Müasir Azərbaycanın memarı və
qurucusu
3 sentyabr 1991-ci ildə Ulu Öndərin
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin
sədri seçilməsi
Azərbaycan xalqının
xilas günü kimi tarixə yazıldı
Bu tarixi ölkəmizin müstəqilliyinin əbədiliyinə aparan yolun başlanğıcı adlandıranların sözlərində həqiqət var. Ulu Öndərin həyat salnaməsində yer alan hər dövr mahiyyət və əhəmiyyət etibarilə diqqət çəkir . Uzaqgörən siyasi xadim, zəngin dövlətçiik təcrübəsi ilə seçilən bu cəsarətli insan, dahi şəxsiyyət öz xalqına bağlı vətənpərvər kimi taleyini xalqından ayrı təsəvvür etmədi, Vətəninin intibahı üçün çalışdı.
Azərbaycanın taleyində özünəməxsusluğu ilə seçilən həmin tarixi günün əhəmiyyətini “Çox böyük mənəvi əziyyət içərisindəyəm ki, mənim razılığım olmadan məni sədr seçdilər. Ancaq bu zamanın, dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim” sözləri ilə ifadə edən, yalnız xalqı üçün yaşayan, insanların xoşbəxt gələcəyi naminə çalışan ulu öndər Heydər Əliyev vurğulayırdı ki, Azərbaycanın belə ağır vəziyyətində, çətin günündə naxçıvanlıların tələbindən imtina etmək, geri çəkilmək xalqın ağır günündə insanlara dəstək olmamaq, onların ümidlərini qırmaq demək idi: “Ancaq eyni zamanda mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini yəqin ki, indi, bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm.” Azərbaycanın Ulu Öndərlə bağlı, qərinədən də artıq bir dövrü əhatə edən illərinə nəzər saldıqda bir reallığa inanırsan: Ulu Öndəri Azərbaycanın memarı adlandıran xalq bütün dövrlərdə ümummilli lider Heydər Əliyevə sevgisini, inam və hörmətini ifadə etməkdə yanılmamışdır.
Hakimiyyətinin sovetlər dövrünə təsadüf edən birinci mərhələsində Azərbaycanı geridə qalmış əyalət respublikasından inkişaf etmiş sənaye, neft diyarına çevirən müdrik dövlət başçısı kimi xalqa bələdçilik edən Heydər Əliyevin müstəqillik illərində ölkəyə rəhbərliyinin əsasında doğma Vətənini dünyada qüdrətli dövlət, parlayan günəş kimi tanıtdırmaq istəyi dayanırdı. Ulu Öndərin hakimiyyətinin birinci dövründə Azərbaycandakı intibahı şərtləndirən amillərdən olan respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilmiş, gəncliyin ana dilində təhsilinə diqqət artırılmış, milli hərbçi kadrların hazırlanması prosesinin təməli qoyulmuş, C.Naxçıvanski adına hərbi məktəb yaradılmışdır.
Amma dahi rəhbərin xalqının gələcəyi naminə göstərdiyi fədakarlıq Kremlin o zamankı ermənipərəst rəhbərliyini qane etmirdi. Ulu Öndərin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən yubiley tədbirində çıxış edən Prezident İlham Əliyev o illəri belə xatırlatdı: “1987-ci ildə Heydər Əliyev böyük ədalətsizliklə üzləşmişdi. O vaxt sovet dövlətinin başında dayanan insan ona qarşı ədalətsizlik göstərmişdi. Bu ədalətsizliyin də səbəbləri var idi. Ona qarşı paxıllıq, riyakarlıq və digər mənfi hallar Heydər Əliyevin istefasını şərtləndirdi. Bu, Azərbaycan üçün böyük itki idi...Təsadüfi deyil ki, o, istefaya gedəndən iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırdılar.”
...Ümummilli lider Heydər Əliyev özünü vətənpərvər, cəsarətli insan kimi 1990-cı ilin yanvar ayında da göstərdi. Sovet ordusu Bakıya müdaxilə edərək kütləvi qırğın törətdiyi günlərdə, yanvar ayının 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz etiraz səsini bütün dünyaya çatdırdı. “Fəxr edirəm və çox xoşbəxtəm ki, mən də o gün onunla bərabər orada idim. Heç vaxt yadımdan çıxmaz ki, o vaxt orada böyük insan kütləsi toplaşmışdı. Azərbaycanın daimi nümayəndəliyinə minlərlə azərbaycanlı öz həmrəyliyini, etirazını, öz hisslərini ifadə etməyə gəlmişdi. Biz oraya gələndə insanlar Heydər Əliyevi tanımışdılar və dərhal sükut yarandı. İnsanlar sanki canlı dəhliz yaratdılar ki, o, dəhlizlə binanın içərisinə keçsin. Bax, o vaxt Azərbaycan xalqı Heydər Əliyevə bir daha öz hörmət, etimad, inamını göstərmişdi” söyləyən Prezident İlham Əliyev bildirir ki, Azərbaycan xalqı özünün faciəli günündə də onun ətrafında birləşdi.
Kremlin təqib etdiyi Ulu Öndər Moskvada bir qədər çox qalsaydı həbs olunacaqdı. Bu səbəbdən o, Azərbaycana üz tutdu, Bakıya gəldi. Ancaq Bakıdakı o vaxtkı rəhbərlik imkan vermədi ki, o, öz doğma vətənində yaşasın və məcbur olub doğulduğu yerə - Naxçıvana üz tutdu. Naxçıvanda insanlar onu sevinclə, böyük izdihamla qarşıladılar.
Ümummilli lider Heydər Əliyev muxtar respublikada Azərbaycan naminə çox böyük və əhəmiyyətli tarixi hadisələrin əbədilik müəlliflik hüququna imza atdı. “ONUN Naxçıvan MR Ali Məclisinə sədr seçildiyi gün təkcə muxtar respublikanın deyil, bütünlükdə Azərbaycan xalqının xilas günü kimi tarixə yazıldı” söyləyən Prezident İlham Əliyevin sözlərini tarix və zaman da təsdiqlədi. Naxçıvanda Heydər Əliyevi ilk növbədə muxtar respublikanın parlamentinə, sonra isə Azərbaycan Ali Sovetinə deputat seçdilər. Növbəti etimad isə Ulu Öndərin Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsinə layiq görülməsi oldu. O vaxt artıq Azərbaycan rəhbərliyinin rəyi heç bir məna kəsb etmirdi və xalq Naxçıvanda əsl vətənpərvərlik, cəsarət, müdriklik göstərdi. Ulu Öndərin Naxçıvandakı fəaliyyəti çox zəngin, ağır və eyni zamanda, çox şərəfli bir dövr idi. Çünki məhz Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti müstəqilliyə gedən yolda əsas rol oynamışdır.
... 17 noyabr 1990-cı ildə keçirilən Naxçıvan MR Ali Məclisinin iclasına ağsaqqal deputat kimi sədrlik edən Heydər Əliyev söylədiyi “ Müstəqillik qədər çətin yol yoxdur. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” sözlərini, illərdən bəri həyata keçirmək istədiyi arzularını fəaliyyəti ilə reallaşdırdı. Həmin sessiyada Naxçıvan MSSR-nin adının dəyişdirilməsi, dövlət atributları sayılan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, himn və gerbi üçün müsabiqə keçirilməsi barədə qərar qəbul olundu. Uzaqgörən siyasət xadimi yaxşı bilirdi ki, azadlıq, sərbəstlik olmayan yerdə inkişaf, yenilik nəinki çətindir, hətta mümkünsüzdür. Bu mühüm addımı ilə Azərbaycanın suverenliyini təsdiqləyən məsələlərin həllini sürətləndirdi. 20 Yanvar faciəsinə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qəti tələb etdi. Kremldə baş verən oyunlardan xəbərdar olan uzaqgörən siyasətçi “İttifaq müqaviləsini” Qorbaçovun xalqları aldatmaq cəhdinin siyasi təzahürü hesab edərək ona qəti etirazını bildirdi. “Yenidənqurma” oyununun pərdəarxası məqsədini, onun təhlükəli nəticələrini də uzaqgörən siyasəti ilə aydın dərk edirdi. Yalan, saxta ideyalar əsasında formalaşan və xalqları 70 ildən artıq əsarətdə saxlayan Kommunist Partiyasına etirazını KP sıralarından istefa verməklə bildirən Ulu Öndər vurğulayırdı ki, çoxpartiyalılıq olmayan cəmiyyətdə demokratiyadan, inkişafdan söhbət gedə bilməz. Ulu Öndərin Naxçıvandakı ən böyük xidmətlərindən biri insanlarda milli təffəkkür və məfkurənin formalaşdırılması idi. Diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr- Dünya Azərbaycan türklərinin milli həmrəylik və birliyi barədə qərar qəbul olundu. Ümummilli Liderin əhəmiyyətinə görə daha böyük önəm daşıyan xidmətlərindən biri də uzun illər “sərhədlərimizi qoruyan” SSRİ-nin 41-ci sərhəd dəstəsinin və 75 saylı mexanikləşdirilmiş moto-atıcı diviziyanın muxtar respublikanın ərazisindən çıxarılması barədə qərarın qəbulu oldu. Azərbaycanda “qızıl ordu” hissələrinin qaldığı vaxtda Naxçıvanda belə bir cəsarətli addımın atılması, rus ordusuna məxsus silah- sursatın, əmlakın, mülki texnikanın yeni yaradılan Milli Orduya və Azərbaycanın I Sərhəd Dəstəsinə təhvil verilməsi yalnız düşünülmüş, ağıllı siyasətin nəticəsində mümkün ola bilərdi. Məhz o illərdə yaradılan Naxçıvanın İnkişafı və Müdafiəsi Fonduna yığılan vəsait Milli Ordunun möhkəmlənməsinə sərf olundu. Ulu Öndərin Naxçıvan MR Ali Məclisinin Sədri kimi Azərbaycan üçün böyük xidmətlərindən biri də respublikanın sərhədlərinin, Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi oldu. Blokadada qalan naxçıvanlıların çətin vəziyyətdən çıxması üçün qonşu İran və Türkiyə ilə əməkdaşlıq gücləndi. Böyük şəxsiyyət olan Heydər Əliyevin nüfuzu bu sahədə də özünü doğrultdu. Naxçıvana hər iki qonşu dövlətdən ərzaq, sənaye malları, ən başlıcası isə enerji verildi. Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsi üçün “Ümid” körpüsü salındı. Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti üçün geniş imkanlara malik hava limanı, Bakıda Naxçıvan nümayəndəliyi açıldı. Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan, ölkənin gələcəyinə böyük ümidlər vəd edən Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ulu Öndərin şəxsi nüfuzunun nəticəsi kimi ilk gündən YAP-ın ətrafına yüz minlərlə insan toplandı.
1992-ci ildə hakimiyyətdə olan və səriştəsiz rəhbərlikləri üzündən Azərbaycanı uçuruma aparan, Naxçıvanda dövlət çevrilişinə cəhd edən AXC-Müsavat iqtidarındakı “bəylərin” “unitar dövlətdə muxtariyyət ola bilməz” kimi səhv ideyalarına Ulu Öndər “Mən həyatımdan keçərəm, Naxçıvanı Azərbaycandan ayırmaram” sözləri və xalqla həmrəyliyi ilə tutarlı cavab verdi. Təcrübəli dövlət xadimi Heydər Əliyev yaxşı bilirdi ki, Naxçıvanın muxtariyyətinin ləğv olunması bu qədim Azərbaycan torpağının itirilməsi demək idi. Məhz onun rəhbərliyi ilə sonradan Azərbaycanın bütün rayonlarında tətbiq olunan rentabelli işləməyən kolxoz və sovxozların, torpaqların özəlləşdirilməsi kimi aqrar islahatların təməli qoyuldu.
1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev çox qısa zamanda uğurlu daxili və xarici siyasəti ilə ölkəni inkişaf yolu ilə irəliyə apardı. Xalqın iradəsi ilə prezident seçilən Heydər Əliyev perspektivləri bu cür müəyyənləşdirirdi: “Dövlət müstəqilliyini möhkəmləndirmək, suveren dövlət yaratmaq və inkişaf etdirmək, ərazi bütövlüyünü təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq - bu vəzifələr mənim prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışacağam.”
1994-1995-ci illərdə xarici qüvvələrin təhriki ilə törədilən dövlət çevrilişinə cəhdlərin qarşısını müdrik siyasəti və xalqla həmrəyliyi ilə alan Heydər Əliyev bir daha müstəqilliyimizi qorudu.
Respublikaya rəhbərliyi dövründə əməkdaşlıq və dostluq kəməri adlandırılan, ölkələri birləşdirən “Əsrin müqaviləsi”ni reallaşdırmaqla Azərbaycanı enerji diyarı kimi dünyada tanıdan Heydər Əliyevin hazırladığı neft strategiyasının uğurlu həlli ilə ölkəmizin iqtisadi inkişafının təməli qoyuldu. Dünyanın enerji xəritəsində Azərbaycanın önəmli yer tutması, BTC və BTƏ-nin davamı olan Cənub Qaz Dəhlizi, TANAP, TAP da Ulu Öndərin xalqına göstərdiyi xidmətin nəticəsidir.
...Təbiətin ona bəxş etdiyi nadir keyfiyyətlər sayəsində Heydər Əliyev uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini irəlicədən müəyyən edir, olduqca böyük əhəmiyyət daşıyan qərarların qəbulu zamanı əsl vətənpərvər mövqeyini bildirirdi. Natiqlik məharəti Heydər Əliyevin fəlsəfi və siyasi dünya görüşündəki dərinliyin və genişliyin açıq ifadəsi kimi diqqəti cəlb edirdi. Heydər Əliyev zəmanəsinin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada xüsusi rolunu və xidmətini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirmiş, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.
Ulu öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolların parametrlərini müdrikcəsinə müəyyən etmişdir. Ümummilli Liderin azərbaycançılıq ideologiyası milli özünüdərkin, milli özünə qayıdış təfəkkürün formalaşması istiqamətində gördüyü işlər misilsizdir. Bu ideyalar Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi, gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı. Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək məskunlaşmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri vardır. Ulu Öndər, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir.
Prezident kimi fəaliyyətə başladığı gündən “Heydər Əliyev siyasi kursu davam etdirilməlidir” söyləyən dövlətimizin başçısı cənab İlham Əliyev dünyada sabitlik diyarı kimi tanınan Azərbaycanın iqtisadi qüdrətinin artması üçün Ulu Öndərin müəyyənləşdirdiyi dəst-xətti, islahatları davam etdirir. Dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycanın islahatlar ölkəsi adlandırılması da Heydər Əliyev ideyalarının gerçəkləşməsinin təzahürüdür. Son illərdə bölgələrdə aparılan yenidənqurma işləri və islahatlardan da aydın olur ki, Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modeli alternativsizdir.
“Azərbaycan dünyaya günəş kimi doğacaq” deyən ümummilli lider Heydər Əliyevin istəkləri artıq reallaşıb. Bu gün Qərblə Şərq arasında körpü olan, sivilizasiyalararası dialoq mərkəzinə çevrilən Azərbaycan həqiqətən dünya siyasətində fərqlənən mövqeyi ilə diqqəti cəlb edir. Ən möhtəşəm tədbirlərə ev sahibliyi edən, hərbi qüdrəti ilə seçilən Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə öz sözünü əməli işi ilə təsdiqləyir, ölkəmizin tolerantlıq sahəsində qazandığı təcrübə dünya miqyasında təbliğ olunur. Elə bir beynəlxalq tədbir, mərasim, idman yarışı, musiqi müsabiqəsi yoxdur ki, orada Azərbaycan bayrağı qaliblər sırasında dalğalanmasın. Bu uğurlar bir müdrikin, dahi şəxsiyyətin uzaqgörən siyasətçinin, ideyalarının gerçəkləşməsi, gələcək üçün təməldir.
“Bu gün Azərbaycan inkişafdadır. Bu gün müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır. Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır. Bu gün Azərbaycanda aparılan islahatlar xalqımızın gələcək inkişafını təmin edir” söyləyən cənab İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan dövləti çox möhkəm dayaqlar üzərində qurulubdur. O dayaqlar tarixi şəxsiyyət, müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu Öndərin ideyaları ilə möhkəmlənib.
Ulu öndər Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Ümummilli Liderin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Bu müdrik siyasət Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətində möhtəşəm uğurlarla davam etdirilir. Heydər Əliyev daim yaşayan müasirimiz, müstəqil Azərbaycan dövlətinin qurucusu, milli dövlətçiliyimizin əsasını qoyan dahi, böyük dövlət xadimi, müdrik insandır.
Haqlı olaraq deyilir ki, nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır.
Xuraman İsmayılqızı
İki sahil.-2015.- 3 sentyabr.-
S. 3.