Səhiyyə yeni inkişaf mərhələsində
Azərbaycan rəhbərliyinin
apardığı uzaqgörən siyasət nəticəsində
ölkəmizin dünya iqtisadiyyatında mövqeyi güclənib. Azərbaycan bu illər ərzində dünya
sivilizasiyasının müsbət nailiyyətlərini əks
etdirməyə çalışaraq Avropa
məkanına uğurla inteqrasiya
edir. Belə ki,
ölkəmizdə səhiyyə sistemi də
iqtisadiyyatımızın və sosial
sferanın digər sahələri kimi yeni inkişaf mərhələsinə
qədəm qoyub. Prezident
İlham Əliyevin rəhbərliyi ilə
ölkədə ən müasir tələblərə
cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikilməsi, mövcud tibb
ocaqlarının yenidən qurulması geniş
vüsət almışdır. Səhiyyə
islahatlarının mühüm istiqaməti
olan tibb müəssisələri
şəbəkəsinin və strukturun təkmilləşdirilməsi
ilə bağlı həyata keçirilən məqsədyönlü
tədbirlər nəticəsində əhalinin
sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin
yaxşılaşdırılmasında mühüm
uğurlar əldə edilmişdir.
Son 10 ildə səhiyyə sisteminin prioritet sahələri üzrə qəbul olunmuş 11 Dövlət Proqramının həyata
keçirilməsi göstərilən tibbi
xidmətin səviyyəsini xeyli yüksəltməyə,
xəstəliklər üzrə müayinələrin həcminin
və keyfiyyətinin artmasına, xəstələrin dərman preparatları ilə təminatının
əhəmiyyətli dərəcədə
yaxşılaşmasına imkan vermişdir.
Ağır
vəziyyətdə yaşayan insanlara dövlət tərəfindən
ayrılan sosial yardımlar, cəbhə
bölgələrində sağlamlığına ziyan dəymiş hərbi
qulluqçuların, eləcə də mülki
şəxslərin hər il digər
ölkələrə dövlət hesabına sanator-kurort
müalicəsinə göndərilməsi, narkomaniya
və QİÇS-ə qarşı aparılan mübarizə
və profilaktik tədbirlər, maarifləndirmə
işləri də əhalimizin sağlamlığının
qorunmasına xidmət edir. Ölkəmizdə
geniş yayılmış diabetli xəstələrin pulsuz
müalicəsi və dərman preparatları, özünənəzarət
vasitələri ilə təmin olunması dövlət
tərəfindən xüsusi nəzarətdə
saxlanılır. Respublikanın müxtəlif bölgələrində
fəaliyyət göstərən 27 dializ
mərkəzində 2000-dən artıq xəstəyə pulsuz tibbi xidmət
göstərilir və onlar müvafiq dərmanlarla tam
həcmdə təmin olunurlar.
Əhalinin
sağlamlığını hər zaman
diqqətdə saxlayan dövlət
başçısının tapşırığına əsasən
ötən ilin fevralın 14-dən
mayın 1-dək bütün ölkə
vətəndaşlarının icbari tibbi müyinələrdən keçirilməsi
kampaniyası uğurla həyata keçirilmişdir.
Respublikada 2013-cü ildə səhiyyə sisteminə
ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə
11 dəfədən çox artaraq 669 milyon manat təşkil edib.
2014-cü ildə bu sahəyə 725,6 milyon manat vəsait
ayrılıb ki, bu da 2013-cü illə müqayisədə 56,3 milyon manat, yaxud
8,4% artım deməkdir. Təkcə 2013-cü il ərzində
respublikamızda 81 tibb müəssisəsində
təmir tikinti işləri
aparılmış, onlardan 56-sı
artıq istifadəyə verilmişdir.
İstifadəyə verilən tibb müəssisələri
ən müasir səviyyədə təmir
olunmaqla yanaşı, onların maddi-texniki bazası da elm və texnikanın ən son
nailiyyətləri əsasında hazırlanmış tibbi avadanlıqlarla təchiz olunmuşdur.
Dərman preparatlarının alınmasına
2014-cü ildə ayrılan 140 milyon manat məbləğində vəsaitin əksəriyyət
təşkil edən hissəsi mövcud
Dövlət Proqramları çərçivəsində xəstələrin
pulsuz dərman preparatları və tibbi ləvazimatlarla təminatına sərf olunmuşdur. Təkcə paytaxtda və iri şəhərlərdə
deyil, bölgələrdə də ən
ağır tibbi əməliyyatların
aparılması təcrübəsi formalaşmağa
başlayıb. İnkişaf yolu tutmuş Azərbaycan
səhiyyəsinin nüfuzu getdikcə
artır. 2011-ci ilin sentyabrında Dünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin
61-ci sessiyasının məhz Bakı şəhərində
yüksək səviyyədə təşkili və
keçirilməsi buna əyani sübutdur.
Cavid Əkbərov
İki sahil.- 2015.- 16 yanvar.- S.23.