Heydər Əliyev
adına BNEZ-in kollektivi
“Sənaye ili”ni uğurla başa vurmuşdur
Azərbaycanın
dinamik sosial-iqtisadi inkişafı ötən ildə də
davam etmiş, ölkəmiz dünya dövlətləri
arasında iqtisadi mövqeyini bir qədər də möhkəmləndirmişdir.
Ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq
nüfuzunun artmasında müəllifi ulu öndər Heydər
Əliyevin olduğu yeni neft strategiyasının müstəsna
əhəmiyyəti olmuşdur. Azərbaycanın neft sənayesinin
bugünkü uğurlu inkişafında neft
emalçıları böyük pay sahibidirlər. Əldə
olunmuş uğurlar məhz bu fədakar insanların gərgin
əməyinin nəticəsidir.
ARDNŞ
Heydər Əliyev adına Bakı Neft
Emalı Zavodunun ölkə
iqtisadiyyyatının inkişaf etdirilməsində
özünəməxsus yeri və rolu danılmazdır. Şirkətin bir çox əmək
kollektivləri kimi Heydər Əliyev adına
Bakı neft emalı zavodunun
neft emalçıları neft
sənayesinin inkişafına mühüm
töhfələr verirlər.
Təsadüfi deyil ki, son illər uğurlu fəaliyyəti, dövlət
plan-tapşırıqlarının vaxtında yerinə
yetirilməsi istiqamətində misilsiz
nailiyyətləri bu müəssisənin
nüfuzunu daha da artırmışdır. Ötən “Sənaye
ili”ndə zavod kollektivi
emal olunan neft məhsullarının keyfiyyətinin
yaxşılaşdırılmasına
çalışmış, iqtisadi
marağı ön plana
çəkmişdir.
Strateji əhəmiyyətli zavodun
inkişafı ARDNŞ rəhbərliyinin daim
diqqət mərkəzindədir. Məlum olduğu
kimi, ölkəmizdə istifadə olunan avtomobil
yanacaqlarına Avropa standartları tətbiq
olunur. Zavodda bu istiqamətdə aparılan məqsədyönlü
tədbirlər öz müsbət nəticəsini
vermişdir. Hazırda Avro-2
ekoloji normasına uyğun
məhsullar istehsal olunur
və Avro-3 və daha yüksək ekoloji normalara cavab verən mühərrik
yanacaqlarının istehsal edilməsi ilə
bağlı müəssisədə modernləşdirmə
işləri istiqamətində tədbirlər görülür.
Ölkə
iqtisadiyyatının və əhalinin enerji
resurslarına olan tələbatının
daha yaxşı ödənilməsini təmin
etmək, bu gün Respublika Prezidenti cənab İlham Əliyevin yanacaq-enerji
kompleksinin qarşısında qoyduğu əsas vəzifələrdən biridir. Neft sənayesində əldə olunmuş
uğurlardan Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin Heydər
Əliyev adına Bakı Neft Emalı Zavodunun kollektivinə də xüsusi
pay düşür. İlin ötən dövrünün
iqtisadi mənzərəsinə nəzər
saldıqda açıq-aydın görmək olar
ki, “Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin
inkişafı (2005-2015-ci illər) üzrə Dövlət
Proqramı”nın həyata keçirilməsi istiqamətində
Heydər Əliyev adına Bakı Neft
Emalı Zavodunun kollektivi
əzmlə çalışır və dövlət
plan-tapşırıqlarını vaxtında, müvəffəqiyyətlə
yerinə yetirir.
Müəssisədə
istehsal məsələlərinin kompleks həllinin təmin olunması inkişafa zəmin yaratmışdır.
2014-cü ilin mart-aprel
aylarında zavodun əsas texnoloji
qurğuları növbə ilə əsaslı təmirə
saxlanılmışdır. O cümlədən, zavodun digər qurğularını xammalla təmin edən, əsas qurğulardan biri olan 21 saylı ED-AV-6 ilkin emal qurğusu əsaslı
təmir olunmuşdur. Qurğunun
vakuum kolonunun daxili quruluşu
bütünlüklə dəyişdirilmişdir. Təmir
zamanı qurğunun vakuum
bölməsində 4 ədəd İD-7 istidəyişdiricisi
yeniləri ilə əvəz olunmuşdur.
Qurğunun S-1/2, S-1/3 sobalarının radiasiya hissəsinin bütün
borularının dəyişdirilməsi istiqamətində
işlər görülmüş,
sobaların nəqliyyat xətləri, forsunkaları yeniləri
ilə əvəz olunmuşdur. Qurğunun əsaslı
təmiri onun keyfiyyətli, təhlükəsiz,
ekoloji standartlar
çərçivəsində daha
yüksək məhsuldarlıqla işləməsinə, digər
qurğuların da yüksək məhsuldarlıqla
işləməsi üçün xammalla təmin edə bilməsi təminatını
yaradır.
55 ¹-li
katalitik krekinq qurğusunda da əsaslı
təmir dövründə qurğunun reaktor bölməsində də əhəmiyyətli
işlər həyata keçirildi. R-201 reaktor desorbser bölməsində
qüsurlu gövdə dəyişdirildi,
R-201-də buxarpaylayıcılar təzələndi. Həmçinin,
R-201-in günbəz hissəsində layihə əsasında
buxarpaylayıcı quraşdırıldı. R-202 və
R-201-də katalizatorun yeni
axın xətləri quraşdırıldı və b. işlər həyata keçirildi.
Ötən
il zavodda yeni istehsal obyektlərin
istifadəyə verilməsi istiqamətində 55 ¹-li qurğuda quru qazın və dövr
etdirilən hidrogen tərkibli qazların amin məhlulu ilə təmizlənməsi sisteminin işlənməsi və doymuş amin məhlulunun regenerasiya blokunun tikintisi müvəffəqiyyətlə başa çatdırıldı və istismara verildi.
Kollektiv zavodun bütün
texnoloji qurğularında gedən əsaslı
təmir işlərinə baxmayaraq,
2014-cü ildə ARDNŞ tərəfindən verilən
tapşırıqların və həvalə olunan
işlərin öhdəsindən layiqincə gəlmiş, istehsal proqnozlarının yerinə yetirilməsində
kadr və texniki potensialdan maksimum istifadə
etmişdir. Məhz bunun nəticəsidir
ki, ilin ötən dövrü ərzində ARDNŞ tərəfindən
neft emalı və neft
məhsullarının istehsalına dair zavoda qoyulan
tapşırıqlar yerinə yetirilmişdir.
2014-cü ili uğurla
yola salan neft emalçıları həmin nailiyyətləri
cari ildə də təkrarlamaq niyyətindədirlər.
Elə müəssisənin 2014-cü ilin
təsərrüfat fəaliyyətinin yekunları bütün bunları bir daha təsdiq edir.
Ulu öndər Heydər Əliyevin
adını daşıyan zavodun kollektivi öz ənənələrini
keçən ildə də müvəffəqiyyətlə davam etdirərək, xammalın emalı
üzrə proqnoz-tapşırıqlarının icrasına nail olmuşdur.
2014-cü
il üzrə ARDNŞ tərəfindən
zavoda 4600,0 min ton xam neft,
“Azərneftyağ” NEZ-dən daxil olan 1502,4 min ton yarımfabrikat, “Azərikimya” İB-dən daxil olan 8,9 min ton ağır piroliz qətranı və “Qaradağ”
QEZ-dən daxil olan
28,0 min ton qaz benzinin, cəmi 6139,3 min ton xammalın emalı
proqnozlaşdırılmışdır.
Faktiki olaraq, həmin ilin yekunlarına görə 4738,2 min ton neft
və 1589,9 min ton kənardan
daxil olan
yarımfabrikat, cəmi 6328,1 min ton xammal emal
edilmişdir. Ümumi
xammalın emalı üzrə plan 103,1%
yerinə yetirilmişdir.
2013-cü ilin yekunları ilə müqayisədə,
2014-cü ildə ümumi xammalın
emalı 154,3 min ton çox olmuşdur və bu göstərici üzrə artım 2,4% təşkil
etmişdir.
2014-cü ildə zavodun ayrı-ayrı istehsal
sahələrində texnoloji intizamın
yaxşı səviyyədə olması və yaranmış
şəraitə uyğun iş
rejiminin seçilməsi nəticəsində
sərf olunan enerji
resurslarına qənaət edilmişdir.
2014-cü
ilin əvvəlindən zavodun
əsas fəaliyyəti ilə bağlı işlərin
optimallaşdırılması, texnoloji
qurğuların və xüsusilə təkrar emal
proseslərinə aid katalitik
krekinq və tədrici kokslaşma
qurğularının, gücündən səmərəli
istifadə edilmişdir. Emal prosesində əmələ
gələn ağır və ucuz mazut resursunun qalıq
komponentlərindən yüksək ödənişli neft məhsullarının istehsalını
artırmaq mümkün olmuşdur.
Bunun nəticəsində, hesabat
dövründə zavodda neftin
emal dərinliyi 91,7% təşkil etmişdir. 2013-cü ilin
yekunları ilə müqayisədə, 2014-cü ildə emal dərinliyi 1% artmışdır.
2014-cü il ərzində zavodda neft məhsullarının ümumi
çeşidləri üzrə istehsal
planı 104,6%, neft məhsullarının
satış proqramı isə 107,8% yerinə yetirilmişdir.
Keçən ilin əvvəlindən ümumi neft məhsullarının
satışı 5550,7 min ton
təşkil etmişdir ki,
bunun 3452,8 min tonu respublika daxilində
realizə olunmuş və 2097,9 min tonu isə ixrac edilmişdir. Belə ki, ümumi satışda
ixracın payı 37,8% təşkil etmişdir.
2013-cü ilin yekunları ilə
müqayisədə, 2014-cü ildə zavodda
ixracın həcmi 747,2 min ton
və ya 35,6% artmışdır. Zavodda istehsal olunan mühərrik yanacaqlarının 28,5%-i xarici bazarda
satılmışdır.
Müəssisədə
istehsal proseslərinin yüksək səviyyədə
idarə olunması məqsədilə mütəxəssislər
tərəfindən həyata keçirilən əməli tədbirlər
öz müsbət nəticəsini vermişdir. Enerjinin,
reagentlərin, kimyəvi təmizlənmiş suyun
sərfinə nəzarət gücləndirilmiş və ilkin emaldan alınan
açıq rəngli məhsulların çıxım faizi plan üzrə nəzərdə
tutulduğundan çox
olmuşdur.
Zavodun inkişafını təmin edən texnoloji proseslər diqqətlə izlənilmiş
və ortaya çıxan problemlərin həll
olunması üçün bir sıra texniki-təşkilatı tədbirlər
yerinə yetirilmişdir.
Ətraf mühitə
dəyən mənfi təsiri azaltmaq məqsədi
ilə müəssisədə sistematik olaraq qabaqlayıcı tədbirlər görülür. Enerji
daşıyıcılarının, xüsusilə, sobalarda yandırılan yanacağın sərfinin
azaldılması, neft və neft məhsulları saxlanılan çənlərin
saz vəziyyətdə istismarının
təmin edilməsi və s. belə tədbirlərdəndir.
Ətraf mühitə vurulan mənfi təsirin
dərəcəsi zavodun normativ
sənədləri ilə tənzimlənir. Bu
gün zavodun ekoloji göstəriciləri normativlər həddindədir.
Keçən
il müəssisədə ekoloji
durumun yaxşılaşdırılmasında
böyük rolu olan abadlaşdırma və
yaşıllaşdırma işlərinə dair
tədbirlər də həyata keçirilmişdir.
Ətraf mühitin qorunması, ekoloji tarazlığın təmin olunması üçün zavoddaxili
və zavod ətrafı ərazilərdə
yaşıllıqların
salınması, ağac və kolların əkilməsi,
onlara aqrotexniki qulluğun təmin edilməsi işləri davam edir.
Zavodda çalışan işçilərin
sosial rifah
halının yaxşılaşdırılması və yay mövsümündə neft
emalçılarının istirahətlərinin mənalı
təşkil olunmasında tədbirlər həyata keçirilir. Keçən il
ARNQSİHİRK tərəfindən ayrılmış
göndərişlərlə zavod
işçiləri ailə üzvləri ilə birgə
ölkəmizin ən səfalı guşələrində
yerləşən istirahət mərkəzlərində
istirahət edirlər. Həmçinin, ailə üzvləri
ilə birlikdə 216 nəfər neftayıran Naftalan
şəhərinin “Hotel Rixos”
sanatoriyasında müalicə olunmuşdur.
Bu gün ölkə və
ARDNŞ rəhbərliyi tərəfindən daim
diqqətdə saxlanılan müəssisənin inkişaf perspektivləri çox
genişdir. Belə ki, “ARDNŞ-in 2025-ci ilə
kimi strateji
inkişafının əsas istiqamətlərinə dair Kompleks Planı”na əsasən
Heydər Əliyev adına Bakı neft
emalı zavodu üzrə bir
sıra iri həcmli layihələrin həyata
keçirilməsi nəzərdə tutulmuşdur.
Belə ki, yaxın gələcəkdə
zavodun əsas texnoloji
qurğularından sayılan neftin ilkin emalı üzrə ED-AV-6 və katalitik krekinq
qurğularının emal güclərinin
daha da
artırılaraq, 7,5 mln t/il və 3 mln t/il
çatdırılması üçün
rekonstruksiya işlərinin görülməsi
və bir neçə müasir qurğunun tikintisi həyata keçiriləcəkdir.
Hazırda bu istiqamətdə texniki-təşkilati
işlər görülür.
Bir sözlə, qeyd etmək
lazımdır ki, ulu
öndər Heydər Əliyevin adını daşıyan zavod əvvəlki vaxtlarda
olduğu kimi dinamik inkişaf
yolundadır və bu tempi
həmişə saxlamaq əzmindədir. Bu amil neft
emalçılarını onlar üçün “Quruculuq ili” olan cari
ildə də daha yaxşı işləməyə
və ARDNŞ tərəfindən verilən bütün
plan-tapşırıqları layiqincə yerinə yetirməyə
və xüsusilə, neft
strategiyasının həyata keçirilməsində böyük rol oynamağa ruhlandırır.
Şamil Həşimov,
“Neftayıran” qəzetinin redaktoru
İki
sahil.- 2015.- 15 yanvar.- S.13.