Çiyələk kimi

 

Rəşad Məcidin şeirlərindən öncə “Çiyələk qadın” kitabının adı maraqlı gəldi mənə. Bu adın doğurduğu assosiasiya duyğularıma çiyələk kimi sığal çəkdi. Niyə çiyələk kimi? Çünki çiyələk dadlı və sevimli giləmeyvələrdəndir.

 

Bir yaşıl çəməndə, bir göy biçənəkdə ətirli köz kimi yaxıb yandıran, zəmilər içində lalə kimi boylanan çiyələk... Ana kəndim Faxralının dağ yamacları yazda dağ çiyələyi ilə zəngin olur. Bu mövsümdə təbiət lətif gözəlliyə bələnir.

Çiyələkli çöllərimizin misilsiz mənzərəsinə heyran kəsilərdim. Göy biçənəklərdə yenicə qızaran, yanağına şeh düşən çiyələk yığdığımız günlər ömrümüzün ən bəxtəvər günləri idi. Həsrəti ürəyimə nisgil gətirsə də, nəfəsi çiyələk qoxuyan uşaqlıq ömrümün şirin çağlarının yaşantılarına könlümün guşəsində ayrıca bir saxlanc yeri var. Əlçatmaz, ünyetməz xəyala dönən uşaqlıq illəri çiyələk tamlı nəğmə kimi ruhuma, qanıma hopub. İndi bu ruhla, bu qanla ötən ömrü haraylayıram.

Mənim çiyələkli duyğularım mövzudan kənara çıxmaq kimi yozulmaz. Elə Rəşad Məcidin “Çiyələk qadın” kitabının içindəki şeirlər də çiyələk tamındadır. Şair ömrün yarı yaşında işıq üzünə çıxardığı əl boyda şeirlər kitabı ilə illərdən bəri hökm sürən sükutu pozdu. Ümid qapısını yenidən bir şair kimi oxucularının üzünə açdı.

“Çiyələk qadın” kitabını oxuduqca özünü ömrün sevdalar fəslində hiss edirsən. İnsan ömrünün heç zaman unudulmayacaq çağlarıdır sevdalar fəsli. Kitabda toplanmış şeirləri oxuyanda Rəşad Məcidin sirribir, sözübir gənclik illərinın lap sonalı vaxtının havasına kökləndiyinə sevindim. Bu şeirlərin çoxunda görüş dəmindən ötrü darıxan bir cavanın ürək döyüntüləri, qəlb çırpıntıları var.

Mən bu kitabı birnəfəsə - poeziyanın könüldaşı kimi oxudum. Dilimizin saflığından qopub gələn bu şeirlərdəki fikirlər məni maqnit kimi tutdu. Beləcə duyub - düşündüklərimi yazmağa qərar verdim. Bilirəm ki, Rəşad Məcid tərif tamahgirliyindən çox - çox uzaqdır. Buna heç ehtiyacı da yoxdur. Onsuz da qələminə və şəxsiyyətinə hörmət edənlər Rəşad Məcidin haqqında çox yazıblar. Özününqeyd etdiyi kimi, 50 yaşının tamamında xeyli insanlar, gözləmədiyi halda yubileyi ilə bağlı yazılar yazıblar. Akademik İsa Həbibbəyli yaradıcılığından kitab yazıb. Digər dəyərli insanlar - Anar müəllim, Elçin Əfəndiyev Rəşad Məcidin ad gününü təbrik ediblər.

Əllini aşırandan sonra belə nübar duyğularla, qönçə şeir çələngiylə oxucu görüşünə gələn Rəşad Məcidin demək hələ cavanlığı ötməyib. Nə olsun ki, 50 yaşı tamam olub?! Ona heç 50 yaş vermək olmaz! Sevən könüllərə yaş da güc etmir, sevdalı başları qış da üşütmür. İlqarı düz olanı sevgi cavan saxlayır deyirlər. Sevənlər qocalmır, axı!

... Elə bil, dünən idi. İndiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alırdıq. Rəşad məndən aşağı kursda oxuyurdu. Eyni fakültədə təhsil aldığımızdan kövrək şeirləri münasibətimizə bir istilik gətirmişdi. Elə zaman - zaman Rəşadın şeirlərinin ayrı - ayrı parçaları da yaddaşımın güvənc yolundan keçib, əzbərimdə qalıb. Tələbəlik illərində də yaşına yaraşan sevgi şeirləri yazdı. Nə yazdısa, gözəl yazdı. Elə indiki sevgi gülzarlı şeirləri də o qəbildəndir. Bircə fərq ondadır ki, bu gün yazdığı sevgi şeirlərində ağıl hissdən üstündür.

“Çiyələk qadın” kitabındakı şeirlərin hamısı sevgidəndir. Kitabın adı ilə içindəki şeirlərin mayasında da bir uyarlıq gördüm. Burada çiyələk sevgiromantik münasibətlər assosiasiyası doğurur. Çiyələyin həm də sevgi meyvəsi olduğu bəllidir. Bu mənada “Çiyələk qadın” kitabı oxucu ürəyində sevgi nidasına dönən, çiyələk tamında bir könül nəğməsidir. Kitabdakı şeirlər isə abırın - ismətin zərifliyindən xəbər verən poetik nümunələrdir.

İnsan hərdən təklənəndə öz - özünə oxuyur, oxuya - oxuya könlünə güzgü tutduğu məqama köklənir. Bu şeirlərin eləsi var ki, sanki məhəbbət dastanı boyunca oxuyursan, oxuduqca könül göynədən saz havacatlarına sarı yol gedirsən. “Üzünə qurbanşeirinin nəğməyə bənzər ahəngdarlığı “Gəraylı” üstündə gəzişməyə, bir nəfəs sərgiləməyə səsləyir:

Ötən hər sirli gecənə,

Gələn gündüzünə qurban.

Kədərlənən baxışına,

Gülən gül üzünə qurban.

 

Əsən qara tellərinə,

Nur yayan əllərinə,

Doğru deyən dillərinə,

Hər yalan sözünə qurban.

 

Gah müdriksən, gah uşaqsan,

Həm günahkar, həm də haqsan.

Ayrılmaram hardan baxsam,

Qurban, hər üzünə qurban.

 

Dəlicəsinə sevgisi baş tutmayanlardan fərqli, ağılla, təmkinlə sevən bir aşiqin bu cür nidaları şeirin özü qədər təbiidir. Misraların söz sığalı, söz sırası, söz cilası, sətirlərin səliqə - səhmanı, məna məzmun dolğunluğu da yerindədir.

Bir gəlməyəcək...” adlı şeirin birinci bəndində müəllif yazır:

Elə möcüzələr yaratmısan ki,

Elə dəqiqələr yaşatmısan ki,

Olmayıb heç onun mində biri

mənim dünyamda, bu dünyada.

 

Bu misraları oxuduqda insanın qəlbindən o qədər söz gəlib keçir ki... Rəşad Məcidin şair fəhmi isə az sözlə çox mətləblərdən agah edir oxucunu. Bu misraların yükü söz üstündən söz yığını deyi. Buradakı deyim tərzi inandırıcı səmimidir. Bir şairin təbii hisslərinin tərcümanıdır.

Sonuncu bənddə fikir həm şairanə, həm sərrast deyilib. Şairin demək istədiyi Gün kimi aydındır. Bu misraların həniri - hərarəti, istiliyi Gün işığı kimi adamın ürəyindən keçib, kürəyindən çıxır. Misraların poetik siqləti hissə, duyğuya dərindən təsir edir. Bu şeirdə sevən bir könülün məhəbbəti ilə yanaşı, qəlb möhnəti duyulur:

 

Bilmədim İblissən, ya Mələk, qadın,

Ətri, gözəlliyi çiyələk qadın!

Bir gəlməyəcək sənintək qadın

mənim dünyama, bu dünyaya!!!

 

Rəşad Məcid söz borcunu bu gün oxucularına sevgi şeirləri ilə qaytarıb. MənÇiyələk qadınkitabının oxunan, xüsusən çiyələk gözlü sabahlardan gələn gənclərin sevilən kitabı olacağının qənaətindəyəm. Çox istərdim ki, Rəşad Məcidin içində sözlər çiçəklədikcə kitabdan - kitaba oxucu görüşünə gəlsin. Özünün yazdığı kimi:

 

Ömrün hər məqamı olmur ki, dərin,

Üzürəm içində neçə dərd - sərin.

Qarşıda yaşayıb görəcəklərim

Ağlıma gəlməzdi iki il öncə.

 

Həzi Həsənli,

Azərbaycan Yazıçılar

Birliyinin üzvü,

şair - publisist

 

İki sahil .- 2015.- 7 yanvar.- S.12.