Dövlətimizin uğurlu sosial siyasəti nəticəsində

əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib

 

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Sevinc

Hüseynovanın www.yap.org.az saytına müsahibəsi

 

- Sevinc xanım, bu gün Azərbaycan özünün yüksək inkişaf mərhələsini yaşayır, bütün sahələrdə uğurlar qazanılır. Bu baxımdan, sosial sahədə həyata keçirilən dövlət siyasətini necə qiymətləndirirsiniz?

- Bilirsiniz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir. Bu siyasətin məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Bu istiqamətdə də son illər mühüm addımlar atılmaqdadır. Demək olar ki, hər il əməkhaqlarının, təqaüdlərin, sosial müavinətlərin artırılması buna sübutdur. O cümlədən, aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımlar, şəhid ailələrinin, Qarabağ əlillərinin, ümumillikdə sağlamlığı məhdud olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri addımlar atılır.

Yəni, Azərbaycan dövləti tərəfindən ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir. İnkişaf edən ölkəmizdə sosial siyasət həyatımızın bütün sahələrinə böyük təsirini göstərməkdədir. Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yetiriləcək tədbirlər respublikada əhalinin sosial vəziyyətinin getdikcə daha da yaxşılaşması üçün əsaslı zəmin yaradır. Ümumiyyətlə, Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də əlillərin sosial müdafiəsidir. Bu istiqamətdə də zəruri addımların atılması göz önündədir. İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meylləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər ölkədə iqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini gücləndirmək üçün möhkəm zəmin yaradıb.

Həqiqətən də, dövlətimizin sosial siyasəti nəticəsində əhalinin rifahı xeyli yüksəlib, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Son illər yüzminlərlə yeni yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılmasında müstəsna rol oynayır. Bir sözlə, Azərbaycanda sosial dövlət quruculuğu uğurla həyata keçirilir. Xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edilir. Bütövlükdə, son illər ərzində çox ciddi sosial tədbirlər həyata keçirilib.

Onu da qeyd etmək lazımdır ki, hər il dövlət büdcəsinin təxminən 30 faizə qədəri sosial məsələlərə yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə məqbuldur. Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.

- Azərbaycan iqtisadi cəhətdən də dinamik inkişaf edirbu baxımdan, dünyada öndə gedən dövlətlər sırasındadır...

- Azərbaycanın ötən dövr ərzində böyük inkişaf yolu keçməsi, ilk növbədə, həyata keçirilən düzgün iqtisadi siyasətlə əlaqədardır. Başqa sözlə desək, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasiiqtisadi kursun məntiqi nəticəsidir. Bu siyasət müasir dünya iqtisadiyyatının tələblərinə müvafiq olmaqla ölkəmizin tərəqqisini təmin edir. Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi, bir sözlə, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib.

Şübhəsiz, sürətli iqtisadi inkişaf vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasında əks olunur. Xüsusilə də yoxsulluğun aşağı salınması və əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən fundamental tədbirlər bu istiqamətdə qarşıya qoyulan məqsədlərin təmin olunmasında əhəmiyyətli rol oynayır.

- Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı həyata keçirilməkdədir. Sizcə, bu proqramkimi nəticələr verir?

- Regionların sosial-iqtisadi inkişafının xüsusi diqqət mərkəzində saxlanılması Azərbaycanın tərəqqisinə təkan verir. Regionlarda mövcud olan iqtisadi potensialdan səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi ötən dövr ərzində infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsalemal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olub. Yerli istehsalın genişlənməsi nəticəsində Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edib, özəl sektorun inkişafına təkan verib. Təbii ki, bu inkişaf prosesində bölgələrdəki sahibkarlar da yaxından iştirak edir. Dövlətimizin dəstəyi nəticəsində adamları daha inamla bu prosesə qoşulublar.

Beləliklə, dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkənin bölgələrinin siması bütünlüklə dəyişir, yeni yerləri açılır, əhalinin rifah halı yüksəlir. Hazırki proqramın həyata keçirilməsi ilə bölgələrin bütün sosial-iqtisadi məsələləri həllini tapacaq.

- Sevinc xanım, bəs ölkəmizdə həyata keçirilən dövlət qadın siyasətinin əhəmiyyəti nədən ibarətdir?

- Ölkəmizdə dövlət qadın siyasəti uğurla həyata keçirilir. Son illər qadın məsələlərlə bağlı həllini gözləyən problemlərin hərtərəfli və obyektiv araşdırılması, həmin problemlərin kökündə duran amillərin müəyyənləşdirilməsi məqsədi ilə bir sıra fərmanlar və sərəncamlar imzalanıb. Azərbaycanda dövlət tərəfindən ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi məqsədilə mühüm tədbirlər görülməkdədir və bu, gələcəkdə də davam etdiriləcək.

Azərbaycan əhalisinin 50,3 faizini təşkil edən qadınlar ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrdə böyük uğurlar əldə etməkdədirlər. Təsadüfi deyil ki, hazırda parlament və bələdiyyə səviyyəsində də qadınların təmsilçiliyi artıb. Belə ki, Milli Məclisdə 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların çəkisi 16 faizə çatıb. 2004-cü ildə keçirilmiş bələdiyyə seçkiləri nəticəsində yerli özünüidarə orqanlarında qadınların təmsilçiliyi 3-4 faiz olduğu halda, indi bu göstərici 30 faiz civarındadırBundan başqa, qadın qeyri-hökumət təşkilatlarının sayı 200-dən çoxdur.

Bütövlükdə, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi və qadınların cəmiyyətdə rolunun genişləndirilməsi ölkədə həyata keçirilən siyasətin prioritetlərindən biridir. Qadınlar üçün məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahələrində gender bərabərliyinin inkişaf etdirilməsi üçün davamlı olaraq görülən işlər bu faktı bir daha sübut edir.

- Yeri gəlmişkən, necə hesab edirsiniz, ötən il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində qadınların təmsilçiliyi hansı səviyyədə oldu?

- Bələdiyyələr demokratik bir təsisiat olaraq vətəndaş cəmiyyətinin bir formasıdır. Azərbaycanın demokratiya yolunda irəliləyən bir dövlət olduğunu nəzərə alsaq, müstəqil özünüidarəetmə strukturunun fəaliyyəti mütləq vacibdir. Ötən illər göstərdi ki, ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var. Son dövrlərdə bələdiyyələrin fəaliyyətində daha çox canlanma müşahidə olunur. Bu onunla əlaqədardır ki, bələdiyyə institutlarının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır.

Bu mənada ötən il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinə xüsusi diqqət böyük əhəmiyyət kəsb edir. Təbii ki, Yeni Azərbaycan Partiyası bu seçki kampaniyasında qadınların da namizədliyinə xüsusi diqqət yetirdi. 2009-cu il seçkilərində də qadınların bələdiyyələrə iştirak göstəricisinin artması onu deməyə əsas verir ki, onların potensialı yüksəkdir. Seçki kampaniyası ilə əlaqədar YAP Qadınlar Şurası bölgələrdə tədbirlər keçirərək maarifləndirmə işləri apardı, qadınların seçki prosesinə qoşulmasını təşviq etdi. Məqsədimiz bu idi ki, qadınlar digər məsələlərlə yanaşı seçki prosesində də fəal iştirak etsinlər. Gözləntilərimiz özünü doğrultdu, qadınlar fəal şəkildə bu kampaniyada iştirak etdilər.

Ümumiyyətlə, dövlətimizin uğurlu siyasətinin nəticəsi olaraq qadınların idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakı daim artır. Bələdiyyə seçkiləri də bu faktı bir daha təsdiqlədi.

 

İki sahil.- 2015.- 9 yanvar.- S.4.