Azərbaycan dünyada çoxmədəniyyətliliyin

nümunəsi kimi tanınır

 

Milli Məclisin deputatı Leyla Abdullayevanın www.yap.org.az saytına müsahibəsi

 

- Leyla xanım, 2014-cü ilin yekunlarını necə qiymətləndirirsiniz? Ötən il sosial-iqtisadi inkişaf baxımından nə kimi uğurlar əldə olundu?

- Hesab edirəm ki, ümumilikdə 2014-cü il Azərbaycan Respublikası üçün uğurlu oldu. Hər şeydən əvvəl və ən önəmlisi, Azərbaycanın dövlət müstəqilliyi tarixinə bir il daha yazıldı. Müstəqil, demokratik, inkişaf edən ölkəmiz daha da gücləndi, regionun lider dövləti statusunu bir daha təsdiq etdi. Azərbayanın iştirakçısı olduğu beynəlxalq layihələr yüksək səviyyədə icra edildi. Beynəlxalq münasibətlər sferasında ölkəmizin mövqeyi daha da möhkəmləndi. Burada xüsusilə Avropa Şurası Nazirlər Komitəsinə rəhbərliyi qeyd etmək və vurğulamaq lazımdır.

İqtisadi sahədə də xeyli uğurlara imza atıldı. «”Sənaye ili»” çərçivəsində böyük işlər görüldü. Xüsusilə qeyri-neft sektorunda ciddi nailiyyətlər qazanıldı. Mühüm haldır ki, dünyada gedən iqtisadi problemlərdən ölkəmiz kənarda qala bildi. Bunun əsas səbəbi isə şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə hökümətimizin məqsədyönlü və düşünülmüş siyasəti oldu.

Cənab Prezidentin qayğı və diqqəti bütün sahələri əhatə etməkdədir və ötən ilbiz bunun əyani nümunələrinin şahidi olduq. Burada əlbəttə ki, hamımızın yaralı yeri olan Dağlıq Qarabağ problemi sahəsində görülən düşünülmuş dövlət siyasətini qeyd etmək lazımdır. Belə ki, Ermənistanın izolyasiyası siyasəti davam etdi, iqtisadi layihələrdən kənarda qalan düşmən təcrid vəziyyətindədir. Diplomatik sahədə dünya erməniliyinə qarşı hücum diplomatiyası davam etdi. Bu gün düşmən dövlətin acınacaqlı vəziyyəti hamımıza çox yaxşı məlumdur. Ordu quruculuğu sahəsində davamlı inkişaf strategiyasının şahidi olduq. Büdcədən ordumuza ayrılan məbləğ növbəti dəfə artırıldı. Ermənistanın provokasiyalarına silahlı qüvvələrimiz layiqli cavab verdilər. Bütün bunlar Ali Baş Komandanımızın uğurlu siyasətinin bariz nümunələridir.

Ümumiyyətlə, 2014-cü il uğurlu il kimi xarakterizə oluna bilər.

- Ötən il ərzində humanitar sahədə həyata keçirilən siyasətin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...

- Bildiyiniz kimi, bu sahə də ictimai həyatın digər sferaları kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqətindədir. Cənab Prezident Beynəlxalq Multikulturalizm Mərkəzinin təsis edilməsi ilə əlaqədar sərəncam verdi. Bu, özü-özlüyündə böyük bir göstəricidir. Məlumdur ki, bütün dünyada ölkəmiz tolerantlıq və çoxmədəniyyətliliyin mərkəzi, nümunəsi kimi tanınır. Bu təcrübə artıq digər ölkələrə də yayılmalıdır. Eyni zamanda, humanitar sahədə xeyli tədbirlər, layihə və proqramlar reallaşdırıldı. Gənclər Siyasəti üzrə Qlobal Forumun ilk iclası məhz Azərbaycanda, paytaxt Bakıda keçirildi. Xüsusilə, artıq ənənə halını almış Bakı Humanitar Forumunun fəaliyyətini vurğulamaq lazımdır. Artıq 4-cü belə tədbir baş tutdu. İkinci Qlobal Açıq Cəmiyyət Forumu da Bakıda baş tutdu. Bütün bunlar göstərir ki, bu sahədə Azərbaycan modeli mövcuddur və digər ölkələr üçün də maraqlıdır. Azərbaycanda dini, etnik, mədəni dözümlülük hökm sürməkdədir. Halbuki, Avropanın özündə islamafobiya meylləri, antisemitizm halları günü-gündən çoxalmaqdadır.

Təsəvvür edin, ölkəmizdə demək olar ki, bütün dini konfessiyaların icmaları var. Onlar sərbəst, rahat, ölkə qanunları çərçivəsində fəaliyyət göstərirlər. Yəhudi, xristian, o cümlədən, katolik, pravoslav icmaların rəhbərliyi arasında və bizim ənənəvi islam icmaları arasında dünyada nümunə ola biləcək əməkdaşlıq münasibətləri mövcuddur. Bu günlərdə Bakıda Ulu öndərimizin adını daşıyan möhtəşəm məscid kompleksinin açılışı oldu. Bu kompleks dindarların ixtiyarına verildi. Açılış zamanı cənab Prezident nitqində Azərbaycanda olan tolerant mühit haqqında önəmli fikirlər səsləndirdi, Azərbaycanın bu siyasətə həmişə sadiq qalacağı bildirildi.

Humanitar sahədən danışarkən əlbəttə ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Əvvəlki illərdə olduğu kimi, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond böyük layihə və proqramların icrasını 2014-cü ildə də davam etdirdi. Heydər Əliyev Fondu xeyirxahlıq, mərhəmət, qayğı və şəfqət ünvanına çevrilib. Fond istər ölkədə, istərsə də xaricdə gördüyü işlərlə dünyada böyük nüfuz qazanıb.

- Leyla xanım, təhsil sahəsində həyata keçirilən islahatlar haqqında nə deyə bilərsiniz? Bu sahədə dövlət strategiyası hansı perspektivlər vəd edir?

- Təhsil sahəsinin əhəmiyyətini məncə əlavə vurğulamağa ehtiyac yoxdur. Hər bir ölkənin, xalqın taleyi onun təhsili ilə birbaşa bağlıdır. Bunu ölkə rəhbərliyi də əlbəttə ki, həmişə diqqət mərkəzində saxlayır. Ulu öndər Heydər Əliyev deyirdi ki, mən müəllimdən gözəl peşə tanımıram. Bu, Ulu öndərin təhsilə, təhsil işçilərinə qayğısının nümunəsi sayılmalıdır. Ümummilli liderimizn layiqli davamçısı, cənab Prezident İlham Əliyev də eyni fikirləri bölüşür. OnunBiz neft kapitalını insan kapitalına çevirməliyik” fikri əslində bir proqram xarakteri daşıyan prinsipdir, məqsəddir, fəaliyyət üçün istiqamətdir. Bu baxımdan, dövlətimiz təhsilə, elmə xüsusi qayğı ilə yanaşır. Keçən il çox sayda məktəblər, uşaq bağçaları təmir edildi. Onların maddi-texniki bazası yüksək səviyyəyə çatdırıldı. Bu, həm dövlət tərəfindən, həm də Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü şəkildə həyata keçirildi. Eyni zamanda, neçə-neçə yeni təhsil müəssisələri açıldı, təhsildə islahatlar davam etdirildi. Orta məktəb müəllimlərinin diaqnostik yoxlalamaları Bakıda ilk olaraq keçirildi. Bu maraqlı təcrübə oldu və yəqin ki, artıq başqa bölgələrdə də tətbiq ediləcək.

Ümumiyyətlə, təhsil, elm sahəsi elə sahələrdir ki, orada islahatlar vaxt aparır. Necə deyərlər, zamana ehtiyac var. İnanıram ki, islahatlar daha uğurlu nəticələrə gətirib çıxaracaqdır.

Təhsil sahəsində dövlət strategiyası özlüyündə çox mühüm bir sənəddir. Orada göstərilmiş məqsədlərə çatmaq-modernləmə, şəffaf idarəetmə, beynəlxalq təcrübədən istifadə, qabaqcıl təhsil sistemi yaratmaq bu gün təhsil sahəsinin qarşısında duran başlıca vəzifədir.

- Siz Milli Məclisin Mədəniyyət komitəsinin üzvüsünüz. Son illər Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti nədən ibarətdir?

- Mədəniyyət elə bir sahədir ki, onun vasitəsilə biz ən müxtəlif dairələrdə səsimizi çatdıra, təbliğatımızı apara bilərik. Mədəniyyətin gücü, qüvvəsi də məhz bundan ibarətdir. Bu baxımdan, bizim bəxtimiz doğrudan da gətirmişdir. Çünki bir tərəfdən bizim çox zəngin, qədim, gözəl mədəniyyətimiz vardır. Biz öz mədəni irsimizlə, mədəni nümunələrimizlə haqlı olaraq fəxr edə bilərik. Digər tərəfdən isə dövlətimiz milli mədəniyyətimizin qorunması, təbliği ilə bağlı uğurlu mədəniyyət siyasəti həyata keçirir. Heydər Əliyev Fonduonun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti də bu isiqamətdədir.

Bilirsiniz ki, 2 il öncə biz “Mədəniyyət haqqında” qanunu yenidən qəbul etdik. Bu qanunda bir sıra yeni müddəalar təsbit olundu. Mən onların içərisində xüsusilə Azərbaycan mədəni irsinin təbliği ilə bağlı vəzifələrin müəyyənləşdirilməsini qeyd edərdim. Gələcəkdə Azərbaycan evləri yaradılacaq ki, bu təsisatlar birbaşa bu məsələ i lə məşğul olacaq. Eyni zamanda, əlbəttə ki, yeni bir maddə qanunda əks olundu və mən hesab edirəm ki, bu çox mühüm müddəa sayılmalıdr - xarici ölkələrdə olan milli mədəniyyət nümunələrinin Azərbaycana qaytarılması. Bütün bunlar göstərir ki, dövlətimiz artıq Azərbaycan mədəniyyətinə bütövlükdə sahib çıxmaqdadır. Bundan başqa, mədəni irsimiz geniş mənada başa düşülməkdədir-milli mətbəximiz, folklorumuz, muğam, aşıq sənəti, xalçaçılıq da buraya aid edilirbu sahələrin hər biri haqda qanun layihəsi ya qəbul olunub, ya da planlaşdırırlır. Mən xüsusilə muğam sənətini qeyd edərdim. Son dövrlərdə az qala unudulmaqda olan bu sənət Mehriban xanım Əliyevanın dəstəyilə yenidən parladı və bu gün bizim mədəniyyət və incəsənətimizin bir simvolu halına gəlmişdir. Avropada, ABŞ-da Azərbaycan mədəniyyətinin təbliği də sistematik şəkildə aparılır. Ölkəmiz ciddiböyük yarışmalara, festivallara qatılır. Eyni zamanda, bizdə də bu cür tədbirlər yüksək səviyyədə keçirilir. Bir sözlə, mədəniyyətə qayğı və diqqət ən yüksək səviyyədədir.

- Leyla xanım, bildiyimiz kimi regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra olunur. Bu baxımdan, təmsil etdiyiniz Sumqayıt şəhərində quruculuq işləri hansı səviyyədədir?

- Sumqayıt Ulu öndərimizin də dediyi kimi, ”dostluq, həmrəylik şəhəridir. ”Bilirsiniz ki, Sumqayıt bu gün Prezidentimiz cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Burada gedən quruculuq işləri bilavasitə dövlət başçısının tapşırıqları ilə həyata keçirilir. Buna görə də, mən də, seçicilərim də, bütün sumqayıtlılar da Prezidentimizə çox minnətdarıq. Cənab Prezidentin "Bakı standartlarına uyğun Sumqayıt” prinsipi vəzifə kimi qoyulubdurbu vəzifə icra olumaqdadır. Məsələn, artıq neçənci ildir ki, şəhərimiz dotasiyasız şəhər sayılır. Amma Prezidentimiz yenə də şəhərdə gedən quruculuq və abadlıq işlərinə ehtiyat fondundan dəfələrlə məbləğ ayırmışdır. Dövlət başçısı şəxsən Sumqayıta dəfələrlə səfər edib.

Bu gün şəhərimizdə böyük layihə və proqramlar icra olunur. Mən xüsusilə 3 məsələni vurğulayardım. Bu, əlbəttə ki, Sumqayıt Texnologiyalar Parkıdır. Doğrudan da, xüsusən «Sənaye ili» çərçivəsində, burada böyük işlər görüldü. Bilirsiniz ki, Sumqayıt həmişə məhz sənaye şəhəri kimi tanınmışdır. İndi bu status yenə də ona qayıdır. Yeni müəssisələr, yerləri açılır.

İkinci layihə isə Nəsimi parkı ilə bağlıdır. Gözlənilir ki, bu, Bakı bulvarı miqyasında bir layihə olacaqdır. Üçüncü məsələ isə ekologiya ilə bağlıdır. Belə ki, ekologiya həmişə Sumqayıtda problem kimi görünüb. Amma bu sahədə görülən ardıcıl işlər ona gətirib çıxarmaqdadır ki, şəhər ekoloji cəhətdən çox əlverişli mühitə sahib olmaqdadır. Tikilən bütün müəssisələrdə ekoloji standartlara uyğunluq prinsipi gözlənilir.

 

İki sahil.- 2015.- 13 yanvar.- S.7.