Korrupsiya və
rüşvətxorluğa
qarşı ciddi
mübarizə aparılır
Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və
Yeni il münasibətilə xalqa təbrikində dövlət
başçısı İlham Əliyev bu sahədə “ASAN
xidmət”in rolunu xüsusi diqqətə
çatdırmışdır
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbrikində dövlət başçısı İlham Əliyev bir daha ölkəmizin ayrı-ayrı sahələr üzrə qazandığı uğurlar fonunda bu fikri böyük inam və qətiyyətlə bildirmişdir ki, bütün dünyada yaşayan azərbaycanlılar bu gün dünya xəritəsində Azərbaycan kimi dövlətin varlığı ilə fəxr edir. Azərbaycan dünyada öz sözünü deyir, deyəcək və uğurlu inkişafımız bundan sonra da təmin ediləcək.
Qarşıya qoyulan əsas
hədəf Azərbaycanın yüksək gəlirli ölkəyə
çevrilməsi, inkişaf etmiş ölkələr
sırasında olması, bu günə qədər 3 dəfə
artan ümumi daxili məhsulun daha iki dəfə
artırılmasıdır. Bu fikir də Prezident İlham
Əliyev tərəfindən daim önə çəkilir
ki, inkişaf etmiş ölkələri fərqləndirən
cəhətlərdən biri iqtisadiyyatın inkişafının
əsas göstəricilərindən olan ümumi daxili məhsulun
formalaşmasında kiçik və orta
sahibkarlığın xüsusi yerinin olmasıdır.
“Sahibkarlara dəstəyin davamlı olduğunu qeyd edən
dövlət başçısı bu günə qədər
qeyd olunan istiqamətdə görülən işlərə
də daim diqqət yönəldir. Regionların malik olduğu
potensialdan istifadə etmək məqsədilə imzalanan
Dövlət Proqramları və onların uğurlu icrası
qeyri-neft sektorunun inkişafına geniş yol açıb.
Hazırda aktivlərinin həcmi 36 milyard dollardan artıq olan
Dövlət Neft Fondu dövlət siyasətinin prioritetlərini
müəyyənləşdirir. Neft gəlirlərindən səmərəli
istifadə, şəffaflıq prinsipinin yüksək səviyyədə
qorunması mühüm sosial-iqtisadi layihələrin həyata
keçirilməsini surətləndirir. Ötən ilin doqquz
ayında ölkə iqtisadiyyatına 19 milyard dollar investisiya
qoyulub ki, bunun da 11 milyard dolları daxili sərmayədir.
Hazırda ümumi daxili məhsulun 75 faizini təşkil edən
valyuta ehtiyatlarımızın həcmi 53 milyard dollara
çatıb. Azərbaycan bu göstəriciyə görə
dünya miqyasında ən qabaqcıl yerlərdədir.
Hazırda “Azərbaycan Respublikasının məşğulluq
strategiyası” (2006-2015-ci illər), 2004-2008 və
2009-2013-cü illər üçün regionların
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramlarının davamı olaraq “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”, “Bakı şəhərinin
qəsəbələrinin 2006-2007 və 2011-2013-cü illər
üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair Tədbirlər Proqramı””nın davamı olaraq
“2014-2016-cı illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət
Proqramı” və digər biri-birindən əhəmiyyətli
sənədlər uğurla icra edilir. Ümumilikdə son on
ildə bir milyon 300 min yeni iş yeri yaradılıb. Təkcə
ötən ilin doqquz ayında yüz mindən çox yeni
iş yeri açılıb ki, onlardan 80 mini daimi iş
yeridir. İşsizliyin səviyyəsi 5 faizə enib. Yoxsulluq
həddi 5,3 faizdir. Dövlət başçısı
İlham Əliyevin qeyd etdiyi kimi, əgər inkişaf
etmiş ölkələr sırasında
addımlamağı əsas hədəf seçmişiksə,
bu göstəricilər qarşıya qoyulan məqsədə
yüksək səviyyədə çatacağımıza
böyük əsas verir. Yeni mərhələnin əsas məqsədi
iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə
və dünya iqtisadi sisteminə səmərəli
inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə
ölkədə dinamik sosial-iqtisadi inkişafın
davamlılığını təmin etməkdir.
Təsadüfi deyil ki, dünyanın ən mötəbər
iqtisadi qurumu olan Davos Ümumdünya İqtisadi Forumu rəqabət
qabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə
layiq görmüşdür. Prezident
İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq
etdiyi iqtisadi siyasət sənədlərində bu məqsədin
gerçəkləşməsi üçün yerinə
yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib.
Ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi,
qeyri-neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun
malik olduğu potensialdan tam və səmərəli istifadə
olunması, yeni iş yerlərinin açılmasına şərait
yaradılması, sahibkarlığın inkişaf etdirilməsi,
sosial xidmətlərin həcminin, keyfiyyətinin və
ünvanlılığının əhəmiyyətli dərəcədə
artırılması, yoxsulluğun azaldılması mühüm
prioritetlərdir. Böyük əhəmiyyət kəsb edən
infrastruktur layihələrinin həyata keçirilməsi,
antiinhisar tədbirlərinin gücləndirilməsi,
“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət
Proqramı”nın təsdiqlənməsi, “Dövlət
orqanlarının elektron xidmətlər göstərilməsinin
təşkili sahəsində bəzi tədbirlər
haqqında”, eyni zamanda “Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında” fərmanlar bazar
iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan
sahibkarlığın inkşafına geniş yol açan
mühüm addımlardır. Dövlət
başçısı İlham Əliyevin Yeni il təbrikində
əsas diqqət göstərdiyi məsələlərdən
biri məhz korrupsiya və rüşvətxorluğa
qarşı mübarizə oldu: “Korrupsiya və rüşvətxorluğa
qarşı ciddi mübarizə aparılır. “ASAN xidmət”
bu sahədə xüsusi yerə malikdir. Artıq 7 mərkəz
yaradılmışdır, 3 milyon 500 min müraciət
edilmişdir. “ASAN xidmət” ictimai xidmətlər sahəsində,
korrupsiya və rüşvətxorluğa qarşı
mübarizədə xüsusi rol oynayır. Bu xidmətin
yaradılmasından cəmi iki il keçdiyini nəzərə
alsaq, görürük ki, biz nə qədər böyük
irəliləyişə nail ola bilmişik. Korrupsiya və
rüşvətxorluğa qarşı bundan sonra da ciddi
mübarizə aparılacaq, həm cəza tədbirləri,
inzibati tədbirlər və sistem xarakterli tədbirlər
görüləcəkdir.” Məlum olduğu kimi, dövlət
başçısının 5 sentyabr 2012-ci il tarixli “Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanına
uyğun olaraq istifadəyə verilən “ASAN xidmət”in məqsədi
məhz dövlət orqanlarının hüquqi xidmətlərinin
göstərilməsində vətəndaşların
rahatlığının, şəffaflığın təmin
edilməsi, korrupsiya hallarının istisna edilməsi,
müasir texnologiyaların, “bir pəncərə” prinsipinin tətbiq
edilməsi, dövlət qulluqçusu-vətəndaş
münasibətlərində yeni düşüncə tərzinin-”dövlət
qulluqçusunun vəzifəsi vətəndaşın
hüququnu təmin etməkdir” yanaşmasının
formalaşdırılmasıdır.
Elektron xidmətlərin sayının artırılması vacib amil kimi önə çəkilir. Bu gerçəklik də diqqətə çatdırılır ki, Azərbaycanın daha yüksək pilləyə qalxması üçün imkanlar var. Müəyyən bürokratik əngəllərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılacaq yeni-yeni addımlar biznes cədvəlində Azərbaycanı daha da yüksək pilləyə çıxaracaq. Prezident İlham Əliyevin sərəncamları ilə təsdiqlənmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” bu istiqamətdə işlərin davamlılığına, problemin həllinə olan diqqətin təsdiqidir. Bir sözlə, ölkənin hərtərəfli inkişafı dövlət siyasətinin əsasını təşkil edir, kompleks tədbirlər nəticəsində qarşıya qoyulan məqsədlər gerçəkliyə çevrilir.
Yeganə Əliyeva
İki sahil.- 2015.- 8 yanvar.- S.2.