Tarixə işıq salan Çıraqqala

 

Şabran rayonunun ərazisində yerləşən “Çıraqqala” Tarixi Qoruğunu bu ilin ötən dövrü ərzində 800-dən çox turist ziyarət edib. Dəniz səviyyəsindən 1232 metr yüksəklikdə Çanaqqaya adlanan sıldırım qayanın zirvəsində qərar tutan Çıraqqalanı ziyarət edənlər arasında yerli turistlərlə yanaşı, əcnəbilər də yer alıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanı bundan sonra daha çox turistin ziyarət edəcəyi gözlənilir. Bunu şərtləndirən əsas səbəb qalanın yaxınlığında, sıldırım qayanın altında yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin istifadəyə verilməsidir. Avqustun 8-də prezident İlham Əliyevin iştirakı ilə açılışı olan müasir müalicə-istirahət kompleksi regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur “Qalaaltı” kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahəsi olan kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər var.

“Çıraqqala” Tarixi Qoruğunun direktor müavini Şahin Cavadov AZƏRTAC-a müsahibəsində bildirib ki, yaxın gələcəkdə qoruğun konservasiya olunması nəzərdə tutulur. Bununla yanaşı, tarixi məkanda inzibati binanın tikintisi də planlaşdırılır. Artıq konservasiya işlərinin aparılması və inzibati binanın tikintisi üçün layihə-smeta sənədləri hazırlanıb.

Böyük İpək yolunun qorunması məqsədi daşıyan Gilgilçay müdafiə səddinin ən yüksək nöqtəsi olan Çıraqqala dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasındadır. Alimlərin araşdırmalarına görə, qala Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilib və Gilgilçay səddinin baş qarovulxanası olub. Deyilənə görə, o, Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biridir. İki qala və səddin böyük bir hissəsi uçub dağılsa da, Çıraqqala müasir dövrümüzədək gəlib çatıb.

Çıraqqala, mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarət düzbucaqlı formasındadır. Hazırda bu bürclərdən 4-ü salamat qalıb. Hündürlüyü 120 metr olan sıldırım qaya üzərində ucalan baş qüllə uzaqdan daha əzəmətli və möhtəşəm görünür. Bu qüllə müşahidə və işarəvermə məqsədilə tikilib. Burada dayanan keşikçilər Dərbənddən Beşbarmaq səddinədək dəniz sahili boyu təxminən 100 kilometrə qədər ərazini nəzarətdə saxlaya biliblər. Düşmən ordularının hücumları zamanı qalada tonqallar qalanar və həyəcan siqnalı digər qala və məntəqələrə çatdırılardı.

Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır.

Azərbaycanın tarixi irsinin memarlıq ənənələrinin mühüm nümunələrindən olan "Çıraqqala" tarixi abidələr kompleksinin gələcək nəsillər üçün saxlanılmasının, bərpasının və mühafizəsinin təmin edilməsi məqsədi ilə 23 iyun 2003-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən sərəncam imzalanıb. Sərəncama əsasən "Çıraqqala" tarixi kompleksi tarixi qoruq elan edilibonun qorunması və bərpası üçün tədbirlər müəyyənləşdirilib.

 

İki sahil.-2015.- 2 sentyabr.- S. 11.