QANLI YANVAR GECƏSİ

 

Hər bir şəhid bizdən ötrü böyük itkidir. Onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daim yaşayacaqdır.

Ümummilli lider Heydər Əliyev

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə, həmişə dünyada sülh ordusu kimi qələmə verilən, Sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunların iri kontingenti Azərbaycanın bir neçə rayonuna, keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.

 

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və çoxsaylı şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlarqocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. Keçmiş SSRİ Konstitusiyası, keçmiş Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır.

Yanvarın 22-də Bakıda şəhidlərin izdihamlı dəfn mərasimi təşkil edildi. Lakin təpədən-dırnağa qədər silahlanmış, “müzəffər sülh ordusukimi dünya ictimaiyyətinə həmişə təqdim edilən Sovet ordusu hissələrinin qarşısına xalqı çıxaranlar, hətta iqtidar nümayəndələri də dəfn mərasimində iştirak etməyi lazım bilmədilər.

Yalnız o zaman Moskvada məcburi istefaya göndərilmiş ümummilli lider Heydər Əliyev özünün və yaxınlarının həyatını təhlükə qarşısında qoyaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, buraya yığışmış azərbaycanlılar qarşısında çıxış etmiş, keçmiş SSRİ rəhbərliyinin, o cümlədən Mixail Qorbaçovun xalqımıza yabançı siyasətini çıxışında kəskin tənqid etmişdir. Ümummilli lider Heydər Əliyev çıxışında demişdir: “İndi yanvarın 19-dan 20-nə keçən gecə baş vermişbu gündavam edən faciənin üstundə dayanmaq istəyirəm. Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir”.

Həqiqətən həmin vaxt Bakıda daxili qoşunların 12000 canlı qüvvəsi vardı. Bundan əlavə Bakıda keçmiş Sovet ordusu hissələrinin canlı qüvvəsi və polis orqanlarının (o zamankı milis orqanlarının- İ.A.) əməkdaşları vardı. Bununla da Bakıda baş vermiş hadisələrin qarşısını almaq mümkün idi. Ümummilli lider Heydər Əliyev həmin çıxışında SSRİ rəhbərliyinin, o cümlədən Mixail Qorbaçovun siyasətini bəyanatında kəskin tənqid etmişdir.

Ümummilli lider Heydər Əliyev, həmçinin 21 yanvar 1990-cı ildə Azərbaycan KP Mərkəzi Komitəsinə, Ali Sovetə, Nazirlər Sovetinə, Azərbaycan xalqına 20 Yanvar faciəsi ilə əlaqədar başsağlığı teleqramı göndərmiş, teleqramın respublika mətbuatında dərc olunmasını, radioteleviziya ilə verilməsini, matəm mitinqində oxunmasını xahiş etsə də, həmin teleqramın rəsmi mətbuatda dərc edilməsi belə məsləhət bilinməmişdir.

Keçmiş SSRİ Ali Sovetinin Rəyasət Heyəti 15 yanvar 1990-cı il tarixdə “Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında” Fərman qəbul etmişdir. Fərmanın 1-ci maddəsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin, keçmiş Azərbaycan SSR-in ona bitişik rayonların, Ermənistan SSR Gorus rayonunun ərazisində, habelə Azərbaycan SSR ərazisində SSRİ-nin dövlət sərhədi boyunca sərhədyanı zonada fövqəladə vəziyyət elan edilməsi nəzərdə tutulurdu.

Beləliklə, Fərmanda Bakıda fövqəladə vəziyyət elan edilməsi nəzərdə tutulmamışdı. Yalnız keçmiş SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar 1990-cı il tarixli Fərmanı ilə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanının təsirini Bakı şəhərinin ərazisində şamil etməklə, 1990-cı il yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilmişdir. Lakin “Fövqəladə vəziyyətin hüquqi rejimi haqqında” keçmiş SSRİ Qanunu isə yalnız 3 aprel 1990-cı il tarixdə, başqa sözlə, həmin faciə baş verdikdən 2 ay 16 gün sonra qəbul edilmişdir.

Beləliklə, fövqəladə vəziyyətin hüquqi rejimi haqqında müvafiq qanun mövcud olmadığı, fövqəladə vəziyyətin hüquqi rejiminin anlayışı, əsasları və qaydası müəyyən edilmədiyi halda Bakı şəhərində qanunsuz olaraq fövqəladə vəziyyət elan edilmişdir.

1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Sovetinin deputat-istintaq komissiyasının yaradılmasına və Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 19 yanvar 1992-ci il tarixli iclasında həmin komissiyanın işinin yekunlarının müzakirə edilməsinə baxmayaraq, 1994-cü ilə qədər bu məsələyə siyasi-hüquqi qiymət verilməmişdir. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994-cü il tarixli iclasında 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr müzakirə edilmişbu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir.

20 Yanvar hadisələri ərəfəsində keçmiş Sovet İttifaqı Kommunsit Partiyasının rəhbərliyinin xalqın mənafeyinə zidd olan siyasəti, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı Mərkəzin, şəxsən Mixail Qorbaçovun apardığı qeyri-obyektiv və qərəzli xətti geniş xalq kütlələrinin qəzəbinə səbəb olmuşdur.

Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” 29 mart 1994-cü il tarixli qərarının 1-ci bəndində Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratiksuveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilmişdir.

Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadə “Şənbə gecəsinə gedən yol” məqaləsində yazmışdır: “Qarabağ hadisələri başlanandan indiyə qədər əlimə qələm alanda bütün vücudum lərzəyə gəlir... Zülmün və haqsızlığın bu dərəcədə ola biləcəyini təsəvvürümə gətirə bilmirəm”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur”.

Bu matəm günü ərəfəsində biz bir daha çağdaş milli azadlıq mübarizəsinin öncülləri, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində örnək olan şəhidlərimizə Allahdan rəhmət diləyirik.

 

İlham Abbasov,

Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının baş

müəllimi- hüquq üzrə fəlsəfə doktoru,

Baş ədliyyə müşaviri prokurorluğun fəxri işçisi

 

İki sahil.- 2015.- 15 yanvar.- S.10.