Kənd təsərrüfatının
modernləşdirilməsini
sürətləndirmək
prioritet məsələlərdəndir
Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmaq üçün mühüm tədbirlərin həyata keçirilməsini təmin edəcək
Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunmuş iclası ötən ilin uğurları fonunda cari ilə baxış kimi
dəyərləndirildi. Dövlət başçısı İlham Əliyev əldə olunan
uğurları rəqəmlər əsasında diqqətə
çatdıraraq bu inamı ifadə etdi ki, 2015-ci il də ölkə iqtisadiyyatı üçün uğurlu
olacaq. Bu inamı
şərtləndirən əsas amillərdən biri həyata keçirilən islahatların
zamanın tələbinə
uyğunlaşdırılmasıdır. Dövlət
başçısı İlham
Əliyevin ölkəmizin 20 illik müstəqillik
tarixində əldə etdiyi uğurlara söykənərək təsdiqlədiyi
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında yeni
hədəflər müəyyənləşdirilib və konkret olaraq həlli
yolları açıqlanıb.
2014-cü ilin statistikasına diqqət yetirək. Ümumi daxili məhsul 3 faiz, qeyri-neft sektoru 7 faiz artıb. Əhalinin pul gəlirləri 4,8 faiz çoxalıb.
Ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulub. Valyuta ehtiyatları 50 milyard
dollardan çoxdur.
Bu, ÜDM-nin 70 faizini təşkil edir. Ötən il 123 min yeni
iş yeri açılıb ki, onlardan 100 mini daimidir. İşsizliyin səviyyəsi 5 faizdən aşağı,
yoxsulluğun səviyyəsi
5 faiz səviyyəsindədir.
Əmək haqları və
pensiyalar artırılıb.
Reallıq bu faktı təsdiqləyir ki, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır.
Dövlət başçısı İlham Əliyev
2003-cü ildə xalqın
böyük əksəriyyətinin
dəstəyini qazanaraq
Prezident seçildiyi dövrdən bu fikri hər çıxışında bəyan
edir ki, iqtisadi göstəricilər
təkcə rəqəmlərdə
deyil, insanların gündəlik həyatında
öz əksini tapmalıdır. Buna əsas verən əsas amil isə uğurlu sosial-iqtisadi islahatlardır.
Dinamik inkişafın
konturlarını müəyyənləşdirərkən
regionların potensialından
səmərəli istifadəni
vacib şərt kimi önə çəkən dövlət
başçısı İlham
Əliyevin təsdiqlədiyi
regional inkişaf proqramları
qarşıya qoyulan məqsədlərə yüksək
səviyyədə nail olmağa
stimul verir. Bildirilir ki, Azərbaycanın hərtərəfli inkişafını
təmin etmək üçün islahatlar regionlar üzrə, proqramlar əsasında həyata keçirilməlidir.
Ən əsası gələcək
planları gerçəkləşdirmək
üçün ilk növbədə
maliyyə intizamı olmalıdır. Neft gəlirlərinin
idarə olunmasında
şəffaflıq prinsipinin
qorunması mühüm
sosial-iqtisadi layihələrin
həyata keçirilməsini
daha da sürətləndirir.
Məhz bu şəffaflığın,
eyni zamanda kompleks tədbirlərin nəticəsidir ki, bu gün paytaxt
və bölgələr
arasında fərq müəyyən mənada
aradan götürülmüş,
bölgələr arasında
sağlam rəqabət
aparılaraq, quruculuq,
abadlıq işlərinin
geniş vüsət alıb. Dövlət başçısı İlham Əliyevin söylədiyi “Yalnız bütün əhalimiz özünün daha yaxşı yaşadığını
hiss etdiyi bir vaxtda, hökumətimiz vəzifəsini yerinə yetirmiş hesab edə bilər. Budur, bizim məqsədimiz-vətəndaşlara
eyni şərait yaratmaq” kimi fikirləri hər bir dövlət məmurundan məsuliyyətli
olmağı, ölkənin
inkişafına, xalqın
problemlərinin həllinə
öz töhfələrini
verməyi tələb
edir. Dövlət başçısı İlham Əliyev müşavirədə ötən
ilin iqtisadi uğurlarının ümumiləşdirilmiş
ifadəsi olaraq bildirdi ki, ölkəmizin
əsas inkişaf dinamikasını iqtisadi gücümüz müəyyən
edir və iqtisadi islahatların dərinləşməsində böyük uğurlara imza atıb. Azərbaycan
son 11 ildə dünyada
iqtisadi artım templərinə görə
ən sürətlə
inkişaf edən ölkədir. Ölkəmiz dünyanın ən rəqabətli 40 iqtisadiyyatı
arasındadır. Dövlət başçısı İlham
Əliyev bu inamı ifadə edir ki, qeyri-neft
sektoru gələcəkdə
Azərbaycanın iqtisadi
inkişafını daha
da böyük həcmdə təmin edəcək. Bu sektorun inkişafı iqtisadiyyatın dayanıqlı
inkişafını təmin
etməyə imkan yaradacaq.
İqtisadiyyatın
inkişafının neft
amilindən asılılığının
azaldılması istiqamətində
atılan addımların
uğurlu nəticəsi
kimi ÜDM-də özəl bölmənin
payının 85 faiz təşkil etdiyini qeyd edə bilərik. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı
gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya
mühüm vəzifə
kimi qoyub. Qeyd etdiyimiz kimi, regional inkişaf proqramlarının
uğurlu icrası qarşıya qoyulan məqsədlərə yüksək
səviyyədə nail olmağa
əsas yaradır.
Dövlət başçısı
İlham Əliyev müşavirədə qarşıda
duran vəzifələrdən
bəhs edərkən
bildirmişdir: “Biz qeyri-neft
sektorunun inkişafı
üçün infrastruktur
layihələrini icra
edirik. Əgər bu layihələr
icra edilməsəydi,
regionlarda biznes imkanlarından söhbət
gedə bilməzdi.
Eyni zamanda, düşünülmüş
iqtisadi siyasətlə
düzgün prioritetlər
seçmişik və
ildən-ilə bu prioritetlərin növbəliliyi
dəyişir. Bu da təbiidir, çünki biz doqmatik yanaşmadan çox uzağıq, çevik iqtisadi siyasət aparırıq. Daxili bazarı
təmin etmək üçün yerli istehsalın artırılması
da qeyri-neft sektorunun inkişafına birbaşa təsir edən amildir və bütün bu görülən işlər və digər tədbirlər nəticəsində dayanıqlı
inkişaf artıq təmin edilib. Ümumi daxili məhsulumuzda qeyri-neft sektoru üstünlük təşkil
edir. Gələcəkdə neft amilinin ümumi daxili məhsulumuzda aşağı
düşməsi nəticəsində
ölkə iqtisadiyyatının
neft amilindən asılılığı daha
da azalacaqdır.
Bu, bizim vəzifəmizdir.
Mən həmişə demişəm,
bu gün də demək istəyirəm ki, neft-qaz amili bizim üçün bir vasitədir. Bu, inkişaf etmək,
dayanıqlı və
çoxşaxəli iqtisadiyyat
qurmaq üçün
bir vasitədir. Biz bu vasitədən
səmərəli şəkildə
istifadə edirik.
Bu il də
sahibkarlara güzəştli
şərtlərlə kreditlərin
verilməsi təmin ediləcəkdir. Bu təşəbbüsün çox
gözəl nəticələri
vardır. Biz bunu əyani şəkildə görürük.
Bölgələrdə açılan
yeni müəssisələr
və iş yerləri bunu göstərir. Eyni zamanda, dövlət
tərəfindən sahibkarlara
böyük mənəvi
dəstək göstərilir.
Yerlərdə də bu işlər düzgün təşkil
edilməlidir və sahibkarlara bu il o cümlədən
öz vəsaitlərindən
istifadə etməklə
ölkəmizin real sektoruna
vəsaiti qoymağı
tövsiyə edirəm.
Çünki dövlət sahibkarlara
uzun illərdir ki, böyük dəstək verir. Güzəştli şərtlərlə verilən bu kreditlərin həcmi yüz milyonlarla ölçülür, bəlkə
də milyardı ötüb. Sahibkarlar da
həm o imkanlardan istifadə etməlidirlər,
eyni zamanda, - artıq uzun illərdir ki, onlar da öz
kapitallarını əldə
ediblər, - ölkənin
inkişafına, real sektorun
inkişafına daha da çox sərmayə
qoymalıdırlar. Eyni zamanda,
biz xarici investorları
da qeyri-neft sektoruna cəlb etməliyik. Əlbəttə ki, xarici investorlar
daha çox neft-qaz sektoruna investisiya qoymağa maraqlıdırlar. Ancaq biz onları
indi digər sektorlara da cəlb
edirik və edəcəyik. Yaradılan xüsusi
proqramlar çərçivəsində
texnoparklar, aqroparklar salınacaq və bütün bunlar xarici investorları da cəlb edəcək.”
Dövlət
başçısı İlham
Əliyev bu məqamı da diqqətə çatdırdı
ki, dünyada indi bir tərəfdən
iqtisadi böhran davam edir, vəsait
qıtlığı müşahidə
olunur, eyni zamanda, investisiya qoymaq üçün o qədər böyük seçim də yoxdur. Çünki böhran
içində çabalayan ölkələrə kim investisiya qoyacaq? Ona görə sabit ölkələrə,
ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı olan
ölkələrə xarici investisiyalar cəlb etmək daha
asandır. “Burada əlbəttə ki, informasiya
qıtlığı öz rolunu oynayır. Amma son illər ərzində keçirilən təqdimatlar,
biznes forumlar, Azərbaycan
ilə bağlı dünya ictimaiyyətinə,
o cümlədən biznes
strukturlarına dolğun informasiyaların
ötürülməsi artıq xarici investorlar üçün
Azərbaycanı çox cəlbedici
ölkəyə çeviribdir.”
Qeyri-neft sektorunun ən prioritet sahələrindən biri
təbii ki, aqrar sahədir.
Aqrar sahənin də ən aktual mövzularından biri
ərzaq təhlükəsizliyidir. Müşavirədə
dövlət başçısı İlham
Əliyev bu məsələyə də
diqqət yönəltdi: “Ərzaq təhlükəsizliyi ilə
bağlı olan planlarımız
vaxtında müəyyən olunmuşdur
və icra edilməyə
başlamışdır” söyləyən cənab İlham Əliyev bildirmişdir:
“Çünki ərzaq təhlükəsizliyi hər bir
ölkə üçün enerji təhlükəsizliyi qədər
önəmlidir. Əlbəttə, Azərbaycanın bəzi ərzaq
məhsullarını xarici bazarlardan idxal etməsinə
baxmayaraq biz
çalışmalıyıq ki, öz daxili
istehsalımızı maksimum artıraq,
fövqəladə hallardan özümüzü qoruyaq.
Çünki keçən il də biz görmüşük ki, bir sıra ərzaq məhsullarının
ixracı ilə bağlı bəzi ölkələrdə qadağalar qoyulmuşdur.
Yəni, özümüzü təmin etmək
üçün daxili
bazarların daxili resurslar
hesabına təmin edilməsi prosesi davam etdiriləcəkdir.”
Daim vurğulandığı kimi, hər
ilin konkret bir sahənin adı il
bağlanması qarşıya qoyulan məqsədə,
ən əsası ölkənin hərtərəfli
inkişafına yüksək səviyyədə nail olmağa stimul verir. 2015-ci il dövlət başçısı İlham Əliyevin 12 yanvar
2015-ci il tarixili Sərəncamı ilə “Kənd təsərrüfatı
ili” elan edildi. Sərəncamda da
vurğulandığı kimi, ölkədə
həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının
dinamik inkişafı üçün
zəmin yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər
baş vermiş, yeni iqtisadi və
mülikiyyət münasibətləri formalaşmış, normativ hüquqi baza təkmilləşdirilmişdir. İdarəetmədə
səmərəliliyin və şəffaflığın
artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Kənd təsərrüfatının
inkişafına yeni təkan vermək və
onun modernləşdirilməsini sürətləndirmək,
aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks
yanaşmanı təmin etmək, bu sahəyə
dövlətin inzibati və maliyyə
resurslarını səmərəli şəkildə cəlb
etmək, ölkəmizin aqrar
potensialını geniş təbliğ
etmək məqsədilə imzalanan sərəncam
qarşıya qoyulan məqsədlərə
çatmaq üçün
mexanizm rolunu
oynayır.
“Bizim ixrac
potensialımızın artırılması da
gündəlikdə duran məsələlərdən
biridir” söyləyən Prezident
İlham Əliyev bu əminliyi
ifadə etmişdir ki,
yaxın gələcəkdə özümüzü
bütün əsas ərzaq məhsullarımızla
təmin edəcəyik.
Beləliklə, ixrac üçün
bizim yeni məhsullarımız
olacaq.
Qeyd edək ki, dövlət
başçısı İlham
Əliyevin 16 yanvar 2014-cü il tarixli “Kənd təsərrüfatı
və ərzaq məhsulları bazarının fəaliyyətinin
təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər
haqqında” Sərəncamında da qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının
inkişafının dövlət tərəfindən iqtisadi siyasətin prioritet
istiqamətlərindən biri kimi müəyyən edildiyi
qeyd olunaraq,
görüləcək işlər öz
əksini tapmışdır. Məqsəd qeyd
olunduğu kimi, ölkənin
hərtərəfli inkişafını təmin etmək,
insanların rifah halını daha da
yaxşılaşdırmaqdır.
Yeganə Əliyeva
İki sahil.- 2015.- 15 yanvar.- S.7.