Hədəfimiz I Avropa oyunlarıdır

 

2014-cü il «Neftçi İdman Klubu» üçün uğurlu olmuşdur

 

Azərbaycanda bədən tərbiyəsi və idmana olan dövlət qayğısı gündən-günə artırılır. İqtisadi cəhətdən sürətlə inkişaf edən dövlətimizin göstərdiyi qayğı sayəsində ölkə idmanı da yüksək inkişaf səviyyəsinə çatıb.

 

Son illər respublikamızda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində böyük işlər görülür, iri layihələr gerçəkləşdirilir. Paytaxtla yanaşı, bu gün respublikamızın müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən müasir olimpiya idman kompleksləri tikilir ki, bunlar da yüksək səviyyəli idmançılar hazırlamaq imkanına malikdir. Azərbaycan Respublikasının dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında bu sahədə aparılan düşünülmüş, planlı dövlət siyasəti, atılan düzgün addımlar sayəsində ölkəmiz Avropanın və dünyanın tanınmış idman ölkələrindən birinə çevrilib. Son illər müxtəlif səviyyəli beynəlxalq yarışların ölkəmizdə keçirilməsi və idmançılarımızın əldə etdiyi yüksək nailiyyətlər, eləcə də bu il Birinci Avropa Oyunlarının respublikamızda təşkil olunması bunun əyani sübutudur.

«Neftçi İdman Klubu» idman sahəsində dövlət siyasətinin həyata keçirilməsində daim yaxından iştirak edir. Belə ki, klub neft, qaz və kimya sənayesinin işçiləri arasında mütəmadi olaraq idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Bununla bərabər, klub peşəkar idmançıların yetişdirilməsi işində də bütün gücü ilə çalışır və Azərbaycan idmanına öz töhfələrini verir.

2014-cü il «Neftçi İdman Klubu» üçün uğurlu olmuşdur. Klubun strukturunda fəaliyyət göstərən qurğularda idmanın 40 növü üzrə 169 peşəkar məşqçi-müəllimin rəhbərliyi altında minlərlə yeniyetmə və gənc, eləcə də 800-ə yaxın neftçi idmanla məşğul olmuşdur.

«Neftçi İdman Klubu»nun fəaliyyətinin əsas istiqaməti kimi, Dövlət Neft Şirkətinin strukturuna daxil olan neft, qazkimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətlərinin göstərilməsi istiqamətində mühüm addımlar atılmışdır. İl ərzində mini-futbol (28 MayRespublika Günü və 31 dekabrDünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş turnirlər), «Səmti müəyyən etmə» və «Atam, anam və mən» (1 İyunUşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş idman-turizm yarışı) üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri, eləcə də spartakiada təşkil olunub keçirilmişdir ki, bu yarışlara da 1300-dən artıq neftçi qatılmışdır.

İdmanın kütləviləşməsi, sağlam gəncliyin formalaşması, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən ən möhtəşəmi və təntənəli qeyd olunanı isə hər ilin sentyabr ayında neftçilərin peşə bayramı (20 sentyabr – Neftçilər günü) ərəfəsində təşkil olunan spartakiadadır. 2014-cü ildə neft, qazkimya sənayesi işçilərinin XXII Spartakiadası keçirilmişdir. Yarışa 31 müəssisənin tərkibində 1000-dən artıq iştirakçı qatılmışdır ki, onlardan da 200-ü qadınlar idi. Spartakiada iştirakçıları 14 idman növü (atletika, mini-futbol, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, qolgücü və güllə atıcılığı) üzrə mübarizə aparmışlar.

Klubun digər fəaliyyət istiqaməti olan böyük idman və peşəkar idmançıların hazırlığı sahəsində də böyük uğurlar əldə edilmişdir. Ötən müddət ərzində şahmat üzrə klubun açıq birinciliyi təşkil olunub keçirilmişdir ki, bu yarışlarda 40-a qədər yeniyetmə və gənc öz bacarığını nümayiş etdirmişdir.

Azərbaycanın müstəqillik dönəmindən indiyə qədər idmançılarımız Atlanta, Sidney, Afina, PekinLondon olimpiadalarında iştirak etmiş və ölkəmizə medallarla dönmüşlər. Bununla bərabər, klubun yetirmələri müxtəlif səviyyəli beynəlxalq yarışlarda mütəmadi olaraq, ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı göylərə ucaltmaqda davam edirlər. Təkcə 2014-cü il ərzində idmançılarımız 1785 medal qazanmışlar ki, onlardan da 670-i qızıl, 515-i gümüş, 600-ü isə bürüncdür.

Avqust ayında Xorvatiyanın Zaqreb şəhərində keçirilən gənclər arasında güləş üzrə dünya birinciliyində pəhləvanlarımız böyük peşəkarlıq və əzm nümayiş etdirərək 8 medal (5 qızıl, 2 gümüş, 1 bürünc) qazanmışlar. Yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (55 kq), Elman Muxtarov (60 kq), İslam Abbasov (84 kq) və Orxan Nuriyev (96 kq) qızıl, Ruhin Mikayılov (66 kq) isə gümüş medal qazanmışdır. Sərbəst güləşçilərdən Mircəlal Həsənzadə (55 kq) gümüş, Vurğun Əliyev (60 kq) bürünc medala layiq görülmüşdür. Qızların yarışında isə klubun yetirməsi Səbirə Əliyeva (73 kq) dünya çempionu titulunu qazanmışdır.

Avqustun ikinci yarısında Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 201 ölkənin 3600-ə yaxın idmançısının 28 növdə mübarizə apardığı mötəbər yarışda Azərbaycan idmançıları 12 medal (5 qızıl, 6 gümüş, 1 bürünc) qazanmışlar ki, onlardan da 6-sı «Neftçi İdman Klubu»nun təmsilçilərinə məxsus olmuşdur. Taekvondoçu Səid Quliyev (73 kq) və sərbəst güləşçi İqbal Hacızadə (100 kq) Olimpiya çempionu tituluna yüksəlmişlər. Cüdoçular Natiq Qurbanlı (55 kq), Leyla Əliyeva (44 kq) və yunan-Roma güləşçisi Cabbar Nəcəfov (50 kq) gümüş, Nazim Babayev (atletika, üç təkanla tullanma) isə bürünc medala sahib olmuşdur.

Sentyabr ayında Özbəkistanın paytaxtı Daşkənddə keçirilən böyüklər arasında güləş üzrə dünya çempionatında isə klubumuzun pəhləvanları əsl qəhrəmanlıq nümayiş etdirmişbu möhtəşəm yarışın 3 medalına (1 qızıl, 2 bürünc) sahib olmuşlar. Onlardan Hacı Əliyev (61 kq) sərbəst güləşçilər arasında dünya çempionu adını qazanmışdır. Yunan-Roma güləşçilərindən isə Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) dünya çempionatının bürünc medalına layiq görülmüşlər.

Oktyabrın sonu və noyabrın əvvəllərində İtaliyanın Toskana şəhərində kikboksinq növündə baş tutan WKA versiyası üzrə dünya çempionatında ən titullu idmançı statusunu qoruyan idmançımız Eduard Məmmədov (60 kq) «lou-kik» stilində döyüşərək növbəti çempionluğu yaşamışdır. O, 20-ci dəfə dünya çempionu adına layiq görülmüşdür.

Noyabr ayında Türkiyənin Antalya şəhərində keçirilmiş taekvondo üzrə klublararası Avropa çempionatında «Neftçi İdman Klubu» qitənin taekvondo klubları arasında (oğlanlar) 2-ci yeri tutmuşdur.

Fransanın Orlean şəhərində sablyaçılar arasında təşkil olunan klublararası Avropa Kuboku yarışlarında isə klubumuzun qılıncoynadanları öz bacarıqlarını nümayiş etdirmişlər. Qitənin titullu klublarının da yer aldığı yarışda komandamız məharətlə çıxış edərək bürünc medala yiyələnmişdir.

Paralimpiyaçılarımız da Avropadünya yarışlarında uğurla çıxış edərək mükafatçılar sırasına düşməyə müvəffəq olmuşlar. Belə ki, avqust ayında Böyük Britaniyanın Svansea şəhərində keçirilən paralimpiyaçılar arasında atletika üzrə Avropa çempionatında atletlərimizdən Oloxan Musayev disk atma növündə qızıl medal qazanmışdır. Oleq Panyutin uzunluğa tullanmada, Allahverdi Allahverdiyev nizə atma yarışlarında gümüş, Solmaz Səfərova disk atma, Elmar Cəbrayılov isə 400 metr məsafəyə qaçışda bürünc medala layiq görülmüşlər.

ABŞ-ın Kolorado-Sprinqs şəhərində təşkil olunan paralimpiyaçılar arasında cüdo üzrə dünya çempionatında da klubun yetirmələri ölkəmizi layiqincə təmsil etmişlər. Onlardan Bayram Mustafayev (66 kq) və Ramil Qasımov (73 kq) dünya çempionu tituluna sahib olmuşlar. Rövşən Səfərov (81 kq) və Səbinə Allahverdiyeva (57 kq) isə dünya çempionatını gümüş medalla başa vurmuşlar.

Yola saldığımız ildə təkmübarizlik növləri ilə yanaşı, kollektiv oyun növləri üzrə də yüksək nailiyyətlər əldə olunmuşdur. Belə ki, futzal komandamız sonuncu Azərbaycan çempionatında 2-ci yerə çıxmış, ölkə kubokunda isə qalib adını qazanmışdır. Bundan əlavə, futbol üzrə ölkə çempionatının birinci divizionunda çıxış edən «Qaradağ Lökbatan» komandası çempionatı 3-cü yerdə başa vurmuşdur. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə futbol üzrə dörd yaş qrupunda keçirilən Bakı şəhər klub komanda birinciliyində «Neftçi İdman Klubu» bütün yaş qruplarında təmsil olunmuşdu. Uğurla çıxış edən komandalarımızdan biri mükafatçılar sırasında yer almışdır. Belə ki, 1999-cu il təvəllüdlülərdən ibarət komandamız paytaxt çempionatında 1-ci yeri tutmuşdur. «Neftçi İdman Klubu»nun komandaları müxtəlif yaş qruplarında Azərbaycan və Bakı birinciliklərində, eləcə də Bakı Futbol Federasiyasının təşkil etdiyi «Sabahın ulduzları» paytaxt çempionatında çıxışlarını uğurla davam etdirirlər.

Təbii ki, sadalanan bu uğurlar klubun il ərzində qazandığı nailiyyətlərin cüzi bir hissəsidir. Bütün bu göstəricilər «Neftçi İdman Klubu»nun ölkədə lider idman cəmiyyəti olmasının açıq təzahürüdür.

Şübhəsiz, biz qazanılan bu uğurlarla kifayətlənmirik. Əksinə, daha ucqar zirvələrə yüksəlmək üçün bu yolda inamla, əzmlə addımlamaq fikrindəyik. Hal-hazırda isə əsas hədəfimiz bu il ölkəmizdə keçiriləcək I Avropa Oyunlarına daha yaxşı hazırlaşmaq və həmin yarışlarda respublikamızı layiqincə təmsil edərək, yüksək nailiyyətlər qazanmaqdır.

«Neftçi İdman Klubu» bədən tərbiyəsi və idmanla bərabər, mədəni-kütləvi tədbirlər və istirahətin təşkili sahəsində də böyük işlər görür. Ötən müddət ərzində klubumuz bu sahədə də müxtəlif tədbirlər keçirmişdir.

Bildiyimiz kimi, dövlətimiz mütəmadi olaraq, əlil və fiziki qüsurlu uşaqların sosial müdafiəsinə, onların cəmiyyətə inteqrasiya olunmasına böyük diqqət və qayğı göstərir.

«Neftçi İdman Klubu» dövlətimizin bu istiqamətdə həyata keçirdiyi siyasəti daim dəstəkləyir və belə xeyirxah işlərdə də öncül təşkilatlardan olduğunu öz əməlləri ilə sübut etməyə çalışır. İyun ayında klubumuz 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş növbəti tədbir keçirmişdir. Nizami rayonundan millət vəkili seçilmiş Rövnəq Abdullayevin təşəbbüsü və «Neftçi İdman Klubu»nun təşkilatçılığı ilə həmin rayonda yerləşən əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün nəzərdə tutulmuş 3 saylı xüsusi təhsil məktəbində konsert proqramı təşkil edilmişorada təhsil alan yüzlərlə uşağa xüsusi bayram hədiyyəsi təqdim olunmuşdur.

Bundan əlavə, iyul ayında «Neftçi İdman Klubu» böyük bir heyətlə dünyanın «səkkizinci möcüzə»si adlandırılan «Neft Daşları»na yollanmışdır. Onlar Ramazan bayramı münasibətilə burada çalışan cəsur insanlarla görüşmüş və onların qarşısında bayram konserti ilə çıxış etmişlər. Təbii ki, bu da hər şeyin ən yaxşısına layiq olan dəniz neftçilərinin hədsiz sevincinə səbəb olmuşdur.

 

Sadıq Sadıqov,

 

«Neftçi İdman Klubu» İctimai Birliyi idarəetmə aparatının rəhbəri,

«Neftçi» PFK-nın prezidenti, MOK-un İcraiyyə Komitəsinin üzvü,

əməkdar bədən tərbiyəsi və idman xadimi

 

İki sahil.- 2015.- 9 yanvar.- S.13.