərinliyi, zövqlü və kübar zənginlik, alicənab və mükəmməl şəxsiyyət və sair kimi mütləq sərvət zənginliyi ilə Tanrının mükafatını qazanmaq imkanında ola bilirlər. Və bu sənətə məhz sənət naminə gələnlər gec-tez həmin mükafata layiq görülürlər və özlərindən sonra həyatda qoyub getdikləri böyük sənət nümunələri ilə tarixin sənət salnaməsində öz yerlərini tuturlar və bu yer -belə bir müstəvi insan olan kəs üçün ən mötəbər bir məkandır. Daha konkret desəm, teatr mənim sevgimdir.

- Teatr səhnəsində, televiziyada müxtəlif səpkili rolların mahir ifaçısı kimi tamaşaçı yaddaşında qalmısınız. Aktyorların yaradıcılığı pərdə qapanan kimi görünməz olur. Buna görə də bu sənət daha çox diqqət, qayğı tələb edir. Aktyorun uğuru nə ilə bağlıdır və onu necə qorumaq lazımdır?

- Səhnədə ilk rolum İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan” əsərində səssiz bir obraz olub. Nəbi Xəzrinin “Mirzə Şəfi Vazeh” əsərindəki Əkbər obrazı isə ilk nəzərəçarpacaq rol kimi yadda qalmışdır. Bundan sonra Anarın “Sizi deyib gəlmişəm” pyesində Vəliqulu, “Şəhərin yay günləri”ndə Namiq, Jan Anuyun “Medeya” faciəsində Oğlan, Nahid Hacıyevin “Məhəbbət yaşadır” pyesində Elcan, Səməd Vurğunun “Vaqif” dramında Əli bəy, Əbdürrəhimbəy Haqverdiyevin “Bəxtsiz cavan” faciəsində Çinğiz, Rəhman Əlizadənin “Günah”ında Fərhad, Nəbi Xəzrinin “Gecə döyülən qapılar”da Xəzər, “Torpağa sancılan qılınc” dramında Poladgüc, Vaqif Səmədoğlunun “Yayda qartopu oyunu”nda Niftalı, İlyas Əfəndiyevin “Şeyx Xiyabani” pyesində Ayaz, “Büllur sarayda” da Bayandur, “Tənha iydə ağacı”nda Eyvaz, Şekspirin “Kral Lir” faciəsində Edqar, Eldar Baxışın “Qədir gecəsi”ndə Aşıq İftixar, “Məlikməmməd” xalq nağılında Məlikməmməd, Çingiz Aytmatov və M.Şaxanovun “Sokratı anma gecəsi”ndə Talap, Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” pyesində Çar Uruz kimi müxtəlif səpkili obrazlara səhnə ömrü vermişəm.

- Teatr səhnəsi ilə yanaşı, Azərbaycan Televiziysında da maraqlı rollarla sevilmişiniz. M. Muradın “Təkan”, S. Budaqlının “Közərən evin işıqları”, Dilsuzun “Oğulla görüş” və sair əsərlərdə tutarlı rollar oynamısınız.

-Azərbaycan Televiziyası və Radiosu bütün aktyorlar kimi mənim də ikinci evimdir desəm, yanılmaram. Bu məkan bizi populyar edib. Teletamaşalarda oynadığım rollarla yanaşı, “Ozan” folklor toplusu ilə bir müddət həm iştirakçısı, həm də aparıcısı qismində dostluq etmişəm. Ondan başqa bir sıra ədəbi-bədii verlişlərdə bədii qiraətçi kimi çıxışlarım olub. Azərbaycan Radiosunun səs qalaktikasında müxtəlif verilişlərdə və radio tamaşalarında mənim də səsim özünə yer tutub, yayımlanıb.

- Teleseriallarda yaratdığınız obrazlar da uğurlu sənət nümunələridir. Əlibala Hacızadənin “İtgin gəlin” teleserialında Əbdül, Rəşad Nuri Güntəkinin “Dodaqdan qəlbə” serialında Vədad, Bəxtiyar Vahabzadənin “Yağışdan sonra” teleserialında Aslan, Ağarəhim Rəhimovun ssenariləri əsasında çəkilmiş “Canavar balası” filmində Nofəl, “Qırmızı qar” filmində Şef kimi xarakterik tipajlarla aktyor ustalığını nümayiş etdirmisiniz. Bu qədər biri-birindən maraqlı və fərqli obrazlar silsiləsi yaratdıqdan sonra Azərbaycan teatr səhnəsində ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin bədii obrazını canlandırmısınız. Bu, sizə çətinlik yaratmadı ki?

-Əlbəttə, çətin oldu. Çətin olmasaydı, təvazökarlıqdan uzaq da olsa deməliyəm ki, uğurlu ola bilməzdi. Dahi rəhbərin obrazını yaratmaq hər bir aktyordan böyük məsuliyyət tələb edir. Əsas odur ki, mən bu prosesdə üzərimə düşən məsuliyyətin mənasını çox yaxşı dərk edirdim. Ümumiyyətlə, üç ayrı-ayrı əsərdə Ümummilli Liderimizin bədii obrazını yaratmaq mənə nəsib oldu. Üçüncü əsər, şair-dramaturq Hidayətin “Burdan min atlı keçdi” əsəri, ilk əsər isə 2009-cu ildə dramaturq Aqşin Babayevin İrəvan Teatrının səhnəsində hazırlanmış “Xilaskar” pyesi idi. Yaradıcılıq prosesi çox keçirdi. Mən Böyük Heydər Əliyev obrazının portret cizgilərindən daha çox onun zəngin daxili aləmini əks etdirməyə, bu obrazı yaratmaq, həm də ilk ifaçı olaraq yaratmaq üçün sənətçidən tələb olunan bütün komponentlərdən yararlanmağa və nəhayətdə bitkin bir obrazın ərsəyə gəlməsinə çalışırdım. Hər-halda tamaşaçıların rəyinə əsaslansaq, özünəməxsus yanaşma ilə istədiklərimizə nail ola bildik. Uğurla oynanılan bu tamaşa ilə biz həm stasionarda, həm də Gürcüstan, Dağıstan və Türkiyədə böyük tamaşaçı sevgisi ilə qarşılandıq. Gürcüstan qastrolu zamanı tamaşada sabiq prezident, dünya miqyaslı siyasətci Eduard Şevardnadzenin səhnə arxasına keçərək, kollektivimizi şəxsən təbrik etməsi, xatirə şəkli çəkdirməsi ayrı bir mənzərə idi. Eduard Şevardnadze təbrikinə öz ürək sözləri ilə başladı: “Çox yaxşı etmisiniz ki, Heydər Əliyev barədə tamaşa hazırlamısınız. Tamaşada hər şey mükəmməl idi. Xüsusən Heydər Əliyevin obrazının ifası. O hadisələr mənə tanış idi. Tamaşadakı hadisələr o qədər aydın cərəyan edirdi ki, mən Azərbaycan dilini bilməsəm də, hər şeyi çox gözəl anlayırdım. Heydər Əliyevin səsi, hərəkətləri, jestləri, özünəməxsus danışıq manerası çox dəqiq idi. Heydər Əliyev böyük şəxsiyyət və siyasətçi idi. O, təkcə Azərbaycanın deyil, ümumqafqazın lideri idi”.

2013-cü ildə müəllifi olduğum, bütün həyatını xalqına, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin möhkəmlənməsinə və inkişafına həsr etmiş Heydər Əliyevin ömür yolundan, dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edən “Qurtuluş dastanı” adlı pyesimdə yenidən Ulu Öndərin obrazını canlandırdım. “Qurtuluş dastanı” tamaşası Ulu Öndərin 90 illik yubileyi münasibətilə Onun əziz xatirəsinə ehtiram əlaməti olaraq hazırlanmışdı.

Bu əsərdə dahi Heydər Əliyevin bədii obrazı artıq daha geniş miqyasda - Heydər Əliyevçilik, azərbaycançılıq ideyası ətrafında öz bədii mücəssiməsini tapmış oldu. Tale belə gətirdi ki, bu tamaşada da mənə Ulu Öndərimizin bədii obrazının yaradıcısı kimi onun hisslərinin, duyğularının, yüksək insani keyfiyyətlərinin, həm övladlıq, həm valideynlik missiyasının, həm sərkərdəlik qüdrətinin yaşantılarını ifa etmək, xalqı, milləti yolunda yorulmadan, əzmlə apardığı fəaliyyətində gərgin situasiyalara qarşı mübarizəsini məhz səhnədə təcəssüm etdirmək şərəfi nəsib oldu.

 

- İrəvan Teatrından söhbət düşmüşkən, bəs bu teatra rəhbər təyin olunmanız hansı zərurətdən yarandı? Bu teatrda hansı işləri görə bildiniz və görmək niyyətindəsiniz?

-Ölməz ədib C.Cabbarlının adını daşıyan İrəvan Dövlət Azərbaycan Dram Teatrı öz dəyərli kollektivi, geniş tamaşaçı auditoriyası və dəyərli sənət xadimləri ilə mənim həyatımın ən qiymətli anlarını özündə birləşdirir. Ömrümün 15 illik bir tarixini özünə bağlayan və mənə ən parlaq anlar bəxş edən bu sənət ocağına və məni bu sənət ocağı ilə birləşdirən insanlara həmişə minnətdaram. O məkanda yaşadığımız bəzən çətin, bəzən asan olan bütün hadisələr mənim üçün çox dəyərlidir. Ümumiyyətlə, İrəvan Teatrı və onun istedadlı kollektivi həyatımın bir hissəsi olaraq, mənim üçün əvəzi olmayan bir anlam kəsb edir. 1999-2000-ci illərdə müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Tiflis Azərbaycan Dövlət Dram Teatrının bərpa prosesinə rəhbərlik etmək üçün iki il müddətinə Tiflis şəhərinə ezam olundum. Baxmayaraq ki, 1991-ci ildə təsis etdiyim Azərbaycan Milli Dastan Teatrında müəyyən təcrübələr əldə etmişdim, Tiflis Teatrının bərpası dövründə əldə olunan təcrübə İrəvan Teatrının yenidən qurulmasında çox önəmli rol oynadı. Bu prosesin uğurlu nəticəsinə görə 2000-ci ildə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsinə təyin olundum və bu günə kimi də həmin missiyanı şərəflə yerinə yetirməyə çalışıram. Teatrda görülən işlər barədə geniş danışmaq istəmirəm, çünki görülənlər göz önündədir. Bircə onu deyə bilərəm ki, fəaliyyətimizin dəyəri 125 illik yubileyimiz zamanı ölkə başçısının ali fərmanları ilə öz həqiqətinə qovuşa bildi. Həmin ərəfədə, yarandığı gündən etibarən heç vaxt binası olmayan teatrımız dövlətimiz tərəfindən layiqli bina ilə təmin olundu. Mədəniyyət və turizm nazirinin qayğısı ilə dəfələrlə xarici ölkələrdə teatr sənətimizi uğurla nümayiş etdirmək nəsibimiz oldu. O ki qaldı görüləcəklərə, niyyətimizdə çoxlu layihələrin həyata keçməsi vardır. Binamızın əsaslı təmirindən sonra bu barədə geniş proqram təqdim edə bilərik. Bunu taleyin ümidinə buraxaq...

- İftixar müəllim, siz şair, publisist, dramaturq, rejissor, teatr təşkilatçısı kimi milli teatr tariximizdə, eyni zamanda çağdaş dramaturgiyada, poeziyamızda sənətkar imzasını qoymağı bacardınız və bir neçə kitab da nəşr etdirdiniz.

-Teatr sahəsində çalışan və gəncliyimdən ədəbiyyatla məşğul olan biri yaradıcı insan kimi özümü dramaturgiyada sınamaq qərarına gəldim və ilk əvvəl iki pyes yazdım: “Dan yeri söküləndə” və “Körpü”. Hər iki pyes layihə kimi hazırlandı və Bakı teatr şəbəkəsinin aktyorlarının ifasında səhnələşdirildi. “Körpü” isə Beynəlxalq layihə kimi hazırlandı; Bakı teatrlarının aktyorları ilə yanaşı, Gürcüstan və Dağıstan teatrlarından dəvət olunmuş aktyorlar cəlb edildi. Daha sonra “Məngənə və ya Kor Aşığın işığı”, “Eşqin tikan dairəsi”, “Qarışqalar yuvasını dəyişmir”, “Arı yuvası”, “Nurlu ömrün anları”, “Azərbaycan bayrağı”, “Qalx ayağa, Azərbaycan!” pyeslərini və dramlarını, “Soyqırımı tarixinin dastanı” mənzum, xronikal, tarixi dramını yazdım.

 “Eşqin tikan dairəsi” pyesim Tiflis Azərbaycan Dram Teatrında tamaşaya qoyulmuş, 2013-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə Bakıda keçiridiyi mono tamaşalar festivalına qonaq qismində dəvət olundu. Uğurla qarşılandı. İştirakçılar və quruluşçu heyət mükafatlandırıldı. 2015-ci ildə isə Türkiyə Cümhuriyyətinin Amator Teatr Festivalında xüsusi mükafata layiq görüldü.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin diqqət və qayşısı ilə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında da uğurla tamaşaya qoyulan “Qurtuluş dastanı” epik-tarixi dramım bu il 15 iyun tarixində Naxçıvan tamaşaçılarının yüksək sevgisi ilə qarşılandı. Tamaşaya baxan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri hörmətli Vasif Talıbovun əsər və tamaşa haqqında söylədiyi yüksək fikirlər özündə çox böyük dəyəri ehtiva edirdi. Mübaliğəsiz demək istəyirəm, uzun illər tikanlı məftillər əhatəsində olan, hər dəfə oraya getdikcə və xəyalən də baxdıqca iç dünyamda həmişə dərd kimi qəbul etdiyim, lakin bu gün fərəh hissi bəxş edən, müstəqil və misli-bərabəri olmayan bir inkişaf mərhələsinə yüksəlmiş Naxşıvanı həmişə sevən bir yaradıcı kimi, bu mühüm hadisə məni Naxçıvana və naxçıvanlılara bir daha möhkəm tellərlə bağladı...

 

- Bir az da şeirlərinizdən danışaq. Sizin şeirləriniz bənzərsizdir.

-Şeir yaradıcılığıma gəldikdə, belə deyə bilərəm, şeir içimdən qopan səsdir. Əgər bu səs batsa, demək, mən də batmışam. Bu barədə sonralar ayrıca danışarıq.

- Neçə kitabınız çap olunub?

-Neçəsini deyə bilmərəm, ancaq bir neçə kitabım çapa hazırdır. Bunların içində iki monoqrafiya, iki şeirlər və bir neçə də hakayələr və miniatürlər, mənsur şeirlər, publisist və portret yazılar və elmi məqalələr toplusu olan kitablarım öz işığını gözləyir. Bu günə qədər isə “Yaşadığım bu ömür”, “Nə qəribə yuxuymuş” şeirlər, “Sevgilim” poeması, ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş “Böyük Turanın Himni” və türk, rus, ingilis, alman, fransız, italyan, ispan, ərəb, fars dillərinə tərcümə olunmuş “Müstəqil Vətənin Memarı” poemalarım, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin anadan olmasının 50 illiyi münasibətilə yazdığım və tamaşaya hazırladığım “İşıqlı, nurlu sabah” və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində yazaraq tamaşaya hazırladığım “Soyqırımı tarixinin dastanı” mənzum pyeslərim, həmçinin üç kitabda cəm olunmuş “Pyeslər”im oxuculara təqdim olunmuşdur.

- Sizi - istedadlı aktyor, gözəl şair, dramaturq, publisist, teatr xadimi, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, İrəvan Teatrının direktoru İftixar Piriyevi anadan olmanızın 55 illiyi münasibətilə ürəkdən təbrik edir, Sizə yeni yaradıcı zirvələr arzulayırıq.

 

Nüsrət Məmmədov

İki sahil.-2015.- 1 sentyabr.- S. 20.